22. Şəxsiyyətin mənəvi yönümü, məsuliyyət hissi, adekvatlığı, özünəqiymət.
Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Geniş mənada insan şəxsiyyəti biogenetik, sosiogenetik və psixogenetik elementlərin inteqral vəhdətidir.
Məlumdur ki, insana münasibətdə müxtəlif anlayış və terminlər işlədilir: insan, fərd, fərdiyyət, şəxsiyyət. Görünür, şəxsiyyət insan varlığının müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır.
İnsan ən ümumi anlayışdır. O, bioloji növün (homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kateqoriyadır.
Bioloji baxımdan “növ” – adam, psixoloji baxımdan isə “fərdiyyət” mənasında işlənilir. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan şəxsiyyətə çevrilir. Yəni şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, sosial-iqtisadi vəziyyətdən, mədəni səviyyədən və s. çoxsaylı sosial amillərdən asılıdır.
J.Piaje öz çıxışlarından birində bildirirdi ki, cəmiyyətdə hər dəqiqə minlərlə vəhşi doğulur və sivilizasiya onlardan sosial varlıq formalaşdırır. Məhz bu deyilənlərdən də məlum olur ki, insan həm bioloji, həm də sosial varlıqdır. Yəni biososial varlıqdır. Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, somatik, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən canlı varlıqdır.
Göründüyü kimi, insan son dərəcə mürəkkəb, bir çox hallarda ziddiyyətli, hətta özü-özü ilə daim mübarizə vəziyyətində olan varlıqdır. Ona görə də insanı öyrənən elmlərin sayı 300-ə çatsa da insan haqqında tam, bitkin bir fikir söyləmək mümkün olmamışdır. Minilliklər boyu alim və mütəfəkkirlər insan haqqında yüzlərlə fikir və mülahizə söyləmiş, nəzəriyyələr yaratmış, lakin hələ də tam mənasılə hamının qəbul etdiyi mövqe ortaya qoyulmamışdır. Kimi şəxsiyyətin formalaşmasında irsiyyətin, kimi mühitin, kimi də tərbiyənin rolunu həlledici saymışdır. Bundan başqa, digər mövqelər də vardır. Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır. Kimi də deyir ki, taledən, alın yazısından qaçmaq olmaz. Kimi deyir ki, “səadət hər kəsin öz əlindədir”, kimi də deyir ki, yox, həlledici olan zamandır, yaşadığın mühitdir və s.
İnsanın formalaşmasında onların hamısının yeri və rolu var. Lakin zamanın özünün daxilində olan insanlar da fərqli olur. Eyni vəziyyətdə olan insanlardan biri özünü xoşbəxt, digəri isə bədbəxt hesab edə bilər. Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ antik filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel şəxsiyyətin inkişafı və formalaşması haqqında dəyərli fikirlər söyləmişlər.
Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əlaqələri Şərq fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hədəfi olmuş, bu istiqamətdə Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur.
Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun dövrləri Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın düşüncə və fikirləri, mülahizələri bütün dövrlərdə yüksək dəyər və qiymətə malik olmuşdur.
Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlayaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloqlar daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı məqalələr, elmi əsərlər yazıb-yaratmışlar. Bu sahədə aparılan tədqiqat işləri çox geniş bir sahəni əhatə etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə araşdırmışlar. Digər tərəfdən də şəxsiyyət problemi ilə təkcə pedaqoq və psixoloqlar məşğul olmamış, bu problemin tədqiqi ilə həmçinin filosoflar, sosiloqlar, bioloqlar, fizioloqlar, erqonomiklər məşğul olmuş və problem bir çox humanitar elm sahələrinin – etika, estetika, hüquq elminin həmişə tədqiqat obyekti olmuşdur.
Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə subyekti bаxımındаn öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin mövqeyini, onların qarşılıqlı əlaqələrini meydаnа çıxаrır.
Bütün bunlarla bərabər şəxsiyyət probleminə müxtəlif cəhətlərdən və mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və ardıcıl olaraq da bu sahə tədqiq edilməkdədir.
Dostları ilə paylaş: |