Özünəqiymət- Qiymət və özünəqiymət metodu - Bu metodun köməyi ilə tərbiyə olunanlara öz davranışlarını, özününizamlama (tənqid, mükafat, irad, cəza, inam, nəzarət, özünənəzarət, özünənəzarət, özünütənqid) və s. bu kimi hallarda fəaliyyətin stimulyasiyası gedir. Bu metodlardan ən əsası inandırma metodudur. Bu metod vasitəsilə şagirdlər təlim və tərbiyə prosesində daha aktiv iştirak edirlər. Tərbiyə olunanların fəaliyyət xüsusiyyətlərinə laqeydlik göstərmək, münasibət bildirməmək, qiymətləndirməmək yolverilməzdir. M.F.Axundovun haqlı olaraq yazdığı kimi, “sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hisslərin süstləşməsinə və ağlın kütləşməsinə səbəb olar”. Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır. Beləliklə, tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həlli, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik. Tərbiyə metodu tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir. Tərbiyə metodlarının mahiyyəti məktəblilərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsi, şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müəyyən, müvafiq məqsədlərə (məqsədlər məktəblilərin məqsədyönlü fəaliyyətini təşkil edir) istiqamətlənməsidir. Metodlar uşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir. Tərbiyə metodları pedaqoqlarla şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır. Burada pedaqoqun şəxsi təkmilləşməsi, şagird şəxsiyyətinin tərbiyənin məqsədlərinə uyğun olaraq formalaşması nəzərdə tutulur.
Tərbiyə metodları pedaqoq-tərbiyəçilərin fəaliyyəti vasitəsi ilə həyata keçirilir. Humanist tərbiyə metodları aşağıdakıları əhatə edir: Tərbiyənin məqsəd və məzmunu tərbiyə metodları ilə müəyyənləşir; Tərbiyə metodlarının mahiyyəti şagirdlərin (tələbələrin) fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsi, şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir. Metodlar gənclərin məqsədyönlü fəaliyyətində, eləcə də şagird kollektivinin fəaliyyətində özünü geniş şəkildə əks etdirmişdir. Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir.Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s. Bu metodların köməyi ilə şagirdlərin şüur və davranış səviyyəsi, tərbiyə keyfiyyətləri, ünsiyyətinin xarakteri, ayrı-ayrı fəaliyyət növlərində iştirakı, kollektivdə mövqeyi və s. məsələlər barədə lazımi məlumatlar toplanıb təhlil edilir. Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə almaq lazımdır. Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman səmərəli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə tələbat formalaşdırsın. Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (tələbat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyə metodlarına (özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) yiyələnmələrinə kömək göstərməyə çalışmalıdır. Şagirdlərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının - özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir. Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman uşağa birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.
- Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, şagirdin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün şagirdin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
- Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək ("partlayış" və ya "heyrətləndirmə" priyomu).
- Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, "günahkar" şəxs öz payını götürür).
- Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, uşağın yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qazanmaq olar.
Dostları ilə paylaş: |