Şair Rəfiq Zəka Xəndan
14.49. Cəbrayıl Əhmədov (veteran):
- Siz bura toplaşıb öz arzunuzu bildirirsiniz. Mənim 85 yaşım var. 18-inci il əhvalatının şahidiyəm. Bu hadisələrdən hər iki millət əziyyət çəkdi. (Boş-boş sözlər danışdı, fitə basdılar).
15.00. Fərman Kərimzadə:
- Bu gün də dərdimizdən danışmır mərkəzi mətbuat. Kim ki xalq uğrunda ölüb, onlar Azərbaycan müqəddəslərinin siyahısına salınsın. İliçin katibi Tahir Əliyev, Şuşada Niyaz Hacıyev xalq uğrunda çalışıblar, onlar işlərinə qaytarılsın.
15.04. Bir dəstə oğlan əllərindəki uzun ağaca bağlanmış meymun kuklasını camaatın içində gəzdirir. Meymunun ağzında siqaret var, əllərinin arasına “Vazgen” yazılmış kağız qoyulub.
15.06. V. Məmmədov:
- Ermənistanda AS-nin sessiyası keçirilib. Yəqin ki, bizə hörmətlə bir şey deyilməyib. Bu oyunlarla bizi əsəbiləşdirmək istəyirlər. Gərək təmkinli olaq. Respublikanın bir çox yerlərində həyəcanlar, gərgin vəziyyət var. Bu vəziyyət müəssisələrdə müzakirə olunsun.
15.10. Aqronom Alıpaşayev:
-İntizamlı olaq. (Fitə basdılar. Meydanın 19 günündə intizamsızlıq adına bir ciddi şey baş verməmişdi!)
15.12. V. Məmmədov. (Danışmaq istəyir, fitə basırlar):
- On dəqiqə tənəffüs.
15.19. Nemət:
- Mən öz qərarımı oxuyuram. Vəziyyət ağırdır. Gəncədə, Naxçıvanda vəziyyət gərgindir; ölüm olub, komendant saatı elan edilib. İndi bizdə də etmək istəyirlər. (Sənəd oxuyur). “Bakı şəhəri əhalisinə müraciət (Bunu gizli şəkildə çıxarıb gətiriblər). Bakı şəhərində qadağan saatı qoyulur. Tətillərin keçirilməsi..., 21- dən 6-ya dək nəqliyyat vasitələrinin gediş-gəlişi..., qoşunlara müqavimət göstərilməsi qadağandır. Bakı şəhərinin komendantı”.
İndi qulaq asın. Mən yalnız özümə cavabdehəm. Yeddi gündür ki, öz MK-mızı birliyə dəvət etmişik. Dinc nümayişdə heç vaxt komendantski ças (komendant saatı – B. T.) tətbiq olunmur. 10 ayda niyə Yerevanda komendantski ças elan etmədilər? Bizdə öldürülən İsmayılovun qatili niyə tapılmadı? Dinc nümayişdə komendant saatı tətbiq edilsə, bunu işğalçılıq siyasəti adlandıracağıq. Heç kəs onlara müqavimət göstərməsin. Belə olsa, bütün Azərbaycanı ölü elan edirik.
Rədd olsun xalqın tələbini nəzərə almayanlar! Əliyalın xalq tankla vuruşa hazır deyil. Əgər xalqın bu gün bu mütəşəkilliyi pozulsa, bizim üçün sonra çətin olar. Rədd olsun işğalçı qoşunlar!
Necə olur ki, Qazaxıstanı bir günə sakitləşdirən Rusiya imperiyası doqquz aydır bizi qırğına çəkmək istəyir? Bu tələblər həyata keçirilməyincə vicdanı olan bir nəfər evdən çölə çıxmasın, işə çıxmasın! (“Tətil”, “tətil!”). Bizim silahımız yoxdur. Qeyrəti olan Bakının küçələrinə çıxmasın. Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar. “Tətil”,“tətil!”).
And içirik: heç bir fitnəkarlığa yol verməyəcəyik! (“And içirik!”) .And içirik: mübarizəmizi davam etdirəcəyik. (“And içirik!”). (Tofiq Fikrətin həmişə söylədiyi şerini əzbər söylədi). (Alqışlar).
Biz başa düşməliyik ki, xalqı havayı yerə qırğına apara bilmərik. Bu gün dünyanın 32 milyon azərbaycanlısının gözü bu meydana dikilib. Lazım gəlsə, BMT-yə müraciət edəcəyik. “Vətən” cəmiyyəti qardaşlarımızı tora çəkməyə çalışır. Qoy birbaşa Cənubla əlaqə yaransın. Qoy dünya miqyasında cavab verilsin görək niyə bu xalq parçalanıb? “Qayğı” cəmiyyətini də tənqid etmişdim. Bu gün “Qayğı” cəmiyyəti Ermənistandan gələnlərə yardım etməyib. Bu cəmiyyət Çernobıla yardım etmək üçündürmü? Azərbaycan, 200 milliard manat sərvəti olan Azərbaycan xalqı niyə bu gündədir? Niyə nazirliklərimiz Moskvadan asılıdır? Biz suverən dövlətiksə, niyə 200 nəfərlik komissiya, Özbəkistanı dağıdan komissiya indi respublikamıza yönəlib?
Xalq özü öz taleyini həll etməlidir. Ağanbeqyan çıxış edəndə 5.000 imza toplayıb Moskvaya məktub göndərdim ki, bu iki xalqı vuruşdurmayın. Moskva niyə susdu? Z. Balayanın kitabına İ.Qəmbərovun cavabını dərc etməyə niyə qoymadılar? Qoy indi dövlət adamları gəlib sizə cavab versinlər görək komendantski ças elan edirlər, yoxsa xalqın tələblərini yerinə yetirirlər. Aclıq elan edənlərdən xahiş edək ki, yalvaraq ki, saxlasınlar. Bizə sağlam adamlar gərəkdir. (“Nemət!”, “Nemət!”)…» (4).
Bu çıxış Nemətin ən təsirli çıxışlarından biri idi. İlk dəfə idi ki, rus - sovet qoşunları işğalçı adlandırılırdı.
Ədalət Tahirzadə davam edir:
«…15.46. Əhmədovun xalası oğlu:
- Əhmədovun atası 28 il fəhlə işləyib, əmək veteranıdır. Anası da zəhmətkeşdir. Əsas cinayəti fevralın 29-unda olub. İşdən gələndə olub. Onu “təşkilatçı” adlandırıblar. Axı işdə olan adam necə təşkilatçı ola bilər? Vəkil Yaşin dünən Əhmədovdan tam əlini üzüb, Bakıya qayıdıb. Məhkəmədə təkcə vəkil olub. Atası, anası, bacısı, qardaşı iştirak etməyib. Əhmədovla birgə Azərbaycan xalqının mənafeyi də tapdalanıb. Guya bu, Azərbaycan xalqının qabaqcadan hazırladığı cinayətin tərkib hissəsidir. Əgər hökumət vaxtında tədbir görsəydi, Sumqayıt qırğını da olmazdı. Qoy ədalət zəfər çalsın! (Sürəkli alqışlar).
15.55. Nemət: Xutorda öldürülən milis işçisi İsmayılovun ata-anası çıxıb desin görək qatil tapılıbmı? İkincisi, qoy oğulları Əfqanıstanda vuruşan valideynlər toplaşsın. Komendant saatı elan olunsa, qoy qoşunları rədd etsinlər.
16.00. V. Məmmədov:
- Biz həqiqətən komendant saatı istəmiriksə mütəşəkkil toplaşa bildiyimiz kimi yığıncağımızı mütəşəkkil də sona verməliyik. Nemət bəzi ağıllı sözlər dedi, ancaq bəzi atmaca sözlərlə özünü rəhbərliyə qarşı qoydu. (Fit, etiraz, “rədd ol!, “rədd ol!”).
16.02. Nemət: Havayı söz lazım deyil. Qəti söz deyin. Qoy bizə qəti söz desinlər. Belə şaiyə yayılır ki, mən naxçıvanlıyam, Əliyevin adamları mənə pul veriblər . (Nemət “Əliyevin adamları” ilə əlaqəsi olduğunu sonralar etiraf edti: “91-ci ilə qədər mənim Heydər Əliyevlə heç bir əlagəm olmayıb (...). Sadaca olaraq , 88-ci ilin meydan hərəkatında nöncə Bakının indiki meru R.Allahverdiyev gəlib mənə onun düşdüyu vəziyyətdən danışdi...”[3]).
Biz artıq hərəkətə yol versək, Vətəni bakılı, şəkili, naxçıvanlıya bölənlərə haqq qazandırarıq. Qoy gəlib bizə cavab versinlər görək tələblərimizlə bağlı nə ediblər. Hissə qapılmaya yol verməyək. Xalqın taleyi ilə oynamayaq. Yaşasın Azərbaycan xalqının birliyi! Ura! (“Ura”). Düşmən fitnəsinə uymayacağıq! And içirik! (“And içirik!”). Bu xalq hərəkatı xalqın sözüdür. Qoşulan qoşulsun, qoşulmayanlara ar olsun! (“Ar olsun!”). Bununla mən yorulmuşam, istirahətə gedirəm.
16.07. V. Məmmədov. Danışmaq istədi. (Fit. Camaat əyləşdi. Yenə fit).
16.12. Camaat hamısı oturdu. Aclıq elan edənlər tribunaya qalxıblar. Ancaq mikrofon kəsilib.(“Mik-ro-fon!”). Dünən şəhərdə hər yerdə BTR olub, bu gün isə tank (təkərini deşmək olmasın deyə).
16.18. Aclıq elan edən oğlan (XTİ-nin tələbəsi):
- Mən sizin simanızda Qaçaq Nəbinin qaçaqlarını görürəm. 1905-cı ildə erməni... Biz yalnız və yalnız Nemətə inanırıq. And içirik ki, yalnız onun ardınca gedəcəyik. Eşitdik ki, Bakıda komendant saatı elan etmək istəyirlər. Təqsirimiz nədir? Şəhriyar demişkən, ya tamam yanıb kül olacağıq, ya da ayağa qalxacağıq. Mən Nemətə ilk və son dəfə yalan dediyim üçün üzr istəyirəm: mən ona demişdim ki, mikrofon gələn kimi aclığı kəsəcəyəm. Ancaq deyirəm: biz aclığı davam etdirəcəyik. Rədd olsun işğalçı qoşunlar! (Bir az fasilə). Yoldaşlar, qoşunlar saat 8-də Bakıdan çıxarılsa, saat 9-da aclığı kəsəcəyik - yalnız sizin xatirinizə, xalqımızın birliyinin xatirinə! Ancaq stoldan qorxan hökumət bilsin ki, biz mübarizəmizi davam etdirəcəyik. (Alqışlar).
Dostları ilə paylaş: |