Elyazma org elektron kitabxanası



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix14.01.2017
ölçüsü0,8 Mb.
#5547
1   2   3   4   5

               

Şə

r nizi 

 

Mən kiçik S. şəhərində müstəntiq işləyən uşaqlıq dostum Şaiqə həm yolüstü, həm də 

atüstü qonaq olmuşdum. Onu çoxdan görmədiyimə görə fürsətdən istifadə edib onunla 

görüşmək üçün yoldan burulmuşdum.  

 

Burada uzaqbaşı iki saat, iki saat yarımdan artıq vaxt itirməməyi düşünürdüm. Yayın 



sonu olduğu üçün istilər bir qədər sınmışdı. Amma hələ də günortalar nəfəs almaq 

olmurdu.  

 

Ona görə də günün əyilməyini gözləyəcəkdim.  



 

Dostum məni kiçik bir restoranın yaşıl həyətinə gətirmişdi. Ağac kölgəsindəki stolun 

başında əyləşib ordan – burdan söhbət edirdik.  

 

Bu vaxt dostum bizdən azacıq aralıda qoyulmuş stola yaxınlaşan iki nəfərin biriylə 



salamlaşdı və astaca mənə dedi:  

 

– Dön o hündür kişiyə bax, sənə onun haqqında bəzi şeylər danışacağam. 



 

Dostumun dediyi kimi kişinin boyu çox uzundu. Arıq adamdı, yaşı yetmişi keçərdi. Macal 

tapıb üz cizgilərini tam görə bilməsəm də, onun sifətinin profili yadımda qaldı. Profildən 

yay kepkasının dimdiyi, xırda burnu, irəli çıxmış çənəsi görünürdü. Məncə onun geyimini 

təsvir etməyə ehtiyac yoxdur, başqa paltarda da onu görə bilərsiniz. 

 

Dostum dedi: 



 

– Bu kişini yadında saxla, bir gün o, sənin də qapını döyə bilər.  

 

Onun dediklərindən bir şey anlamadığımı görən dostum söhbətinə davam etdi: 



 

– Bilirəm qəribə adamlar haqqında olan söhbətlərin, maraqlı əhvalatların ölüsüsən. Bu 

kişinin əsl adı Niyazdır, burada hamı ona "Şər Nizi" deyir.  

 

Gülümsədim. Dostum yerini rahatlayıb dilləndi: 



 

– Niyaz uşaqlıqdan indiyəcən həmişə bu balaca şəhərdə yaşayıb. Beş-altı yaşından 

atadan yetim qalıb. Anası çox davakar, qarayaxa bir qadınmış, bir neçə il bundan əvvəl 

ölüb. Arvadın adı "Kübra" imiş, dalda hamı ona "Kobra" deyirmiş. Evləri lap köhnədən 

şəhər bazarının arxasındadır.  


 

Atasından ona heç nə qalmadığı üçün və məktəbdə xadimə işləyən anası ilə çox kasıb 

yaşadıqlarına görə uşaqlıqda Niyazın günü bazarda sülənməkdə keçib.  

 

Niyaz elədiklərini danışmaqdan utanan adam deyil. Hərdən özü də özünə "Şər Nizi" 



deyir. O, mənə danışıb ki, on bir-on iki yaşı olanda bir dəfə onu bazarda meyvə 

oğurluğu üstə meyvəsatanlardan biri döyür.  

 

Onun qıy-qışqırığına bazarın sahə milisi Lazım özünü yetirir və zərərçəkənlə onu döyəni 



milis məntəqəsinə aparır. Sahə milisi içəridə meyvəsatanı xuliqanlıqda ittiham etməyə 

başlayır və işi böyüdüb onun haqqında cinayət işi başladacağını eşitdirir.  

 

Meyvəsatan nə qədər günahı Niyazın üstünə yıxmaq istəsə də, xeyri olmur. 



  

İzahat yazmaqdan ötrü qələm-kağız ortaya gələndə kişi əllərini yuxarı qaldırır. Müqəssir 

ilişdiyini görüb, bağışlanmasından ötrü yalvarmağa başlayır. Sonra sahə milisiylə 

meyvəsatan arasındakı xısınlaşmadan balaca Niyaz bir şey anlamır.  

 

Nəhayət sahə milisi meyvəsatanı özü dediyi kimi «cərimə edib» irişə-irişə yola salır və 



həmin «cərimədən» Niyazın cibinə şax bir onluq basır.  

 

Hətta bazarın ağzındakı çayxanadan bir çaynik çay gətirdir və Niyazın stəkanına 



xoruzquyruğu çayı özü süzüb əlini onun kürəyinə vuraraq deyir:  

 

– Nizi bala, rahatca çayını iç. Nə qədər ki, Lazım əmin bu bazarda uçaskovudur, bir 



köpəyoğlunu lülüşünə alma. Kefin nə istəyir, onu da elə. Sən kişi oğlansan! 

 

Sahə milisi papirosunu tüstülədə-tüstülədə Niyazın anasını bir qeyrətli-namuslu qadın 



kimi o ki var tərifləyir… 

 

Dostum Şaiq söhbətinin bu yerində pıqqıldayıb güldü: 



 

– Bu əhvalatı Şər Nizi təxminən bir ay bundan qabaq mənə danışıb. Söhbətin bu 

hissəsində o, deyirdi: 

 

– İndiki ağlımnan düşünürəm ki, o vaxt uçaskovu Lazım anamın qeyrətindən – 



namusundan dəm vuranda tamam boşboğazlıq edirmiş. Çünki, anam namusunu 

qorumaqdan ötrü xüsusi səy göstərmirdi, sadəcə heç kəs qorxusundan ürək eləyib ona 

yaxın düşmək istəmirdi. Neynirdilər o qancığı…  

Dostum Şaiq əllərimi çənəmə söykəyib huş-guşla ona qulaq asdığımı görüb dedi: 

 

– Sən yeməyini ye, söhbətim uzundu. 



 

– Yeyirəm- deyib əlimi süfrəyə uzatdım. 

 

– Hə- dostum söhbətinə davam etdi – uçaskovu Lazım Niyazı qapıdan ötürəndə onun 



qulağına pıçıldayır: 

 

– Apar pulu ver anana, sabah yox, birisigün bu vaxt gələrsən yanıma, səninlə işim 



olacaq.  

 

Niyaz niyə sabah yox, məhz birisigün gəlməyin mənasını yekələndən sonra başa düşür. 



Uçaskovu Lazım demək istəyirmiş ki, işin ağını çıxartmaq olmaz. 

Niyaz şellənə-şellənə gəlir anasının yanına. Döyüldüyünü anasına deyəndə Kübra 

doğrudan da kobra kimi başını uzandığı dəmir çarpayıdan qaldırıb oğluna baxır. Oğlu 

bilir ki, bu dəqiqə anası tumanının balağını çırmayıb cumacaq onu döyənin üstünə. Odur 

ki, tezcənə deyir:  

 

– Ana, uçaskovu Lazım əmi məni döyənin sıxıb suyunu çıxartdı.  



 

Kübranın gözlərindən çınqı çıxır:  

 

– Döyülən ki sənsən! 



 

Niyaz cibindən şax onluğu çıxarıb anasına uzadır:  

 

– Bu pulu Lazım əmi verdi.  



 

Arvad onluğu görüb yumşalır və pulu xışıldada-xışıldada soruşur:  

 

– Lazım hansıdır, o gombul, qırmızısifət kişi?  



 

Niyaz bic-bic gülür: 

 

– Hə… 


 

Arvad daha dinməsə də, Niyaz hiss edir ki, o, oğlundan razı qalıb. 

 

Niyaz Lazımın sözündən çıxmır, birisigün alverin şıdırığı vaxtı bazara girir, ancaq birbaşa 



uçaskovunun yanına getmir. On-on beş gün əvvəl çırpışdırdığı bir camış böyrəyi üstə 

ona solaxay şillə ilişdirmiş qəssab Babaşın dükanının qarşısında əllərini belinə qoyub 

forslu-forslu dayanır və qəssaba tərs-tərs baxır. Qəssab Niyaza çımxırır:  

 

– Müştərilərin gələn vaxtıdır , dükanın qabağını kəsmə, itil burdan!  



 

Niyaz himə bənd imiş kimi xoruzlanır: 



 

– Harda duraram özüm bilərəm, dədənin bazarıdır? Çox elə səndən ət alan var, hamı 

bilir ki, dana əti adına balağ ətini itələyirsən camaata.  

Qəssab piştaxtanın arxasından çıxıb Niyaza sarı götürüləndə uçaskovu Lazım peyda 

olur.  

 

Niyaz onun zəhmindən və gözünü ağartmasından qorxub aradan çıxır. Ancaq bazarın 



çölündə bir qədər hərlənib-fırlanandan sonra həmin gün uçaskovu Lazımın yanına 

getməli olduğunun vacibliyini düşünüb, onun kabinetinin yerləşdiyi binaya üz tutur. 

Niyaz uçaskovunun qapısını döyüb içəri girəndə orada tamam başqa Lazımı görür. 

Uçaskovu Lazım dönüb olur «Lazım əmi». 

 

– Lazım əmi, – Niyaz dillənir… 



 

Uçaskovu Lazım onun sözünü ağzında qoyur: 

 

– Nizi, bala, yaxşı-yaxşı yadında saxla: hər adama ilişmə, başın ağrıyar. Qəssab Babaş 



pis oğlan deyil, özün görəcəksən. Günortaya qədər bazarda hərlən (Yəni gör kimə ilişə 

bilirsən), günortadan sonra gedərsən onun yanına, ədəblə salam verərsən, o da sənin 

könlünü görəcək.  

 

O gün Niyaz günortayacan üç-dörd dəfə cəhd eləsə də, özünü döydürə bilmir. 



Axşamüstü qəssab Babaşın yanına gedir, uçaskovu Lazımın öyrətdiyi kimi ədəblə salam 

verir, hətta qəssabın kefini də soruşur.  

 

Qəssab Babaş qan ləkələri qurumuş kağız bükülüsünü ona uzadıb deyir: 



 

– Malın qara ciyərinin yaxşı yerindəndir. Yarım kilodan artıqdır. Apar ananla yavanlıq 

elə.  

 

Evdə anası Niyazı gülərüzlə qarşılayır. Axşam ana-bala ciyər qovurması yeyirlər. Ertəsi 



gün Niyaz uçaskovu Lazımın yanına gələndə Lazım əmi ona deyir: 

– Bazarda bir nəfər çox yağlanıb, onun yağını əritmək lazımdır.  

 

İndi mən düşüb bazarı gəzəcəyəm. Sən də gendən mənə göz qoy! Hansı satıcının 



qarşısında ayaq saxlayıb əlimi cibimə salsam, bil ki, dediyim odur.  

 

Uçaskovu Lazım yandırdığı papirosuna dəm verib Niyazın saçını sığallayır:  



 

– Onun böyür-başına hərlən, elə elə ki, sənə acıqlı bir söz desin. O saat onun yeddi arxa 

dönənini söy-yamanla. Dalısıynan işin yoxdu. Kişiliyi çatır, qoy sənə əl qaldırsın?! Bu 

dəfə sənə yaxşı pul verəcəyəm. Get, işində ol!  

 


Niyaz işini bilib adamını tanıyandan sonra hücuma keçir. Əvvəlcə hərifin satdığı 

kişmişdən ovuclayıb tum kimi bir-bir ağzına ata-ata piştaxtanın qabağında var-gəl 

etməyə başlayır. Satıcının ona baş qoşmadığını görüb daha da həyasızlaşır.  

 

Qoz kisəsindən bir neçə qoz götürüb yerə atır və balaca toplarla oynayırmış kimi ayağı 



ilə qozların hərəsini bir yana vurur. 

 

Sataşılan özündən çıxır. Söyüşmə başlanır. O, Niyazı söyür, Niyaz ona ağzına gələni 



deyir, axırda qızışan meyvəsatan Niyazı ayağının altına salır, vur ki vurasan. Harayçılar 

birtəhər Niyazı onun əlindən alırlar. Ağzı-burnu qanamış Niyaz nə qədər ətrafa baxırsa, 

uçaskovu Lazımı görə bilmir.  

 

Anasından və uçaskovu Lazımdan başqa üstünə getməli bir adamı olmayan Niyaz 



ağlaya-ağlaya evə gəlir. 

 

Anası onu görüncə vay-şivən qoparır: 



 

– De görüm, kim döyüb səni, Nizi, kim?  

 

Niyaz zarıya-zarıya cavab verir: 



 

– Mən bilmirəm, ana, Lazım əmi bilir.  

 

Uçaskovu Lazımın adını eşidən Kübranın köpü yatır. Oğlunun özünü qəsdən 



döydürdüyünü başa düşüb su dalınca gedir və qayıdıb bir əlilə aftafadan su töküb o biri 

əlilə Niyazın üzünün qanını yuyur. Sonra uşağı çarpayıya uzadır, ancaq Niyazın sızıltısı 

kəsmir. 

 

Kübra oğlunun çox döyüldüyünü görüb oturduğu yerdə əllərini dizinə çırpıb və 



«Qarabaxt yetim balam!», «Allah səni niyə bu günə qoydu?» deyə-deyə hönkürür.  

 

Niyaz anasına təskinlik verir: 



 

– Ana, ağlama, Lazım əmi deyirdi bu dəfə sənə çox pul verəcəm.  

 

Elə bu vaxt uçaskovu Lazım Niyazigilin qapısını döyüb içəri girir. Onu görən ana-bala 



ürəklənir. 

 

Kübra yarıgiley, yarışikayət dillənir: 



 

– Ay Lazım qardaş, gör bu yetimi nə hala salıblar? Al qan içində idi. Balamın qanını öz 

əllərimlə yumuşam. Döyülməkdən üzü-gözü, bədəni qançır olub.  

Uçaskovu Lazım fışıldayır:  



 

– Məni rəis çağırmışdı. Bazarda olmadığımı görüb uşağı döyüblər. Ürəyinə salma , Kübra 

bacı, bu saat gedib o oğraşın boğazını üzəcəyəm.  

 

O, Niyazın köynəyini yuxarı çırmayıb diqqətlə onun bədəninin qaralmış, sıyrılmış yerlərini 



gözdən keçirir, uşağın şişmiş üzünü əliylə yoxlayır və dərin xəsarət almadığına əmin 

olandan sonra deyir: 

 

– Kübra bacı, heç narahat olma, mən görüb-götürmüş adamam, Nizi balada qorxulu bir 



şey yoxdur. İndi gedib o düdüyün dərsini verərəm. Axşamüstü də gəlib uşağa baş 

çəkəcəyəm.  

 

Doğrudan da axşamüstü uçaskovu Lazım gəlib çıxır və irəli çıxmış qarnının üstündə tuta-



tuta gətirdiyi dolu sarı kağız torbanı Kübraya uzadır.  

 

Kübra torbanı mətbəxə qoyub qayıdanda uçaskovu Lazımı Niyazın başını sığallayan, 



oğlunu isə əlində tutduğu qırmızı onluqları səliqə ilə üst-üstə qoyub çinləyən görür.  

Bu əhvalatdan sonra Niyazın döyülməkdən gözü qorxur. Çünki, təpik dəymiş böyrü xeyli 

müddət ağrıyır.  

 

Anası da ona bərk-bərk tapşırır:  



– Bala, o qırmızısifət porsuq nə deyir desin, quyruq ələ verib özünü çox döydürmə. Bir 

şillə vurulan kimi aradan çıx. 

 

Onsuzda bazarda daha Niyaza baş qoşan olmur. Rayon yeridir, bir hadisə olan kimi hamı 



xəbər tutur. Niyazın işləkləri aləmə bəlli olandan sonra kimdi ona yaxın düşən?! Amma 

onun adına ayama qoşulur: «Şər Nizi» 

 

Şər Nizidən xeyir gəlməsə də , uçaskovu Lazım arada bir-iki dəfə onun başını sığallayıb 



cibinə üçdən-beşdən dürtür. Uşaqsa bazarda başını girləməkdə davam edir.  

 

Onun xatasından yaxa qurtarmaq üçün biri Şər Nizinin qılığına girir, biri ona xırda-para 



pay verib canını qurtarır, başqası bu vələduzinanı söyməklə hirsini soyudur, bir ayrısı 

anasının üstünə şikayətə gedir… əlqərəz heç kəsin ona çırtması dəymir.  

 

Həmin ilin yayında qazanc yiyəsi olmaqdan ötrü ora-bura vurnuxan Şər Nizi bazarda 



alver etmək fikrinə düşür. Ürəyindən keçəni anasına bildirəndə anası «Hələ uşaqsan!» 

deyib onun ağzından vurur. Ancaq oğlunun qırsaqqız olub əl çəkmədiyini görəndə 

yumşalır və oğluna deyir:  

 

– A bala, axı təkcə mənim razı olmağımla iş bitmir. Əlimizdə bir qəpik mayamız yoxdur. 



Puldan ötrü kimin üstünə gedək?  

 


Kübra bir neçə gün baş sındırdıqdan sonra oğlunu səhər erkən rayon mərkəzindən beş-

altı kilometr aralı kənddə yaşayan qoca dayısının üstünə göndərir.  

Kübranın dayısı bacısının törəməsinin fikrini öyrənən kimi bağını ona göstərib dillənir: 

 

– Həyətdə meyvələri quşlar basıb yeyir. Bir özüməm, bir də qarım. Əlimdən tutan 



yoxdur. Döşünə döyən oğulsansa, yığ bu mer-meyvəni, çək bazara. Həm sən bir şey 

qazan, həm də bizə «görüm-baxım» elə. Arabam da var, uzunqulağım da.  

 

Arabanı qoşaram uzunqulağa, verərəm sənin ixtiyarına.  



 

Qocanın sözlərini eşidən Niyazın uçmağa qanadı olmur. Tez bağdan meyvə yığmağa 

girişir. İki səbət, üç-dörd yeşik, beş-altı torba meyvə yığılınca, araba uzunqulağa 

qoşulunca və yük yerbəyer edilincə axşamüstü olur. 

  

Şər Nizi anasının dayısı ilə süfrəyə əyləşir, qarnını bərkitdikdən sonra arabaya atılıb 



uzunqulağı çubuqlaya-çubuqlaya yola düşür.  

 

Şər Nizi araba sürməyin çəmini az-maz bilirmiş, çünki o zamanlar yolda-izdə at arabası, 



eşşək arabası çox olardı. Hətta bir dəfə o, mindiyi arabada yüyəni əlində tutub atı qamçı 

ilə dəhmərləmişdi də.  

 

Doğru deyirlərmiş ki, eşşəyi sürmək atı sürməkdən çətindir.  



 

Yolun tən yarısında axşamın düşdüyünü görən Şər Nizi əlindəki söyüd çubuğu ilə 

uzunqulağın tənbəl yerişinə haram qatmaqdan ötrü onun belindən zol çıxartmağa 

başlayır. Eşşək ki eşşək, çala-çuxura düşəndə nə təhər təntiyirsə, arabanı aşırır və uşaq 

qalır arabanın altında.  

 

Təkərləri havada fırlanan araba Şər Nizini düşdüyü yerdə torpağa sıxmasa da o, heç cür 



arabanın altından çıxa bilmir.  

 

Bədbəxt oğlu nə qədər hay-haray salırsa, ağlayıb-sıtqayırsa, səsinə səs verən olmur. 



Getdikcə sıxlaşan qaranlıq onu vahimələndirir.  

 

Çaqqallar ulaşmağa başlayanda yazığın lap bağrı yarılır. Canının hayında olan zərəydidə 



zarıya-zarıya yolun gələn və gedən tərəfinə baxa-baxa göydən Allahın bir zənbil 

endirəcəyini gözləyir. Arabanı qaytarıb təkərləri üstə qoya bilməyəcəyini gözünün altına 

alan uzunqulaqsa peşiman-peşiman susur.  

 

Birdən uzaqda görünən maşın işığı Şər Nizinin ağlını üstünə gətirir. O, ürəklənib maşının 



yaxınlaşmasını gözləyir. Araba düz torpaq yolun üstündə aşdığına görə maşındakı 

mütləq onu görməli idi. 

 


Yaxınlaşıb dayanan maşının işığı çevrilmiş arabanın taxta barmaqlıqları arasından baxan 

Şər Nizinin ağlamsınan üzünə vurur. «Qaz-51»in kabinəsindən düşən iki kişi arabaya sarı 

gəlir və səs eşidirlər:  

 

– Ay əmi, ay dayı, kömək edin, araba aşıb altında qalmışam.  



 

İşıq kişilərin arxasından düşdüyünə görə onların üzünü ayırd etmək çətinmiş.  

 

Kişilərdən biri dörd-beş metr aralıda çömbəlib zəndlə arabanın altına baxdıqdan sonra 



ayağa durur və yoldaşına deyir: 

 

– Qancıq Kübranın oğlu Şər Nizidir. Gəl, gedək, qoy bu bicbala burda qalıb qurda-quşa 



yem olsun. Allah yaxşı bilir neynir.  

 

Kişilər cəld maşına minirlər. Sürücü maşını necə tərpədirsə, maşının banında hürkmüş 



balaqların böyürtüsü eşidilir. Möhkəm qaz verilmiş maşının səsi Şər Nizinin qıy-qışqırığını 

eşidilməz edir.  

 

O, danışan kişini səsindən tanıyır – bu, qəssab Babaş imiş. 



 

Dostum Şaiq nəfəsini dərib gülə-gülə dedi: 

 

– Əcəb səni qonaq elədim. İmkan vermirəm, yeməyini rahat yeyəsən.  



 

– Bu istidə yemək olur ki? - mən dilləndim. 

 

O, içib boşaltdığım bokala yenidən soyuq mineral su ilə süzə-süzə danışdığı əhvalatı 



bitirdi: 

 

– Əlbəttə, həmən gecə Şər Nizi qurd-quşa yem olmur, qəzadan canını qurtarır. Amma, 



həlləm-qəlləm işlərindən bu gün də əl çəkməyib. 

 

Mən dostuma söz atdım: 



 

– Yəqin o, arabir sənin də işinə yarayır. 

 

Dostumla aramız açıq olduğuna görə o, həqiqəti gizlətmədi: 



 

– Xəbərin istisini xəbərçilər gətirir. 

 

Mən eyhamı anladım və saata baxdım. 



 

– Artıq getmək vaxtıdır, - dedim. 



 

Dostum Şaiq ilə ayrılandan təxminən üç həftə sonra bir əhvalat baş verdi.  

 

İdarəmizdə iş təzəcə başlamışdı. Giriş qapısındakı polis telefonla xəbər verdi ki, bir qoca 



kişi təcili mənimlə görüşmək istəyir, guya dövlət əhəmiyyətli mühüm bir xəbər verəcək 

mənə.  


 

Mühüm xəbərin bizim işlə bağlı olduğunu düşünüb, qocanın yanıma buraxılmasını 

tapşırdım.  

 

Qoca qapımdan içəri girən kimi dərhal onu tanıdım. Bu, Şər Nizi idi. 



 

Salamlaşdıqdan sonra mən ona əyləşməyi təklif etdim. O, oturmadı. Vəzifəli adamların 

qəbullarında çox olmaqdan sürtülmüş adam kimi özünü tam sərbəst aparan Şər Nizi ani 

olaraq mənə zənn ilə baxdı, sonra isə kabineti gözdən keçirib ərklə dedi:  

 

– Əvvəlcədən bilmək istəyirəm : Mən sözümü siz müəllimə deyəcəyəm, yoxsa divara? 



 

Onun qabaqdangəlmişlik eləməyi məni açmadı, hətta xətrimə dəydi:  

 

– Siz sözünüzü deyin, yerinə çatacaq. 



 

Buzumun əriməməyi onun şaxını sındırdı. O, irişdi:  

 

– Adım Niyazdır. Şaiq müəllimdən sizə salam var. 



 

Laqeyd-laqeyd cavab verdim: 

 

– Əleyküməssalam! 



 

O: 


 

– Düzü, məndə dövlət əhəmiyyətli heç bir mühüm xəbər-filan yoxdur. Şaiq müəllimin 

dostu olduğunuzu bildiyim üçün gəldim ki, sizdən bir az cibxərcliyi alım, – dedi. 

 

Onu sancdım: 



 

- Hesab edin ki, sözünüzü divara demisiniz. 

 

O, bir az da sərbəstləşdi və yenə də irişə-irişə:  



 

- Beş-on manata görə xahiş edirəm mənimlə acı danışmayın. 

 


Şər Nizinin ovcuna tez nə isə basıb başımdan rədd eləmək istədim, hətta əlimi cibimə də 

saldım. Ancaq sürtüyün istəyinə belə asanca çatması məni fikrimdən daşındırdı. 

 

- Başqa sözünüz yoxdursa, gedə bilərsiniz - dedim. 



 

O, halını pozmadan qapıya üz tutdu və əlini qapının dəstəyinə atanda çevrilib dilləndi: 

 

- Mənə cibxərcliyi vermirsiniz verməyin. Onsuzda gedib sizin adınızdan Şaiq müəllimdən 



bir şey qopardacağam.  

 

Şər Nizi qapıdan çıxdı. Telefonun dəstəyinə əl atdım. İstədim Şaiqə zəng  



 

edib əhvalatı ona danışam, ancaq bunun yersiz olduğunu, dostumun onu məndən yaxşı 

tanıdığını düşünüb dəstəyi yerinə qoydum. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Börüsoy 

 

Rəssam Nadirin qapısı döyüldü. Nadir yarıya qədər çəkdiyi siqaretini konserv 

qutusundan düzəltdiyi külqabıya qoyub cınqırını çıxarmadan qapıya sarı getdi.  

  

Taxta qapı təzədən döyüldü və çöldən Börüsoyun səsi gəldi: 



 

– Nadir! Nadir! 

 

Nadir Baksovetin qarşısındakı Mirzəbəyovun beşmərtəbəli binasının mansardında 



yerləşən emalatxanasına hələ gözlüklü-zadlı ala-babat bir dəmir qapı qoydura 

bilməmişdi.  

 

Bu, biçarənin yaralı yeriydi. Ələngə qapıya nə etibar?!  



 

Həmişə xoflanırdı ki, günlərin birində gəlib onun nəyi var silib-süpürüb aparacaqlar. Ona 

görə də havalar xoş olanda gecəsi-gündüzü emalatxanada keçirdi. 

 

Nadirə mərhəm olanlar bilirdi ki, Nadirin qapısını döyüb səs çıxarmasan, qapını açan 



deyil.  

 

Çünki bəzi yaramaz tanışları Nadirin üzüyumşaqlığından istifadə edib hərdən onun 



yanında sallanıb otururdular və onu işindən-gücündən eləyirdilər. 

 

Börüsoy havayı «Nadir, Nadir» demirdi. 



 

Nadirin əvvəlcə qapını açmağa həvəsi olmadı. Çünki, o, Börüsoyun bivec, əlindən bir iş 

gələn olmadığını yaxşı bilirdi.  

 

Həm də onun naqqallığı Nadiri açmırdı. Bilirdi ki, Börüsoy danışıb-danışıb qəfildən peyda 



olduğu kimi qəfildən də qeyb olub gedəcək.  

 

Ayrı-ayrı siyasətçilər adını siyasətçi qoyan Börüsoyun tez-tez saqqızını oğurlayıb özlərinə 



qoşurdular.  

 

O, gah millətçi olurdu, gah sosial-demokrat, gah da respublikaçı. Amma, Börüsoy çox 



saf adamdı.  

 

Qapı bu dəfə daha əsəbi döyüldü. Və Börüsoy dörd dəfə Nadiri çağırdı. 



 

Nadir sanki amanabənd qapısının yerindən çıxacağından qorxub «Hə, hə, gəlirəm» dedi. 

 

Qapı Börüsoyun üzünə açıldı. Qonaq həmişəki kimi Nadirlə bərk-bərk qucaqlaşıb öpüşdü. 



 

– Yatmışdın? – soruşdu Börüsoy. 

 

– Yox, içəri otaqdaydım – Nadir mızıldandı. 



 

– Səhərdən iki dəfə gəlmişəm, səni yerində tapmamışam. 

 

Nadir ağızucu dedi: 



 

– Ola bilər… 

 

– İstəyirəm sənə xeyir verim. 



 

– Nə xeyir? 

 

– Ayın onikisi mitinqimizdir. 



 

– Mitinqdə çıxış edim? - Nadir rişxəndlə güldü. 

 

– Yoox! – Eynəyini düzəldən Börüsoyun üzü durulaşdı - Sənə başqa işimiz düşüb. 



 

Nadir ürəyində dedi: «Kopoyoğlu düzünəgulu adamdı də, atmacanı da başa düşmür». 

 

– Təcili Bozqurdun dördün beşə (yəni 4 metrin – 5 metrə) portretini işləməlisən. 



 

O, nimdaş qara çantasını eşələyib oradan çıxartdığı bozqurdun şəklini stolun üstünə 

qoydu.  

 

Nadir Börüsoyun təklifini ciddi qəbul eləmədi. 



 

– Börüsoy, başqa söhbət elə!  

 

Börüsoy alındı. 



 

– Nadir, məsələ ciddidir. Mitinqin təşkilat komitəsində portreti çəkdirməyi mən boynuma 

götürmüşəm. Yaxşı pul verəcəklər. 

 

Pul adını eşidən Nadir səksəndi. O, bayaq konserv qutusundan olan külqabıya qoyduğu 



tüstülənən siqaretini götürüb dərin bir qullab vurdu:  

 

– Axı, o boyda portreti onikisinə çatdırmaq olmaz. Arada altıca gün var. 

 

– Nazimlə Ağayarı da qoşarsan işə!  



 

Nazim Nadirin qardaşı, Ağayar oğlu idi, hər ikisi rəssamdı. Börüsoy onları yaxşı tanıyırdı.  

 

– Nə qədər verirlər? 



 

– Üç paçka.  

 

Nadir dərhal üç paçkanı, yəni üç milyon manatı dollara çevirdi, təxminin 600 dollardan 



bir qədər artıq… 

 

– Dəfdi ki… 



 

Rəssam Nefçalada doğulduğu üçün o tərəflərdə «çox yaxşı» mənasında işlənən bu 

sözdən başqa söz tapa bilmədi və çəkib kötüyünə çatdığı siqaretinin oduna təzə siqaret 

yandırdı. 

 

– Beh verirlər? 



 

Börüsoy ərklə: 

 

– Beh mənim sözümdü. 



 

– Heç olmasa qabaqcadan rəngin, xolstun (kətanın) pulunu versinlər. 

 

– Qardaş, materialı sənə nisyə verirlər, bilirəm. İyirmi ilin sənətkarısan, satıcılar hamısı 



səni yaxşı tanıyır. Puldansa arxayın ol, başımla cavabdehəm. 

– Börüsoy, neynirəm sənin yelbeyin başını?  

 

- Bir gün mənim də başıma pul kəsərlər, onda bilərsən lələşinin kəlləsinin qiymətini. 



 

Börüsoy hakimiyyət iddiasında pörşələnən müxalifətdə olduğuna işarə edirdi. Ancaq bu 

sözün Nadir üçün bir qara qəpik qədər qiyməti yoxdu. O, bilirdi ki, Börüsoy öz 

partiyasında mininci dərəcəli adamdır. 

 

– Yaxşı, bəs pulu haçan verəcəklər? 



 

– Portreti təhvil alandan bir gün sonra özüm öz əlimlə pulları sayıb qoyacağam ovcuna. 

 

– Birdən verməsələr? 



 

– Ürəyini buz kimi saxla! 

 

Nadir bilirdi ki, bu sözlər Börüsoyun ağzından elə-belə çıxmır. O, haqq-hesabda düz 



adamdır, görünür kiməsə arxayındır. 

 

– Yaxşı, - Nadir stolun üstündən götürdüyü bozqurdun şəklinə baxa-baxa dilləndi - 



görək neynirik.  

 

12-si, allah qoysa, gəlib portreti evdən apararsan. 



 

Börüsoy Nadirin qardaşı Nazimlə Biləcəridə bir həyətdə şərik tikdirdiyi evdə iki-üç dəfə 

olmuşdu. 

 

– Bozqurdun portreti 12-si saat üçə qədər «20 yanvar» metrosunun qabağına 



çatdırılmalıdır, tapşırıq belədir. «Qələbə» kinoteatrına qədər portret əldə aparılacaq.  

 

Börüsoy çox vacib adam kimi vaxt itirmədən rəssam dostu ilə sağollaşıb getdi. 



 

Nadir üçüncü siqaretini yandırdı və təzədən şəkkə düşdü.  

 

Bəlkə heç Börüsoyun sifarişini götürməyəydi? Bəlkə özünü işə salıb? Börüsoy işi 



yarıtmasa, bunun günü qara olacaq. Nazim deyingənin biridir, axşam da pulu soruşacaq, 

səhər də, günorta da.  

 

Ancaq bir məsələ var ki, bu saat özü də, oğlu da, qardaşı da boşbekardılar. Sifariş 



gəlmir. Əşşi, cəhənnəmə, bekar qalmaqdansa, havayı işləmək yaxşıdır.  

 

Heç olmasa, işləyəndə başın üstündə olur. Qara-qura fikirləri götür-qoy etməkdən 



beynin qaynamır. Həm də plakat janrında çəkmək elə çətin deyil. 

 

Nadir ürəyində plan cızdı: bu dəqiqə o, emalatxanadan çıxıb tanış mağazadan lazımı 



qədər nisyə kətan götürür və fitilləyir düz Biləcəriyə… 

 

Evdəki rənglər bu portretə çatar. Çərçivəlik taxta da olmalıdır həyətdə. Altı günə 600 



dollar. Zırıltı puldur!  

 

Nadir tanış mağazadan xaltura iş hesab etdiyi bozqurdun portreti üçün əsil kətan 



əvəzinə ucuz Türkiyə bezi götürdü və özünü evə çatdırdı. İki qardaş, bir oğul evlərinin 

həyətində dar günbatan çağına qədər bozqurdun portreti üçün çərçivə hazırladılar, 

kətanı çərçivəyə bərkitdilər.  

 

Bozqurdun başını çəkməkdən ötrü ayaqaltı kimi istifadə ediləcək taxta çəlləyi də hasarın 



dibindən diyirlədib evin qarşısına gətirdilər. Sabah obaşdan işə başlayacaqdılar. 

 

Səhər erkən acqarına dəstgah başlandı. Nadir bozqurdun Börüsoy verən kiçik şəklinə 



baxa-baxa karandaşla ağzını göyə tutub ulayan heyvanın ümumi cizgilərini cızırdı.  

 

Şərtləşdikləri kimi Nadir bozqurdun başını çəkəcəkdi, Nazim libasını geyindirəcəkdi, 



Ağayar isə quyruq işinə baxacaqdı. Portret iri olduğu üçün hər üçünə işləməyə yer 

vardı.  


 

İki ildi onlar ortaq işləyirdilər. Həmişə əsas ağırlıq Nadirə düşürdü.  

 

Çünki, ən vacib məsələ portretin üzüdür.  



 

Qalan işlər də vacibdir, amma üz qədər yox. Axır vaxtlar Bakıda dəb düşmüşdü, imkanlı 

adamlar ya özləri, ya da onların adamları şeflərinin portretini çəkdirirdilər.  

 

Ona görə də o, çəkdiklərini azacıq da olsa, özü demişkən, qəşəngləşdirirdi.  



 

Məsələn, burnun donqarını bir qədər hamarlayırdı, məşşatə kimi qalın qaşları alırdı, qara 

dərinin rəngini açırdı, şəklənmiş qulaqları yerinə qaytarırdı, biz-biz bığlara tumar çəkirdi. 

Bu işləri görüb qurtarandan sonra Nazimə deyirdi: 

 

– Hə, kostyumunu geyindir! 



 

Nazim sol əliylə uzun, cod saqqalını tumarlaya-tumarlaya bütün portretlərə 

«parlamentski» kostyum geyindirib öz sözüylə desək, onların yaxalarını «originalnı» 

düymələrlə düymələyirdi. Əlbəttə, köynək son rəsmi dəbdə, qalstuk «prezidentski» 

olmalıydı. 

 

Axırda növbə çatırdı oğula. O, şəklə şuxluq gətirirdi, yəni portreti laklayırdı. 



 

Bozqurdun portreti üzərində iş pis getmirdi. Hər üç rəssam işi vaxtında başa 

çatdıracaqlarına əmindilər. 

 

İşini bərk tutan Börüsoy altı gündə iki dəfə Nadirgilə baş çəkdi. Onun narahatlığını sezən 



Nadir tox görkəmlə hər dəfə ona deyirdi: 

 

– Börüsoy, «Bozqurd» mitinqə gedəcək! 



 

Mitinq günü «Bozqurd» mitinqə hazırdı. İki qardaş, bir oğul Börüsoyun yolunu 

gözləyirdi. 

 

Günortaya yaxındı, indiyə Börüsoy gələydi gərək. Əsər nəhəng olduğuna görə onu yola 



salmaq tək adamın işi deyildi.  

 

Hər üçü, xüsusən, Nadir çox tutqun görünürdü. Dünən axşamdan əsən xəzri hələ 



səngiməmişdi. Belə havada bu boyda işi maşına qoyub aparmaq böyük riskdi. 

 

Nadir siqaret çəkə-çəkə var-gəl edirdi. Nazim «Bozqurd»un özü çəkdiyi yerlərini gözdən 



keçirirdi.  

 

Ağayar balkonda çay içirdi və bir gözü yolda qalmışdı.  



 

Onların evlərinə gələn çınqıllı yol açıqlıqda idi, yola bir toyuq çıxsaydı da, uzaqdan 

görünürdü.  

 

Yoldan arabir yük maşınları gəlib keçirdi. Amma, hələ Börüsoydan xəbər yoxdu. İri 



qoşqulu «Kamaz» darvazanın qabağında dayananda bildilər ki, Börüsoy gəlib. 

 

Börüsoy maşından düşüb darvazadan içəri girən kimi Nadir dilləndi: 



 

– Qardaş, gecikmirsən? 

 

Börüsoy şeşələndi: 



 

– Buradan «20 yanvar» metrosuna uzağı 25 dəqiqəlik yoldur. Vaxtımız çoxdur.  

 

– Belə küləkdə bu boyda şeyi tək apara bilməyəcəksən.  



 

– Kəndir gətirmişəm, portreti möhkəm bağlayarıq. 

 

Börüsoyun başçılığı ilə darvazanı açıb Bozqurdun portretini «Kamaz»ın banına qaldırdılar 



və kəndirlə bir neçə yerdən yanlara bərkitməyə başladılar. Sürücü də onlara kömək 

edirdi. 


 

Kəndirin axırıncı düyününü vuranda ləhcəsindən əsil bakılı olduğu bilinən sürücü 

Börüsoydan soruşdu: 

 

– Əmiyoğu, bu şəkildəki itdü? 



 

Börüsoy sürücüyə kəkələndi: 

 

– Bu bozqurdun portretidir, bozqurdun. Bizim millət bozqurddan törəyib. 



 

Sürücü xeyli təəccübləndi: 

 


– Alə, bəs deyirdilər bəşər meymundan əmələ gəlib? 

 

– Onu avropalılar deyib, onların əcdadı meymundur, bizimki bozqurd. 



 

– Həri? 


 

Börüsoy bakılı ləhcəsində kəsə cavab verdi: - Həri! 

 

Sonra o, yolda portreti tutmaqdan ötrü «Kamaz»ın yük yerinə mindi. 



 

«Kamaz» işə düşüb hərəkətə gəldi.  

 

Maşın darvazadan aralananda bir əlilə portretdən tutan Börüsoy o biri əlini bir anlıq 



rəssam qardaşlara və oğula yellətdi və yolda çala-çuxura düşüb silkələnən maşında 

müvazinətini saxlaya bilməyib havada olan əlilə bortdan yapışdı. 

 

Qardaşlar darvazanı bağlayıb həyətdə siqaretə dəm verdi. Ağayar isə yenidən balkona 



çıxıb çayını təzələdi. 

 

Küləyin daha da güclənməsi Nadiri heç açmırdı. Nazimlə söhbət etsə də, fikri küləkdə 



idi. 

 

Aradan beş dəqiqə keçərdi, ya keçməzdi, balkondan Ağayarın səsi gəldi: 



 

– Dədə! 


 

Nadir hövülləndi: 

 

– Hə, hə? 



 

– «Bozqurd» qayıdır. 

 

– Nöşün, balam? 



 

– Nə bilim. 

 

İki qardaş, bir oğul darvazadan küçəyə atıldılar. «Kamaz» fısıldaya-fısıldaya onların 



qənşərində xıxdı. Börüsoyun başı «Bozqurd»un cırılmış qarnından çıxmışdı.  

 

Onun həmişə taxdığı minus üçyarımlıq eynəyi gözündə yoxdu. 



 

Börüsoy ağlamsındı: 

 


– Peşmançılıq oldu. Portreti külək əlimdən aldı, ilişib cırıldı, onu yaxşı bərkitməyibmişik.  

 

Tez olun, kömək edin, «Bozqurd»u külək aparır, zorla saxlamışam. 



 

Ağayar tez bana qalxdı. Köməkləşib portreti aşağı düşürtdülər. «Bozqurd» başından 

qurşağına qədər, təxminən iki metrə qədər cırılmışdı. Elə bil şəkli ölçüb-biçib iti bıçaqla 

dübbədüz kəsmişdilər. 

 

Onlar portreti həyətə gətirib balkonun qabağında külək tutmayan yerə söykədilər. 



 

Börüsoy başını bulayıb özünü söyürmüş kimi dedi: 

 

– Sovxa eynəyim də düşüb sındı. Bu külək mənimçün əsirmiş. 



 

Rəssamların matı-qutu qurumuşdu. 

 

Börüsoy Börüsoy olmazdı axırda ümidli bir söz deməsəydi: 



 

– Gələcəyəm, sözümüz sözdür! Mən tez özümü mitinqə çatdırım!  

 

O, cavab gözləmədən darvazadan çıxdı və atılıb «Kamaz»ın kabinəsinə mindi. «Kamaz» 



həyətdən aralanandan sonra Nazim əzvay-əzvay dilləndi: 

– Bəxtəvər oğlu mitinqə prisepli «Kamaz»nan gedir. 

 

Ertəsi gün Börüsoy Nadirin emalatxanasına gəldi. Cibindən iki əlli minlik çıxarıb stolun 



üstünə qoydu və dedi:  

 

– Nadir, portretin pulunu xırda-xırda verəcəyəm. Üzüm gəlmir ortada olmayan şeyin 



pulunu partiyadan istəyim. 

 

Nadir bunları mənə danışanda əhvalatın baş verdiyi gündən üç ay, doqquz gün 



keçmişdi.  

 

O, vaxtdan Börüsoydan xəbər çıxmırdı, yəqin pul tapa bilmədiyi üçün Nadirin üzünə 



çıxmağa utanırdı. 

 

 



 

 

 



 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin