1.Pedaqoji texnologiyalarda innovasiyanın mahiyyəti
İnnovasiya ( ingiliscə “innovation” – sözündən götürülüb , mənası “yenilik” deməkdir) geniş mənada təlim, təhsil-tərbiyə prosesinin gedişini və nəticəsini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən pedaqoji yeniliklər nəzərdə tutulur. İnnovasiya pedaqoji sistemin daxili ehtiyatları hesabına baş verir.İnnovasiya sözünün daxilindəki “in” hissəsinin mənası da “daxili" deməkdir.
Texnologiyada geniş mənada innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək, səmərəliliyi və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeniliyi ifadə edən latın mənşəli söz kimi innovasiya yeniləşmə mənasında şərh olunur. Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir, iqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anayışı daha məzmunlu əhəmiyyət kəsb edir. İnnovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir zamanda o, istehsal idarəetməsinin təşkilati metodlarını da əhatə dairəsinə qatmışdır.
Cəmiyyət inkişaf etdikcə , hər hansı sahədə olduğu kimi , pedaqoji sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesi təkmilləşdirməyi, yeni məzmun, forma və metodları tətbiq etməyi zəruri edir.
Hər hansı dəyişikliyi innovasiya adlandırmaq düzgün deyildir. İnnovasiyalar elə pedaqoji yeniliklərdir ki, onların tətbiqi nəticəsində səmərəlilik artır, yüksək keyfiyyət əldə olunur. Eyni zamanda hər bir pedaqoji innovasiya aid olduğu sahəyə mənsubluğu ilə seçilir, bütöv struktura malik məzmunu ilə fərqlənir. Pedaqoji ədəbiyyatlarda onun xarakterik xüsusiyyətləri qabarıq şəkildə qeyd olunur. Göstərilir ki, "Pedaqoji prosesin innovasiyası, başlıca olaraq, ümumən pedaqoji sistemdə, təhsil müəssisələrində pedaqoji nəzəriyyələrdə, müəllim və şagirddə, pedaqoji texnologiyalarda, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə gedir”. Azərbaycan təhsilində aparılan islahatlar prosesində artıq yeni konsepsiyalar, məzmun standartları, inteqrativ fənlər, təhsil texnologiyaları, qiymətləndirmə mexanizmləri, təlim vasitələri, o cümlədən yeni dərslik və dərs vəsaitləri yaranmışdır ki, bunlar, sözün əsl mənasında, nailiyyətlərin əldə olunmasına istiqamətlənmiş innovasiyalardır. Həm də bu innovasiyaların bir xarakterik cəhəti də onun müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilməsi, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilməsi ilə bağlıdır.
İnnovasiyaları işləyib hazırlayan, səmərəli pedaqoji sistem kimi meydana qoyan təhsil işçiləri innovatorlar adlanırlar. Belə müəllimlərin pedaqoji yenilikləri onların adları ilə adlandırılır və pedaqoji ictimaiyyət arasında yayılır.
Təhsil sisteminin inkişaf tendensiyası və pedaqoji innovasiyalar sahəsində toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Hazırda təhsil sistemində texnologiya termininin işlənilməsinə və başa düşülməsinə münasibətlərdə müxtəlif meyllər, yanaşmalar mövcuddur. Pedaqoji texnologiyaları daha yaxşı başa düşmək, onun səmərəli inkişafını və tətbiqini təmin etmək üçün həmin anlayışın mahiyyətini izah etmək lazımdır. Texnologiya sözü yunan mənşəlidir, “tekhne” (bacarıq) və “loqos” (öyrənmə, elm) sözlərindən yaranıb. Mahiyyət etibarilə məhsulun hazırlanması bacarığını, istehsal prosesinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu ifadə edir. Yaxud, başqa bir mənbədə texnologiya hər hansı bir işin görülməsi zamanı istifadə olunan üsulların cəmini bildirir.
Pedaqoji prosesdə texnologiya nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Həmçinin texnologiya pedaqoji prosesin paradiqmalarını müəyyən edən elə ardıcıllıq sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir. Müasir pedaqoji texnologiyalar – pedaqoji prosesin tərkib hissəsi olub, təhsilin bütün sahələrində, eləcə də məktəbəqədər təhsilin səmərəli qurulması baxımından mühüm əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |