Bu müsibət, birinci olaraq, sülh bağlanan Gülüstan kəndi civarında baş verdi. İçərisində ermənilərin də olduğu Rusiya ordusu gözəl, səfalı Gülüstan mahalını azəri türklərindən silah gücünə boşaltdırdı və buraya erməniləri köçürdü. Sovet dövründə isə bu kiçik bölgə 1991-ci ilədək məşhur daşnak-bolşevik, əli neçə minlərlə dinc müsəlman əhalisinin qanına batmış Stepan Şaumyanın şərəfinə Şaumyan rayonu adlandırıldı.
Bu minvalla Qarabağın qədim Ağdərə mahalı – Mardakert, Xocavənd – Martuni, Həzrət – Hadrut oldu. O zaman erməniləri buraya rus hərbçiləri yerləşdirdikləri üçün onlar strateji yüksəkliklərdə məskunlaşdırıldı. Bu uzaqgörənlik öz bəhrəsini sonralar verdi: 1905-07-ci, 1918-20-ci illərdə ermənilər rus ordusunun və silahının dəstəyi ilə yeni torpaqlar işğal etmək üçün əlverişli zirvə mövqelərindən Azərbaycan kəndlərinə basqınlar etmişdilər. Bütün bu basqınların xüsusi səbəb və nəticələri vardı: Rusiya imperiyası öz mövqeyinin zəifləməsi təhlükəsi ilə üzləşdikdə tez erməniləri yerli əhalinin üstünə fısqırdırdı. Bundan faydalanan ermənilər öz maraqlarını həyata keçirir, Azərbaycan kəndlərinin meşələrini, kövşənlərini tutub özününküləşdirirdilər. Sovetlər birliyinin dağılması ərəfəsində də eyni hadisə baş verdi. Rusların silahla, muzdlularla dəstəklədiyi ermənilər Qarabağın dağlıq hissəsindəki azəri türklərinin məskənlərinə hücum edib tutur, qeyri-bərabər döyüşlərdən salamat çıxanlar isə qaçqına çevrilirdilər. İndi Dəyirmanlı və ondan aşağıdakı kəndlərin də başının üstünü Hadrut tərəfdən hücum təhlükəsi almışdı.
Hadrutun qənşərindəki bu kənddə toy getdikcə qızışırdı. Qara zurna mələyir, çoxdan şənlik görməyən gənclər beş addımlıqdakı təhlükəni unudub şıdırğı oynayırdılar.
Toy sahibləri – Tapdıq kişi, Aysunun atası Elbəyi, anası Qönçə xanım bərk həyəcanlı idilər. Qızı gətirmək üçün Bakıdan gələcək avtobusu qarşılamağa göndərilmiş “Niva” maşını gəlib çıxmaq bilmirdi. Narahatlığa səbəb yolların təhlükəli olması idi. Doğrudur, yollara Azərbaycan döyüşçüləri, könüllülər nəzarət edirdi. Lakin ermənilərin pusqu qurub, bir hadisə törətməsi istisna olunmurdu.
Son vaxtlaradək bu bölgədən Şuşaya “Molla Nəsrəddin yolu” deyilən kəsə yolla ermənilərin əlində olan Qırmızı Bazar kəndindən keçib gedirdilər. Əlli kilometr həndəvərində yol çox mənzərəli idi. Qubadlı, Zəngilan, Zəngəzur, Cəbrayıl, Füzuli, Xocavənd bölgələrinin əhalisi də bu yoldan istifadə edirdilər. Qədimlərdə Xudafərin körpüsündən keçib gələn Güney Azərbaycan müsafirləri də Şuşaya, Qarabağın mərkəzinə bu yolla gedib-gəlmişlər. Lakin 60-cı illərdən etibarən onu azəri türklərinin üzünə qapatmağa başladılar. 1969-cu ildə Xankəndinin ortasında erməni millətçiləri bir müsəlman türkünü döyüb, üstünə benzin töküb vəhşicəsinə yandırdıqdan sonra iki xalq arasında münasibətlər lap ağırlaşdı, gediş-gəliş azaldı. Beləliklə, min illər işlək olmuş bu yolu gəlmə ermənilər XX əsrin 70-ci illərində yerli müsəlman türklərinin üzünə bağladılar.
Belə münaqişələr – ermənilərin Azərbaycan kəndlərinin tarixi torpaqlarını müxtəlif yollarla ələ keçirməsi böyüyüb respublika miqyasından çıxır, Sovetlər birliyinin paytaxtına çatırdı. İşə qarışan Moskva həmişə mübahisələri ermənilərin xeyrinə həll edirdi. Eyni hadisə təkcə Qarabağda deyil, Gədəbəydə, Qazaxda, Naxçıvanda da baş vermişdi: respublika rəhbərliyi istədi-istəmədi, buna dözməyə, razılaşmağa məcbur idi. Onlar istəsəydilər belə Moskvanın iradəsini dəyişə bilməzdilər. Gücləri yalnız istefa verməyə çatardı. Amma buna da kişilikləri çatmırdı. Yalnız 1969-82-ci illərdə Azərbaycan rəhbərliyində Heydər Əliyevin olduğu dövrdə Qarabağda da, Ermənistanla sərhəd bölgələrində də Azərbaycan torpaqlarının alınıb ermənilərə verilməsi halları dayandırıldı. Onun Azərbaycan rəhbərliyindən getməsindən, SSRİ-də Qorbaçov hakimiyyətinin güclənməsindən sonra ermənilər yenidən yavaş-yavaş Azərbaycan torpaqlarını qoparmağa başladılar.
-Gəldilər! – deyə uşaqlar həyət qapısına burulan ağ “Niva”ya tərəf yüyürüşdülər. Bayaqdan bəri gözü yolda qalmış, xəyalı dağların üstündən qanadlanaraq uzaq və yaxın keçmişə uçmuş bəyin əmisi Elbəyi müəllim toxtadı, maşından enən Aysunu gördükdə dərindən nəfəs aldı. Qönçə xanım qızına tərəf tələsdi, ana-bala qucaqlaşdılar, sanki bir neçə günün deyil, illərin fərağını yaşamışdılar. Elbəyi arvadına həsəd apardı. Anası istədiyi vaxt qızını qucaqlayıb əzizləyə bilirdi. Elbəyi belə edə bilmirdi. Heç rəhmətlik atası da övladlarını dərin məhəbbətlə istəməsinə baxmayaraq, onları nə kiçik, nə də böyük çağlarında qucaqlayıb əzizləməmişdi. Onların nəslində adət beləydi.
– Gəlini gətiribsiniz? – deyə Aysu anasından soruşdu.
– Gətirmişik deyəndə çəpərin o üzündən bu üzünə keçirmişik. Narçiçək səni elə arzulayır ki!...
Kişilərdən ayrılıb ona sarı gəlmək istəyən atasını görən Aysu özü irəli yüyürdü. Ömründə birinci dəfə nədənsə ürəyində körpə kimi onun üstünə atılıb qucaqlamaq istəyi baş qaldırdı. Amma utandı, atasının ona sarı uzanmış əlini öpdü.
Bəli, sonralar Aysu bu istəyinə əməl etmədiyi üçün çox peşman olacaq, özünü bağışlaya bilməyəcəkdi...
Əmisi qızının gəldiyini eşidən bəy onun pişvazına çıxdı. Onlar bir-birinə çox oxşayırdılar. Ata-anasının madar qızı olan Aysu Ərturu doğma qardaşı kimi sevirdi. Onların ikisinin də adını Elbəyi özü qoymuşdu. Ərtur əmisi qızını valideynlərindən ayırıb gəlin otağına apardı.
Geyinib-kecinmiş, bəzədilmiş, yanaqlarının, dodaqlarının, qaş-gözünün rəngini, saçlarının ətrini sanki bu dağların, bağların gül-çiçəyindən, mer-meyvəsindən almış Narçiçək gəlin paltarında lap məlakəyə oxşayırdı.
Narçiçək Aysu ilə qucaqlaşıb öpüşdü.
– Görəsən, Ərtur son vaxtlar tez-tez zümzümə elədiyi “Qonşudan qız sevənin, ürəyində yağ olmaz” mahnısını repertuarından çıxaracaqmı? – deyə Aysu şaqqanaq çəkib güldü. – Bir az ətə-cana gələrdi...
– Yox, bu mahnı mənim repertuarımda daimi qalacaq, – deyə Ərtur əlüstü cavab verdi, Aysunu üstü ləziz yeməklərlə dolu stola dəvət eləyib bayıra çıxdı.
İstər Qozluçay kəndlərində, istərsə də dağın o üzündə keçmiş Cəbrayıl qəzasının Balyat, Qaracallı, Süleymanlı, Doşulu, Qışlaq, Quşçular kimi digər kəndlərində bəylə gəlin toy məclisində oturmurdular. Gəlin məxsusi bəzədilmiş gəlin otağında qızların əhatəsində olurdu. Və yalnız bəylə oynamaq məqamı gələndə toy mağarında camaatın üzünə çıxırdı.
Yol gəlmiş Aysu əl-üzünü yudu, gəlinlə nahar etdikdən sonra yan otağa keçib, yol çantasını açdı, məxsusi toy üçün götürdüyü açıq çəhrayı rəngli paltarını, hündürdaban çəkmələrini çıxarıb geyindi. Ayrılmaz sirdaşı olan əl çantasını da qıfılı rəqəmlərlə bağlanıb açılan yol çamadanının içərisinə qoyub örtdü.
– Hə, indi əmim oğlunun toyunda axşama qədər oynamağa hazıram, – deyib Narçiçəyin boynunu qucaqladı. Elə bu vaxt Ərtur otağa qayıtdı, üzünü Narçiçəklə Aysuya tutub dedi:
– Hamı bizim oynamağımızı istəyir. Hazırsınızmı?
– Hazırıq! – deyə Aysu sevinclə cavab verdi. Onlar qapıdan çıxıb hələ mağara çatmamış qocanın da, cavanın da ürəyini atlandıran, hər bir azərbaycanlını həm kövrəldən, həm sevindirən, yaşlıların “Gəlin atlandı” da adlandırdıqları “Vağzalı” çalındı. Bu oyun havası kimisinə illərin arxasında qalmış gəncliyini xatırladır, kimisinə oğul-qızının toyunu yada salır, hələ evlənib ərə getməyənlərə isə gələcək ailə xoşbəxtliyindən xəbər verirdi.
Məclisdə hamı gəlinlə bəyin meydana girib oynamasını gözləyirdi. Sanki bəylə gəlin hər gün gördükləri Ərtur, Narçiçək deyil, uca göylərdən enmiş bir cüt mələk idi. Gerçəkdən, onlar bu gün adilikdən çıxmışdılar. Üzlərində təsviri mümkün olmayan elə xoşbəxt bir ifadə vardı ki, sanki hər ikisi Böyük Yaradanın bu toy günündə onlara bəxş etdiyi əzəmət, şərəf aurasına bürünmüşdülər. Böyük Yaradan bunu hamıya bəxş etmir. Bu misli-bərabəri olmayan mükafatı almaq üçün ailə quran iki nəfər gərək öz daxili təmizliyini, saflığını, bir-birinə qarşı etibarını, vədini qoruyub saxlasın. Çünki ailə həyatın mayasıdır, əsasıdır. Və bunun üçün də o müqəddəsdir. Bu xalqın anaları bu müqəddəsliyin birinci şərtini min illərlə qoruyub saxladıqları adət-ənənələrdə görürlər: qızları doğulandan adlarına cehiz yığan analar onları bəd nəzərlərdən qoruyur, qızılgül butası kimi bakirə övladını ər evinə təhvil verməyi özlərinin ən ümdə, şərəfli borcları bilirlər. Atalar üçün böyüdüb ayaq üstə qoyduğu, ər kimi yetişdirdiyi oğlunun toyunu etmək ən böyük qürur, fəxr və niyyətdir.
Mağarın ortasındakı açıq meydançaya girən bəylə gəlin oynamağa başladılar. Ərtur qollarını yuxarı qovzadıqda, sanki qartal havaya qalxdı... Narçiçək incə əllərini qaldırdıqda, sanki bir cüt ağ göyərçin qanad çalıb havada süzməyə başladı. Aysu da qollarını açıb, çəhrayı kəpənək kimi qoşa gülün dövrəsində dolandı. Məclis bu gözəllikdən, harmoniyadan heyrətə, vəcdə gəldi.
Kimsə özünü saxlaya bilməyib sevinclə hayqırdı: Açılma sabah, banlama xoruz!...
Bu yerlərdə toylar adətən, taxıl biçinindən, yazın son ayından başlayar, payızın əvvəllərinədək davam edərdi. Qısa yay gecələrində məclis çox zaman dan yeri sökülənəcən uzanardı. Çünki gündüzlər iş-güc sahibi olan kənd camaatının çoxu toya axşam gələrdi. Toylar o qədər şən keçərdi ki, adamlar “sabahın açılmamasını, xoruzun banlamamasını” arzulayırdılar.
Bu toyunsa sabahı açılmayacaq, xoruzu banlamayacaqdı... Gəlinin də duvağı üzündə qalacaqdı...
Hələ ki, toy davam edirdi... Bəyin, gəlinin qohum-əqrabaları bir-birinin dalınca ortaya girirdi. Onlar gətirdikləri hədiyyələri gəlinə təqdim edib oynayırdılar. Bu hədiyyələr qızıl zəncir, üzük və qiymətli boyunbağıdan, paltar, parça, yaylıq və s. ibarət idi. Aysunun anası Qönçə xanım mirvari boyunbağını Narçiçəyin boynundan asıb, üzündən öpdü, “bütün subaylarımıza qismət olsun” – deyib qol götürüb oynamağa başladı. Bir azdan meydança doldu, dövrə vurub oynamaq namümkün oldu, hamı elə durduğu yeri “tapdalayır”, əl-qolunu oynadırdı. Bayaqkı gen-bolluq itmişdi. Rəqs edən analar, xala-bibilər, əmi-dayılar, qohum-əqraba illərlə ürəklərində gəzdirdikləri arzularını yerinə yetirirdilər.
Bəylə gəlin “ağır oturub batman gəlmək” atalar öyüdünə uyar ayaq saxladılar, ortalıqdan çıxmaq istəyəndə toybaşı bəyə yaxınlaşıb onları məclisin başında məxsusi hazırlanmış stola dəvət edib dedi:
– Buyurun, bir az da özünüz öz toyunuza tamaşa eləyin.
Bəylə gəlinin mağarda oturması toy qaydalarına son zamanlar daxil edilmişdi. Lakin yenə təvazökar olmaq lazım gəlirdi. Gəlin bir-iki saatdan sonra yenidən gəlin otağına çəkilir, bəy dostların dövrəsinə düşür, bir də gecə yarısı toyun sovulmasından qabaq ortaya çıxırdılar. Toy məclisi, adətən bəyin təriflənməsi ilə başa çatırdı.
Yaxşı olur bu yerlərin halvası,
Bizə xələt versin bəyin ... xalası.
Göydə bir ulduz var, adı Talıbdı,
Mənim xələtim bəyin ... əmisində qalıbdı.
Dedim ay bəy, toyun mübarək olsun,
Sağdışına, soldışına borc olsun.
Xanəndə bəyi belə təriflərdi və bu tərifin uzun-qısalığı bəyin yaxınlarının, dostlarının siyahısından, verəcəyi ənamdan asılı idi...
Lakin bu toyda bəy təriflənməyəcəkdi... Bəyin bibisi, xalası, dayısı aşıqlara xələt verə bilməyəcəkdi.
Hələ ki, toy davam edirdi... Cavan xanəndə lap Ağabala kimi zildən də, pəsdən də gözəl oxuyurdu... Toya gələnlər bu gün dərd-qəmlərini unudaraq şənlənirdilər. Xanəndə bu tərəflərdə “Ağabalanın zabulu” deyilən “Zabul segahı” oxuduqda məclisə sanki su ələndi. Xüsusilə yaşlılar, 60-cı illərdə dünyasını dəyişmiş Ağabala kişini xatırlayaraq kövrəldilər... Qarabağın bu bölgəsində doğulmuş məşhur xanəndənin yaratdığı məktəb ölümündən sonra da yaşamaqda davam edirdi...
Hələ dağılmamış kolxozun sədri Qasım kişi vəcdə gələrək ortaya atıldı, klarnet çalanın qarşısındakı stola bir çəngə pul atıb ucadan dedi:
– Ə, bərk filə! Qoy bizim toyun səsi erməniləri yandırıb yaxsın. Qoy görsünlər ki, biz qorxmaz xalqıq, kefimizdən qalmırıq, – sonra üzünü toybaşına tutdu: – Əyə, gedin o əsgərləri də çağırın gəlsinlər toya, gələ bilməyənlərə yemək-içmək aparın.
Qasım kişi kəndi ermənilərdən qoruyan, postda dayanmış Azərbaycan əsgərlərini və könüllülərini nəzərdə tuturdu.
Onun sözlərindən ruhlanan xanəndə “Qarabağ şikəstəsi” üstə bir bayatı oxudu:
– Əzizinəm, yenə gül,
Yenə bülbül, yenə gül.
Dəryaca dərdin olsa,
Düşmən görsən, yenə gül.
Əzizim, qara bağlar,
Ağ salxım qara bağlar.
Qürbət eldə qalanın,
Ürəyi yara bağlar.
Xanəndə pis oxumurdu, tarzən də yaxşı çalırdı. Amma heç biri Elbəyinin qəlbindəki sarı simə vura bilmirdi. O, Qarabağ şikəstəsini yalnız Xanın və Şövkət xanımın ifasında dinləyəndə bütün varlığı ilə uyuyurdu...
Toy yaxşı keçirdi, ölümü, qanı, müharibəni bir günlüyə unutmuş kənd camaatı şənlənirdi. Elbəyininsə qırışığı açılmırdı. Hesab eləyirdi ki, düşmən toplarının tuşlandığı kənddə indi belə təmtəraqlı toyun vaxtı deyil. Və öz fikrini də gizlətməmişdi: iki gün öncə toyqabağı məsləhətləşmədə demişdi...
El adətincə bir-iki gün qabaq toy yiyəsi erkək kəsib qohum-əqrabanı, kəndin başbilənlərini evinə yığar, məclisi necə yola vermək üçün məsləhətləşmə aparardı. Toybaşıdan tutmuş çayçıya qədər bütün vəzifələri burda bölərdilər. Elbəyi buna görə də, bəyin əmisi kimi, toydan üç gün əvvəl gəlmişdi...
Təşrif buyurduqca toy yiyələrinə gözaydınlığı verən qonaqlar tamam-kamal yığışdıqdan sonra Tapdıq kişi hamıya müraciətlə demişdi:
– Möhtərəm qohumlar, xoş gəlib səfa gətiribsiniz. Bildiyiniz kimi, bizim sonbeşiyin başın bağlamaq istəyirik. Son zamanlarda ara yaman qarışıb. Məsləhət nədir? Neynəyək? Nə deyirsiniz, toyu aşıqlı eləyək, yoxsa müsəlmani?
Hamının nəzəri Elbəyi müəllimə dikilmişdi. Təkcə bəyin əmisi kimi yox... Qozludərə camaatı onu, Bakıda yaşasa da, bu el-obanın ağsaqqalı sayırdı. Kəndə yol çəkməkdən tutmuş kəhrizləri təmir etdirməyədək, uşaqları harda oxutdurmaqdan başlamış onlara elçi getməyədək, vacib nə iş olurdusa onun üstünə qaçırdılar...
Elbəyi müəllim əlindəki çayını içə-içə bir az fikrə getdi. O dura-dura kiminsə qabağa düşüb söz deməsi yersiz olardı.
Bu bölgədə toy çalğıçılarına “aşıq” deyərdilər. Lap əvvəllər, şan-şöhrəti bölgənin cənubundakı Diridağdan çox uzaqlara yayılmış Aşıq Qurbani dövründən bəri burada toyları sinəsi sözlü, sazlı aşıqlar aparardılar. Çalğıçılar bir az kölgədə qalardılar. Ötən yüzillikdə maraylanlı Aşıq Pərinin, bu əsrin əllinci illərinədək çalıb-çağırmış daşkəsənli Aşıq Humayın nəfəsləri hələ bu ellərdə dolaşırdı... Və nə qədər ki, o ustadların gəzib söz qoşduqları bu dağlarda, oylaqlarda öz milləti yaşayırdı, onların ruhları da əbədi yaşayacaqdı... Son dövrlərdə aşıq qıtlığından toyları istedadlı xanəndələr, çalğıçılar aparsalar da hamısını elə o adla çağırırdılar.
“Müsəlmani toy” deyəndə çalğısız və içkisiz məclis nəzərdə tutulurdu. Bunu, adətən, toyqabağı yası düşənlər, dindarlar, lap imkansızlar eləyərdilər. İkinci Dünya Savaşından, repressiyalardan sonra belə toy çox nadir hallarda olardı. İkinci dəfə evlənib ərə gedənlər üçün də aşıqsız toy edilirdi, amma içki verilirdi.
– Xeyir işi saxlamazlar, amma indi vəziyyət bütün ölkədə ağırdır... Bakının özündə də çox xeyir işləri təxirə salırlar. Biz də belə yol ayrıcında qalmışıq. Yarım ildir uşaqların kəbini kəsilib, nişanları olub... Bəlkə heç çox hay-küy qaldırmayaq, elə aşıqsız, müsəlmani bir məclis quraq?!– deyə Elbəyi öz fikrini bildirmişdi.
– Müəllim, aşıqsız niyə? Dul-zad deyillər, ha! Onlara elə toy eliyəjəyik ki, səsi Qozludərədən də o yanlara yayılsın, Qaradağlıdan, Taqəsərdən, Tağdan, Tuğdan tutmuş Balyat–Qarajallıyadək el-oba tamaşasına gəlsin,-deyə bəyin ana tərəfdən qohumu Qasım kişi birinci dillənmişdi. Qasım kişinin sözü kənddə ötərli idi. Çağırılanların çoxu onun tərəfini saxlamışdı.
Elbəyi məcbur olub geri çəkilmişdi:
– Yox, mən etiraz eləmirəm, qərar sizinkidir. Kənddə yasa düşənlər çoxdu... Vəziyyət hər saat daha da mürəkkəbləşə bilər.
– Müəllim, qapı-qapı gəzib, bütün yaslılardan icazə almışıq.
– Çox yaxşı. Bayaq Tağın,Tuğun adını çəkdiniz. Kirvələri toya çağıracaqsınızmı?
Qasım kişi tez cavab verməmişdi. Elbəyinin tanımadığı gənc oğlan yan-yörəsindəkilərin rəyini bildirmişdi:
– Axı, ermənilərin toyda nə işi var?! Bizimki onlarla qurtarıbdır.
Qasım kişi səsini bir balaca qaldırıb cavanların üstünə çəmkirmişdi:
– Ə, bəsdirin! Bu ermənilər o ermənilərdən deyil. Bunların çoxu sonradan erməniyə dönmədilər.
Kiminsə yerindən atdığı “ilanın ağına da lənət, qarasına da” atmacasını qulaqardına vuran Qasım kişi üzünü Elbəyiyə tutub demişdi:
– Professor, kirvələrimizə gəlincə, dəvətnamələr göndərmişik. Xəbər yollayıblar ki, vəziyyət ağırdır, türklərlə əlaqə saxlayanları möhkəm cəzalandırırlar, casus adlandırırlar. Toyumuz kirvələrsiz keçəcək. Düşmənlərin acığına gərək çox yaxşı toy eləyək. Camaat neçə vaxtdır şənlik görmür. Onlarda ruh yüksəkliyini qaldırmaq gərəkdir.
– Orası elədir. Bəs təhlükəsizlik məsələsi? Axı, bizim kənd ön xətdədir, daim atəş altdadır! – deyə Elbəyi israr etmişdi.
Qasım kişi arxayın halda onu inandırmağa çalışmışdı:
– Uşaqlar möhkəm dayanıblar. İki topumuz Hadruta tuşlanıb. O yan – bu yan eləsələr, atalarını yandırarıq. Üç gün əvvəl Surətin göndərdiyi dörd nəfər gəlmişdi. Müdafiə mövqelərimizlə, atəş nöqtələrimizlə, toplarımızla maraqlanıb baxdılar. Bəyəndilər, hələ bizə əlavə silah-sursat göndərməyi də vəd elədilər.
Eh, sadəlövh insanlar!.. Çox yox, bircə gün sonra bilinəcəkdi ki, Azərbaycan zabiti mundirini geyinərək, saxta sənədlə kəndə gəlmiş həmin hərbçilər erməni kəşfiyyatçıları imişlər. Onların erməni olmalarını çöldə hinduşka otaran məktəbli qızcığaz yaymışdı. O, kənddən çıxıb geri dönən bu adamların öz aralarında ermənicə danışdıqlarını eşitmiş, qaçıb anasına xəbər vermişdi. Kəndin başbilənləri, içərisində Qasım kişi də olmaqla, qızcığazın xəbərinə məhəl qoymamışdılar. Möhürlü, imzalı sənədlər göstərən, çiyni səkkizguşəli ulduzlu, azərbaycanca təmiz danışan hərbçilərin erməni kəşfiyyatçıları olduğu ağıllarına belə gəlməmişdi...
Əlqərəz, Elbəyi çoxluğun əleyhinə gedə bilməmişdi. Bir-biri ilə cəlgəşik qohum olan kənd əhli beş bacının üstündə tapılmış sonbeşik Ərturun toyuna çoxdan hazır idi. Beləliklə, təntənəli toy mərasimi baş tutmuşdu. İnsanlara bəxş etdikləri bu sevincdən Elbəyi fərəhlənsə də, bir yanı çəkəcəkli idi, narahatçılıq onu tərk etmirdi. Buna görə də Qasım kişiyə yaxınlaşıb qulağına nəsə pıçıldadı. O, gülərək bərkdən:
-Müəllim, erməni qələt eləyər, bizim kəndə ayaq basmağa cürəti çatmaz, – dedi. Sonra toybaşına yeni göstəriş verdi:
– A bala, bir “Heyvagülü” çaldır. Durna nənəni gətir, kötücəsinin toyunda oynasın, bu hamıya qismət olmur, qoy ibrət götürsün cavanlar.
Qozluçay dərəsindəki kəndlərin ən maraqlı adamlarından biri Qarannı soyundan olan Balyatdı qızı Durna nənə idi. Nə zaman doğulduğunu bilmirdi. Amma birinci uşağı Sinəxanımın Nikolay taxtdan salınanda beş yaşı varımış. Onun yaşını elə qızının doğum ili ilə təyin etmişdilər. Onu da deyirdi ki, ərə gedəndən sonra bir neçə il uşağı olmayıb. Hətta əri Məşədi Məmiş uşağa görə istəyirmiş üstünə arvad alsın. Durna da Allahından imdad alıb, bir-birinin ardınca ərinə iki qız, üç oğlan bəxş edibdir. Durna dövrünə görə çox gözəl, istedadlı qadın olubdur. Ucaboy, mütənasib bədənli, qaz boynu kimi uzun boğazlı Durna hələ əsrin əvvəllərində toylarda üzü açıq oynayarmış. Tərəkəmə tayfalarından olan Qarannı soyunun qadınları da kişiləri kimi qoçaq, mərd, sözübütöv idilər. Gözəl dərzi olan Durna nənə əsrin əvvəllərində Almaniyadan gətirilmiş “Zinger” maşını ilə uzun müddət ətraf kəndlərin qız-gəlininə paltarbiçdi eləyib, neçə-neçə gəlini bəzəyib-düzəyib el arasına çıxartmışdı. Deyilənə görə gözəl at minirmiş. Qarannılar bir az davakar olduqları üçün onlara sataşmaq hər oğulun işi deyildi. Durnanın təhsil almış, gözəl şəkillər çəkən, pəhləvanlıq eləyən böyük oğlanları İkinci Dünya Savaşından qayıtmadılar. Üçüncü oğlu isə Bakıda sovet milisində qulluq edirmiş, hələ müharibədən əvvəl oğrularla atışmada öldürülmüşdü. Durna nənəni bu ağır dərdə dözməyə vadar edən, yaşadan nəvələri olmuşdu. Üç oğlunun yetimlərini Durna öz tikiş maşını ilə saxlayırmış. Amma özü küləcə, arxalıq, çəfkənini Qarakollu Ocaqqulu kişiyə tikdirərmiş. Həmişə də Ocaqqulu kişinin üzünə deyərmiş ki, sən Allah, çalış ölmə! Sən öləndən sonra bunları mənə kim tikəcək?... İş belə gətirdi ki, 60-ci illərdən sonra qədim milli geyimləri nə tikən oldu, nə də geyən.
1918-ci ildə gəlmə ermənilər yerli əhalinin yaşadığı kəndlərə hücum eləyəndə Qarannı qızı Durna Səfəralı yüzbaşının yanına gəlib ki, ona da bir iş tapşırsın: quşu gözündən vura bilməsə də, düşməni alnından vurar.
Müdrik, təmkinli, ədalətli bir insan olan Səfəralı yüzbaşının el arasında böyük hörmət və nüfuzu vardı. Osmanlı türkləri Cəbrayıl qəzasına köməyə gələndə, dəstənin başçısı beş para güney kəndinin yüzbaşısı Səfəralı kişi ilə görüşür, gənc zabiti və əsgərləri ona təqdim edir, sonra isə əlini Balyat, Quşçular dağlarına uzadaraq deyir:
-Əfəndim, erməni gavurları o dağları tutub bu üzə aşsalar, siz də bu zabitlə bərabər güllələnəcəksiniz. Bu dağlar tutuqlansa, kəndlər atəş altda qalar, burada yaşam mümkün olmaz.
Səfəralı yüzbaşı ətraf kəndlərdən döyüşkən igidləri, oğlu Yusif də onların içində, səfərbər edib gənc osmanlı zabitinin ixtiyarına vermişdi. O, həmçinin, dağlardan enməyən əsgərlərin yemək-içməyini bola-bol təmin eləyirdi. Səfəralı yüzbaşının oğlu Yusif də bu döyüşlərdə şəhid oldu.
Amma o zaman ermənilər bu dağları aşa bilmədilər. 60-70-ci illərə qədər həmin müdafiə istehkamları – səngərlər, yeraltı qazmalar hələ də dururdu!..
Səfəralı kişi mütəəssir halda Durnaya “Mənim aslan qızım, biz hələ ölməmişik ha, sən vuruşasan, get qızları yığ başına, əsgərlərə yemək bişirin, qatıq çalın, çətənəli qovurğa qovurun, onların paltarlarını yuyun”, demişdi.
... Nəhayət, Durna nənəni məclisə gətirdilər. O, əvvəlcə xeyir-dua vermək üçün gəlinlə bəyə yaxınlaşdı, gəlinin üzündən öpdü, kötücəsi Ərturun boynunu qucaqlayıb dedi:
– Allah mənə ömür verdi, ölməyib toyunu gördüm, bala. – Sonra Aysunu – ən sevimli, ona oxşayan kötücəsini qucaqladı: – Sənin də toyunu görsəydim, daha bu dünyada kamım qalmazdı, – söyləyib meydana girdi...
Ey sirrini heç kəsə verməyən, nə önü, nə sonu bilinən dünya! Durna nənə kötücəsinin toyunu gördü, amma xoşbəxtliyini də görə biləcəkdimi?!...
Durna nənə qollarını qaldırıb oynamağa başlayanda tamam başqa adam oldu. Onun əyilib qozlanmış beli dikəldi, bükülmüş qolları şax açıldı, balacalaşmış gözləri iriləşdi, üzündəki xəfif qocalıq kədərini ilıq bir təbəssüm əvəz elədi, yanağının qırışları elə bil çəkildi, boyu uzandı. Musiqi sədaları, bu məclis sanki onu əlli il cavanlaşdırdı. Durna nənə sındıra-sındıra narın addımlarla dövrə vururdu. Elə bil ki, o, yeyin, kişilərə xas olan sərt hərəkətlərlə oynayan qızlara dərs verib necə oynamağı öyrədirdi. On taxtalıq, qırçınlı uzun tumanı topuğundan aşağı düşür, ayaqlarını görünməz edirdi. Durna nənə oynadıqca küləcəsinin üstündəki qədim gümüş pullar rəqsə və musiqiyə həmahəng xəfifcə cingildəyirdi. O, hələ əsrin əvvəllərində gəlin gedərkən ərinin bağışladığı gümüş kəməri belinə taxmış, qızıl papağını başına geymişdi. Yaşlıların dediyinə görə, Durna nənənin bədən quruluşu dəyişməmişdi, cavanlığında necə idisə təxminən elə də qalmışdı. Bunu elə 50-60-cı illərdə tikdirdiyi, indi də geyindiyi paltarlarından da bilmək olurdu. Doğrudur, diqqətlə baxdıqda paltarların indi əyninə bir balaca lax oturduğu hiss olunurdu. Lakin bunu hamı görə bilmirdi. Onun anası, Ağdamın Kosalar kəndindən Balyata gəlin köçmüş bəyaz üzlü, sərv boylu, qumral saçlı seyid qızı Sayat da dərin qocalağına qədər qəddi-qamətini saxlamış, sifətində qırış-zad əmələ gəlməmişdi.
Durna nənə oyunu ilə hamını heyran etmişdi. Sanki tarix muzeyinin eksponatını diriltmişdilər... O, XIX əsrdən XX əsrin sonlarına qonaq gəlmişdi.
Xanəndə segah üstə oxudu:
– Bülbülü gülşəndən etdi,
Göz yaşını dən-dən etdi,
Axır səni məndən etdi
Naşı dolana-dolana.
Sayat Novanın sözünə
Sənsiz el gəlməz gözünə,
Qayıtdı dəydi özünə
Daşı dolana-dolana.
Xanəndə üç xalqın aşığı sayılan Sayat Novanın qoşmasındakı “Qayıtdı dəydi özünə, daşı dolana-dolana” beytini təkrarlayıb xüsusi eyhamla oxudu. O, bununla ermənilərin qonşularına atdıqları daşın bir gün qayıdıb özlərinə dəyəcəyinə işarə eləyirdi. Erməni köklü Sayat Nova Qafqazda dostluq misalı sayılırdı. O, üç dildə yazıb yaratsa da ən çox şerləri azəri türkcəsincə idi. Çünki azəri türkcəsi şer-sənət dili kimi qonşularıyla müqayisəedilməz dərəcədə püxtələşib inkişaf etmişdi. Sayat Nova azərbaycan aşıq şerinin çeşidli formalarında nəğmələr qoşmuşdu. Onun gəraylı, qoşma, təcnis, müxəmməs və bayatıları toylarda çox oxunurdu.
Dostları ilə paylaş: |