Fəsil III. Kür-Araz iqtisadi rayonunun torpaqlarının
istifadəsinin yaxşılaşdırılması yolları
3.1. Kür-Araz rayonunun şoranlaşmış, erroziyaya uğramış,
bataqlıqlaşmış və digər səbəblərdən istifadə olunmayan torpaqların
təsərrüfat dövriyyəsinə qaytarılmasının iqtisadi səmərəliyi
Kür-Araz iqtisadi rayonunda münbitliyi az və yaxud kasıb torpaqları
yaxşılaşdırmaq və həmin torpaqların əkinçilik üçün yararlı hala salınmasının böyük
sosial-iqtisadi əhəmiyyəti vardır.
Statistik məlumatlara görə regionda müxtəlif dərəcədə şoranlaşmış 1120 min
ha torpaq sahəsi vardır ki, bu da ümumi ərazinin 57,8%-ni əhatə edir. Şoran
torpaqlar Salyan düzünün 90,8%-ni, Şimali Muğanın 70,2%-ni və Mərkəzi
Muğanın 98,7%-ni əhatə edir. Şoran torpaqların ərazi üzrə yayılmasında fərqlər
olduğu kimi, onun şoranlaşma tipləri də bir-birindən fərqlənir. Məsələn, Muğan-
Salyan zonasında əsasən xlorlu, Mil-Qarabağ zonasında sulfatlı-xlorlu, Şirvan
zonasında isə sulfatlı və xlorlu şoranlıqlar yayılmışdır. Bütün torpaqların 30%-i
zəif, 24%-i orta, 22%-i güclü şoranlaşmış, 23,8%-i isə şoranlıqlardan ibarətdir.
Lakin, qeyd edilməlidir ki, şoranlaşmanın dərəcəsi ayrı-ayrı düzənliklərdə
müxtəlifdir. Bunu Şirvan düzünün timsalında daha aydın görmək olar. Şirvan
düzündə yüksək dərəcədə şoranlaşmış torpaqlar ümumi ərazinin 12,9%-ni təşkil
edir ki, bu da rayonun özünə nisbətən çox azdır. Orta dərəcədə şoranlaşmış
torpaqların faizi isə bir qədər yüksəkdir [18,29,40].
Kür-Araz iqtisadi rayonunda torpaqlarının şoranlaşmasının, şorakətləşmə və
bataqlıqlaşmasının başlıca səbəbi regionun geoloji tarixi ilə bağlıdır. Kaynazoy
erasının dördüncü dövründən əvvəl müasir Kür-Araz ovalığı Xəzər dənizinin qərb
körfəzi olmuşdur. Geoloqların tədqiqatlarına əsasən dəniz geri çəkilərkən həmin
sahədə böyük göllər yaranmışdir.Ərazidə iqlimin də tropik isti iqlim olması su
basmış sahədən duzlu dəniz suyunun buxarlanmasına və suyun tərkibindəki duzun
çökərək həmin sahələri şoranlaşdırmasına səbəb olmuşdur.
Regionda mövcud torpaqlarının şoranlaşmasına dəniz çöküntüləri ilə yanaşı
kontinetal çöküntülərin də böyük təsiri olmuşdur.Paleogeoloji tədqiqatlara əsasən
Kür-Araz ovalığını əhatə edən Böyük və Kiçik Qafqaz, Talış dağlarındakı
çöküntülərin əksəriyyəti müxtəlif tərkibli duzlarla şoranlaşmışdır. Nəticədə duzlar
yeraltı və yerüstü axınlar vasitəsilə düzənliyə gətirilmişdir ki, bu da ərazinin
şoranlaşmasına səbəb olmuşdur. Yalnız onu göstərmək kifayəidir ki, bütün Şirvan
zonasının çayları ildə düzənliyə 1,6 mln. ton zərərli duzlar gətirirlər. Professor
V.R.Volobuyevin hesablamalarına görə Şirvan düzünün çayları düzənliyin dəniz
altından azad olduğu milyon illər ərzində 500 mln, ton duz gətirib çökdürmüşdür
[34].
Kür-Araz iqtisadi rayonunun torpaqlarının şoranlaşmasında müxtəlif
dərinlikdə rast gəlinən yeraltı-qrunt suların da mühüm və fərqli təsiri vardır.
Regionun ümumi ərazisinin 44,5%-də yeraltı sular səthə çox yaxın yerləşmişdir.
Tədqiqatlardan bəlli olunmuşdur ki, regionda yeraltı suların yatım dərinliyi adətən
Kür çayı sahilləri və Xəzər dənizi boyu ərazilərdə səthə daha yaxın,həmin
ərazilərdən uzaqlaşdıqca isə nisbətən aşağı olduğu aşkarlanmışdır. Həmin
ərazilərdə yeraltı suların torpağın səthindən dərinliyi 2-5 metr arasında dəyişilir.
Qrunt sularının səviyyəsinin yuxarı qalxması müxtəlif amillərin təsiri altında
olduğundan torpağın şoranlaşmasına qarşı mübarizə tədbirləri hər şeydən əvvəl
həmin amillərin təsirinin qarşısını almaqdan ibarətdir. Qrunt sularının səviyyəsini
yuxarı qaldıran amillər aşağıdakılardan ibarətdir:
1. Əkin sahələri üçün suvarma normalarının düzgün müəyyən olunmaması,
sudan istifadə qaydalarının pozulması, selləmə üsulla suvarmanın aparılması,,
suvarma sisteminin nasazlığı və pis qurulması nəticəsinlə tarlalara suvarma
normasından artıq suyun verilməsi.
2. Köhnə suvarma texnikasının tətbiqi və suvarılacaq sahənin pis
hazırlanması nəticəində torpağın həddindən artıq rütubətləndirilməsi.
3. Suvarma qaydalarının pozulması nəticəsində suvarılan sahələrdə yaranan
normadan artıq qalan suyun istifadə olunmayan ətrafəraziyə və yaxud kanallara
axıdılması.
4. Suvarma şəbəkəsindəki artıq suyun axıdılması və istifadə edilməsi
nəticəsində suyun bir hissəsinin torpağın alt qatlarına sızılması.
5. Suvarma aparıldığı dövrdə magistral kanallardan suyun çox axıdılması.
6. Çayların çoxsulu dövründə daşıb ətraf sahələri basması və s.[18,29].
Xəzər dənizinin səviyyə tərəddüdü dövrü olaraq meliorasiya tədbirlərinin
həyata keçirilməsinə baxmayaraq dəyişmə nəticəsində qrunt sularının səviyyəsində
də nəzərə çarpacaq dəyişikliklər yaranmışdir. Xüsusən də belə dəyişiklik Şirvan,
Muğan, Mil düzlərində daha aydın hiss olunur. Əksinə, Kür çayının sahilləri boyu
ərazilərdə, Salyan-Zərdab zonasında qrunt sularının səviyyəsi yüksəlmişdir.
Tədqiqat rayonunun ərazisində rast gəlinən yeraltı suların minerallaşma
dərəcəsi yüksəkdir və sahələr üzrə çox müxtəlifdir. Kür-Araz ovalığının yeraltı
suların minerallaşma faizi az olan yerləri Mil-Qarabağ zonasında, yüksək
minerallaşma faizinin olduğu yeraltı sular isə Muğan və Salyan düzlərində rast
gəlinir.
Kür-Araz ovalağında yerləşən yeraltı suları kimyəvi tərkibinə görə üç böyük
qrupa bölürlər. Bunlar hidrokarbonatlı, sulfatlı və xlorlu sulardır. Tədqiqatların
nəticələrindən aydın olur ki, hidrokarbonatlı sulara daha çox çay şəbəkəsi boyu
ərazilərdə və dağətəyi zonada, xlorlu yeraltı sular regionun mərkəzi və cənubunda
rast gəlinir. Hidrokarbonatlı və xlorlu yeraltı suların arasında sulfatlı yeraltı sulara
təsadüf edilir.
İqtisadi rayonda torpaqlardan kənd təsərrüfatında səmərəli istifadə etmək
üçün çoxşaxəli meliorasiya tədirləri həyata keçirilməlidir ki, həmin tədbirlərin
özəyini kollektor-drenaj şəbəkəsinin tikintisini genişləndirmək yolu ilə duzlu
torpaqların yuyulması və nəticədə torpaqların şoranlaşması ilə mübarizə təşkil
edir.
Aran iqtisadi rayonunu ərazisində kollektor-drenaj şəbəkəsinin tikintisinə ilk
dəfə 1934-1935-ci illərdə başlanmışdır. Salyan düzü, Cənubi Muğan, Cənub-Şərqi
Şirvan və Mil düzlərinin ərazisində başlanan bu iş 1937-ci ildə müvəqqəti olaraq
dayandırılmışdır. 1946-cı ildən başlayaraq Mingəçevir su qovşağının tikintisi ilə
əlaqədar Aran iqtisadi rayonu ərazisində də böyük meliorasiya kompleksləri
yaradılmağa başlanmışdır. Kür-Araz ovalığının torpaqlarını yaxşılaşdırmaq
məqsədilə burada geniş kollektor-drenaj şəbəkəsi, suvarma sistemlərinin
yaradılması, hidrotexniki qurğuların tikilməsi, sahələrin hamarlanması və şoran
torpaqların yuyulması işləri də aparılmışdır. 1946-1953-cü illərdə regionun
ərazisində olan müxtəlif təşkilatlar tərəfindən 20 min ha-dan çox sahə
hamarlanmış, 47 min ha sahə duzdan yuyulmuşdur. 1946-cı ilə qədər iqtisadi
rayonun ərazisində ümumi uzunluğu 700 km olan geniş kollektor-drenaj şəbəkəi
olduğu halda, indi Kür-Araz ovalığında 15559,6 km uzunluğunda kollektor-drenaj
şəbəkəsi vardır ki, bunun da 2225,5 km-i açıq kollektor-drenaj şəbəkəsi təşkil edir.
Kollektor-drenaj şəbəkəsinin orta dərinliyi 3 metrdir [29,39].
Regionda həyata keçirilən şoranlaşmış torpaqların yuyulması nəticəsində
yüksək və orta dərəcədə şoranlaşmış torpaqların sahəsi xeyli azalmışdır. Statistik
materialların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Muğan-Salyan
düzündə 160 min ha şoranlaşmış sahənin duzlu yuyulma suları Muğan-Salyan
süörtürücüsü vasitəilə, Muğan, Salyan və Mil düzlərinin 121 min ha ərazisinin
drenaj suları Baş Şirvan kollektoru vasitəsilə Xəzər dənizinə axıdılır. Həmçinin
Baş Mil kanalı boyu olan 33 min ha sahənin duzdan yuyulmuş suları isə drenaj
vasitəsilə Ağ və Sarısu göllərinə axıdılır. Hər il orta hesabla Baş Şirvan və Mil-
Qarabağ kollektorları vasitəsilə Xəzər dənizinə 1 mlrd.m3-dən çox drenaj suyu
axıdılır ki, bunun da tərkibində orta hesabla 19 min tondan çox duz vardır. Baş Mil
kollektoru vasitəsilə Ağ və Sarısu göllərinə hər il 95 mln. m3 minerallaşmış su
axıdılır ki bunun da tərkibində təqribən 1,7 min ton duz olur. Ümumiyyətlə, Kür-
Araz iqtisadi rayonunun ərazisində orta hesabla hər il 1,5 mlrd.m3 su çıxarılır ki,
bunun da tərkibində təqribən 28,5 min ton zərərli duza rast gəlinir. Kollektiv-
drenaj şəbəkəsi olan hər hektar torpaq sahəsindən orta hesabla 3860 m3 su çıxarılır
[29].
Bütün qeyd edilən tədbirlərin aparılmasına baxmayaraq, iqtisadi rayonda
suvarma əkinçiliyini inkişaf etdirmək üçün şoranlaşmış qrunt sularının
səviyyəsinin aşağı salmaq lazımdır. Bunun üçün xüsusi əhəmiyyət daşıyan
kollektor-drenaj şəbəkəsinin daha da genişləndirilməsi tələb olunur. Müasir dövrdə
iqtisadi rayon ərazisinin 70%-də drenaj şəbəkəsini genişləndirmək və şoran
torpaqların yuyulması tələb olunur.Bu zaman isə torpaqların filtrasiyası əmsalı
nəzərə alınmalıdır. Ona görə ki, torpağın filtrasiya əmsalı drenaj şəbəkəsinin
sıxlığına təsir edir.
Müasir zamanda tədqiqat ərazisində əkin sahələrinin təqribən yarısı qədər
olan 367 min ha torpaq sahəsi drenaj şəbəkəsi ilə təmin edilmişdir. Regionda
mövcud kollektor-drenaj şəbəkəsinin vəziyyəti qənaətbəxş deyildir. İqtisadi
vəziyyətlə əlaqədar müasir texniki qurğuların və kollektor-drenaj şəbəkəsinin
tikintisinə kifayət qədər vəsait ayrıla bilmir. Mövcud vəziyyəti aradan qaldırmaq
üçün perspektivdə torpaqların yaxşılaşdırılmasına xüsusi fikir verilməlidir.
Ərazinin şoran torpaqlarında dərin şum aparmaqla, qrunt suların səviyyəsini aşağı
salmaqla və yuma üsulu ilə yaxşılaşdırmağa xüsusi fikir verilir. Tədqiqat
ərazisində aparılan təcrübələr göstərir ki, şoran torpaqlı ərazilərdə yonca və
çobantoppuzu kimi bitkilərin becərilməsi həm heyvandarlığın inkişafı üçün yem
ehtiyatının toplanmasına şərait yaradar, eyni zamanda isə həmin bitkilərin kök
hissəsi şorakət torpaqların yaxşılaşdırılmasına səbəb ola bilər.
Gipslənmə vasitəsilə şoran torpaqlarının iqtisadi rayonda yaxşılaşdırılması
suvarılan və suvarılmayan sahələrdə eyni zamanda həyata keçirilir. Lakin son
illərdə torpaqların gipslənməsi işi regionda çox zəif aparılır. Eyni zamanda
torpaqlarda meliorasiya işləri aparmaq üçün ilk öncə onların hazırlanması,yəni
daşdan və kollardan təmizlənməsi işi həyata keçirilməlidir. Torpaqların
meliorasiyası şoran torpaqların yaxşılaşdırılması tədbirləri arasında mühüm yer
tutur. Statistika göstərir ki, respublikada meliorasiya aparılan şoran torpaqların
99,3%-i Kür-Araz rayonunun payına düşür. Şoran torpaqların yuyulması işləri
daha çox Muğan-Salyan və Şirvan düzlərində həyata keçirilir.
Ərazidə şoran torpaqların meliorasiyasının səmərəliliyi özünü kənd
təsərrüfatı məhsullarının artımında göstərir. Tədqiqat ərazisində torpaqların
şoranlaşmasına qarşı mübarizədə tarlaqoruyucu meşə zolaqlarının salınmasının da
rolu və əhəmiyyəti böyükdür. Məhz bunu nəzərə alaraq ölkədə əkilən
tarlaqoruyucu,yol ətrafı meşə zolaqlarının 40-50%-ə qədəri Kür-Araz iqtisadi
rayonun payına düşür. Yuxarıda qetd edilənlərlə yanaşı, həm torpaqların
yuyulması, həm də yaxşılaşdırılması tələb olunan səviyyəyə çatmamışdır və
yuyulma keyfiyyəti də mövcud tələblərə cavab vermir. Həmin çatışmamazlıqları
aradan qaldırmaq üçün tədqiqat ərazisində şoranlaşmaya, şorakətləşməyə, su
eroziyasına qarşı tədbirlər görmək və regionda su təchizatı sistemini
təkmilləşdirmək və yenidən qurmaq mühüm əhəmiyyət kəsb edir. Məhz investisiya
cəlb etməklə torpaqların yaxşılaşdırılması və kənd təsərrüfatı dövriyyəsinə
qaytarılması tədbirlərini həyata keçirməklə rayonda aqrar islahatı təmin etmək olar.
Qeyd etmək lazımdır ki, regionda kənd təsərrüfatına yatırılan investisiyanın əsas
hissəsi su təsərrüfatı sistemlərinin təzələnməsi tədbirlərinə xərclənir. Statistik təhlil
əsasında müəyyən olunur ki, 1990-2016-ci illərdə Respublikada kənd təsərrüfatının
inkişafına yönəldilən əsaslı vəsaitin 25%-i su təsərrüfatı sistemlərinin
təkmilləşdirilməsinə yönəldilən tədbirlərə ayrılmışdır. Bu məqsədlə investisiya
yatırımlarının səmərəsi qoyulan faktiki həcm və toplanan əlavə məhsulun
kəmiyyəti ilə müəyyən edilir. Eyni zamanda sərf olunan əlavə əmək və vəsaitin
istehsal olunan məhsulla müqayisəsi əsasında investiiya yatırımının iqtisadi
səmərəsini müəyyən etmək olar. Son illərdə Azərbaycanda həyata keçirilən
meliorasiya tədbirləri xüsusən Kür-Araz iqtisadi rayonunun deqredasiyaya uğramış
torpaqlarında həyata keçirilir.Respublikada torpaqların meliorasiyasına yönəldilən
investisiyanın 75%-i Kür-Araz regionu torpaqlarının yaxşılaşdırılmasına ayrılır.
Ən çox investisiya qoyuluşu Muğan-Salyan,Şirvan və Mil-Qarabağ zonalaı
torpaqlarının meliorasiyasına yatırılmışdır. İnvestisiyanın iqtiadi səmərəliliyi
ancaq qoyulan vəsaitin həcmi ilə deyil həm də onun yerinə yetirilməsinin
keyfiyyəti ilə də ölçülür. İnvestisiya yatırılan sahələrdə işin tam həcmdə yerinə
yetirilməsi başa çatdırılmadıqda investisiya qoyuluşunun səmərəliliyi də aşağı olur.
İnvestisiya qoyuluşunun səmərəliliyi Mil-Qarabağ və Şirvan zonalarında Muğan-
Salyanla müqayisədə daha üstün olduğu aşkar olunur. Müqayisədə tamamlanmış
investisiya qoyuluşunun göstəriciləri Mil-Qarabağ düzündə daha yüksəkdir. Ancaq
istifadəyə verilən əsas fondların həcmi Şirvan və Muğan-Salyan düzləri ilə
müqayisədə xeyli aşağıdır.
Regionda torpaqların duzdan yuyulmasına diqqət daha da artmışdır. Kür-
Araz iqtisadi rayonunda duzdan yuyulmuş torpaqların həcmi son 15 il ərzində 2,8
dəfə, o cümlədən Muğan-Salyan zonasında 2 dəfə artmışdır, Mil-Qarabağ
zonasında isə bunun əksinə olaraq 40% azalmışdır. Mil-Qarabağ zonasında şoran
torpaqlarının yuyulmasının azalması burada şoran torpaqların olmaması ilə deyil,
əksinə burada torpaqların yuyulmasının zəif təşkil edildiyi ilə izah edilir. Çünki,
hazırda burada 220 min ha sahə müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır.
Buna görə də Mil-Qarabağ zonasında şoran sahələrinin yuyulmasına diqqəti
artırmaq lazımdır [29].
Kür-Araz iqtisadi rayonunda şoranlaşmış torpaqların yaxşılaşdırılmasına
ayrılan sərmayənin səmərəliliyi özünü regiondakı kənd təsərrüfatı müəsisələrinin
iqtisadi göstəricilərində göstərir. Adətən araşdırmalardan məlum olur ki,
torpaqların yaxşılaşdırılmasına qoyulan vəsaitin artması ilə məhsuldarlığın artması
həmişə düz mütənasib olur. Regiona ayrılan xərclərin həcmi son 30 ildə 3 dəfədən
çox artmışdır. İqtisadi rayonun əkinçilik təsərrüfatlarında taxılan məhsuldarlığı
19,1-dən 28,7 sentnerə, pambığın məhsuldarlığı isə 25,4-dən 30,2 sentnerə qədər
yüksəlmişdir. 1990-2016-cı illər arasındakı müddətdə taxılın məhsuldarlığı 2,5
dəfə, pambığın məhsuldarlığı 2,7 dəfə artmış, onların maya dəyəri isə azalmışdır.
Qeyd etmək lazımdır ki, torpaqların yaxşılaşdırılmasına ayrılan vəsaitin miqdarı
yüksəldikcə kənd təsərrüfatı sahələrinin xalis gəlirlərinin həcmi də artmışdır.
Səbəbi torpağın yaxşılaşdırılması zamanı onun məhsuldarlığı artır və məhsul
vahidinə çəkilən xərclər isə azalır. İqtisadi rayonda da son illərdə torpaqların
yaxşılaşdırılması nəticəsində kənd təsərrüfatı müəssisələrinin qazandıqları xalis
gəlir yüksəlmişdır.
Tədqiqat rayonunun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslandığından
burada torpaqların yaxşılaşdırılmasına qoyulan vəsaitin səmərəliliyi suvarma
kanallarının, su anbarlarının və digər qurğuların tikinti və onların itifadəyə
verilməsi ilə bilavasitə əlaqədardır. Lakin, bu sahədə hələ də ciddi çatışmazlıqlar
və nöqsanlar vardır. Bunların aradan qaldırılması regionda suvarma əkinçiliyinin
genişləndirilməsinə və inkişaf etdirilməsinə geniş imkan yarada bilər.
Burada torpaqların meliorativ yaxşılaşdırılması üçün yönəldilən investisiya
qoyuluşunun iqtisadi səmərəliliyini artırmaq üçün böyük ehtiyat mənbələri vardır.
Bu, ilk növbədə, meliorasiya tədbirlərinin həyata keçirilməsindən, bitkiçilik
mədəniyyətinin yüksəldilməsindən, pambığın, taxılın,tərəvəzin və digər kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasından və həmçinin istehsalın
səmərəliliyinin yüksəldilməsindən asılıdır [2,16,29].
Dostları ilə paylaş: |