“Biçarə qız, həyat çox amansızdır, xüsusilə bizim bu dövrümüzdə və məkanımızda. Bir neçə saat öncə sən öz yaxınlarının əhatəsində sevinclə xoşbəxtlik dəryasında üzürdün... İndi isə bizim əlimizdə girovsan... Heç bir qanunun işləmədiyi eksperiment və sınaq meydanına çevrilmiş, bizdən başqa kimsənin əli yetmədiyi bu ucqar cənnət guşəsində səni hansı cəhənnəm əzabının gözlədiyini bilmirsən... Heç mən özüm də bilmirəm ki, sabah məni nə gözləyir... Burdan sağ-salamat rədd olub getməyi bacaracağammı? Deməli, sən jurnalistsən, çox güman ki, məlumatlısan. Səni dişimə vuraram, bizim işimizə yarasan, çox əla. Yox əgər, yaramasan, səni saxlamaq üçün digər səbəblər taparam. Ən mühümü budur ki, çox xoşuma gələn, indiyəcən qarşılaşmadığım bir qızı tale özü mənə ürcah edibdir. Bəlkə getdikcə gözümdə öz mənasını itirən bu maraqsız dünyanı sən mənə maraqlı edəcəksən? Bəlkə içimdəki boşluğu sən dolduracaqsan? Məni valeh edibsən, gözəl qız! Səni bu vəhşilərin əlinə vermərəm... Bilirəm, səni zorlamaq, əzmək, məhv etmək nə qədər asansa, təslim etmək bir o qədər çətindir. Yorulmuşam zorakılıqdan. Çalışacağam ki, ən ali duyğularla səni özümə təslim edim. Məndə hələ ölməmiş, yaxşı nə varsa, sənə verim... Əvəzində ancaq və ancaq sevgi istəyəcəyəm... İstərəm ki, bayaq səni erməni əsgərinin caynağından alarkən mənə sığındığın kimi sığınasan, baxdığın kimi baxasan...”
Gözləri özünün də bilmədiyi məchul bir nöqtəyə zillənmiş Aysu da, təxminən, İvanla eyni bir ünvan istiqamətində düşünürdü... Əgər zırpı bir ayı qarşısındakı maral balasını necə yemək haqda fikirləşirdisə, maral balası da eləcə ayıya yem olmamağın yollarını arayırdı... Onlar paralel xətt üzrə düşünürdülər... Belə xətlər isə kəsişmir... Qızcığaz zahirən özünü təmkinli, sakit saxlasa da səyi əbəs idi. İçərisində fikir dalğaları təlatüm edirdi... Bir neçə saat içərisində qəflətən baş vermiş olaylardan aldığı sarsıntı ona öz durumunu dəqiq qiymətləndirməyə, qurtulmaq üçün bir plan cızmağa imkan vermirdi... Aysu iradəcə möhkəm qız idi. “Kitabi-Dədə Qorqud” dastanından tutmuş üzü bəri Azərbaycan tarixində, folklorunda təsvir olunmuş qəhrəman, igid qızlar, qadınlar haqda çox oxumuşdu, həmişə özünü onlarla müqayisə etmişdi... İndi başa düşürdü ki, stresdən çıxmağa çalışmalıdır, İvanla münasibətlərində ona yalnız ümid verərək vaxt qazanmaq gərəkdir.
– Yaxşı, xanum efendi, yemək hazır olanadək bir az işləyək. Çalışın mənim suallarıma dəqiq və düzgün cavab verin, – deyə İvan kağız-qələm çıxarıb sualı sual dalınca yağdırmağa başladı:
– Adınız, familiniz?
– Aysu Qaramanlı.
– Atanızın adı, peşəsi, iş yeri?
– Elbəyi Qaramanlı, tarixçi, ölkəşünas, Şərq ölkələri üzrə mütəxəssis, elmlər doktoru, professor. Əlyazmalar institutunda, universitetdə işləyir.
– Sizin doğum iliniz, ailə vəziyyətiniz?
– 1968– ci ildə doğulmuşam, jurnalist fakültəsini və aspiranturanı bitirmişəm. Nişanlım var, toyumuz hələ olmayıb.
– Nişanlınız kimdir, peşəsi nədir?
Aysu kəkələsə də əlüstü cavab verdi:
– Filosofdur, elmi işlə məşğul olur.
– Sizin qəzetlərlə, digər mətbuat orqanları ilə əlaqəniz necədir?
– Tez-tez yazıram, imzam tanınır. Əsasən Azərbaycan televiziyası və “AssA-İradə” beynəlxalq xəbər agentliyi ilə əməkdaşlıq edirəm.
– Nədən yazırsınız?
– Həyatın bütün sahələrindən yazıram.
– Ata-ananızın, nişanlınızın dövlət işində, MTN və Müdafiə Nazirliyində işləyən qohumları varmı?
– Atamı hamı tanıyır, çox vəzifəli şəxslər onun tələbəsi olmuşlar.
– Hələlik bu qədər, – deyə İvan bloknotunu qapadı, Aysuya iki vərəq verib dedi:
– Xahiş edirəm sonra boş vaxtınızda avtobioqrafiyanızı yazın. Ata-ananız və digər yaxınlarınız haqda ətraflı məlumat verin.
Aksana çoxdan bişirdiyi, indisə yüngülcə qızdırdığı borşu, jarkonu süfrəyə qoydu. Sonra xiyar, kələm, sarımsaq şorabalarını, tut arağını, qırmızı çaxırı süfrəyə düzdü, üzünü onlara tutub “Şam yeməyi hazırdır, buyurun”, dedi.
İvan hərbçilərə məxsus cəldliklə ayağa qalxdı. Aysunun önündə yüngülcə baş əyib nəzakətlə dedi:
– Buyurun, xanum efendi.
Fikir dəryasına qərq olmuş Aysu təşəkkür etdi:
– Sağ olun.
– Sən heç nədən narahat olma. Adamyeyən deyilik. Bizimlə süfrədə oturmalısan. İştah diş altdadır. Yeyib-içməyin heç nəyə dəxli yoxdur, – deyə Aksana Aysuya yaxınlaşıb, onu yemək stolu arxasına apardı, öz yanında oturtdu. Sonra hamıya borş çəkdi. İvan araq şüşəsinin ağzını açıb yüzqramlıq stəkanı doldurdu, üzünü Aksanaya tutdu:
– Bilirəm, burada adətən, yeyib sonra içirlər. Mən öz adətimlə gedirəm. İçib sonra yeyəcəyəm. Sizin sağlığınıza! – deyib yüz qramı bircə qurtuma içdi. Aysunun sirk foksçusuna baxırmış kimi onu maraqla süzməsi və bu zaman gözündəki donuq ifadənin bir anlığa yox olması İvanın xoşuna gəldi. O, hərbçilərə xas cəldliklə bir neçə dəqiqəyə boşqabı boşaltdı, ardınca ikinci yüz qramı vurdu və Aksana jarkonu çəkənəcən daraşdı şorabalara. Aksananın təkidi ilə Aysu bir az borş yedi, tərəvəz tutmalarının dadına baxdı, Aksananın qabiliyyətini tərifləyib minnətdarlıq etdi.
İvan stəkanını üçüncü dəfə doldurduqdan sonra çaxır şüşəsinin qapağını açdı, stəkanlara süzmək istəyəndə dayandı. Şüşəni yerə qoyub ayağa qalxdı. Servantdan iki büllur piyalə götürüb qayıtdı, onları çaxırla doldurub sağlıq deməyə başladı:
– Aksana! Bu gün bizimlə oturan nə adi rus “baba”sıdır, nə də sırtıq, ayağısürüşkən erməni qızıdır. O, əlçatmaz, gözəl bir xanum efendidir, sanki göydən enmiş mələkdir. Sən diqqətlə bax, heç belə qüsursuz gözəl görübsənmi? Gəl, içək onun sağlığına. Mən bir centlmen kimi onun sağlığına ayaq üstə içəcəyəm.
İvan bayaqkının əksinə olaraq bu dəfə arağı yavaş-yavaş, sümürə-sümürə içməyə başladı. Sanki o, 50-60 dərəcəlik tünd tut arağı yox, şirin şərbət içirdi. Aksana Aysunun şəraba toxunmadığını görüb pıçıltı ilə dedi:
– İç, yoxsa o inciyəcək, içməyi israr edəcək.
– Mən içən deyiləm. Arağın iyi başıma vurub, az qala məni sərxoş edib.
– Götür, heç olmasa bir-iki qurtum iç ki, o səni rahat buraxsın. Bu tünd deyil, bax, kompot kimidir, – Aksana şərabı birnəfəsə boşaltdı. – İç, bu sənin stresdən çıxmağına kömək eləyər, – deyib badəni yerə qoydu.
Aysu bir neçə dəfə Toğrulla ad günü və toy məclislərində şampan şərabının, yüngül çaxırların dadına baxmışdı. Bilirdi ki, badəni axıracan içsə də onu sərxoş etməyəcək. Sadəcə o, belə məclisdə yad kişi ilə şərab içməyi şəninə sığışdırmırdı. Lakin Aksananın səmimiliyinə inanaraq, sözünü sındırmadı. Şərabdan bir qurtum içdi. Bayaqdan ona göz qoyan İvan şıltaq uşağa dərman içiribmiş kimi sevindi:
-Bravo, Aysu xanum, siz kübar cəmiyyətin qızları kimi içirsiniz, – dedi, gözlərini qıyaraq şəhadət barmağını alnına dirədi, nəyisə yadına salmağa çalışdı, sonra yenidən Aysuya sarı çevrilərək sözünə davam elədi: – Sizin jurnalistlər çox aktivdirlər. Səhv eləmirəmsə, Qarabağ döyüşlərində Azərbaycanın altı mətbuat işçisi öldürülüb. Salatın Əsgərovanın cəsarəti haqda xəbərim var. Moskvada çıxan “Krasnaya Zvezda” qəzeti iki il öncə hay-haray salmışdı ki, Sona xanım adlı bir qadın jurnalistin yazılarından sonra Sovet Ordusunda xidmət edən azərbaycanlı əsgərlər qaçıb Qarabağ döyüşünə gedirlər.
İvanın məlumatlılığı qızı təəccübləndirsə də bunu büruzə vermədi.
– Demək istəyirsiniz ki, mən yeddinci olacağam? – deyə o, sifətində acı gülüş və istehza İvanın sözünü ağzında qoydu. – Mən ölümdən qorxmuram!
– Yox, nə danışırsınız? Mən sizin sağ-salamat qalmağınıza kişi kimi söz verirəm. Bir şərtlə: bu işdə sizə kömək edə bilməyim üçün mənə kömək edin. Bütün bunlar sonra. İndi biz əylənirik, – deyən İvan boş piyalələri doldurub ikinci sağlığı söylədi: – Gəlin, badələrimizi qaldıraq bizim Aksananın sağlığına. Mənim əzizim, cəngəllik qanunlarının hökm sürdüyü, dünyanın qaynar nöqtələrindən sayılan bu Qarabağ torpağında sən mənə etibarlı dayaqsan. Sən çox çestnaya və mudraya babasan, əziz Aksana. Gəl, səni öpüm, – deyə İvan yüngülcə səndirləyərək Aksanaya yaxınlaşdı. Gözləri yaşarmış Aksana ayağa qalxdı, məmnunluqla onu qucaqlayan İvanla öpüşdü. Qayıdıb öz yerində oturan İvan sözünə davam etdi:
– Aksana, sənin övladın Saşa da yaxşı oğlandır. Biz burada ona görə rahat oturmuşuq ki, o bizi qoruyur, – sonra yarızarafat, yarıciddi Aksanadan soruşdu: – Düzünü de, Saşanın atası kimdir? Əslinə qalsa, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Saşa sənin oğlundur, mən də sənə görə ona hörmət edirəm. Neçə illərdir üzünü görmədiyim arvadım da yaxşı bilir ki, mənə oxşamayan bizim qızımız hansı kişidəndir... Eh, qadınlar xoşbəxtdirlər. Onlar dəqiq bilirlər ki, övladlarının atası kimdir.
İstər-istəməz bu sağlığa da bir qurtum içən Aysu təlaşla növbəti qədəhi sümürən İvana, sonra Aksanaya baxdı. O, indiyədək özünü centlmen kimi aparmış İvanın sərxoş olub, hətərən-pətərən danışmasından və məclisin pis nəticə ilə qurtaracağından qorxurdu. Qadın həssaslığı ilə onu başa düşən Aksana pıçıltıyla azəri türkcəsi ilə soruşdu:
– Onunla yatmaq istəmirsən, eləmi?
Belə birbaşa sualdan özünü itirən Aysu dili dolaşa-dolaşa dedi:
– Siz nə danışırsınız?! Bu mənim üçün ölümə bərabərdir. Mənim nişanlım var.
İvanın yataq otağından nəsə gətirməyə getməsindən istifadə edən Aksana gülərək rus dilinə keçdi, zavallı qıza təskinlik verdi:
– Elə isə heç narahat olma. Ağlın sizin kişilərə getməsin. O, nə qədər çox içsə, bir o qədər yaxşıdır. Yıxılıb yatacaq, – sonra müəmmalı şəkildə irişərək əlavə etdi: – Düzünə qalsa, heç bilmirəm, sən onun nəyinə lazımsan? Onun qadın cinsi ilə maraqlandığını birinci dəfədir görürəm. Şəxsən mən onun öpüşməkdən başqa bir şey elədiyini görməmişəm.
Ahıllaşmış Aksananın bədəni şoraba çəlləyini xatırlatsa da, onun göyçək, sağlam sifəti, alışıb yanan mavi gözləri, mütənasib ayaqları vardı. Aysu bu qiymətli xəbəri – İvanın kişi zəifliyini eşidib sevindiyindən Aksananı qucaqlayıb öpdü.
Bulaq suyu kimi saf, təmiz olan zavallı qız nə qədər savadlı, bilgili olsa da qadın-kişi münasibətlərindən bir o qədər xəbərsiz idi...
Səndirləyə-səndirləyə siqaretlə qayıdan İvan Aysunun Aksananı qucaqladığını görüb ucadan dedi:
– Siz niyə məni qoyub bir-birinizi öpürsünüz?
İvanın Aysuya yaxınlaşmasına imkan verməyən Aksana onu öz yerində oturtdu:
– Öpüşmək hələ tezdir, hər şeyin vaxtı var, – deyib qədəhləri doldurdu və İvanın şərəfinə sağlıq deməyə başladı:
– Əziz İvan Nikolayeviç! Bu iki ildə mən sənin üçün bacardıqlarımı etmişəm. Sən də borclu qalmayıbsan, əvəzini veribsən. Biz bu çətin şəraitdə bir slavyan provaslavı kimi bir-birimizə həyan durmuşuq. Oğlum Saşanı güllə qabağına göndərməkdən saxladığın üçün ömrüm boyu sənə minnətdaram. Sən çox qədim, boyarlardan gəlmə əsilzadə bir familiya daşıyırsan, özün də centlmen kişisən. İçək sənin sağlığına ki, bu çətin şəraitdə də öz centlmenliyini, əsilzadə adını saxlayasan.
Bu sözlərdən xoşallanan İvan stəkanı götürüb başını dik tutmağa çalışdı. Onlar badələrini axıradək içdilər. Aksananın məharətinə heyran olan Aysu deyilən sağlığa yox, sevincini bir qurtum şərabla qeyd elədi. Sezdi ki, əsilzadəliyi vurğulamaqla qadın nə demək istəyir.
– Ax Aksana, Aksana... Sən çox yaxşı, etibarlı dostsan, – deyən İvan onu qucaqlayıb öpməyə başladı. Aksana da ona borclu qalmayıb ara-sıra cavab verirdi. Bu, qadın-kişi öpüşməsindən çox içəndən sonra sərxoş kişilərin sədaqət ifadəsi olan marçamarçını xatırladırdı.
Birdən İvan Aksananı buraxdı, “Muzıka!” – deyə qışqırıb aşa-aşa otağın baş tərəfindəki maqnitofona tərəf getdi, xeyli əlləşdikdən sonra, “Tapdım” deyərək axtardığı kaseti maqnitofona qoyub düyməni basdı. Aysu heç gözləmədiyi halda, Tofiq Quliyevin oynaq musiqisinin sədaları ətrafı bürüdü. İvan Aysuyla rəqs etmək üçün ona sarı yönəldi. Aksana cəld ayağa qalxıb özünü qabağa verdi.
– Onunla hələ işin olmasın. Biçarə stresdən özünə gəlməyib.
Artıq sərxoş olmuş İvan üçün, deyəsən, kimlə oynamağın bir o qədər fərqi yox idi. Onlar ara-sıra öpüşərək xeyli oynadılar. Tanqodan valsa keçdikdə səndirləyən İvan daha oynaya bilmədi. Aksana onun qoluna girərək divana tərəf apardı, birtəhər uzandırdı. Bir neçə dəqiqədən sonra İvanın xorultusu eşidildi.
– Hə, indi səhərədək porasyonok kimi xoruldayacaq. Səhər saat 6-da ştık kimi ayağa qalxacaq. Bu hərbçilər qəribə adamdırlar, – deyə Aksana qədəhini doldurub başına çəkdi, sonra İvana işarə ilə əlavə etdi: – Pis adam deyil, amma bədbəxtdir. Elə mən də bədbəxtəm. Hərəmiz bir cürə bədbəxtik. Sovet hökumətinin dağılmağıynan bizim yaxşı yaşayışımıza nöqtə qoyuldu. Öz aramızdır, pis yaşamırdıq.
Aksana yenidən qədəhini doldurdu, Aysunun da azacıq yarımçıq olan qədəhinə çaxır süzdü, köksünü ötürüb sözünə davam etdi:
– Mən sovet hökumətinin pis günlərini də görmüşəm, müharibədən sonra jmıx da yeyirdik. Anam deyərdi ki, bizim Ukraynada 30-cu illərdə bundan da qat-qat dəhşətli vəziyyət olub. Kolxozun əleyhinə çıxdıqları üçün Stalin bir milyon adamı acından öldürüb.
– Siz ukraynalısınız? – deyə Aysu maraqlandı.
– Mənim kökümdə kazak, ukrayna, rus qanı qatışıb bir-birinə. Nənəm kazaçka olub, anam ukraynalı, atam rus. Amma atasız böyümüşəm. Anamın aşnaları çox idi. Ağlım kəsəndən sonra atamın kim olduğunu tez-tez anamdan soruşurdum. O isə susurdu. Bir gün o bezərək mənə kolxozun anbarının keşikçisi qozbel Kolyanı nişan verib, dedi: “Müharibə zamanı kənddə ondan başqa kişi yox idi. O illərdə kənddə doğulan uşaqların çoxunun atası bax, bu kişidir...” O zaman 14 yaşım vardı... Mən qorxub qaçdım. Ona görə yox ki, mənim atam qozbel və miskin idi. Yox, o Kolyanı heç kim sevməzdi. Çox zloy, qaraqabaq idi. Adamlara nifrətlə baxardı, söyüş söyərdi. Hətta bir dəfə mənə sataşmışdı da...
– Bəs necə oldu ki, buraya gəldiniz?
– Bizim kəndin yaxınlığında bir hərbi hissə vardı. Orada qulluq eləyən Volodya adlı bir leytenantla tanış olmuşdum. Klubda həmişə mənimlə rəqs edərdi. Bir dəfə 8 Mart bayramında rəqsdən əvvəl də, sonra da möhkəm içdik. Gecələməyə bizə gəldik. Yatışdıq, olduq ər-arvad. Əslinə qalsa o, əkilmək istəyirdi. Hədələdim ki, kəbin kəsdirməsə komandirin, partkomun yanına gedib şikayət edəcəyəm. Qorxub məni aldı. Sonra onu Hadruta göndərdilər. Üç il yaxşı yaşadıq. Sonra bir neçə aylığa başqa şəhərə ezam olundu. Gəldi, bir ay keçdi, indi də başqa yerə göndərdilər.
– Bəs sizi niyə özü ilə aparmırdı?
– Bilirsən, burda bizə ikiotaqlı mənzil vermişdilər, kurort kimi yerdir. Ezamiyyətə göndərilən yerdə iş müvəqqəti olduğu üçün zabitlər yataqxanada yaşayırlar. Getmək istəmirdim, o da israr etmirdi. Beləliklə, mən onsuz həyata öyrəşdim. Hərbi hissədə, qəsəbənin özündə maraqlı kişilər vardı, məni darıxmağa qoymurdular. Həm də hərbi hissənin yeməkxanasında işləyirdim. Kefim kök idi. Növbəti ezamiyyətlərin birindən o, geriyə qayıtmadı. Mənə yazdı ki, onu şimalda saxlayırlar, ikiqat maaş verirlər, istəyirəmsə, köçüb gedim onun yanına. Getmədim. İsti yerimi soyuq etmədim. Hardan biləydim ki, sovet hökumətinin axırı belə qurtaracaq. Sovet pulları öldü, burda əlimdə olanı dollara, qızıla çevirə bilmədim, qaldım lüt. İndi pulsuz hara gedim?
– Burda evin yoxdurmu? Onu niyə satmırsan?
Aysu bu sualı ilə, deyəsən, Aksananın yaralı yerinə toxundu.
– Ağlın Bakıya getməsin, orda hərbçilərin hamısı evlərini yaxşı qiymətə satdılar. Birincisi, burada evlər çox ucuzdur. İkincisi, ermənilər satmağa qoymurlar. Qonşuma dedim ki, heç olmasa, yol pulumu, əşyalarımın haqqını verin, çıxım gedim. Dedi ki, gedirsən, buyur, yol açıqdır, amma evi satmaq olmaz... Sən onu bizə verməlisən... Vicdansızlar!..
Aksana kişilər kimi yumruğunu stola vurdu, şərabı başına çəkdi, sonra üzünü Aysuya tutub dedi:
– Mən heç, ömrümün yaxşı dövrlərini yaşamışam. Bəs sən zavallı nə edəcəksən? Neyləmək fikrindəsən?
Sual çox düz qoyulmuşdu. Aysu karıxmamaq, artıq-əskik danışmamaq üçün susdu ki, fikirləşib cavab versin. O, hələ Aksananı yaxşı tanımırdı. Bəlkə Aksana ondan söz almaq istəyir? Əslinə qalsa onun planı yox idi, hələ qəti bir qərara gəlməmişdi. O, hələlik namusuna təcavüz edilməməsi üçün yollar arayırdı. Bunu da bilirdi ki, ermənilər girov götürdükləri adamları satırlar. Ümid edirdi ki, atası, Toğrul fərdi yollarla ermənilərlə danışıq aparacaq, qohum-əqrabadan pul toplayıb onu azad edəcəklər. Bax, bu müddətə qədər gərək o, özünü saxlaya bilsin, namusunu qoruya bilsin.
– Aksana xanım, mən görürəm ki, siz çox humanist qadınsınız. Mənə elə gəlir ki, siz günahsız bir qızın xilası üçün əlinizdən gələn yardımı edərsiniz, – deyə Aysu ondan cavab gözləyən Aksanaya qısıldı.
– Tamamilə düz fikirləşirsən. Amma mənim əlimdə bir imkan yoxdur. Burdan qaçmaq mümkün deyil. Belə fikrin varsa, başından çıxar.
– Valideynlərim, nişanlım, qohumlarım çalışacaqlar ki, məni xilas etsinlər, pul verib buraxdırsınlar.
Aksana onun valideynləri, qohum-əqrabaları haqqında ətraflı soruşdu, bir az fikirləşəndən sonra dilləndi:
– Elə ən düzgün və real yol budur.
İvanın xorultusu aynabəndi başına götürmüşdü. Aksana ona baxıb:
– Çox yorulubdur. Səhər evdən çıxanda demişdi ki, bu gün ova gedəcəklər. Onun ovu sən oldun, – dedi, sonra Aysudan bu gün Qozluçayda baş verənlər haqqında danışmasını xahiş elədi. Aysu özünü toplayaraq erməni hərbçilərinin toyu necə dağıtmasını, qadınların ziynət əşyalarının alınmasını, bəylə gəlinin öldürülməsini hıçqıra-hıçqıra danışdı. Gözləri yaşarmış Aksana “yırtıcı vəhşilər” deyərək qədəhini çaxırla doldurub başına çəkdi. Sonra ovcunun içi ilə gözlərini silib üzünü Aysuya tutdu:
-Sən mübariz, dözümlü, səbirli olmalısan, ən mühümü hiyləgərlik etməlisən öz məqsədinə çatmaq üçün... Nümunə götürmək lazımdır erməni, yəhudi qadınlarından... Müsəlmançılığı burda unut... İvanla münasibətlərini özün qurmalısan. Sənə necə sərf eləyir, elə hərəkət etməlisən. Sənin taleyin tamamilə olmasa da İvandan çox asılıdır. Burda İvan böyük nüfuz sahibidir. O, mənimlə nə qədər açıq-saçıq olsa da öz işi haqqında bir kəlmə də olsun demir. Bu barədə danışmağı xoşlamır. Buna görə də bilmirəm o, burda rəsmidir, qeyri-rəsmidir, yoxsa muzdla qulluq edir. Amma onu bilirəm ki, əsl hərbçidir, – deyə həm şərabdan hallanmış, həm də Aysunun danışıqlarından təsirlənmiş Aksana Aysuya gərəkli məsləhətlər verdi. Sonra saata baxıb ayağa qalxdı:
– İndisə yatmaq vaxtıdır, gedək sənə yataq otağını göstərim, – dedi, qızın əlindən tutub yandakı otaqlara tərəf apardı. – Burada üç yataq otağı var. Biri İvanın həm yataq otağıdır, həm də kabineti. Oraya heç mənim də girməyə ixtiyarım yoxdur. Ancaq özünün yanında silib-süpürməyə icazə verir. Bu iki yataq otağı isə gəlib-gedənlər üçündür. Hansını istəyirsən seç.
Aysu pəncərəsi Qozludərəyə baxan otağı seçdi. Aksana paltar dolabını açdı, oradan təmiz döşəkağılarını, yastıqüzünü götürüb çarpayının üstünə atdı, amiranə tərzdə dedi:
– Soyun, yat! – Sonra Aysunun paltarına baxıb dedi: – Dayan, dayan! Sənin paltarın elə əynindəkidir?
Başı ilə “hə” deyən Aysu paltarı olan yol çantasının pasportu və digər şeyləri ilə toy evində qaldığını söylədi.
– Narahat olma, İvana deyərəm tapar. Yaxşı, gecən xeyrə qalsın, sabahadək, – deyə Aysu ilə sağollaşdı.
– Aksana xanım, mən sizsiz qorxuram. Siz mənim yeganə pənahımsınız.
Aksana kövrələrək onu qucaqlayan Aysunun saçını sığallayıb dedi:
– Qız, özünü ələ al, müsəlmançılıq eləmə. Möhkəm ol, mənim otağım birinci mərtəbədədir, elə bu otağın altındadır. Döşəməni taqqıldatsan mən eşidəcəyəm. Hə, bax burada valerianka da var, iki-iki qəbul edərsən, həm ürəyə, həm də əsəblərə xeyirdir. Qrafindəki su içməlidir. Tualet qapıdan çıxanda sol tərəfdədir.
– Gecəniz xeyrə qalsın. Mən sizin yaxşılığınızı heç vaxt unutmayacağam, – deyə Aysu dərin minnətdarlıqla ona baxdı.
– Mən sizinkilərdən heç vaxt pislik görməmişəm. Ermənilərdən çox sizinkilərlə dostluq eləmişəm. Ermənicə öyrənə bilməmişəm, amma sizinkinə dilim yatdı, öyrəndim. Onsuz da bütün ermənilər sizin dili bilir. Yaxşı, sağ ol, get yat, – deyib Aksana otaqdan çıxdı.
Aysu arxadan qapının cəftəsini keçirtdi, sonra pəncərəyə yaxınlaşdı, pərdəni azacıq aralayıb baxdı. Bayırdan pəncərəyə şəbəkəli dəmir barmaqlıqlar vurulmuşdu. Qapı da möhkəm idi, deyəsən palıddan düzəldilmişdi. Bunlar Aysunu sakitləşdirdi. İki ədəd valerianka götürüb dilinin üstünə qoydu, qrafindən tökdüyü su ilə uddu. Təmiz döşəkağını səliqə ilə çarpayının üstünə sərdi, yastıqüzünü yastığa geyindirdi, paltarını soyunub yatağa girdi. “Allah bilir bu çarpayıda kimlər yatmışdır”, – deyə yırpına-yırpına düşündü. Sonra düşdüyü vəziyyətə real qiymət verməyə çalışdı: “Mən kiməm? Əsir, girov, yoxsa qul?.. Özü də harada... Yırtıcılığın, vəhşiliyin, sadizmin, ən böyük əxlaqsızlığın hökm sürdüyü, nə cəmiyyətin, dövlətin, nə də Qur’anın, İncilin qanunlarının işləmədiyi bir yerdə. Mənimlə necə istəyirlər elə də davrana bilərlər. Başımı kəsərlər, tikə-tikə doğrarlar, bədən üzvlərimi dünya bazarlarında satarlar, kimsə də bundan xəbər tutmaz...”
Aysu əsirlikdən qurtulanların dediklərini, itkin düşmüş gənc qızlar, oğlanlar haqda eşidib, oxuduqlarını yada saldıqda bədənini üşütmə tutdu. 24 saat əvvəl özünü dünyanın ən xoşbəxti sanmış qız indi özünü dünyanın ən bədbəxti hesab eləyirdi... Dünən bu vaxt sevgilisinin qolları arasında özünü cənnətdə sanan qız bu gün cəhənnəm dəhşətlərini görmüşdü və dərk edirdi ki, bunlar hələ onu gözləyən əzabların başlanğıcıdır... Bir anlığa Aysuya elə gəldi ki, bütün bunlar çox qorxunc bir yuxudur... Adətən, yuxusunu qarışdıranda oyanantək nənəsinin öyrətdiyi kimi salavat çəkib “Bismillah” deyərdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı həqiqət idi. Sadəcə olaraq o, heç vəchlə bir neçə saat ərzində həyatının, təkcə özünün yox, bütün Dəyirmanla əhalisinin həyatının alt-üst olmasına inana bilmirdi... Xoşbəxtliklə bədbəxtliyin bu qədər yaxın olmasını, onları günlər, saatlar nədir, saniyələrin ayırmasını qəbul edib, bu gerçəkliklə razılaşa bilmirdi... Lakin bu belə idi, danılmaz fakt idi... Aysu bütün bunları anlamalıydı və anlayırdı da. Bu hisslərin təsiri altında o, hövlnak yerindən qalxdı, dizi üstə üzünü qibləyə tutdu, əllərini göyə qaldırıb pıçıldadı:
– Ey Böyük Yaradan! Ey yeri-göyü xəlq etmiş Ulu Tanrı! Nədir mənim günahım? O qanına boyanmış iki gəncin – Ərturun, Narçiçəyin günahları nə idi? Dədə-baba yurdundan didərgin düşmüş o kəndlərin, şəhərlərin əhalisinin sənin yanında günahları bu qədərmi böyük idi?! Axı, sən Adilsən, Bağışlayansan?! Niyə bağışlamadın onları? Niyə mənim ata-anamı, nişanlımı gözüyaşlı qoyursan?! Axı, bu insanlar kimsəyə pislik etməmişlər, həmişə Sənin yolunu saxlamışlar? Niyə qoyursan bəşər övladları bir-birinin qanını töksün?! Niyə xoşbəxtliyi insanlara damcı-damcı, bədbəxtliyi, əzabı ovuc-ovuc verirsən?! Budurmu ədalətin, Ulu Tanrı? Hansı qanunlarla bizim dünyamızı idarə edirsən, ey Böyük Allah?
Get-gedə qəzəblənən Aysu ürəyinə gələn digər hədyan sözləri geri qaytarıb özünü ələ aldı. Qur’ani– Kərimdəki “İnnə Allah alimun” – “Allah hər şeyi biləndir” ayəsini xatırlayıb “Əstəğfürullah” dedi, salavat çəkdi, təzədən yerinə uzandı. Başa düşürdü ki, ona yatmaq, dincəlmək gərəkdir. Beynini çox yormamalıdır... Ancaq onun indiki halında bunu demək nə qədər asan idisə, əməl etmək bir o qədər çətin idi... “ Düşünməmək olmur.. Amma mən gərək dərrakə ilə hərəkət edim, göylərlə əlləşməyim, düşdüyüm vəziyyət haqda fikirləşim. Mən gərək İvanın mənə, Aksananın İvana və mənə olan münasibətləri haqda fikirləşəm, təhlil aparam”, – deyə Aysu fikrini əlçatmaz, ünyetməz dərinliklərdən yığışdırıb aşağı endirdi. “Deməli, mən İvanın xoşuna gəlirəm”... Əgər başqa şərait olsaydı, əsir düşməsəydi Aysu deyərdi ki, itin axmaqlığıdır qaysavadan pay umur. Amma indi o it onun ağası idi. Qoy o it qaysavadan pay gözləsin. Qaysavadan pay uman it, görəsən bu ləziz yeməyi yeyə bilirmi? Bayaq Aksananın sözlərindən belə çıxdı ki, İvan bir kişi kimi təhlükəli deyil. Yəni onda kişi acizliyi var, elə dil pəhləvanıdır. Kaş belə olaydı, İvan Aysudan heç nə ummayaydı. Lakin bayaq İvanın Aksana ilə rəqs etməsini, ara-sıra Aksananı öpməsini xatırlayan Aysu bu səhnənin onunla olmasını təsəvvür etdikdə əti çimçəşdi “Allah uzaq eləsin” – deyə pıçıldadı. Bəs Aksana necə? Qadın kimi İvandan bir şey gözləyirmi? Aysu hiss etmişdi ki, yaşca İvandan böyük olsa da Aksananın ondan xoşu gəlir. O, bunu bayaq onlar ikisi oynayanda, öpüşəndə Aksananın sifətindəki xoşbəxt ifadədən duymuşdu. Deyəsən, Aysunun İvana şans verməməsi Aksananın xoşuna gəlmişdi. Bəlkə buna görə Aksananın Aysuya rəğbəti artmış, onunla çox səmimi olmuşdu? Yox, deyəsən Aksanada qısqanclıq hissi yoxdur. Aksana onu İvana qısqansaydı, deməzdi ki, “İvanla əlaqəni özün qurmalısan... Sənin taleyin İvanın əlindədir və s.” Bütün hallarda Aksanada müsbət keyfiyyətlər mənfidən çox idi. “Bəlkə də bizim millət ən qısqanc millətdir. Bizdə təkcə ər arvadı, arvad əri qısqanmır. Qardaş bacını, ana oğlunu qısqanır. Bu isə çox pis nəticələr verir”, – deyə Aysu nədənsə qonşuları Firəngizlə Mətini xatırladı...