Peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq (yəni bu prinsiplərin hər bir insana aid olması, məsələn, bütün fəaliyyətin borc, vicdan, sədaqət prinsipləri, dostluq, yoldaşlıq münasibətləri əsasında qurulması, böyüklərə hörmət etmək, yalan danışmamaq, xəyanət etməmək, ziyan vurmamaq və s.), müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var. İnsanın mənəvi həyatı rəngarəng olduğu üçün bəzən gündəlik həyatda nəinki yüksək mənəvi dəyərlərə, hətta adi əxlaq normalarına da riayət etmək asan olmur. Məsələn, işin xeyri üçün insan yalan danışır, münasibətləri düzəltmək naminə nəyi isə başqasına xəbər verməli olur, həqiqəti üzə çıxarmaq üçün şantaj üsuluna əl atmağa məcbur olur və s. Bəzi peşə sahibləri isə bu problemlərlə daha tez-tez rastlaşdıqları üçün onların işi xüsusi gərginlik tələb edir və mənəvi prinsipləri həyata keçirmək mürəkkəbləşir. Rəhbər işçinin, müəllimin, həkimin, hüquqşünasın, din xadiminin fəaliyyəti bu qəbildəndir. Məhz peşə etikası müxtəlif peşələrin əxlaq problemləri ilə əlaqədar konkret hadisələri öyrənir, təhlil edir və müəyyən tip peşələrin mürəkkəb və qeyriadi fəaliyyəti zamanı əxlaqi dəyərlərin gerçəkləşməsinə və həyata keçməsinə kömək edir. Lakin peşə etikası əxlaqi şüura aid yeni prinsip və anlayışlar yaratmır. O, bunları insanın həyat fəaliyyəti ilə bağlı müvafiq sahələrlə uyğunlaşdırır. Beləliklə, peşə əxlaqını öyrənən peşə etikası əxlaq mədəniyyətinin əsas komponentidir. Peşə əxlaqının prinsip və normaları nisbi müstəqilliyə malik olduğu üçün peşə etikası özü də müstəqildir. Peşə latınca “professio” sözündən olub, mövcudluq mənbəyi sayılan və əmək fəaliyyətinin müəyyən hazırlığa ehtiyacı olan ixtisas, rəsmi məşğuliyyət mənasını verir. Peşə əxlaqının prinsip və normaları cəmiyyətin inkişafının müəyyən mərhələsində yaransa da, dəyişməz deyil. Peşə əxlaqı normaları sivilizasiyanın, əxlaq mədəniyyətinin, insan münasibətlərindəki humanizmin inkişafı ilə bağlı olub, əxlaqi tərəqqinin bir forması kimi də nəzərdən keçirilə bilər. Peşələr mövcud olduqca tarixən formalaşmış peşə etikası normaları da yaşayacaq. Bunlar hər kəsi öz çalışdığı sahədə məsuliyyətli olmağa sövq edir. Peşə etikasının bəzi prinsipləri hər bir cəmiyyətin, millətin bu və ya digər prinsipləri ilə uyğun gəlsə də, müəyyən konkret şəraitdə dəyişikliyə məruz qalaraq fərdiləşə bilər. Hər bir peşənin öz ictimai funksiyaları, ictimai məqsəd və vəzifələri var. Bu peşə qruplarının daxilində insanların bir-birinə və gerçəkliyə müəyyən münasibətləri yarandığı üçün konkret əxlaq qaydaları və normaları məhz bununla əlaqədar formalaşır. Peşə etikası ictimai şüur formaları, o cümlədən əxlaqın özü kimi quldarlıq cəmiyyətində ictimai əmək bölgüsünün, peşələrin, spesifik peşə əxlaqının meydana gəlməsi ilə əlaqədar yaranıb. Peşələr hamısı eyni zamanda yaranmadığı üçün, peşə qrupları da müxtəlif vaxtlarda formalaşıb. Yeni-yeni peşələrin əmələ gəlməsi insanlar arasında da xüsusi münasibətlər yaradırdı. Əməyin obyektindən, istifadə etdiyi alətdən, metod və üsullarından asılı olaraq insan bənzəri olmayan situasiyalarla rastlaşır ki, bu da müvafiq metod, ritm, hərəkət, psixoloji reaksiya tələb edir. Hər bir peşənin məhz özünəməxsus ziddiyyətləri və bu ziddiyyətlərin dəfedilmə üsulları var ki, burada insanın subyektiv münasibətləri, mənəvi aləmi özünü göstərir. Peşə münasibətləri ilə əlaqədar çoxsaylı situasiyalar içərisində nisbətən tez-tez təsadüf olunanlar, həmin peşələrə aid əxlaq normalarının spesifikasını formalaşdırır. İnsanlar öz davranışlarını müvafiq situasiyalarda bu normalara uyğun qurmalı olurlar. Bütün bunlar peşə etikası və peşə əxlaqı problemlərinin mühüm əhəmiyyətə malik olmasını göstərir. Peşə əxlaqı məsələləri antik dövrdən mövcud olsa da, nə antik filosoflar, nə də onlardan sonrakılar bu problemləri lazımi səviyyədə işıqlandıra bilməmişlər. Etika, humanitar fənlərdən biri olaraq, borc, xeyir və şər, eləcə də digər kateqoriyaları ideal şəklində, davranışın əxlaqi prinsiplərini və normalarını, insanın müqəddəratı haqqında təlimi, həyatın mənasını təhlil edir. Etikada iki qrup problem fərqləndirilir: 1. insan necə hərəkət etməlidir (normativ etika); 2. əxlaqın mənşəyi və mahiyyəti ilə bağlı olan nəzəri məsələlər (nəzəri etika). Əxlaqi prinsiplər insanın sosial praktikası nəticəsində əmələ gəlir. Burada insan nəsillərinin təcrübəsi ümumiləşdirilir. Etika formalaşan prinsipləri nəzəri səviyyədə təhlil edir və ümumiləşdirir. Etika vasitəsilə elmi cəhətdən əxlaqi prinsiplər əsaslandırılır və nəzəriyyə şəklinə salınır. Etika predmetinin əsasını təkil edir: 1.xüsusi sosial hadisə və ictimai şüur forması olan əxlaqın təbiəti haqqında təlim; 2.cəmiyyətin həyatında əxlaqın rolu; 3.mənəvi təsəvvürlərin inkişaf qanunları, burada insanın maddi həyat şəraitinin inikasının xüsusiyyətləri nəzərdə tutulub. Burada bir sıra daha konkret məsələlər də öyrənilir: 1.mənəvi fəaliyyətin təbiəti; 2.əxlaqi münasibətlər; 3. əxlaqi şüur. Əxlaqi münasibətlərin, şüurun və fəaliyyətin əsas elementləri etik kateqoriyalarda əks olunur. Əxlaqi şüur strukturunun öyrənilməsi xüsusi bir sahəni təşkil edir (əxlaqi dilin məntiqi). Bundan başqa, əxlaqi dəyərlər problemi də təhlil olunur (aksiologiya). Etika həm də müxtəlif cəmiyyətlərdə əxlaq məsələlərin konkret-sosioloji tədqiqatlarını aparır (deskriptiv etika).