Elmi redaktor və ön sözün müəllifi


İslam aləmində əldə olunmuş elmi nailiy



Yüklə 2,43 Mb.
səhifə3/20
tarix27.11.2016
ölçüsü2,43 Mb.
#310
1   2   3   4   5   6   7   8   9   ...   20

İslam aləmində əldə olunmuş elmi nailiy­yət­lə­rə biz özümüz vax­tında sahib çıxa bilmədiyimizə gö­rə, qərblilər onların çoxunu mə­nimsəmiş, öz adı ilə elm tarixinə daxil etmişlər. Belə faktlar çox­dur. Mə­sə­lən, iqtisadi tarixin, sosiologiyanın, tarix fəlsə­fə­si­nin, si­vilizasiya (umran) təliminin yaradılması Av­ro­pa­da müxtəlif şəxs­lə­­rin, müvafiq olaraq, Jan Batist Vi­ko, Monteskyö, O.Kont, K.Marks, A.Toyn­bi və s.-in adı ilə bağlandığı halda, bütün bu elm sa­hə­lə­ri­nin əsası hələ XIV əsrdə İbn Xəldun tərəfindən qo­yu­l­muş­dur. Yaxşı ki, bəzi obyektiv Qərb təd­qi­qat­çı­la­rı özləri də bunu etiraf edirlər. Con Bernal yazır: “İbn Xəldun, Viko və Marksı qabaqlayaraq, özünün ta­­rix üzrə traktatını iqtisadi cəhətdən təyin olunan ic­ti­mai inkişaf haq­­qında müqəddimə ilə başlamışdır”.1 Ya­xud “qan dövranının XVI əsrdə Michael Servitus tərə­fin­dən tapıldığı zənn edilsə də, on­dan 300 il əv­vəl bu hadisəni müsəlman-türk alimi İbn Nəfis (1208-1288) müəyyənləşdirmiş və ürəyin bütün his­sə­lərini və fəa­liy­yə­tini öz əsərində təsvir et­miş­dir”, ya­xud “anesteziya 1850-ci ildə Jun­ken tə­rəfindən ta­pı­lıb de­yilsə də, tarixdən məlumdur ki, Sabit ibn Kur­ra (835-902) hələ o vaxt Har­ran Universitetində bu sahədə təc­rübələr aparmış və ciddi nəticələr əldə etmişdir.2

Daha bir misal: kimya tarixçiləri qızıl və gü­mü­şün emalının də­qiq təsvirini iki şəxsin (İbn Həy­yan və Böyük Albertin) adı ilə bağ­­layırlar.3 VIII əsrdə yaşamış Cabir ibn Həyyan və XIII əsrdə ya­­­­şamış Böyük Albertin bərabərləşdirilməsi və ara­la­rındakı böyük za­­­man fərqinə məhəl qoyulmaması da bu qəbildən olan fakt­lar­dan­dır.

Qərbin elm və fəlsəfə tarixçiləri ərəb ölkə­lə­rin­də elm və ma­a­rifin inkişafını IX əsrdə xəlifə Mə­mu­nun dövründə qədim yunan əl­yazmalarının tərcümə olun­ması ilə əlaqələndirirlər. Yəni burada is­lam di­ni­nin yaranması və insanları elmə dəvət etməsi yox, an­tik el­mi mənbələrə açılan pəncərə önə çəkilir. Hal­bu­ki, artıq VIII əsr­də islam dünyasında bir sıra elm sa­hələri üzrə böyük uğurlar əldə edil­mişdi. Kimya sa­həsində mühüm tədqiqatlar aparmış İmam Cə­fər Sa­diqin tələbəsi Cabir ibn Həyyan (721-808) fizika, kim­ya, əc­za­çılıq sahələrində böyük uğurlar əldə et­miş və əslində müasir kim­yanın əsasını qoymuşdur.4

Müasir elmdə “atomla əlaqəli ilk tədqiqatların ingilis fiziki Con Dalton (1766-1844) tərəfindən apa­rıldığı, uran nüvəsinin par­ça­lanması fikrinin isə alman kimyaçısı Otto Hahn (1879-1968) tə­rə­findən irəli sürüldüyü fikri yayılmışdır. Halbuki onlardan 1000 il ön­cə yaşamış Cabir ibn Həyyan maddələrin atom quruluşunu gös­tə­rən dəlillər gətirərək, müəy­yən kütləli maddələrin ancaq müəy­yən kütlələrlə re­ak­siyaya girdiyini söyləmişdir. O, atom haqqında an­­caq neçə əsrlər sonra başa düşüləcək bu sözləri söy­ləmişdir: “Mad­dənin ən kiçik parçası olan "əl-cüz'ü lə yətəcəzzə"də (bö­lün­mə­yən hissədə – atom) böyük bir enerji vardır. Yunan alimlərinin söy­lədiyi ki­mi, bunun parçalanamamasını demək olmaz. Atom par­­ça­lana bilər. Parçalananda da elə böyük bir güç ya­ranır ki, bir anda Bağ­dadın altını üstünə çevirə bilər. Bu, Allah Təalanın qüdrət ni­şa­nı­dır.”1

Amma orta əsrlərdə islam alimlərinin dünya elminə ver­dik­lə­ri töhfənin necə böyük olduğu və bütövlükdə müasir mənada el­min formalaşmasında təməl rolunu oynadığı bəzi Qərb tədqi­qat­çı­la­rının öz fikirlərində daha arqumentli şəkildə əksini tapmışdır. Fran­sız elm tarixçiləri A.Daan-Dalmediko və J.Peyf­fer yazırlar: “Uzun bir müddət ərzində Qərbdə elmin in­kişaf tarixinə təhrif olun­muş bir münasibət bəs­lən­miş­dir; guya yunan möcüzəsindən sonra davam edən 10 əsrlik nadanlıq və ellin fikrinin nəzəri uğur­la­rı­nın unu­dulması dövrü birdən-birə İntibahla əvəz olun­muş və o da müasir elmin yaranmasına gə­tir­miş­dir.”2 Müəlliflər bu fikri tənqid edərək göstərirlər ki, əs­lində bu­rada düz olan Qərbdə həqiqətən na­dan­lıq döv­rünün yaşan­masıdır; bu vaxt Fransada hələ də bar­maqla sayırdılar. Amma XI əsrdən başlayaraq av­ro­­pa­lılar Siciliya və İs­pa­ni­yada bərqərar olan ərəb mə­dəniyətini və el­mini tədricən mənim­sə­miş və on­ların yenidən dirçəlməsinin sə­bəbi də məhz bu ol­muş­dir.1 Adətən xəlifə Məmunun dövrünü (IX əsr) böyük tərcümələr döv­rü adlandırırlar. Söhbət yunan dilindən ərəb dilinə tər­cü­mə­lər­dən gedir. Amma fransız tarixçiləri məhz XI-XII əsri “böyük tər­cü­mə­lər dövrü” ad­lan­dırır. Və burada söhbət ərəb dilindən latına tər­cümələrdən gedir.2

XX əs­rin böyük fiziki Əbdüs-Səlamın “Elm və islam” təd­qi­qa­tında bu mə­­sələyə xeyli dərəcədə ay­dınlıq gətirilir. Əbdüs-Səlam ya­zır: “Bri­­foltun ifa­də­ləriylə desək, «yunanlar sistem­ləşdi­rib­lər, araş­dır­ma aparıblar və nəzəriyyələr qurublar, ancaq səbir is­təyən ət­raflı və uzun­müddətli müşahidə və təcrübi ya­naşma kimi şeylər yu­­nan tər­zinə yaddır. «Elm» ad­­lan­dır­dığımız hadisə, Avropaya ərəb­­lər tərə­fin­dən gə­tirilən təc­rübə, müşahidə və ölçmə metodları nə­­ti­cə­sində doğ­­muş­dur. (Müasir) elm, İslam mədə­niy­yə­ti­nin dün­ya­ya ən qiy­mət­li hədiyyəsidir…». Bu dü­şün­cələr böyük elm tarix­çi­si Corc Sar­­ton tə­rəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, an­caq bir o qə­dər də az bilinən nailiyyəti, təcrübə ruhunun oyandırıl­ma­­sı­dır ki, bu da hər şeydən əvvəl XII əsrə qədər mü­səl­man­ların sayəsində oldu»”.1

Qərb elmşünaslığı təcrübi elmin məhz Yeni Dövr­də ya­ran­dı­ğı­nı iddia edir və onu Q.Qalileylə bağ­layırlar. Müasir mənada el­min formalaşmasında Qa­lileyin rolu həqiqətən böyükdür. Amma aris­totelçi dünyagörüşündən yeni mahiyyətli elmi dünyagörü­şü­nə keçidin tarixi əslində bir neçə əsr əvvəl baş­la­nır. Lakin təəssüf ki, Biruni və İbn Heysəmlə təməli qo­yulan bu böyük inqilabi iş İs­lam Şərqində öz mün­­təzəm davamını tapa bilmədiyindən, qərblilər hər şeyi yenidən başlamalı olmuşlar. Hər halda bu fakt bir daha sü­but edir ki, elm – bütöv, kəsilməz bir prosesdir. Əgər tarixin hansı isə məqamlarında bö­yük elmi ideyalar ortaya çıxıbsa, amma bu va­hid pro­sesə qatıla bilməyibsə, onları müasir elmin qay­naqları sıra­sına daxil etmək mübahisəlidir. Amma müasir elm tarixi keçmişə XXI əsrin nailiyyətləri zirvəsindən baxır və elmin arxivində qalmış qiymətli xəzinələri yenidən üzə çıxardır.
Elmşünaslıq və onun genezisi

Necə ki, adi şüur səviyyəsində ilkin biliklərdən elmi biliklərə və pərakəndə elmi biliklərdən bütöv elm sisteminə qədər böyük tarixi məsafələr qət edil­mişdir, eləcə də elm haqqında ayrı-ayrı fi­kirlərin bir sistem halına düşərək nisbi müstəqil bir fənnə – elm­şü­nas­lığa çev­ril­məsi prosesi neçə yüz illər ərzində davam etmiş və an­caq son onilliklərdə ipə-sapa düzülmüşdür. Əslində bu düzülüş hə­lə tamamlan­ma­mışdır. Elmşünaslığın yaradıcılarından olan Ber­nal və Makkeyin qeyd etdikləri kimi, “biz hələ elm haq­qında elmin əmə­ləgəlmə mər­hə­ləsindəyik. Hə­mişə belə hallarda olduğu kimi, pred­met müxtəlif isti­qa­mət­lərdə tədqiq olunmalıdır ki, elm haq­qın­da­kı bi­lik­lərin gələcək inkişaf üçün yetərli olan geniş təməli ya­ra­dıl­sın.”1 Əslində elmşünaslıq özü bir elm kimi formalaşmadan, elm san­ki başsız bədəni xatırladır. Ümid var ki, elm özünüdərk səviy­yə­sinə yüksəl­dik­dən sonra onun xarici təsirlərə və sifarişlərə məq­səd­­yönlü bir reaksiyası da forma­laş­mış­dır. Yəni hazırda elm ta­ri­xin­də bir növ özünüqoruma instinktindən şüurlu özünü­yeni­dən­qur­ma səviyyəsinə keçid mər­hə­­ləsi yaşan­maq­da­dır. Əlbəttə, bu cür ya­naşma el­min inkişafını bioloji təkamül konteks­tində izah et­mə­yə ça­lışan təlimləri xatırladır. Amma biz bu ifa­də­ni ancaq bir metafora ki­mi işlətdik və elm çox­öl­çü­lü sosial sistem olduğundan onun bio­lo­ji təka­mül­dən fərqli olaraq daha mürəkkəb inkişaf mexa­niz­minə ma­lik olması fikrindən çıxış edirik.


Elmşünaslıq adı altında ilk tədqiqatlar XX əs­rin birinci ya­rı­sın­da işıq üzü görmüş, müstəqil bir elm sahəsi kimi isə o, ancaq 60-cı illərdən for­ma­laş­mağa başlamışdır.

Sovet dövründə də “elm haqqında elm”, “elm­şünaslıq” möv­zu­larında xeyli tədqiqat aparılmış, bu sahəyə xüsusi monoqra­fi­ya­lar və dissertasiya işləri həsr olunmuşdur.

Rusiyada bu sahədə ilk ciddi tədqiqatlar V.İ.Ver­nadskinin adı ilə bağlıdır.1 O, elmin təşkil olun­­masının təkcə nəzəriyyəsi ilə de­yil, həm də prak­tikası ilə məşğul idi. Vernadskinin fikrinə görə, ye­­ni cəmiyyətdə elm quruculuğuna başlamazdan əv­vəl onun opti­mal təşkilati formaları müəyyən edil­məlidir. Məhz fundamental nə­zə­ri əsasa istinad et­di­yi­nə görə idi ki, onun rəhbərliyi ilə qurulan el­­mi tə­si­satlar, müəssisələr böyük səmərə verirdi.2 Hələ ke­çən əsrin 20-ci illərində İ.Boriçevskinin elmşü­nas­lı­ğa dair məqaləsi çap olun­­muşdur.3 Ondan da əvvəl 1912-ci ildə S.N.Bulqakov özünün məş­hur “Təsər­rüfatın fəlsəfəsi” əsərini yazmışdı ki, onun da böyük bir hissəsi elmin təbiətinə həsr olunmuşdu.4 S.N.Bul­qakov bu əsə­rində, bir tərəfdən, elmi təsərrüfat sis­teminin mühüm bir halqası ki­mi, digər tərəfdən də, nisbi müstəqil qnoseoloji və prakseoloji sis­tem kimi nəzərdən keçirir. Bununla yanaşı, o, kitabına “Elmin özü­nü­dərki” adlı xüsusi paraqraf daxil etməklə əs­lində “elm haqqında elm” və ya “elmşünaslıq” ide­yasını irəli sürür.1 Lakin nə üçünsə bey­nəlxalq miq­yasda elmşünaslığın müstəqil fənn kimi forma­laş­ma­sını Ossovskilərin və Con Bernalın adı ilə bağ­la­yırlar.2 Bizcə, bu sahədə ilk ciddi tədqiqat işlərindən biri də A.Boqdanovun mü­rək­kəb sosial sistemlərə həsr olunmuş fundamental əsəri hesab olun­malıdır.3 Lakin təəssüf ki, bolşevik inqilabı Rusiyada başlan­mış böyük miqyaslı ictimai özünüdərk proseslərini başqa səmtə yö­nəlt­miş və nəticədə V.İ.Vernadski, A.Boqdanov, S.N.Bulqakov ki­mi alim-filosofların yaradıcılığı da ya kölgədə qalmış, ya da başqa səm­tə yönəldilməli olmuşdur.

Görünür, bolşevik inqilabın­dan son­ra Rusiya özü bu böyük tədqiqatçıların ide­yalarından imtina edə­rək özü­nü kommunist düşün­cə­si çərçivəsinə sal­dı­ğı dövrdə onun mü­tə­fək­kirlərini üzə çıxarmaq mis­si­yasını Avropa da öz üzərinə gö­tür­­mə­mişdir. Tə­əc­cüb­lü olan budur ki, rus elm­şü­nasları hələ indi də Av­­ropanın təsiri ilə bu sahədəki tədqiqatların doğu­lu­şunu Qərb ha­di­səsi hesab edir və ya başqa sözlə de­sək, öz müəlliflik, ilkinlik hü­quq­larını qaytarmağa çalışmırlar. Məsələn, S.R.Miku­lin­skinin, P. A.Ra­ç­ko­vun, Q.N.Dob­­rovun və s. elm­şü­naslığa həsr olun­muş əsər­lərində bu fənnin əsas­la­rı­nın XX əsrin 30-50-ci illərində Qərb tədqiqatçıları (Os­­sov­ski­lər, C.Ber­nal, D.Prays və s.) tərəfindən qo­yul­duğu gös­tə­rilir. Hə­min dövrdə, ta 60-cı illərə qə­dər SSRİ-də elm­­şünaslıq məsə­lələrinin tədqiqi doğ­ru­dan da sən­gi­mişdi; amma bu fasilə əsrin əv­vəl­lə­rindəki xidmət­ləri unutmaq üçün əsas verə bilməz.

XX əsrin 60-70-ci illərində SSRİ-də elm­şü­nas­lıq yenidən sü­rət­lə inkişaf etmiş, elm, texnika və elmi-texniki tərəqqi problemləri xü­susi aktuallıq qa­zanmışdı.1 Lakin təəssüf ki, o dövrdəki təd­qi­qat­la­rın böyük bir qismi ideoloji yöndə, sosialist təsər­rü­fat sisteminin ka­pitalizmə nisbətən üstünlüklərini nü­ma­yiş etdirmək isti­qa­mətin­də köklənmiş və buna görə də əsas xətdən uzaq düşmüşdü. Xüsu­sən, məhz sosi­a­lizm üçün spesifik sayılan “elmi-texniki inqilab” an­­la­yışına geniş yer verilmiş və nəticədə elm­şü­nas­lıq nisbətən köl­gədə qalmışdı.1

Bununla belə, 70-80-ci illərdə SSRİ-də və di­gər sosialist öl­kə­lərində elmşünaslığın bu və ya digər konkret istiqamətləri üzrə təd­qiqatların profili geniş­lənmişdi; elmi idrakın metodologiyası ilə yanaşı, bü­tövlükdə elmin, onun texnika və istehsalla qarşılıqlı əla­qə­sinin də metodoloji problemləri xüsusi tədqiqat obyektinə çev­ril­miş­di.2 Həmin illərdə ideoloji çəpər­lərə baxmayaraq, Qərbdə bu sa­hə­də yazılan əsərlərin çoxu rus dilinə tərcümə olunaraq nəşr edilir­di. Bu­nun­la belə, elmin sosial, iqtisadi və təşkilati məsə­lə­ləri ilə mü­qayisədə daha çox epistemoloji aspektlərə yer verilirdi.1 Bu sı­ra­da “Elmin məntiqi və metodo­logiyası” seriyasından olan kitablar xüsusi qeyd edi­lə bilər.2

Bu problemlər o vaxt Azərbaycanda da aktual olmuşdur. La­­kin təəssüf ki, bizdə ideoloji rakurs üs­tünlük təşkil etmişdir. Bu­nunla belə, elmşünaslığın ayrı-ayrı aspektləri üzrə ciddi tədqiqatlar da apa­rıl­mış­dır. Ötən əsrin 70-ci illərində bu sətirlərin mü­əl­li­finin bir sıra məqalələri o vaxt nəinki təkcə SSRİ üçün, həm də bütün dün­ya miqyasında ilk təd­qi­qat­lar sırasında idi.3 Mə­sələn, elmin in­ki­şafının for­mal gös­təricilər, kəmiyyət parametr­lə­ri əsasında öy­rə­nil­məsi cəhdləri məhz bizim tərəfimizdən tənqid olun­muş və elmin əsl hərəkətverici qüvvələrinin önə çə­kil­məsi zə­ru­rəti göstərilmişdir.

El­min guya ekspo­nen­sial qanunauyğunluqla in­­kişaf etməsi haq­qın­da o vaxt­lar bütün dünyada ya­yıl­mış fikir tən­qid edilmiş, onun an­caq müvəqqəti xa­rakter daşıdığı əsas­lan­dırıl­mış­dır. Eksponent əvə­zi­­nə loqistik əyri boyunca in­ki­şafın mexaniz­mi riya­zi və qrafik üsullarla izah olun­muşdur.1 Elmin mü­rək­kəb sis­tem kimi nəzər­dən keçirilməsi, onun struk­tu­runa çoxölçülü fəza­da ba­xıl­ması, müxtəlif alt­sis­temlər arasında qarşılıqlı mü­na­sibət, el­min iyerarxik quruluşu və müxtəlif struk­tur səviyyələri arasında əla­­­qə də bu sətirlərin müəl­li­fi tərəfindən araşdırıl­mışdır.2 Elmin ay­rı­lıqda deyil, texnika ilə qarşılıqlı əlaqədə öyrənilməsi, elm ilə tex­nika arasında bir növ ke­çid rolunu oynayan “elm-texnika” sis­te­mi­nin və nisbi müstəqil fə­aliyyət sa­hə­si kimi elmi-texniki fəa­liyyətin diq­qət mər­kə­zinə çə­kil­­məsi, habelə bilik­lə­rin vertikal təsnifatında “elmi-texniki bi­lik­lərin” ay­rıca bir halqa, mərhələ kimi də­yər­­lən­di­ril­­məsi də bu sə­tirlərin müəllifinə aid­dir.

“El­­mi-texniki tərəqqinin sis­tem-struktur təh­li­li” möv­­zusunda yazılmış dissertasiya işində də əsas mə­­sə­lə­lər­dən biri elmin həm sosial-iqtisadi sistem ki­mi, həm də Elm-Tex­ni­ka-İstehsalat zəncirində bir hal­qa kimi öyrənilməsi ol­muşdur.1 Bü­tün bunlar o dövr üçün yeni idi. Amma araşdırma gös­­tərir ki, ötən 35 il ər­zində bu sahədə irəliləyiş elə də çox ol­ma­­­mış­dır və həmin ide­yalar bu gün üçün də ak­tuallığını saxla­maq­dadır.

Həmin dövrdə məşhur kristalloqraf və eyni za­man­da elm­şü­nas­lığın təməlini qoyanlardan biri Con Bernalın yanında təcrübə ke­çib vətənə qayıtmış Xu­du Məmmədov da diqqəti elmin özünə, onun digər ruhi-intellektual fəaliyyət sahələri ilə əlaqəsinə yö­nəl­dən fikirlər irəli sürür, suallar, problemlər qoyur­du. Xudu Məm­mə­do­vun 1974-cü ildə çapdan çıxan “Qoşa qanad” əsəri2 nəinki təkcə Azərbaycanda, həm də bütün SSRİ-də elm və incəsənətin, elmi və bə­dii yaradıcılığın müqayisəli təhlili sahəsində ya­zıl­mış ilk funda­men­tal əsərlərdən biri idi. O, təkcə öz əsərlərində deyil, tələbələri ilə söhbətlərində də el­min mahiyyəti, elmi düşüncənin spesifikası ba­rədə maraqlı məsələlər qaldırardı.3 70-80-ci illərdə Xudu Məm­mə­dovun Azərbaycan Televiziyasında apardığı “Elm və həyat” ve­ri­lişi də tamaşaçılara elmin ma­hiy­yə­ti, funksiyaları, ictimai həyatda ro­lu haqqında bi­liklər verməklə əslində elmşünaslığın elmi-kütləvi sə­viy­yədə təbliği ilə məşğul olurdu.

Bu dövrdə Azərbaycanda elmlə bağlı tədqi­qat­larda ona bütöv sistem kimi baxılmasa da, bir sıra hal­larda elmin tarixi, elmi idrakın metod və forma­ları və s. bu kimi problemlər üzrə tədqiqatlar aparı­lır­dı ki, bunlar da elm haqqında bütöv təsəvvür ya­radılması və elmşünaslığın formalaşması üçün müəy­yən bir baza hesab oluna bilər.1

Azərbaycanda məhz elm haqqında elm və ya elmşünaslıq səpkisində yazılmış ilk əsər “Elmi-tex­ni­ki tərəqqi: bu gün və sa­bah” kitabıdır.2 Müəllifin 80-ci illərdə çap olunmuş bir sıra digər əsərlərində də elmşünaslıq məsələləri araşdırılmışdır.3

Son 20 ildə Azərbaycanda elmşünaslıqla bu və ya digər dərəcədə bağlı mövzulara çox nadir hallarda müraciət edilmişdir. Yenə də bu sətirlərin müəlli­fi­nin ara-sıra məqalələri çıxmış,1 amma yeri gəldikcə başqa müəlliflər, məsələn, Akif Əlizadə, Həsən Qu­li­yev, Şahlar Əskərov, Asəf Hacıyev, Əli Abasov və başqaları öl­kə­miz­də elmin mövcud vəziyyəti və qarşıda duran və­zi­fələrlə bağlı araşdırmalar apar­mış­lar. Ə.Abasov elmi işin dəyərləndirilməsi sahəsində dünyada mövcud praktikalardan bəhs edir, MDB öl­kə­ləri ilə müqayisələr aparır.2 Bu problemlər əslində bilavasitə elmşünaslıq məsələləridir və bu mövzuda, təəssüf ki, geniş tədqiqatlar aparılmır.

Ölkəmizdə elmlə bağlı çap olunan əsərlər əsa­sən “elmi id­rak”, “elmi bilik”, “elmin me­to­do­logi­ya­sı” istiqa­mət­­lə­rini əhatə edir.1 Elmi idrakın struk­turunda ra­si­o­nal və irra­si­onal məqam­la­rın əlaqə və vəhdəti mə­sə­lələri fəlsəfi fikir tarixi kon­­tekstində araşdırıl­mışdır.2 Elm və dil prob­lemlə­ri­nin tədqiqinə də nisbətən geniş yer ve­ril­miş, Vit­qen­şteynin, Hay­deggerin bu sahədə ide­ya­ları az-çox şərh edilmişdir.3 Elmin təhsillə müqa­yi­səli tədqiqinə dair ilk əsərlər də bu dövrdə işıq üzü görmüşdür.4 Biz “tə­biətşünaslığın fəl­s­­əfi məsələləri” tipli təd­qi­qat­ları bura daxil etmirik; çünki ayrı-ayrı el­mi prob­lemlərin metodoloji təhlili bütövlükdə el­min me­to­do­lo­gi­ya­sın­dan xeyli dərəcədə fərqli bir sahədir.

Bu kitabın müəllifinin keçən əsrin 70-ci illə­rində elmşü­nas­lıq­la bağlı apardığı tədqiqatlar qismən köhnəl­sə də, öz əhə­­miy­yə­ti­ni əsasən saxlamış­dır. Lakin müstəqillik illərində – sosialist qu­ru­lu­şun­dan və marksist ideolo­gi­ya­dan imtina etdiyimiz vaxtdan bəri mə­sələyə daha ob­yek­tiv münasibət üçün ya­ran­mış imkanlara bax­ma­­yaraq, ye­tərincə bundan isti­fa­də edilməmiş, Qərb elmşünaslı­ğı­nın mate­ri­al­ları əsa­sın­da geniş və hərtərəfli təhlil apa­rıl­ma­mışdır. Bu sahədə indi yazılan tək-tək əsər­lərdə də mə­sə­lə­yə yeni münasibət görmək çətindir. Son illərdə bila­va­si­tə elmşünaslıqla bağlı olmasa da, elm fəl­səfəsinə da­ir tədqiqata gənc alim Füzuli Qurbanovun “Elmə si­ner­getik yanaşma” kitabında1 rast gəlmək mümkün­dür. Burada o, post­pozitivizm, tənqidi rasionalizm, elmi-tədqiqat proq­ramları, ta­ri­xi və ya sosial-psixo­loji epistemologiya və s. bu kimi istiqamətlər haq­qında məlumat verir və müqa­yisəli təhlil aparır. Am­ma mü­əl­li­fin problemi sinergetik müstəvidə “aç­maq” təşəbbüsü tamam­lan­ma­mış qalır, da­ha doğru­su, müəllif prob­lemi “xaos” müstəvisinə ke­çir­sə də, nizam məqamına gəlib çatmır. Bu cəhdlər yaxşı ki, müəllifin sonrakı əsərlərində də davam et­di­ri­lir. “Autopo­yezis və sinergetika...” kitabında F.Qurba­nov elmin “sis­tem çərçivəsindən” azad olmaq cəhd­lərindən bəhs edir.1 Düz­dür, elmi ənənəvi metod və sistemlilik tələblərindən xilas etmək tə­şəbbüsü yeni deyil; P.Feyerabendin anarxist metodologiyası məhz bu məqsədə yönəlmişdir, amma F.Qurbanov məsələ­yə fərqli kon­tekstdə, sinergetik müs­təvidə baxır və müvafiq terminologiyadan istifadə etmək­lə proble­mə yeni nəfəs verir.

Azərbaycanda elmi tədqiqatların xoşagəlməz bir ənənəsi elm haqqındakı əsərlərdə də özünü gös­tə­rir. Son illərdə “elm fəl­sə­fəsi”, “elmin meto­do­logi­yası” ilə bağlı araşdırmalarda əvvəl ya­zı­lanlar, təəs­süf ki, nəzərə alınmır və sanki hər şey sıfırdan baş­la­nır­mış. Be­lə münasibət isə ölkəmizdə bu sahə­də bir məktəb və ya heç olmasa ardıcıl tədqiqat plat­forma­sı­nın forma­laşmasına im­kan ver­mir. Bu simp­tom özünü F.Qurbanovun kitablarında da gös­tə­rir. Müəl­lif baxılan məsələyə dair rusdilli mənbələrə müraciət et­sə də, 80-ci illərdə Azərbaycanda apa­rılmış təd­qi­qat­lardan2 ya xəbərsiz­dir, ya da özünü xə­bərsiz kimi apa­rır. Təəssüf ki, bu cəhət digər azər­baycanlı təd­qi­qat­­çı­lar üçün də səciyyəvidir və az qa­la ölkə­mizdə ya­ranan xü­susi üsluba – özümüzü gör­məz­lik sin­dro­mu­na çevril­miş­dir. Məsələn, F.Qurba­novdan sonra bu möv­zuya mü­raciət edən C. Əh­məd­li, Z.Məm­məd­əli­yev, Ə.Məm­mə­dov, V.İsmayılov və s. də əsasən rus­dilli ədəbiyyata mü­raciət edərək, həmin sahədə öl­kəmizdə aparılan heç bir tədqiqatı, o cüm­lədən, F.Qur­­ba­novun yuxarıda adını çək­di­yimiz əsərlərini nəzərə al­mırlar. 1

Bunu da qeyd etmək yerinə düşərdi ki, elmi id­rakın forma və metodları ilə əlaqədar uzun müddət­dir ki, təd­qiqat aparan professor Əziz Məmmədov son kitabında el­min rasional idrakla bağlı aspek­t­lə­ri­ni kifayət qə­dər geniş işıqlandırsa da, elm anlayışına, onun ma­hiy­yətinə və ya­ranması tarixinə aid müla­hizələrində köhnəlmiş, ar­tıq çoxdan təkzib olunmuş mülahizə­lə­ri təkrarlayır,2 bəzən yenə də mark­sizm ənənələrin­dən, sinfilik prinsipindən, “ictimai inkişa­fın antoqonist xarakterindən” çıxış edir.3 Halbuki, Azər­baycanda elm haqqında düşüncələrin və öz dili­mizdə nəşr olunmuş məqalə və ki­tab­ların ümumiləş­di­rilməsi və tənqidi-təhlil süzgəcindən keçiril­mə­si, bu prob­lematikaya bizim öz baxış bu­ca­ğı­mızın for­ma­laşması mə­qamı artıq çoxdan çatmış­dır. Bu ba­xım­dan, H.Quliyevin Azərbaycan gerçək­li­yi­ni nəzə­rə alan son monoqrafiyası xüsusi əhəmiy­yə­tə ma­lik­dir.1 Müəllif bu kitabda əvvəlcə ümumiy­yətlə elm­dən, müasir dövrdə onun əhəmiyyə­tin­dən, el­milik meyarlarından; rasionallıqdan, obyektivlik­dən, elmin inkişaf qanunauyğunluqlarından bəhs edir, son­­ra isə onun bir ictimai sistem kimi, habelə bir mə­də­niyyət hadisəsi kimi xüsusiyyətlərini araş­dırır, – bir sözlə, Azərbaycan oxucusunda elm haq­qında hərtərəfli təsəvvür yaratmağa çalışır.

H.Quliyev haqlı olaraq göstərir ki, biz nəinki “bö­yük elmə”, heç “kiçik elm”in fəaliyyət dairəsinə də daxil olmağa hazır deyilik. Çünki “böyük elm”in tələbləri bi­zim təsəvvür etdiyimizdən qat-qat böyükdür. Əlbəttə, sə­bəb yalnız maliyyə imkanları ilə bağlı deyil. Hətta dövlət büdcəsində elmə ayrılan pul bir neçə dəfə artırılsa belə, bu ölkəmizdə həqiqi elmi mühit yaradılması üçün yetərli deyil. Ona görə yox ki, bu pul azlıq edər; ona görə ki, ic­timai rəydə və ictimai şüurda elmə münasibət kifayət qə­dər aktuallaşmamışdır. Və bunun bir səbəbi də elmin op­ti­mal təşkilati strukturunun olmamasıdır.

Müəllif elmin yüksək dərəcədə inkişaf etdiyi öl­kə­lərdə elmə və alimə mü­nasibəti, elm adamlarının səciyyə­ləndirilməsini, Azər­bay­candakı və ümu­­miy­yət­lə postso­vet məkanındakı münasibətlə mü­qayisə edir. Keçmiş So­vetlər İttifaqında elmin bit tərəfdən döv­­­lət inhisarında, digər tərəfdən də ide­o­lo­ji kon­tekst­də olması, alim ob­ra­zı­nın düzgün formalaş­ma­ma­sı da öz tə­si­rini göstərmək­də­dir. Təd­qiqatçı mə­sə­lə­yə başqa rakursda yanaşaraq, mü­səl­man dün­ya­sın­da elmə münasibət məsələsinin tarixini nə­zərdən ke­çi­rir və mü­a­sir Azərbaycanda, bir tərəf­dən so­vet, di­gər tərəfdən islam ənənəvi mü­­na­si­bət­lərinin izlə­ri­ni aşkar edir.

Lakin təəssüf ki, bu kitab da rus dilində ya­zıl­mış­dır. Ümumiyyətlə, bu sahədə ölkəmizdə çap olunan əsər­lə­rin çoxu ye­nə də rus dilindədir1 ki, bu da milli fəlsəfi fikrin inkişafında “elm fəl­səfəsi” və elm­şünaslıq aspekt­lərinin təşək­kü­lü­nə xidmət etmir və ya çox az xidmət edir. Bu baxımdan, Cəmil Əh­məd­linin son illərdə elm fəl­səfəsinə dair yazdığı bəzi məqalələr, elmi nəzəriyyə problemi ilə bağlı çap etdirdiyi ayrıca kitab xüsusi əhə­miyyətə malikdir.1

Yaxşı ki, elmin sosial sistem kimi öyrənilməsi üçün də mü­əy­yən baza yaranmış, mürəkkəb sosial sis­tem­lərin tədqiqatı kon­tekstində elmin tədqiqi üçün də metodoloji tövsiyələr işlənib ha­zırlanmışdır.2 Bundan baş­qa, elmi idrak, onun Şərqdə və Qərbdə xü­susiyyəti, təfəkkürün inkişaf yolu, elm və təfəkkür mövzularında apa­rılan tədqiqatlar da ölkəmizdə elm haqqında təsəv­vürlərin for­ma­­laş­ma­sın­da müəyyən rol oynamışdır. 3

Ötən əsrin 90-cı illərində bu sətirlərin müəl­lifinin bilavasitə elm­şünaslığa aid edilə biləcək bir neçə monoqrafiyası da işıq üzü görmüşdür.4

Son illərdə məhz Azərbaycanda elm və onun infrastrukturu, sosial və təşkilati məsələləri üzrə də bəzi tədqiqat işləri çap olmuş­dur.1 Və nəhayət, İslam Şərqinin bəzi böyük elm adamlarının elm haq­q­ında fikirlərinin, tədqiqatlarının toplanaraq bir kitab ha­lın­da çap etdirilməsi elmə türk-islam düşüncəsi kon­tekstində baxılması və müvafiq elmşünaslıq mate­rial­larının toplanması istiqamətində mü­hüm addım sayıla bilər.2

Göründüyü kimi, elmin öz tarixi ilə yanaşı, artıq elm­şü­nas­lığın da tarixi formalaşmaqdadır. Elm­şünaslıq nisbətən yeni ya­ran­mış olsa da, bu sahədə son əlli ildə kifayət qədər tədqiqat aparıl­dı­ğına görə, burada da müəyyən bir inkişaf yolu və tendensiyalar üzə çı­xarmaq mümkündür.

Lakin elmlə bağlı tədqiqatlar hələ də vahid bir fəndə sintez olunmadığından, elmin tarixi, meto­do­lo­giyası, fəl­sə­fəsi, sosial və iqtisadi aspektlərdə təd­qiqi çox vaxt bir araya gə­ti­ril­mədən, nisbi müstəqil şəkildə inkişaf edir. L.A.Markova tarixi aspektdə olan tədqiqatları “elmin tarixşünaslığı” adı altında qrup­laş­dırır.3 Lakin elmin tarixi istər-istəməz elmi idrakın və ümu­miy­yət­lə təfəkkürün tarixi ilə sıx su­rətdə bağlı olduğundan, bu sa­hə­dəki tədqiqatları tam ayırmaq mümkün deyil.

Elmin tədqiqinin məntiqi-qnoseoloji aspektləri sahəsində də 80-ci illərdə Azərbaycanda araşdır­ma­lar aparılmış, J.Sarton və R.Mer­tonun elmin tarixi inkişaf modelinə, K.Popper, İ.Lakatos və J.Aqas­si­nin məntiqi rekonstruksiya təliminə, T.Kun, S.Tul­min, P.Fe­yerabendin sosial-psixoloji rekonstruksiya, habelə kumulyati­vistik epistemoloji təliminə mü­na­sibət bildirilmişdir.1 Söhbət bu sə­tirlərin müəllifinin elm fəlsəfəsinə dair ilk dəfə Azərbaycan di­lin­də çap olunmuş iki məqaləsindən gedir. Bu məqalələr həm də sa­də­cə məlumat xarakteri daşımayıb mübahisəli məsələlərə Azərbaycan elmşünaslığı mövqeyindən alternativ baxış kimi də dəyərləndirilə bilər. Müəl­lifin müstəqil elmşünaslıq konsepsiyası onun sonrakı əsərlərində də inkişaf etdirilmiş, elm fəlsəfəsində mövcud olan müx­təlif təlimləri, habelə elmin sosial və məntiqi-epistemoloji as­pekt­lərini ortaq məxrəcə gətirmək təşəbbüsləri davam etdirilmişdir.

Ciddi mübahisə mövzularından biri olan elmin kumulyativist in­kişaf modeli və antikumulyativist ba­xışlar heç cür bir araya gəti­ri­lə bilmirdi. Əslində bir tərəfdə Karnap və Popper, digər tərəfdə Kun və La­katos olmaqla uzun sürən konseptual qarşıdur­ma­dan çı­xış yolları da ilk dəfə məhz bizim tərəfimizdən göstərilmişdir. Bu­nun üçün məsələyə daha geniş fi­kir müstəvisində, həm də yeni top­lan­ma qanunları kontekstində baxılmasına ehtiyac var idi. Ənənəvi top­­lanma təsəv­vür­lə­ri­nə əsaslanan kumulyativizm ya­ranmış ziddiy­yət­ləri həll etmək iqti­da­rında de­yil­di. Ona görə də, biz problemin həlli üçün alternativ top­lanma qaydaları təklif etmişik ki, bunun da sa­yəsində inkişaf sadəcə artım prosesi kimi yox, həm də alterna­tiv­lə­rin yaranması kimi izah olunur.

Qərbdə elm fəlsəfəsi və elmin metodolo­gi­ya­sı­na dair tədqi­qat­lar sonrakı illərdə də intensiv surətdə inkişaf etməkdədir. Bu sa­hə­də təkcə rus dilinə tər­cü­mə olunmuş əsərlərin siyahısı gös­tə­rir ki, Av­ropada elm fəlsəfəsi və elmşünaslıq məsələləri aktual olaraq qal­maqdadır.1 Lakin təəssüf ki, bizim tədqiqatçılar hələ də XX əs­rin ikinci yarısında geniş yayılmış tə­limlər barədə səthi məlumat ver­məklə kifayət­lə­nə­rək, ən müasir diskussiyalara qatıla bilmirlər. Rusi­ya­dakı həmkarlarımız isə əsasən bu müzaki­rə­lər­də fəal surətdə iştirak etməyə çalışırlar. Sovet dövründə onlar bu işi “burjua nə­zə­riy­yələrinin tənqidi” adı al­tında görürdülər.1 İndi isə məsələləri da­ha obyektiv mövqedən işıqlan­dır­maq imkanı əldə etdiklərinə görə, bu sahədəki icmal və təd­qi­qat­la­rın elmi dəyəri daha yüksəkdir.2 Bu mövzuda Rusiyada ayrıca jur­nal nəşr edilməsi də problemə olan xüsusi diqqətin gös­təricisidir.1

Elmin fəlsəfəsi və metodologiyası bütün bəşə­riyyət miq­ya­sında tədqiq edildiyi halda, elmin təş­ki­la­ti məsələləri ayrı-ayrı öl­kə­lərin timsalında öyrə­nilir: bu sırada inkişaf etmiş Qərb ölkə­lə­ri­nin, habelə Yaponiyanın təcrübəsi, bu istiqamətdə həyata keçi­ri­lən döv­lət siyasəti böyük maraq doğurur.2 Bununla belə, bizim üçün Şərq ölkələrində və inkişaf etmək­də olan ölkələrdə elmə müna­si­bət, elm quruculuğu mə­sələləri, bu sahədə tətbiq olunan model­lə­rin, uy­ğun təcrübələrin təhlili heç də az əhəmiyyət kəsb et­mir.3 İs­lam dünyasının görkəmli alimi, Nobel mü­ka­fatı laureatı Əbdüs-Sə­lam “islamın qızıl dövründə” elmlərin yüksək dərəcədə inkişafı ilə bə­rabər müasir mərhələdə dini və elmi təfəkkürün yeni ittifaq for­ma­­larının tapılmasına olan ehtiyacdan bəhs edir və islam dün­ya­sında təbiət elmlərinin yenidən təkamü­lünü, renessansını zəruri he­sab edir.1 Məhz bu yeni renessans idealı Əbdüs-Səlamı islam gənc­lə­rinə ün­van­lanmış çağırışa sövq edir: “Or­ta əsr­lərdə elmin ağır­lıq mərkəzi islam dün­­ya­sın­da idi... Tarix sə­hi­fə­lərini vərəqləyib, gö­rə­sən, elm­də li­­derliyə na­il ola bi­lərikmi?.. Gənc­­lə­ri­miz, bu­nu özlə­ri­nə məqsəd kimi qar­şıya qoymalıdırlar”.2 Amma müasir dövrdə is­lam dünyasında fəlsəfi fikir və ictimai elmlər müstəqil surətdə in­ki­şaf edə bilmədiyindən və əksər hallarda ilahiyyatın təhrif olunmuş və təriqətləşmiş təlim­lə­ri­nin təsiri altına düşdüyündən bir növ böh­ran mər­hə­ləsini yaşayır. Beynəlxalq İslam Düşüncəsi İnsti­tu­tu­nun apa­rıcı alimlərindən biri Əbdül-Həmid Əbu Sü­ley­manın yazdığına gö­rə, indiki dövrdə islam alə­mində elmlərə, xüsusən ictimai elm­lə­rə böyük eti­nasızlıq vardır.1

Bəs çıxış yolu nədədir?

Bunun üçün əlbəttə, islam dünyasının orta əsr­lərdə indiki Qərb ölkələrinə nisbətən çox irəlidə ol­ma­sına rəğmən, onun təd­ri­cən geri qalmasının sə­bəb­lərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəb­həsində ayrı-ayrı nümunələr, yəni müsəlmanların nor­mal el­mi mühitdə çalışarkən heç kimdən geri qal­mayaraq böyük uğurlar qa­zanması faktları göstərir ki, hər şey ictimai mühitlə bağlıdır. Yə­ni söhbət is­la­mi dünyagörüşünün guya elmin inkişafı üçün əl­ve­rişli ol­maması haqqında yaradılmış mifin dağı­dılma­sından gedir. Prob­lem cəmiyyətin təşkilatlanması və onun strukturunda elm üçün normal şərait yara­dıl­ma­sı ilə bağlıdır.

Azərbaycanda da son illərdə elmi tədqiqatların qiymətləndi­ril­­məsində meyar axtarışı, dünya prakti­ka­sından istifadəyə ehtiyac haq­qında tənqidi məqa­lələr çıxır, bir növ həyəcan təbili çalınır.2 Bu­nunla belə, ölkəmizdə daha çox dərəcədə məhz ictimai və hu­ma­ni­tar elmlərin vəziyyəti ilə əlaqədar müzaki­rə­lər aparılır. Akademik Ra­miz Mehdiyev müasir dövr­də ictimai elmlərin rolunun daha da art­dığını nə­zə­rə alaraq ölkəmizdə bu sahədə aparılan tədqi­qat­la­rın sə­viy­yəsindən qane olmadığını və daha intensiv və məqsədyönlü araş­dırmalara ehtiyac olduğunu qeyd etmiş, bu sahədə yaxın gələ­cək­də görülməli olan işlərin əsas istiqamətlərini müəyyən­ləş­dir­miş­dir.1 Bəli, ictimai elmlər sahəsində vəziyyət həqiqə­tən qənaətlən­di­ri­ci deyil. Amma bu, heç də o demək de­yil ki, ictimai elmlər sahə­sin­də bizdə heç bir nai­liy­yət yoxdur; sadəcə tələbat daha böyükdür.

XXI əsrdə elmlərin təsnifatında məhz ictimai elmlərin xüsusi yer tutması və prioritetliyi məsələsi getdikcə özünü daha bariz su­rət­də göstərir. Gələ­cək­də humanitar sahənin daha da inkişaf et­diril­məsi, el­min bütün nailiyyətlərinin insana, onun təkcə maddi yox, həm də mədəni-mənəvi tələbatının ödənməsinə yönəldilməsi üçün indi daha geniş imkanlar açıl­mışdır. Məhz bu səbəbdəndir ki, bir sıra tədqiqatçılar bu məqsədlə təfəkkürün yeni strategiyasını hazır­la­maq vəzifələrini qarşıya qoyurlar.2 Bu da təsadüfi deyil ki, indi T. Kunun tədqiqatlarında da məhz icti­mai elmlərə münasibət mə­sə­lə­sinə və Kun konsep­si­ya­sının ictimai fikrin inkişafına tətbi­qi­nə xü­susi diq­qət yetirilir.1

Müasir elmi metod və texnologiyaların sayə­sin­də ictimai elm­lər qarşısında yeni perspektivlər açı­lır. Belə ki, uzun müddət ri­ya­ziyyat ancaq təbiət elmlərinə tətbiq oluna bilirdi. İndi isə cə­miy­yə­tin də­qiq elmlərin predmetinə çevrilməsi və uyğun ola­raq cəmiy­yət­şünaslığın riyaziləşməsi prosesi baş­lan­mış­dır. Amma bunun sə­bəbi təkcə ictimai elmlərin mən­tiqi-epistemoloji strukturlara uy­ğun­laşması deyil, həm də məhz cəmiyyət üçün keçərli olan yeni mo­dellərin, yeni məntiqin və yeni riyaziyyatın forma­laş­masıdır. Və bu­rada, heç şübhəsiz, təməli Lütfi Za­də tərəfindən qoyulan qeyri-səlis məntiq təliminin açdığı yeni imkanlar aparıcı rol oynayır.

İctimai proseslərin yeni metodologiya əsasında öyrənil­mə­si­nə dair bütün dünyada axtarışlar aparıl­dı­ğı bir zamanda azərbay­can­lı tədqiqatçıların da bu ma­rafona qatılması təqdirəlayiq haldır və bizdə ictimai elmlərin inkişaf potensialının heç də itmə­di­yini gös­tərir. Biz ilk növbədə Tahirə Allahyarovanın sinergetika və qey­ri-səlis məntiq kontekstində icti­mai elmlər üçün yeni meto­do­lo­gi­ya axtarışını nəzər­də tuturuq.2 Bu axtarışlara Əhməd Qəşəm­oğ­lu­nun təd­qiqatlarında da rast gəlmək mümkündür.3 Burada da mü­rək­kəb sosial sistemlərin öyrənilməsində sis­tem-struktur təhlil metodu və elmi idarəetmənin prin­sipləri araşdırılır. Düzdür, bu sahədə təd­qi­qatlar ölkəmizdə hələ ötən əsrin 70-ci illərindən baş­lan­mış­dır,4 am­ma araşdırmaların davam etdirilməsinə bö­yük ehtiyac vardır.

Xüsusilə tarixin həm bir elm sahəsi kimi, həm də elm üçün informasiya bazası kimi yenidən nə­zər­dən keçirilməsinə və ictimai proseslərlə məntiqi-epis­temoloji, kulturoloji, habelə texniki və tex­no­loji proseslərin vahid tarix kontekstində yenidən, müqa­yi­səli təh­lil metodu ilə öyrənilməsinə, daha doğrusu, təbii-tarixi, ictimai-ta­ri­xi və mədəni-tarixi aspekt­lə­rin eyni məxrəcə gətirilməsinə ehti­yac daha çox ar­tır. Əslində elmin inkişafını onun daxil olduğu so­si­al-mədəni mühit kontekstində araşdıran Kun təlimi­nin elmi daha çox epistemoloji sistem kimi nəzərdən ke­çirən Popper təlimindən əsas fərqi də məhz bun­dadır; elm dövrün düşüncə tərzi və dünya­gö­rüşü sə­viyyəsində qərarlaşmış baxışlarla əks-əlaqə şəra­itin­də öy­rəni­lir.


Müasir dövrdə elm çox müxtəlif mənalarda və struktur səviyyələrində nəzərdən keçirilir.

Elmin sosioloji, iqtisadi, məntiqi-qnoseoloji, metodoloji as­pektlərdə tədqiqi bir-birindən köklü surətdə fərqlənir. Elmi biliklər sistemi kimi qəbul edən, diqqəti elmi biliyin həqiqiliyi məsələsinə yö­nəldən tədqiqatçılardan fərqli olaraq, elmə bir fə­aliyyət sahəsi kimi baxan, diqqəti bu fəaliyyətin daha səmərəli təşkilinə yönəldən araşdırmaçılar da vardır ki, onlar elmi tədqiqat müəssisələrinin, elmi kommunikasiyanı təmin edən vasitələrin səmərəsi və effektivliyi barədə söhbət açırlar. 1

Məhz elmşünaslıq adı altında ortaya çıxan ilk tədqiqatlar isə elmin bu və ya digər aspektdə öl­çül­mə­si, onun öyrənilməsinə kə­miy­yət metod­ları­nın və qrafik üsulların tətbiqi ilə əlaqədardır. Yəni əgər biz ilk dəfə Kant tərəfindən söylənilən, sonralar Marksın da tək­rar etdiyi məşhur «hər bir elm ri­ya­ziy­yatın tət­biq oluna bildiyi dərəcədə elmdir» kə­la­mını yada sal­saq, onda asanlıqla görmək olar ki, elm­şünaslıq da məhz elmin bir tədqiqat obyekti kimi riyazi me­tod­larla öyrənilməsi mümkün olandan son­ra müs­tə­qil fənn kimi for­malaşmağa başlamışdır. Ri­yazi üsul­ların ilk tətbiqləri isə əsasən elmin daxili məz­mu­nuna deyil, onun zahiri göstəricilərinə, sosial struktur komponentlərinə, məhsullarına, yəni elmi ideyaları və nə­ti­cələri özündə əks etdirən nəşrlərin, elmi məqalələrin, patentlərin, tex­niki realizasi­yala­rın, elmi konfransların, məruzə və hesabatların, ha­be­lə kitab və monoqrafiyaların sayına, həcminə, el­mi tədqi­qat­la­ra yönəlmiş xərclərin miqdarına, bir söz­lə, elmin kəmiyyət gös­təri­ci­lərinin inkişaf dina­mi­­kasının öyrənilməsinə yönəlmişdir. Bu cür tədqi­qat­lar çox vaxt “elmin ölçülməsi” (rusca – науко­мет­рия) adı altında qruplaşdırılır.1

Elm təşkilatlandıqca, sosial sistemə çevril­dik­cə, bu sistemin maddi göstəriciləri də ortaya çıxır. Dünyanı ehtiva etmək istəyən elmin öz lokal maddi cüssəsi, qişası yaranır. Necə ki, ruhla bədən arasında bir uyğunluq olur (“sağlam ruh sağlam bədəndə olar” ki­mi), eləcə də elmin intellektual-evristik məz­mu­nu ilə onun icti­mai-maddi qişası (“bədəni”) ara­sında da sıx bir əks-əlaqə münasibəti ya­ranır. Məh­dud miqyaslı elmi-texniki bazada, eləcə də kifayət də­rə­cədə strukturlaşmamış, bəsit icti­mai-təşkilati üst­qurum şərai­tin­də mürəkkəb elmi tədqiqat sistemi “yerləşməz”. Dövlətin yeritdiyi el­mi siyasət daha çox dərəcədə elmin təşkilati strukturu və maddi ba­za­­sının təkmilləşdirilməsinə yönəldilir. Onun adek­vat daxili məz­mu­­nu isə öz-özünə formalaşmır. Bu­nun üçün elm adamlarının, el­mi ictimaiyyətin ye­ritdiyi bir “elm siyasəti” də olmalıdır. Hər iki “si­yasət”in elmi təməlləri isə ancaq elmşünaslıq əsa­sında qurula bi­lər.

Elmi prioritetlərin müəyyən edil­məsi və elmi en­tuziazma əsas­lanan spontan elmi ax­tarışların mü­əy­yən bir məcraya yönəldil­mə­si bir növ kristallaşma prosesini xatırladır. Əgər ilkin kristal zərrəsi olmasa, heç bir ciddi-cəhdlə amorf sistemdən kristallik struk­tur alı­na bilməz. Eləcə də nə vaxtsa və harada isə hə­qiqi elmi yara­dı­cı­lı­ğa köklənmiş, elmin ruhunu mə­nim­səmiş və öz ətrafında elmi mü­hit for­malaşdırmaq iqtidarına malik böyük alimlər olmasa, heç bir ma­liy­­yələşmə və dövlət qayğısı ilə mükəm­məl elm sis­temi qurula bil­məz. Elm şablona sığmır.

Hətta ideyanın elmi kommunikasiya sisteminə daxil olması, bir bilik kimi özgələşməsi və mad­di­ləş­mə­si, hansı isə elmi jurnalda və ya kitabda çap olun­ması onun aktual elmə daxil olmasına dəlalət etmir. Əsas şərtlərdən biri irəli sürülən ideyanın, ye­ni elmi bi­liyin məhz həmin ixtisas üzrə nüfuz qazan­mış, söz və ixtiyar sahibi olan elmi elitaya çat­dı­rıl­masıdır. Yox­sa kim isə, harada isə böyük bir kəşf edib onu öz auditoriyasında, öz ölkəsinin məhəlli jur­nalında çap etdirirsə və bununla işini bitmiş sa­yırsa, o, həmin kəş­fin müəl­lif­lik hüququnu itirə bi­lər. Əslində bəlkə də məhz hüquqi baxımdan nə vaxt­sa isbat edə bilər, ancaq artıq “qatar getdikdən son­ra”. Elm ta­rixində be­lə faktlar az deyil. H.V.Vyatt yazır ki, molekulyar bio­logiyanın təməli heç də hamının qəbul etdiyi kimi 1953-cü ildə C.Uotson və F.Krik tərəfindən deyil, bundan təq­ri­bən 10 il əvvəl O.Everi, Ç.Makleot və Mak­karti tərə­findən çap olunmuş məqalədə qo­yul­muş­dur. Lakin onlar öz ideyalarını “Eksperimental tibb jurna­lı”n­da çap etdirdiklərindən bu məqalə əsa­sən tibb kitab­xa­nalarına pay­lanmış və elmi araş­dı­rı­cı­lar üçün bir növ gizli qalmışdır. Nəti­cə­də onlar No­bel mükafatından məhrum olmuşlar.1 Düz­dür, H.V. Vyatt bu faktı in­for­masiyanın biliyə çevrilməsi zə­rurəti kimi də­­yər­lən­dirir, bizcə, burada “informa­siya” və bilik anla­yış­larının fərq­­lən­dirilməsi deyil, yeni biliyin (ideya­nın, informasiyanın) məhz la­zım olan ünvana, elmin ön cəbhəsinə çatdırılması zəru­rə­ti vur­ğu­lan­malıdır. Bu faktda həm də fənlərarası əla­qə­lərin zəifliyi üzə çıxır.

Elmi ideyanın, yeni elmi biliyin material­laş­ması və elmi ic­ti­mai­yyətin, yaxud tətbiq sahəsində ça­lışanların ixtiyarına verilməsi el­min zəruri şərt­lə­rindən biridir. Digər tərəfdən, bu fakt elmi ya­ra­dı­cı­lıq aktı ilə böyük elm anbarı arasında fərqin vur­ğu­lanmasını tə­ləb edir. Belə ki, əslində elmi yaradıcılıq fərdi hadisədir. Uzaqbaşı lok­al qrup miqyasında olan bir hadisədir. “Elm anbarı” və ya “bö­yük elm cə­sə­di” adlandırdığımız materiallaşmış sistem isə bü­töv bə­şəriyyət miqyasın­dadır. Yəni bu halda ha­mının is­ti­fadə edə bi­lə­cəyi hazır məhsullardan söh­bət gedir. Yaradıcılıq isə, təkrar edirəm ki, fərdi intellektual aktdır. Alim öz yeni ideyasını, öz kəşfini bə­yan et­mə­sə, materiallaşdırmasa, ümumi anbara da­xil et­mə­sə, heç kim bu kəşfdən xəbər tuta bilməz.

Sual ortaya çıxır ki, elmin mahiyyəti daha çox də­rəcədə hə­min fərdi yaradıcılıq prosesindəmi, yox­sa ümumictimai elm sis­te­min­dəmi təzahür edir? Ma­raqlıdır ki, bu çox ciddi məsələ elm­şü­nas­ların diqqə­tindən yayınır. Onlar ayrıca olaraq elmi yara­dı­cılıq­dan və ayrıca olaraq ümumictimai elm sistemindən bəhs etdikləri hal­da, onların necə əlaqələnməsi mə­sələsi yaddan çıxır. Məhz elm­şü­naslıq adı altında apa­rılan tədqiqatların böyük qismi elmi biliyin ic­timailəşməsi məsələlərinə həsr olunsa da, burada da­ha çox dərə­cədə zahiri amillər, sayıla, ölçülə bilən kə­miyyətlər və onlara istinadla qurulan riyazi mo­del­lər üstünlük təşkil edir.

Lakin elm əslində elə bir mürəkkəb sistemdir ki, əsasən tex­ni­ki sistemlərin izahı üçün yetərli olan riyazi modellər burada po­zi­tiv nəticə verməyə də bi­lər. Yəni biz riyaziyyatın tətbiqi naminə mü­rəkkəb sistemin ölçülə bilən tərəflərini önə çəksək, mahiy­yə­ti ifa­də edən hadisələr kölgədə qala bilər. Müasir döv­rün ən böyük ri­ya­ziyyatçılarından olan Lütfi A.Za­də belə mürəkkəb sistemlərin öy­rən­ilməsi ilə əlaqədar yazır: “Dərin kök atmış elmi düşüncə ənə­nə­lərinə görə, hər hansı bir hadisənin dərk olunması onun kəmiyyət ba­xımından təhlil oluna bilmək im­kanları ilə eyniləşdirilir. İctimai sis­temləri mexaniki sistemlərə xas olan fərqləndirmə diferensial və ya in­teqral tənliklərin dili ilə təhlil etmək cəhdlərinin artdığı bir dövr­də belə meyllərin doğruluğunu şübhə altına almaq “xaric not götürməyə” bənzəyir. Biz məhz belə bir not səsləndirəcəyik”.1 İcti­mai sis­tem­lərin və sosial elmlərin məntiqi əsaslarının öyrə­nil­mə­si ilə əlaqədar neopozitivizmin və elm fəlsəfə­si­nin görkəmli nüma­yən­­dələrinin də ciddi tədqiqatları vardır.2 Bununla belə, nə mənəvi həyat, nə də ictimai həyat ənənəvi məntiq və riyaziyyat qəliblərinə sığ­mır. Lütfi Zadənin əsas xidmətlərindən biri düzxətli düşüncənin və formal məntiqin bu sahələrə tətbiq cəhd­lərinin səmərəsiz oldu­ğu­nu göstərməklə yanaşı, mürəkkəb ictimai sistemlər üçün yeni mo­dellər təklif etməsidir. Zadə yazır: “Bizim əsas tezisimiz bundan iba­rətdir ki, mahiyyəti etibarilə adi riyazi təhlil me­todları nəinki hu­manitar sistemlərə, ümumiyyətlə mü­rəkkəbliyinə görə bu sis­tem­lərlə müqayisə oluna biləcək istənilən sistemə tətbiq edilə bil­məz... Sis­te­min mürəkkəblik dərəcəsi artdıqca, onun özünü ne­cə apa­racağına dair praktik əhəmiyyətli dəqiq mü-la­hi­zə­lər yürütmək imkanları azalır”.1

Sivilizasiyanın əsas şərtlərindən biri ayrı-ayrı adamların ya­ra­dıcı potensialının toplanaraq bütöv­lükdə bəşəriyyətin inkişafı üçün təməl ola bilmə­sidir. Lakin insanların heç də bütün sahələr­də­ki fəaliyyəti toplana bilmir. İnsanın könül xoşluğu üçün və ya mad­di təminatı üçün çalışmasının, ailə-məişət problemlərini həll etmə­si­nin, təbii ki, sivilizasiyaya dəxli yoxdur.

Müasir dövrdə bilavasitə sivilizasiyaya aidiy­yə­ti olan ən mühüm sahələrdən biri elmi və elmi-tex­niki fəaliyyətdir. Elm kumulyativlik prin­sipi­ni ödədiyinə görə, ayrı-ayrı elmi tədqiqat aktları toplanaraq ictimai miqyaslı elmi-tədqiqat fəaliyyə­tinin əsasını təşkil edir. Lakin bu ayrıcaların toplan­ması və ictimailəşməsi prosesi elmin öz spesifi­ka­sından kə­na­ra çıxaraq, mürəkkəb ictimai sistemlərin fəaliyyət dairəsinə aid­dir. Elmlə bağlı ən çox yayıl­mış ictimai fəaliyyət vahidləri elmi laboratoriyalar və elmi tədqiqat institutlarıdır.

Elmi tədqiqat institutu nədir? Belə bir müəs­sisəni formal ola­raq hökumətin sadəcə bir qərarı ilə, ona bina və büdcədən vəsait ay­rılması, işə adamlar gö­türülməsi ilə qurmaq mümkündür. Amma onu hə­rəkətə gətirmək, elmi potensialın maksimum də­rə­cə­də real­laş­masına nail olmaq asan məsələ deyil.

Sözün böyük mənasında elm və ya elm sistemi elmi bilik­lər­dən və ayrı-ayrı elmi araşdırmalardan, tədqiqatlardan nə ilə fərq­lənir?

Orta əsrlərdə islam dünyasında elmin lokal sis­temləri artıq var idi; amma o, bir tərəfdən, sosial sis­tem kimi formalaşa bilmədi, di­gər tərəfdən, Təh­sil-Elm-İqtisadiyyat zəncirinə bir halqa kimi gi­rə bil­mədi. Bu pərakəndə elm hadisələri bütöv kəsil­məz proses ha­lı­na Yeni Dövrdə – kapitalizmin əmələ gəlməsi ilə düşdü və bu bü­töv­ləşmə tendensiyası in­di də davam etməkdədir. Böyük elmin for­ma­laş­ması üçün böyük ictimai-iqtisadi təməl, geniş infrastruk­tur lazımdır.

Elmin sosiologiyası və iqtisadiyyatı onun da­xili məzmunu ilə bilavasitə bağlı olmasa da, elmin tarixi, metodologiyası və epis­te­moloji tədqiqatlar onun daxildən öyrənilməsini tələb edir. Yəni bu iş bilavasitə elm (science – dəqiq elmlər) adamlarının öz üzərinə dü­şür. Bununla belə konkret elmi prob­lem­lərlə, bu və ya digər fən­nin daxili məsələləri ilə məş­ğul olan ixtisaslaşmış elm adamları e­l­min ümu­mi inkişaf qanunauyğunluqlarını üzə çıxara bil­məz­lər. Bu­nun üçün elmin daxili məzmununa da bütöv bir proses kimi kə­nar­dan baxmaq, onu böyük məkan və zaman kontiniumunda nəzərdən ke­çir­mək tələb olunur. Yəni elmdən başı çıxan, elmin dilini bilən təd­­q­iqatçı yalnız konkret elmi məsələlərin həlli ilə məşğul olma­ya­raq, elm sferasından kənara çıxır və onu sanki kənardan müşahidə edir.

Demək olar ki, bütün böyük elm adamları, han­­sılar ki, öz dar ix­tisas problemlərinə sığmır, bü­tövlükdə elm haqqında, onun ma­hiy­yəti, məqsədi, funk­siyaları, metodları haqqında fikirlər söy­lə­miş, bə­­­zən bu sahədə böyük əsərlər qoyub getmişdilər. Yəni hərə öz tədqiqat sahəsinin metodologiyasına və epistemoloji əsaslarını öy­rənmək istiqamətində də müəyyən işlər görmüşdür. Bu sırada A.Puan­kare, A.Eynş­teyn, N.Bor, M.Born, V.Heyzenberq və s.-in elm fəlsəfəsinə dair əsərlərini xüsusi qeyd etmək olar.1 Bir sıra bö­yük elm adamları isə yaradıcılığının ikinci mərhələsini bütövlükdə fəl­səfəyə, ilk növbədə elm fəlsəfəsinə həsr etmişdir. Məsələn, B.Ras­sel, A.N.Uaythed, V.İ.Vernadski, İ.Priqojin, N.Moise­yev və s.-in son tədqiqatları mahiyyəti etibarilə ən çox fəlsəfəyə yaxındır.1 Fəlsəfi problematikaya keç­miş olan adamlar dönüb yenə də elm haqqında nə isə ya­zar­kən, məsələyə bir qayda olaraq yeni rakursda ba­xır­lar və elm bütövlükdə fəlsəfənin predmetinə çev­ri­lir.

Elmin daxili məzmununun öyrənilməsi özü də diferensial­laşmış və dörd nisbi müstəqil tədqiqat is­tiqamətinə ayrılmışdır.

Birinci istiqamətə elm tarixi, elmi biliklərin top­lanaraq yeni fənlər əmələ gələnə qədər struk­tur­laşması və əvvəlcə fəlsəfədən, daha sonra isə ana elmdən ayrılaraq müstəqillik əldə etməsi ­­– yəni el­min genezisi və inkişafı məsələləri aiddir.2 Elmi nə-zəriyyələrin yaranması, fundamental elmi təlimlər­dən çıxan nəticələrin təcrübi yoxlanması, nəzəri və empirik biliklər arasında davamlı rabitənin qurul­ma­sı və s. bu kimi məsələlər də birinci istiqamətə aid­dir.

İkinci istiqamətə elmi biliklərin spesifikasının, yəni onun digər biliklərdən fərqinin və onlarla qar­şılıqlı nisbətinin öyrənil­mə­si, biliklərin təsnifatı (müasir dövrdə elmlərin təsnifatı da bura da­xil edi­lir), müxtəlif elmi bilik sahələri arasında qarşılıqlı əlaqə, fən­lər­arası münasibət məsələləri, elmlərin inteqrasiyası və diferen­sial­laş­ması və s. bu kimi məsələlər aiddir.1

Üçüncü istiqamətə elmi biliklə gerçəklik ara­sındakı müna­si­bət, bilik və həqiqət problemi, həqiqi biliyin meyarları, elmilik şərt­ləri – demar­ka­siya mə­sələləri, elmi bilikdə obyektiv və sub­yek­tiv amillər və s. bu kimi fəlsəfi-epistemoloji və fəlsəfi-ontoloji mə­­sə­lələr daxildir. Bunlar adətən elmin fəlsəfəsi adı altında öyrənilir.1

Dördüncü istiqamətə isə riyaziyyat və elm prob­­leminin, ümum­elmi və spesifik elmi-tədqiqat me­todlarının, habelə bütöv­lükdə elm metodolo­gi­ya­sı­nın öyrənilməsi aiddir.2

Lakin elmşünaslığın predmeti elmin daxili məz­munu ilə bit­mir. Buraya elmin infrastrukturu, onun mədəniyyət sistemində yeri və bəlkə də ən baş­lıcası, ictimai-iqtisadi həyatda oynadığı rol da daxil edilmə­lidir.

Elmin bir mədəniyyət hadisəsi kimi, mədə­niy­yətlə qarşılıqlı əla­qədə öyrənilməsi həm onun ma­hiy­yətinin daha düzgün an­la­şıl­ması üçün, həm də mədəniyyətin özünün bütöv mənzərəsinin ya­ra­dıl­ması üçün xüsusi əhəmiyyətə malikdir. 1

Mədəniyyətlə qarşılıqlı əlaqə başqa kontekstdə də özünü gös­tərir. Belə ki, mədəniyyət özü də elmin predmetinə daxil olur və mə­də­niy­yət­şünaslıq bir elm hadisəsi kimi ortaya çıxır. Klassik mə­n­ada elm (science) təbiətin öyrənilməsini ehtiva edir, mədə­niy­yətin el­mi səviy­yədə öyrənilməsi isə elmlərin təs­nifatında xüsusi bir böl­mədə əhatə olunur. H.Rikkert özünün məşhur “Təbiət haqqında elm­lər və mədə­niy­­yət haqqında elmlər” əsərində elmin əsasən tə­biət­­şünaslıq kimi başa dü­şül­məsini qəbul etməklə ya­naşı, ona sanki əks qütb olan və insanın öz yarat­dıqlarının tədqiqat predmetinə çevrilməsindən doğan mədəniyyət elmlərini də təsnifata daxil edir.2 Mədə­niy­yətin elmi və fəlsəfi aspektdə araşdırıl­ma­sına so­vet elmşünaslığında da geniş yer verilmişdir.1

Elmin ictimai rolunun artması və ona getdikcə daha böyük diqqət göstərilməsi onun dəyərlər siste­mində yerinin müəyyənləş­di­ril­məsinə də ehtiyac ya­ra­dır.2 Digər tərəfdən, elmin insan həya­tı­na daha ak­tiv müdaxiləsi, bu müdaxilənin hüdudları barədə dü­şün­məyə, elmin etik aspektlərini müəyyən etməyə sövq edir.3 E.Aqassi belə hesab edir ki, elmə yalnız biliklər sistemi kimi baxılması və məntiqi ziddiy­yət­sizliyin əsas şərt kimi götürülməsi kifayət deyil; el­mi­liyin başqa şərtləri – «sadəlik, zəriflik” də vardır ki, bunlar el­min aksiologiyasını təşkil edirlər. Ona görə də, o, “intellektual dü­rüst­lük” və “intellektual saflıq” anlayışlarını daxil edir.1

Elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi forma­laş­masında elmin ictimai sistem kimi nə­zərdən keçirilməsinin də xü­susi rolu olmuşdur. Belə ki, elm bir sosial sistem olaraq so­sio­lo­giyanın pred­me­tinə daxil olur və burada da artıq bilik və idrak mə­­sə­lələri deyil, spesifik ictimai münasibətlər və on­ların ob­yektiv­ləş­mə­sindən doğan nisbi müstəqil, dayanıqlı sosial orqanizmlər önə çə­kilir. Sosiologi­ya­nın bir elm kimi formalaşdığı ilk dövrlərdən baş­layaraq elmin və biliyin sosiallaşması məsələləri diq­qətdə ol­muş­dur. Lakin bu mövzunun xüsusi təd­qiqat obyektinə çevrilməsi nisbətən yaxın dövrə tə­sadüf edir. Düzdür, biliyin sosiologiyası mə­sələ­lə­rinə hələ Manxeymin2, Maks Veberin3 tədqiqat­la­rın­da rast gəl­mək mümkündür, amma bilik və elmin so­sioloji kontekstdə di­fe­rensial surətdə nəzərdən ke­çirilməsi XX əsrin ikinci yarısında ak­tu­allaşmışdır.4 Türkiyədə hələ ötən əsrin 80-ci illərində elm sosio­lo­giyasına dair ayrıca kitablar və məqalələr çap olun­muşdur.1

Elmin mahiyyətinin müəyyənləşdirilməsi, hət­ta onun ge­ne­zi­si ilə bağlı ruhi-intellektual mühitin düzgün təsəvvür edilməsi üçün elm ilə din arasında ümu­mi və fərqli cəhətlərin ayırd edilməsi, on­la­rın qarşılıqlı münasibətinin tarixi təkamülü və s. bu kimi mə­sə­lələr də böyük önəm daşıyır. Elmin ictimai şüur formaları ilə əla­qəsi, əlbəttə, elmi dünya­görüşü, elmi-kütləvi biliklərin yayılması ilə yanaşı, həm də alimlərin əqidəsi ilə sıx surətdə bağlıdır. Bütün bu məsələlər elmşünaslıq çərçivəsində və onun hüdudu xaricində ge­niş tədqiq olunmuşdur.2

Elmin ictimai-iqtisadi kontekstdə öyrənilməsi, Elm–Texni­ka–İstehsal zəncirində elmin yerinin müəy­yənləşməsi də elm­şü­nas­lıq üçün mühüm qay­naq istiqamətlərindən biridir. Bu sahədə ən ciddi təd­qiqatlar K.Marksa məxsusdur.1 K.Marks elmə iqtisadiyyat kon­tekstində baxmış və onu məhsuldar qüvvə kimi nəzərdən ke­çir­miş­dir. Amma XX əsrdə də elmin texnika və istehsalla qarşılıqlı münasi­bət­lə­rinə dair geniş miqyaslı tədqiqatlar aparılmışdır. 2

Elmin texnika ilə qarşılıqlı əlaqəsi və texniki elmlərin xüsusi statusu haqqında aparılan tədqiqatlar da elmşünaslığın mühüm mənbələri sırasına daxil­dir.3

Beləliklə, elmşünaslığın qarşısında duran vəzi­fə əslində sos­i­o­­­loq­la­rın, iqtisadçıların, fəlsəfə­çi­lərin, elm təşkilatçılarının tədqiqat pred­­metinə və fəaliyyət sahələrinə daxil olan müxtəlif xarakterli bi­lik­lərin bir araya gətirilməsi və daha mürəkkəb bir sistemdə bir­ləş­di­rilməsidir. Ancaq bu halda elmin inkişafını proq­­nozlaşdırmaq onu bir tərəfdən mədəniyyətin di­gər tərəfdən iqtisadiyyatın struk­tu­run­da yerini müəy­yən etmək, bütöv elm sisteminin öz alt sis­tem­lə­rinin əlaqəsini habelə hər bir alt sistemin öz daxili quru­luşunu üzə çıxarmaq mümkün ola bilər.



Şərti işarələr: I – Elm; II – Təhsil; III – Mədəniyyət; IV – Maddi istehsal.

Sxem 1.
Elmin bir ictimai sistem kimi cəmiyyətdə tut­duğu yeri araş­dır­maq istəsək onun ən çox qarşılıqlı əlaqə və vəhdətdə olduğu tərəf-mü­qa­billərinin təhsil, mədəniyyət və maddi istehsal olduğunu gör­mək çə­tin deyil. Bu üç sahə öz aralarında da sıx surətdə bağ­lı­dır. Lakin el­min onların məhz əlaqələndiyi so­si­al məkanda, yəni kə­sişmə sahəsində ax­tarmaq düz­gün olmazdı. Çünki elmin özünün də yuxarıda ad­la­rı­nı çək­diyimiz fəaliyyət sahələrindən heç birinə aid ol­mayan spesifik, özəl tərəfləri vardır və onun əsl mahiyyəti məhz burada təzahür edir.

Elmin təhsillə əlaqəsinə biz ayrıca bir fəsil həsr etsək də, bu­ra­da iki müxtəlif əlaqə formasını fərq­ləndirmək istərdik. Birincisi, təh­sil müasir elmin təməlində dayanır; ikincisi, təhsil oturuşmuş el­mi bi­liklərin mənimsədilməsini nəzərdə tutur. Elm üçün təhsil nis­bə­tən məhdud xarakter daşıyır. Belə ki, təh­sil alanların ancaq çox az bir qismi gələcəkdə özünü elmə həsr etmək, alim olmaq istəyir. Da­ha doğrusu burada istəkdən öncə xüsusi istedaddan söhbət get­mə­­lidir. Yəni ancaq yaradıcı təfəkkür qabiliyyəti olan­lar elmlə məş­­ğul ola bilərlər. Düzdür, elm üçün kadrların seçilməsində kon­kret meyarlar müəy­yən­ləş­dirmək çox çətindir. Ona görə də, bu pro­ses­də istək amili və onu şərtləndirən sosial mühit də mü­hüm rol oy­nayır. Bu mənada elmin sosiallaşması, ic­timai mühitdən asılı və­ziy­yəti ilk növbədə elmi kadr­ların seçilməsi prosesindən başlanır. La­kin bu pro­sesə təsir edən amillər içərisində yuxarıda adlarını çək­­diyimiz iki sosial hadisənin: mədəniyyət və iqti­sa­diyyatın da ro­lu böyükdür. Maddi istehsal pro­se­sinin səviyyəsi, onun texniki təc­hi­zat dərəcəsi, öl­kədə yeridilən iqtisadi siyasətin xarakteri elmə so­si­al sifarişi şərtləndirən əsas amillər sırasındadır. Digər tərəfdən, mədəni-mənəvi mühit, ictimai şüurun sə­viyyəsi əhalinin mədəni inkişaf səviyyəsində intel­lek­tual komponentin nisbi payı və s. bu kimi amillər də elm üçün əlverişli mühitin göstəriciləridir.

İndi nəinki doktorantura və magistraturada, ali təhsilin ba­ka­lavr pilləsində, hətta orta məktəbdə də təlimin əsasında elmi bi­lik­lər dayanır. Nə vaxtsa usta yanında şagird kimi əməli bilikləri vər­diş hesabına mənimsətməkdən fərqli olaraq müasir məktəblərdə hət­ta ən adi biliklər də elm prizmasından keçmək şərti ilə öyrədilir. Yə­ni elm ixtisasdan asılı olma­ya­raq bütün sahələrdə təhsil üçün ba­za rolunu oynayır.

Orta məktəbdə mənimsədilən biliklər və dü­şüncə vərdişləri eyni zamanda intellektual mədə­niy­yətin formalaşmasına xidmət edir. Bütövlükdə elm sistemi yox, elmi biliklərin ictimai həyatda və müx­təlif fəaliyyət sahələrində yararlı ola biləcək aşağı pilləsi – tə­məl biliklər mədəniyyətin də tərkib hissəsi olmaqla elm və mə­də­niy­yətin ortaq sahəsini təşkil edir. Buraya biliklərdən başqa düşün­cə tərzi də aid­dir. Belə ki, elmin artıq neçə əsrlərdir ki, forma­laş­mış me­todları mənimsənilərkən insanlar bu metod­lar­dan öz peşə sa­hə­lə­rində və hətta məişətdə də prob­lemlərin çözülməsində istifadə edə bilirlər. Söh­bət düşüncənin daha dəqiq, daha rasional olma­sın­dan, mövqeyin əsaslandırılması, arqumentli surətdə izah olunma­sın­dan, seçimlərin birtərəfli, mücərrəd, emosional təsirlərdən uzaq­la­­şaraq kompleks müna­si­bət formasında həyata keçirilməsindən gedir.

Təəssüf ki, elm və mədəniyyət arasında müna­sibət hələ də yetərincə tədqiq olunmamışdır. Ona gö­rə də bu münasibət özü çox vaxt qeyri-elmi müd­dəalarla ifadə olunur. Tədqiqatçıların bir qismi elmi bü­tövlükdə mədəniyyətə daxil etmək, onun kompo­nent­lə­rin­dən biri kimi öyrənmək mövqe­yin­dən çıxış edirlər ki, bu da mə­sə­lə­nin mahiyyətini düzgün an­lamamaqdan irəli gəlir. Məsələn, kul­tu­­ro­logiya üzrə Rusiyada buraxılan ensiklopedik lüğətdə elmin tə­ri­fi belə verilir: “Elm – təbiət, cəmiy­yət və insan haq­qın­da biliklər sis­teminin yaradılması üzrə ixtisaslaşmış fəaliyyətlə bağlı olan mə­də­­niy­yət sahəsidir.”1 Bu tərifdən belə çıxır ki, elm nə biliklər sis­te­mi, nə də onları əldə etmək üçün fəa­liyyət sahəsi olmayıb, sadəcə bu fəaliyyətlə bağlı olan mədəniyyət sahə­si­dir. Yəni elmi onun elm­­şü­naslıqda qəbul olunmuş anlayışından fərqli olaraq, elmin ma­hiy­yəti ilə bağlı bütün əsas amillər xa­ricində “izah etmək” tə­şəb­büsü göstərilir. Halbuki Rusiyanın filosof alimləri bir qə­dər baş­qa fi­kir­də­dirlər. Yeni fəlsəfə ensiklope­di­ya­sın­da akademik V.S.Styo­pi­nin elmə verdiyi tərifdə onun ma­hiyyəti kimi məhz yeni elmi bi­lik­lərin əldə edilməsinə yönəldilmiş idraki fəaliyyətin özü gö­tü­rü­lür.1 Kulturoloqların tərifindəki “bununla bağlı mədəniyyət hadisə­si” ifadəsi isə heç nəyi izah etmir.

Yaxud Novosibirskdə buraxılmış “Elm və onun mədəniy­yət­də yeri” adlı kollektiv monoqra­fi­yanın əksər müəllifləri elmi ancaq mə­dəniyyət çər­çi­vəsində, onun bir komponenti kimi təqdim etməyə çalışırlar. A.N. Koçerginin yazdığına görə, elm də din və əxlaq ki­mi mədəniyyət hadisəsi olmaqla onun tərkibinə daxildir2. N. N. Sem­yonova da elmdən bir mədəniyyət hadisəsi kimi bəhs edir və elmi müasir dövrdə mədəniyyətin aparıcı komponenti kimi də­yər­­lən­dirir.3 V. P. Tışenko isə elmi mədəniyyətin mər­kəzi elementi he­sab etməklə yanaşı məsələyə dialek­tikcəsinə yanaşaraq, mədəniy­yə­tin də elmin mərkəzində olması zərurətini bir prinsip kimi irəli sürür.4

Bütün bu yaxınlaşmalar elm, mədəniyyət və sivilizasiya an­la­yışlarının müəlliflər tərəfindən düz­gün anlaşılmadığını göstərir. Yəni elm olsa-olsa sivi­li­zasiyanın mərkəzi ünsürü və aparıcı qüv­və­si sayıla bi­lər. Mədəniyyət isə insan həyatının və onun bütün əmə­li fəaliyyət sahələrinin vacib tərəfi olaraq qaza­nılmış vərdişlər, avto­matlaşmış (yəni qeyri-şüuri struk­tur səviyyəsində yerləşərək simasızlaşmış) və ya ic­timai şüur səviyyəsində oturuşmuş biliklər kom­pleksini ehtiva edir. Onun elmlə ümumi cəhəti olsa-olsa bu də­rə­cədədir. Elmi yaradıcılıq prosesi, elmin metodları və formaları, el­min ön cəbhəsində olan yeni elmi biliklər və s. – bütün bunların mə­dəniyyətə heç bir aidiyyəti yoxdur. Yaxud məsələyə başqa plan­da baxsaq, çox böyük bir elm adamı mə­dəniyyətsiz (yəni, həyatda, məi­şətdə, sənətə mü­na­si­bətdə, siyasətdə və s.) və əksinə, elm sferasında çalışmayan, yəni elm sisteminə daxil olmayan hansı isə bir şəxs yüksək dərəcədə mədəni ola bilər. So­nun­cuya bütövlükdə elm yox, onun sıravi adam üçün zəruri olan bir sıra nəticələri, adətən humanitar bi­liklər kifayət edir.
Elmin geniş miqyasda: mədəniyyət və sivili­za­siya konteks­tin­də öyrənilməsi elmşünaslığın pred­me­tinə daxil deyil. Belə ki, ic­ti­mai şüur səviyyəsində kütləviləşən, intellektual mədəniyyətin tər­kib hissə­sinə çevrilən oturuşmuş bilik və düşüncə formaları nə vaxt­­sa elmin məhsulu olsalar da, indi daha elm sisteminə daxil edil­­mir. Elmşünaslıq daha çox də­rə­cədə məxsusi elm sistemini öy­rə­nir ki, bura da əsa­sən elmi yaradıcılığın ön cəbhəsində istifadə olu­nan biliklər daxildir. Bunlara ixtisaslaşmış elmi biliklər deyilir. Yə­ni ancaq müəyyən bir dar ixtisas sahə­sin­də bütün bilikləri mə­nim­səmiş olan və bu bazada yeni elmi biliklərin əldə edilməsi is­ti­qa­mətində iş gö­rən şəxslər elmi işçi hesab olunurlar. Elmi yara­dı­cı­lıq fəaliyyəti də ancaq yeni elmi bilik axtarışı ilə bağlıdır. Mə­lum elmi biliklərin mənimsənilməsi hələ elm adamı olmaq üçün ye­­tərli deyil. Hər bir alim, əgər o, həqiqi elm adamıdırsa, elmin ümumi xəzi­nə­sinə öz payını verməlidir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin