MOVZU 3 Əxlaq, onun mahiyyəti, funksiyaları. İctimai şüurda əxlaq
Əxlaq anlayışının mahiyyəti və funksiyaları
Əxlaq və ictimai şüurun digər formaları
Əxlaqi şüur
İslam əxlaqı
Xeyir və Şər
Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət və ənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanların hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, ictimai yerlərdə və s. Bunların hər birində o, müxtəlif rol oynayır. Bununla əlaqədar «peşə etikası», «ailə və nikah etikası» və s. terminlər yaranıb. Bütün bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və təlimatları, vəzifəli şəxslərin göstərişləri, dini-ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. Bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaşdırmağa bir qədər mane olur.
Əxlaqa «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha çox uyğun gəlir. Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik normalar, əmək vərdişlərinin tərbiyə edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də aiddir. Ayrı-ayrı insanların tərbiyəsinə təsir edən ictimai formalar - adət və ənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da bütünlükdə ona məxsus ola bilməz.
Dostları ilə paylaş: |