Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə3/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   2   3   4   5   6   7   8   9   ...   20
etika pdfler

2.Antik dövrdə etik fikirlər
Antik dövrdə əxlaqi təsəvvürlərə əsasən kamil, xeyirxah şəxsiyyət haqqında təsəvvürlər və məziyyətlər daxil idi. Burada əxlaq artıq öz klassik ifadəsini tapmış, nəzəri və tətbiqi sahələrə aid əxlaqi ideyalar ifadə edilmiş, davranış normaları və onlara riayət olunması barəsində ideyalar işlənib hazırlamışdı. İlk əxlaqi düşüncələrə səbəb cəmiyyət (tayfa, xalq, təbəqələr, polis, şəhər) və şəxsiyyət arasında sosial-əxlaqi zəmində yaranan zidiyyətlər olmuşdur. Bu barədə Homer öz poemalarında (e.ə. XII-VII əsrlər), Hesoid öz fəlsəfi – tarixi əsərlərində (e.ə. VIII əsrin sonu – VII əsrin əvvəlləri), yeddi 4 müdrikin kəlamlarında (e.ə. VII-VI əsrlər) məlumat verirlər. Homerin qəhrəmanları (Axill, Odissey, Hektor, Aqamemnon) real insanlar kimi düşünür, həyəcanlanır, hiyləyə, yalana əl atır və s. . Bu dövrün əxlaqi şüurunun daha bir xüsusiyyəti insanlar və allahların münasibətləridir. Əsər qəhrəmanları allahlarla sıx əlaqədədir; ilahi, ilahilik ümumi, kollektiv başlanğıcın ifadəsidir. Hər bir qəhrəmanlıq göstərən şəxs də ilahi mahiyyətlidir.
Əxlaq qədim yunanların praktiki fəaliyyəti səviyyəsində yaşayırdı. Məsələn, əxlaqlı, ləyaqətli davranış həm də ağıllı davranış hesab olunur. Eyni zamanda tədricən əxlaqi şüurun rüşeymləri yaranmağa başlayır. Zadəgan nəslinin formalaşması, sinfi təbəqələşmə yeni əxlaqi idelların yaranmasına təkan verdi. İnsanın mənşəyi getdikcə daha əhəmiyyətli sayılır, şan-şöhrət qazanmaq, yaxşıların yaxşısı olmaq isə həyati məqsədlərə çevrilir. Belə bir meylləri daha yaxşı Hesiodun “Əmək və günlər” (zəhmət və zaman) əsərində izləmək olar. Burada yeni sosial-əxlaqi vəziyyət, yəni sinifli cəmiyyətin əxlaqi qarşıdurması öz əksini tapır.
Qədim Yunanıstanda əxlaq haqqında fikirlər öz davamını tapmışdır. Burada əsasən dövlətin, polisin maraqları müdafiə olunur. Ümumi qanunlar, adət-ənənələr, allahlar, əcdadlar ehtiramla qarşılanmalıdır, çünki bu hamıya aiddir Əxlaqın qızıl qaydasının müəllifliyi Falesə aid edilir. Ona verilən “Ən yaxşı həyat necə olmalıdır?” sualına o, belə cavab verir: “əgər başqalarından fərqlənmədiyimizi özümüz başa düşmürüksə, onda bu, ən yaxşı həyatdır”.
Digər yunan filosofların yaradıcılığına müraciət edək. Milet məktəbinin görkəmli nümayəndəsi Anaksimandr (e.ə. 610-540) əxlaqda ümumi və xüsusinin, zərurət və təsadüfün qarşılaşması baxımından fərdin davranışını qiymətləndirərək göstərir ki, real insanlar ümumi qaydalar, normalar və qanunlar qarşısında həmişə cavabdeh olmağa hazır olmalıdırlar.
Efesli Heraklitin (təxminən e.ə. 520-460) yaradıcılığında da ümumi zərurət və fərdi mövcudluq arasında yaranan ziddiyyətlərin həlli yolları araşdırılır. Onun fikrincə, vahid dünyanın əsasını loqos (müdrik başlanğıc, od) təşkil edir. Loqos dünyanı idarə edir. İnsan nadanlığı bir çox bəlaların səbəbi olur.
Pifaqor (e.ə. VI əsrin ikinci yarısı - V əsrin əvvəlləri) və onun davamçılarının yaradıcılığında əxlaqi ideyalar öz əksini geniş tapmışdır. Pifaqor hətta xüsusi bir icma (birlik) yaratmışdı ki, burada insanlar əxlaqi cəhətdən safolma yollarını axtarıb tapsınlar İnsan öz əməllərində gərək həmişə ölçü gözləsin, məhdudiyyətlərə əməl etsin: “hər hansı bir hiylədən qaç, canından odla, dəmirlə, hər hansı bir alətlə xəstəliyi, ruhundan – nadanlığı, qanından – israfçılığı, şəhərdən – qiyamı, ailədən – dava-dalaşı, ümumiyyətlə hər bir şeydən ifratçılığı uzaqlaşdır”.
Pifaqorçular ədalət kateqoriyasına da öz münasibətini bildirmişlər. Ədalət – hər kəsin xidmətinə görə payının verilməsidir. Dünya harmoniyası və insan varlığı arasında həmişə ziddiyyət var, bunu da həll etmək üçün mənəvi dəyərlər iyerarxiyası (təsnifatı) olmalıdır. Pifaqor özünün yaratdığı Pifaqorçular ittifaqının üzvlərinin qarşısına da əxlaqi kamilliyə nail olmağı məqsəd qoyurdu. İlk növbədə “paxıllıqdan və hərislikdən uzaqlaşmaq lazımdır. Yalnız əxlaqi cəhətdən kamil olan insan özünü xoşbəxt saya bilər”.

Əxlaqı bir elm kimi qəbul edən ilk filosoflar sofistlər olmuşlar. İlk dəfə olaraq onlar, təbiətə nisbətdə insan probleminə üstünlük verməyə başlamışdılar. Bunu Protaqorun (e.ə. 490-420) məşhur kəlamında da izləmək olar: “insan bütün, mövcud olmadıqlarına görə mövcud olan, mövcud olmadıqlarına görə mövcud olmayan şeylərin ölçüsüdür”. Sofistlər insan həyatında təlimin, tərbiyənin, mədəniyyətin rolunu olduqca yüksək qiymətləndirmişlər. Onların mübahisə obyekti dialektika ilə yanaşı əxlaq olmuşdur. Əsas müzakirə olunan məsələlər – xeyirxahlığın tərbiyə olunması mümkünlüyü və təbii qanunlarla mədəni tələblərin uzlaşdırılması idi. Sofistlər hesab edirdilər ki, yaxşılıqları insan yalnız tərbiyə yolu ilə əldə etməlidir. Xeyirxahlıq dedikdə onlar bütövlükdə insanların formalaşan sosial keyfiyyətləri nəzərdə tuturdular


Görkəmli yunan filosofu Demokritin də (e.ə. 460 – vəfat ili məlum deyil) əxlaqi baxışları müəyyən maraq kəsb edir. Onun etika haqqında olan mülahizələrində bir-birinə ziddiyyətli fikirlər irəli sürülür. Bununla belə qeyd etmək olar ki, Demokrit dövlət mənafeyini hər şeydən üstün tuturdu. Demokritin ideyalarında Platon və Aristotelin əxlaq haqqında baxışlarına bənzər fikirlərə rast gəlmək olur. Məs, Demokrit dostluğa yüksək qiymət verir, xeyirxahlığı isə iki nöqsan arasında yerləşən ortaq vəziyyəti adlandırırdı. Tədqiqatçıların hesab etdiyi kimi, Demokrit etikanın sinfi xarakterini qeyd edir. Demokrit göstərir ki, insan həyatının əsas məqsədi və hərəkəverici qüvvəsi yaxşı əhval-ruhiyyəsi, durumudur. Buna başqa cürə harmoniya, “evtimiya” da deyilir. Hər bir fərd xeyirli və zərərli olanlar arasında fərqi başa düşür. Xeyirli olana can atmaq, xeyirli olmayandan isə qaçmaq lazımdır Tərbiyə vasitəsilə insan öz təbiətindən düzgün istifadə etməli, cəmiyyətdə qəbul olunmuş əxlaqi normaları qavrayıb qəbul etməlidir. Əsas vəzifə ağılın tələblərini fərdin tələbatlarına çevirməkdir. İnsanda formalaşan əxlaqi mexanizmlər fərdi xarakter daşısa da, cəmiyyət bunları təlim və tərbiyə yolu ilə tənzimləyə bilir. Borc və vicdan hissləri burada əsas rol oynayırlar. Ən yaxşı tərbiyəçisi isə əməkdir
Qədim yunan fəlsəfəsinin klassik mərhələsində əxlaqi təsəvvürlər Sokrat (e.ə. təxminən 470-399) maarifçi-filosof olaraq, insanın əxlaqi varlığını dərindən araşdıra bilmişdir. Onun fikrincə, fəlsəfənin predmeti – xeyir və şər, fayda və xoşbəxtlik, xeyir və yaxşılıq məsələləridir . Əxlaqi dəyərləri konkret nümunələr, hərəkətlər timsalında da qavramaq olar. Sokrat da digər yunan filosofları kimi yaxşılıq və xeyirxahlığı fayda və xoşbəxtlik anlayışları ilə əlaqələndirir. O, göstərir ki, hər bir insan həzzalmaya və faydalanmağa can atır. Hər bir insan əzabdan qaçmağa çalışır. Dildə əxlaqı qəbul edib işdə ona əməl edən azdır.
Sokrat məktəbində əxlaq haqqında ideyalar bir qədər də inkişaf etdirilmişdi. Bu məktəbin davamçısı sayıla bilən Kirena məktəbinin nümayəndələri sırasında ilk növbədə Aristippin adını (e.ə. 366 ilə yaxın vəfat etmişdir) qeyd etmək lazımdır. Onu əxlaqi gedonizmin banisi olduğunu qeyd edirlər (həzzalma 13 bir yaxşılıqdır ki, buna daima can atmaq lazımdır). Sokratda olduğu kimi, Aristipp də həyatda yaranan müxtəlif çətinliklərə qarşı biliklərdən istifadə etməyi təklif edir
Antisfenin yaratdığı fəlsəfi məktəbin ardıcılları olan kiniklər arasında belə bir fikir yayılmışdı ki, əxlaqı insan varlığından uzaqda, tədric edilmiş bir formada nəzərdən keçirmək lazımdır. Antisfen (e.ə. 450-360-a yaxın) hesab edirdi ki, insanı yaxşılığa öyrətmək mümkündür
Əxlaqi ideyaların inkişafının növbəti mərhələsi məşhur Platon (e.ə.428-347) və onun dahi şagirdi Aristotelin adı ilə bağlıdır. Platon dövründə artıq bir çox mənəvi dəyərlər haqqında təsəvvürlər kifayət qədər geniş idi (xeyirxahlıq, ədalətlilik, yaxşılıq, comərdlik və s.). Yaxşılıqları Platon iki qrupa – mənəvi və gündəlik və yaxud ilahi və bəşəri olanlara bölür. Bu dəyərlər iyerarxiyasında ən ali dəyər ağıldır
Platonun sosial-əxlaqi ideyalarının bir çoxu Aristotel (e.ə. 384-322) tərəfindən inkişaf etdirilmişdir. Aristotel “etika” sözündən ilk dəfə olaraq istifadə edir, həm də onun tərifini verir: etika – xeyirxahlıqlar, xeyirxah insan haqqında olan bir təlimdir. Aristotelin etika haqqında əsərləri (onlardan başlıcası “Nikomax etikası”dır) onun yaşadığı cəmiyyətin dəyərlər və qaydalar haqqında əsil ensiklopediyadır. Aristotel etikanın predmeti və vəzifələri haqqında nə demişdir? Demək olar ki, o, etikanın ən kamil təsnifatını vermişdir. Qədim yunan sözü olan “ethos” hələ Homerin vaxtarında insanın, ümumiyyətlə canlının məskən saldığı yeri bildirirdi, sonradan isə bu sözün daha bir mənası meydana gəldi: adət-ənənə, xasiyyət, dəb, düşüncə tərzi. Bir sözlə, hər hansı bir xüsusiyyətin davamlı olması bildirilir. Aristotel insan xasiyyəti, onun etosu və düşüncəni xarakterizə edən xüsusiyyətləri fərdləndirir. Əxlaqi dəyərləri öyrənən elmi Aristotel “etika” adlandırmışdır.



Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin