Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı



Yüklə 1,52 Mb.
səhifə7/34
tarix01.04.2017
ölçüsü1,52 Mb.
#13039
1   2   3   4   5   6   7   8   9   10   ...   34
Ərini erkən itirmiş bir oğul, iki qız anası Fatmabacı ilki Mətini evləndirmişdi, təkcə Mətinin deyil, ailəlikcə bəyəndikləri Firəngiz adlı mülayim təbiətli, gözəl bir qız almışdı. Bir-birilərinə çox yaraşırdılar. Di gəl ki, Fatmabacı gəlinini oğluna yaman qısqanırdı. O, bunu gizlətmirdi də. Hamı bilirdi ki, toylarda oynamaqdan tutmuş birgə yatmağadək hər şey Fatmabacının icazəsi ilə olmalıydı. Ər-arvad Fatmabacı evdə olmayanda görüşürdülər. Axırı Firəngiz dözməyib atası evinə getmişdi. Fatmabacı “Gəlin mənim süpürgəmdi, hara qoysam, orda durmalıdır... Kişi gərək gözəl qızla evlənməsin”, deyərək oğluna başqa qız axtarırdı. Arvadını və bir yaşlı qızını sevən Mətin bir gün dərd-qəmini boğmaq üçün dostları ilə möhkəm içmiş, sonra “Yox, mən ailəmi dağıtmayacağam! Bu saat gedirəm onların yanına”, – deyib sükanın arxasına oturmuş, maşını ağaca çırpıb rəhmətə getmişdi.
Belə fikirlərdən başının ağırlaşdığını duyan Aysu “Yox, mən yatmalıyam, dincəlməliyəm”, deyib gözlərini yumdu. İstədiyi vaxt yatıb durmağı özünə təlqin etməyi, necə deyərlər, “daxili saatı qurmağı” ona Toğrul öyrətmişdi. Axşamdan səhər saat 6-da durmağı özünə təlqin edirdisə, altı radələrində oyanırdı. Yaxud, gündüzlər, xüsusilə imtahana hazırlaşarkən yorulan zaman 15-20 dəqiqəliyə gözünün acısını ala bilirdi...
Bir azdan Aysu yuxuya getdi. Onun yatışı da gözəl idi... Adətən, sağ böyrü üstə uzanır, əl-ayağını büründüyü mələfənin altında elə gizlədirdi ki, təsadüfən onun otağına girənlər başqa mənzərə ilə rastlaşmazdı... Yatarkən sifətində mələk ifadəsi olur, körpə uşaq kimi mışıl-mışıl nəfəs alırdı... Bu gecə isə o, çox narahat yatırdı. Baxan olsa görərdi ki, sifətindəki həmişəki xoş ifadəni qorxu, təlaş əvəz edibdir... Bu, onun gördüyü vahiməli yuxuların təsirindən idi...
... Yuxuda görürdü ki, doğma şəhərdədir... Amma burda hər şey dəyişib... Qardaş qardaşla, qonşu qonşuyla, məhəllə məhəllə ilə vuruşur...Doğma insanlar manqurdlaşıblar, qəhqəhə çəkərək bir-birini qırırlır... Yamyaşıl ağaclar, budaqlarındakı yetişməmiş meyvələr od tutub yanır... Qızılgül kollarındakı açılmamış butalar alova bürünür... Bu cəhənnəmdən qaçıb qurtulmaq istəyən qadın və uşaqların səsi ərşə yüksəlir. Aysu qorxub qışqırmaq istədikdə bir məlakə peyda olur. İstəyir qışqırsın ki, bacı, qurtar məni bu dəhşətdən, bu manqurdların əlindən. Apar məni özünlə göylərə... Amma səsi çıxmır və heç buna ehtiyac olmur. Məlakə onun fikirlərini oxuyur. O, ilahi bir təbəssümlə Aysuya baxır, fikirləri qızın beyninə axır: “Səni anladım”. Sonra haradansa qucağında peyda olmuş oğlan uşağını Aysuya uzadır, ona heyrətlə baxan qıza qayğı və sevgi dolu gözləriylə deyir: “Sən artıq anasan, bu uşağı dünyaya gətirmədən göylərə gedə bilməzsən. Müqəddəs analıq borcunu, insan kimi sənə ayrılmış vəzifəni yerinə yetirməlisən”... Bayaqdan bəri bu məlakəni, uşağı harada gördüyünü xatırlamaq istəyən Aysunun birdən səsi açılır və o, heyrətlə qışqırır: “Müqəddəs Ana, bu Sizsinizmi?”...
Aysu öz səsinə oyandı. Oyanan kimi “Bismillah” deyib salavat çəkdi. Tər içində idi. Dan yeri sökülürdü. Bərk susamışdı. Yarıyuxulu olduğu üçün qalxmadı. Bilirdi ki, tam oyanmamış yataqdan qalxmaq ziyandır. Bir neçə dəqiqə keçdi. Özünə tam gələndən sonra qalxdı, bardaqdan bir fincan su süzüb içdi. Yenidən yatağa girib gördüyü yuxunu yozmağa çalışdı. Durna nənəsindən eşitmişdi ki, səhərə yaxın görülən yuxular çin olur!...
Aysu yuxugörmələrinə inanırdı. Dəfələrlə sınamışdı, yuxusu çin çıxmışdı. Hələ birinci kursda oxuyanda bir gecə yuxuda görmüşdü ki, Toğrul xəstəxanadadır ... Bu xəbəri eşidib həkimin yanına gedir. Ağsaçlı, nurani sifətli həkim təhlükənin sovuşduğunu söyləyir. Aysu xoş xəbər üçün ona, qəribə olsa da, bir alışqan və bir qutu “Kent” siqareti verir... Səhər yuxudan duran kimi Toğrulgilə telefon açmış, Bənövşə anadan Toğrulun hansı xəstəxanada yatdığını soruşmuşdu. Ünvanı alan Aysu xəstəxanaya cummuşdu. Yolüstü bir alışqan, bir qutu da siqaret almışdı. Onu palataya buraxmadıqları üçün əvvəlcə həkimin yanına getmişdi və hər şey yuxuda gördüyü kimi olmuşdu. Həkim ona ağ xalat verib özü ilə xəstənin yatdığı palataya aparmış, Toğrula “Sənin çox həssas bacın var” demişdi... Aysunun sonralar ata-anası, yaxın rəfiqəsi ilə bağlı gördüyü yuxuları da çin çıxmışdı... İndiki yuxusu isə ona həm sevinc, həm də kədər gətirdi...
“Deməli, daxili qarşıdurma şiddətlənəcək, düşmənlərin qurğusu baş tutacaq... Mən hamilə olacağam...” deyə düşünən Aysu diksindi. İvanın umacaqlı baxışlarını yadına saldıqda cismini istilik basdı, yerindən dikəldi, əllərini göyə qaldırıb Allaha yalvardı: “Ulu Tanrı, məni özün qoru!” Sonra birdən srağagün Toğrulla yaxınlığı yadına düşdü, sanki həyəcandan alışıb-yanan bədəninə sərin su səpdilər... “Mən artıq hamilə olmuşam, Toğruldan uşağım olacaq... Onu yaşatmaq üçün yaşamalıyam”, deyə sevinclə pıçıldadı, ixtiyarsız olaraq əlini qarnına çəkdi: “Dörd həftədən sonra hər şey bilinəcək”.
Həyəcanı ötüşmüş qızı süstlük basdı, bərk yorğunluq hiss etdi. Başını ehmalca yastığa qoyub gözlərini yumdu... Amma daha yuxu görmədi, daş kimi yatdı...
Onu pəncərədən düşən günəş şüaları oyatdı. Saata baxdı. Artıq on idi. Dincələ bilmişdi. Fikirləri durulmuş, başındakı ağırlıq keçib getmişdi. Adətən, səhərlər elə otaqdaca yarım saatadək bədən hərəkətləri ilə məşğul olardı. İndi də yataqdan qalxıb yüngül səhər gimnastikası etməyə başladı. Çox keçmədi bədəni qızışdı. Otağın havasını təzələmək üçün pəncərənin bir tayını açdı. Təmiz havanı ciyərlərinə çəkib Qozluçaya tərəf baxdıqda kövrəldi. Dərindən ah çəkib ürəyindən gələn bayatını pəsdən Yetim Segah üstə zümzümə etdi:

– Əzizinəm Qarabağı,


Günümün qara bağı.
Gorbagor olsun cəllad
Kor qoydu Qarabağı.

Mən aşıq qəm daşıyan,


Od vurdum, qəm daşı yan!
Kimsə olmaz mənim tək
Dərd çəkib, qəm daşıyan...

Əslində o oxumurdu, ağı deyirdi... Viran qalmış bir yurd üçün ağlayırdı... Nahaq yerə deməyiblər ki: Qarabağda uşaq ağlayanda da muğamat üstə ağlayır...


– Aysu, oyanıbsanmı?
Qapını taqqıldadan Aksananın səsi onu öz aləmindən ayırdı. “Yaşatmaq üçün yaşamalıyam, taledən qismətimə belə məram çıxıb!”– deyib özünü ələ aldı.
– Oyanmışam, – deyib qapını açdı.
– Mənim sənə sürprizim var, – deyən Aksana onun yol çamadanını qapının kandarına qoydu. – Görürsən də, İvan sənin üçün nələr edir. O, tezdən evdən çıxandır, bunu başqası ilə göndərib. Onu gözləməyəcəyik, çay hazırdır, əl-üzünü yu, gəl. Sonra paltarını dəyişərsən.
– Çox sağ olun, – deyə Aysu salonun o başındakı yemək stoluna sarı gedən Aksanaya minnətdarlığını bildirdi.
Aysu “Əclaflar talanı da, oğurluğu da nizam-intizamla edirlər”, deyə düşünsə də, nadir bir tapıntıya rast gəlmiş kimi sevinirdi. Acı-acı gülümsəyərək atasının son zamanlar tez-tez təkrarladığı bir məsəli xatırladı: Allah kasıbı necə sevindirir? Əvvəlcə eşşəyini itirdib, sonra tapdırır və kasıb itirdiyi ulağını tapdığı üçün sevinir... Çamadan qızda qəribə hisslər doğurdu, onu kövrəltdi. Sanki bu çanta əlçatmaz bir dünyadan gəlmişdi... Yaxşı ki, çamadanın rəqəmlə bağlanan qıfılını ermənilər aça bilməmişdilər. Səliqə ilə yığdığı yol paltarları, əl-üz dəsmalı, həm özü üçün, həm də tanış, qohum qızlara hədiyyə üçün götürdüyü kosmetika qutuları, ətir və dezodorantlar, əl çantası, onun dibindəki gizlinc yerdə qədimi qəmə yerində idi. O, çantadan çıxardığı xalatını geyindi, cins şalvar və köynəyini, alt paltarını geyim dolabından asdı. “Ah, bu nə yaxşı oldu, Aksananı sevindirərəm”, – deyə Aysu bir kosmetika qutusu, bir şüşə ətir və dezodorant götürüb kənara qoydu. Əl-üzünü yuyub, saçını daradıqdan sonra onu gözləyən Aksananın yanına getdi. Gətirdiyi hədiyyələri ona uzadıb dedi:
– Buyurun, Aksana xanım, kasıbın olanından.
Aksana hədiyyələri görüb bərk sevindi. Əski bir sovet adamı kimi hədiyyələrdən çox ona üzərində gözəl rəsmləri olan, yaxşı tərtib edilmiş qutular təsir etmişdi.
-Müqəddəs Mariya, ilin-günün bu vaxtında dünyanın ucqar bir yerində belə gözəl hədiyyələr!.. Axırıncı dəfə nə zaman kosmetika işlətdiyim yadıma gəlmir, – deyə o, Aysunu qucaqladı.
Aksananı qınamalı deyildi. 1989-cu ildən, Bakı ilə əlaqələri kəsiləndən sonra Dağlıq Qarabağın təminatı xeyli pisləşmişdi. İran, Türkiyə vasitəsilə Azərbaycana gündəlik tələbat malları gəlirdi. Əsasən, Rusiya ilə əlaqələri olan Ermənistana, oradan da Dağlıq Qarabağa yalnız silah, sursat gətirilirdi...
Aksana Aysu üçün çay süzdü, yağ, pendir, yumurta və soyutma toyuq ətindən ibarət səhər yeməyini onun qabağına çəkdi:
– Sən başla, mən yemişəm, – deyib hədiyyələrini götürdü, özünü girəcəkdəki bədənnüma güzgünün qarşısına verdi.
Aysunun iştahası olmasa da hər təamdan bir az daddı. O, özünü məcbur edib tikələri ağzına qoyduqca fikirləşirdi: “Mən təkcə özüm üçün yemirəm. Körpənin ana bətnində sağlam maya tutub böyüməsi üçün, gərək ilk günlərdən əlimdən gələni eləyəm”... Gördüyü yuxu onu necə əfsunlamışdısa, özünü artıq ana hesab edirdi.
Bəzənib-düzənərək üz-gözünə boya çəkmiş Aksana güzgüdən aralanıb nazlana-nazlana ona yaxınlaşdı:
– Bir mənə bax, gör necə dəyişdim, düz on yaş cavanlaşdım. Sizdə bir məsəl var, gözəllik ondur, doqquzu dondur. Hədiyyələrə görə bir daha sağ ol, – deyib Aysunu qucaqlayıb öpdü. Onun sanki qələmlə çəkilmiş qaşlarını, qırmızı totuq dodaqlarını, al yanaqlarını indi görürmüş kimi heyrətləndi: – A, sən deyəsən heç kosmetika işlətmirsən?! Allah sənə təbii gözəllik verib. Bəs onda bunlar nəyinə lazımdır?
– Hədiyyə üçün alıb gətirmişdim. Mən yalnız ətir və təbii sürmədən istifadə eləyirəm.
-Ətiri başa düşdüm. Bəs o sürməyə nə ehtiyac var? Axı, sənin qaş-gözün qapqaradır?
-Sürmə təkcə bəzək üçün yox, göz xəstəliklərinin qarşısını alır, gözü işıqlı, təravətli saxlayır. Toz halında olan təbii sürməni Şərq ölkələrindən gətirirlər. Şərqdə lap balaca qızların da gözlərinə sürmə çəkirlər,– deyə Aysu Durna nənəsinin ona öyrətdiklərini xatırlayıb əlavə etdi: – Sürməni kipriklərin alt və üstünə nazik xətlə çəkirlər... Amma mənim sürməlik halım qalmayıb, – deyən Aysunun gözləri doldu. – Çox qəribə yuxu görmüşəm. Qarşıda məni çox ağır imtahanlar gözləyir... Müharibə qızışacaq, Azərbaycan od tutub yanacaq.
Xasiyyətcə mehriban, xeyirxah insan olan Aksana getdikcə Aysuya daha çox isinişirdi. Bəlkə də bu onun uzun müddət belə saf, təmiz, ürəyiaçıq bir insanla rastlaşmamasının nəticəsi idi. Yenicə tanış olduğu bu gənc qızın dərd içində belə üzülməsi onu çox təsirləndirdi:
– Görünür, narahat yatıbsan, başında qaynayan fikirlər yuxuna girib. Belə şeyləri vecinə alma.
– Yox, Aksana, mənim yuxularım düz çıxır. Mən yuxularıma inanıram.
– Bəlkə, bir musiqi dinləyək, kefin açılsın, – deyə Aksana aynabəndin bir küncündə qoyulmuş televizor və radio cihazlarına sarı getdi. Əvvəlcə televizoru qurdaladı. İvan evin damında xüsusi antena quraşdırdığı üçün onlar televizorla çox ölkələrin telekanallarına baxa bilirdilər. O, Aysuya xoş olsun deyə Bakının üstündə dayandı. Az.Tv 1-də konsert yox idi. Amma diktor çox həyəcanlı danışırdı. Aksana pultun düyməsini basıb başqa kanala keçirmək istədikdə rəngi avazımış Aysu yerindən sıçradı, dedi:
– Qoyun qalsın, Aksana xanım! Mühüm məlumat verirlər!..
Aksana televizorun səsini artırdı. Diktorun həyəcanlı səsi otağı bürüdü. Nəfəsini içinə çəkmiş Aysu diktora qulaq asdıqca rəng verib rəng alırdı... Kadr dəyişdi, ekranda Gəncənin baş meydanında əlisilahlı əsgərlərin əhatəsində dayanmış Surət Hüseynov göründü...
Halsızlıqdan divan balışına dirsəklənən Aysu dikələrək ona təəccüblə baxıb nə baş verdiyini tam anlamayan Aksanaya eşitdiklərini danışdı:
– Azərbaycan hərbi çevriliş, vətəndaş müharibəsi təhlükəsi qarşısındadır. Öz qüvvələrini Gəncəyə toplamış üsyançı polkovnik rəsmi Bakıya qarşı çıxır. Bu, onun işi deyil. Arxasında başqa dövlət durur, döyüşçüləri yerli muzdlulardan ibarətdir...
Sonra o istədi izah eləsin ki, bu olayların arxasında Rusiya durur. Rusiyanın hakim dairələri yerli muzdluların əli ilə Bakıda hakimiyyəti yıxmaq, öz qoşunlarını geriyə qaytarmaq, Azərbaycanı yenidən əsarət altına almaq xülyasından əl çəkməyib. Amma ürəyindəkiləri dilinə gətirmədi. Düşündü ki, bunları hələ yaxşı tanımadığı Aksanaya deməyin nə lüzumu? Zatı-kökü qatışıq Aksana nə qədər neytral bir adam olsa da, rus-sovet tərbiyəsi almışdı, yaxın keçmişdə bu regionda hakim xalqın nümayəndəsi olmuşdu...
Ekranda Bakının doğma küçələrini, həyəcanlı, kədərli sifətləri görən, doğma diktorun səsini eşidən Aysu kövrəldi, sanki ürəyini tutub sıxdılar... Bütün varlığını bir sızıltı sardı... İlıq göz yaşları yanağı aşağı selləndi...
Aysu öz dərdini unutmuşdu... O, Vətən üçün ağlayırdı. Öz övladlarının bir-birini qanına qəltan etməsi ilə fəlakətə sürüklənən Vətən üçün göz yaşı tökürdü... Xalqı, milləti üçün hıçqırırdı... Onun öldü-qaldısından xəbəri olmayan, əli qoynunda nigaran qalmış ata-anası, indi qəzəbdən, dərddən üzülən Toğrul üçün hönkürürdü...
Azərbaycanın başı üstünü yenə qara buludlar almışdı... O buludların yükü qan idi, qıpqırmızı qan...

El dərdi, bala yanğısı



Dəyirmanlı camaatı yurdsuzluğunun üçüncü gününü yaşayırdı... Tifağı dağılmış kənd əhalisinin bir qismi üzüaşağı kəndlərdəki qohumlarının, tanışlarının evinə pənah apardı; digər qismi isə Bakıdakı, Sumqayıtdakı yaxınlarının yanına getdi. Hadrutu atəş altında saxlaya bilən Dəyirmanlının əldən verilməsi üzüaşağı digər kəndlərin də əhalisinin gözünü qırdı. Ümidsizliyə düçar olmuş adamların arasında bir kabus dolanmağa başladı. Bu kabus onların qulaqlarına pıçıldayırdı: “Torpaqları satıblar, qaçın canınızı qurtarın... yoxsa, sizləri də Xocalı, Dəyirmanlı müsibəti gözləyir...”
Qozludərə kəndləri boşalırdı... İmkanlılar arvad-uşağı çəkidə yüngül əşyalarla Horadiz dəmiryol stansiyasına, oradan Bakıya göndərirdilər.
Qozludərənin qurtaracağında, burdan o yana dağların kiçilib təpələrə çevrildiyi yerdə bir kənd vardı. Bu, Qozludərənin sonuncu kəndi idi. Üçüncü gün idi ki, qar kimi ağsaçlı bir kişi kəndin qırağındakı dikdirə qalxıb, saatlarla buradan hələ də tüstülənən Dəyirmanlıya, düşmənin fitnə-fəsadını, məkrli planlarını qoynunda gizləyən Hadruta baxırdı... Baxdıqca dərd-kədərdən əriyir, saatbasaat qocalırdı. O, Elbəyi müəllim idi. Üç gün öncəki ağlı-qaralı saçları indi dümağ olmuşdu. Al-qırmızı hamar yanaqları solmuş, sifətində qırışlar əmələ gəlmişdi. Ucaboy kişi yumağa dönmüşdü. Dərd üstən gələn dərd onun qəddini əymişdi... Qızını girov aparmışdılar... Qardaşı oğlu toy günündə gəlini ilə qanına qəltan edilmişdi. Dədə-baba yurdu yağmalanıb viran olunmuşdu...
“Onun namusuna toxunsalar, özünə əl qaldıracaq”, – deyə pıçıldayan ata yenicə açmış qızılgül kimi təmiz qızının erməni əsgərləri əlində çırpınmasını xəyalına gətirdikdə, təsvirə gəlməyən iztirab keçirirdi, az qalırdı ağlı başından çıxsın, bayılıb yıxılsın... Bu məqamda acı göz yaşları, sinəsindən qopan hönkürtü onun dadına yetirdi, yüngülləşib özünü ələ ala bilirdi.
“İnsanın üzü necə bərk olarmış...” deyə bu dərdə dözə bilməsinə təəccüblənən Elbəyi tez-tez Tanrıya yalvarırdı ki, qızını xilas etmək üçün ona güc versin, ümidini kəsməsin...
Əslində onu ümid saxlayırdı. Yerli Qarabağ erməniləri gəlmələr kimi deyildi. Onlar əksər hallarda əsir, girov düşmüş qadın və qızların namusuna toxunmurdular, gizlincə bu tərəfə xəbər göndərir, dostluğun, tanışlığın dərəcəsinə görə, bəzən təmənnasız, əksər hallarda isə pul alıb onları təhvil verirdilər.
Dəyirmanlını tutandan sonra erməni qüvvələri hücumu dayandırmışdılar. Ertəsi gün isə əsir götürülənləri, meyitləri dəyişdirmək üçün ratsiya ilə danışıqlara başlanmışdı. Azərbaycan tərəfi Ərturla Narçiçəyin, Qasım kişinin, qızları xilas edərkən həlak olmuş Elsevər adlı döyüşçünün cəsədlərini və girov götürülmüş Aysunu istəyirdi. Ermənilərsə əsir düşmüş iki əsgəri və bir neçə meyiti tələb edirdilər. Aysu üçünsə əlavə pul istəyirdilər. Lakin ikinci danışıqda ermənilər Aysunun verilməsi məsələsinin təxirə salınmasını, bunun ayrıca danışıq mövzusu olmasını bəyan etmişdilər. Aysunun da qaytarılmasını israr edən Azərbaycan tərəfinin təkidi, nə qədər pul tələb olunmasını bilmək istəməsi nəticəsiz qalmışdı.
“Onlar çox pul qoparmaq üçün belə edirlər”, deyə yerli döyüşçülər Elbəyi müəllimə təskinlik vermişdilər. Elə buna görə də Elbəyi müəllim arvadını Bakıya pul dalınca göndərmişdi. Qönçə xanım evdəki ehtiyatı götürməli, qohum və dostlara ağız açmalı, yığılan məbləği Toğrulla göndərməli idi. Elbəyi özü isə düşərgahını müəllim yoldaşı Rəfədinli Telmanın ata evində salmışdı. Bu evdə çox çörək kəsmişdi, ömrə-günə yazılan xoş vaxtlar keçirmişdi. Qardaşıgilin ailəsi isə çökəkdəki Qaratikanlı kəndindəki qohumlarıgilə sığınmışdı. Onun düşərgahını Rəfədinlidə salmasının əsas səbəbi kəndin dağın döşündə, hündürdə olması idi. Buradan bütün Qozludərə kəndləri, Hadrut əl içi kimi görünürdü. Dağın təpəsinə qalxıb güney tərəfə aşdıqda isə göz önündə qədim Cəbrayıl bölgəsinin bir parçası, hələ heç bir rəssamın çəkmədiyi gözəl bir mənzərə canlanırdı. Ön planda Balyat, Qaracallı kəndlərinin bağlarından, taxıl zəmilərindən, rəmələrindən başlayan, kətana köçürülməmiş bu tablo getdikcə kiçilib əriyən təpəliklərdə yaşıl adaları xatırladan Horovlu, Quycaq, Nüzkar və nəhayət, Arazın qırağındakı məşhur Mərcanlı, Maraylan kəndlərindən keçərək çayın o tayındakı Qaradağ mahalında tamamlanırdı.
“İnsan oğlu üçün ən ağır əzablardan biri namus və şərəfinə toxunan düşmən qarşısında öz acizliyini görüb, için-için ürəyini yeməsidir” – deyə fikirləşən Elbəyi 1990-cı ilin 20 yanvar qırğınını xatırladı. Birinci dəfə “acizlik əzabını” o vaxt sovet qoşunları Bakıya hücum edəndə – rus əsgərlərinin arasındakı Hayastan və Rostov ermənilərinin “ananızı belə ağladarıq” deyərək bərkdən söyə-söyə şəhərin giriş yollarını bağlamış əliyalın insanlara atəş açan zaman yaşamışdı...
İkinci dəfə isə indi yaşayırdı... Üçüncü gün idi ki, qızı düşmən əlində idi, heç nə edə bilmirdi. Əvvəlcə özünü lənətləyirdi ki, qızını gəlin otağına göndərməsəydi, birgə qaçıb qurtula bilərdilər. Amma sonra kəndin alınmasını təhlil etdikdə, mağardakı qız-gəlinin hamısının girov götürülməsini yada saldıqda görürdü ki, yox, yanılır.
... Elbəyi Aysu ilə Narçiçəyi qızlarla gəlin otağına göndərdikdən sonra ərzaq ehtiyatına baxmaq üçün həyətin aşağısına enmişdi. Toyun qızğın vaxtı ev qadınları buradakı talvarın altında salat hazırlamaqla, qab-qacaq yumaqla və s. işlərlə məşğul idilər. Yemək qazanları da burada asılmışdı, toyda kəsiləcək qoyunlar da bir kənarda bağlanmışdı. Elə bu dəm erməni əsgərləri mağara hücum çəkmişdilər. Onları görən Elbəyi sövq-təbii olaraq, keçmiş hərbçi kimi alçaq səslə göstərişlər verməyə başlamışdı:
-Əlinizdəkiləri yerə qoyun, səssizcə Böyük bağa gedin. Cınqırınızı çıxarsanız, ermənilər bura atəş açacaqlar.
Qönçə də içərilərində olmaqla iyirmiyə yaxın qadını Böyük bağa ötürüb üzüaşağı getmələrini tapşıran Elbəyi müəllim geri qayıdıb, ağacların arası ilə Aysugilin gizləndiyi otağa sarı getmək istədi. Bu zaman atışma qızışdı. Qasım kişi tapançasını çıxarıb bir erməni əsgərini gəbərtdi. Onun özünü də vurdular. Tapançası olan bir neçə nəfər də ermənilərlə atışa-atışa özlərinə Böyük bağa tərəf yol açmağa çalışdı. Mağarı mühasirəyə almış erməni əsgərləri yerə yatıb Böyük bağ tərəfi atəşə tutmağa başladılar. Qaçanlardan birini də vurdular. Ağacların arxasında daldalanıb 3-4 tapança ilə son güllələrinə qədər vuruşan həmkəndlilərinə heç bir kömək edə bilməyən Elbəyi naəlac qalmışdı. O, bu vəziyyətdə qızların yanına gedə bilməyəcəyini anladı. Güllələri qurtarmış həmkəndliləri geri çəkilərkən onlardan birini də vurdular. O yumbalanıb Elbəyinin daldalandığı ağacın yanında bənd aldı. Elbəyi ehmalca bu cavan oğlanı ağacın arxasındakı çalaya çəkdi, istədi yarasını sarısın. Amma tez də qərarını dəyişdi. Əvvəlcə onu təhlükəsiz yerə aparmaq lazım idi. Hadrut tərəfdən ermənilərin ikinci dəstəsinin gəlməsini hər an gözləmək olardı. Elbəyi kolluqların arası ilə əyilə-əyilə yaralını Böyük bağa tərəf çəkib aparmağa başladı. Əlli metr getmişdi, dönüb arxaya baxdı. Yaşıl çayırlığın üstündə qırmızı cığır salınmışdı. Oğlanı qan aparırdı. O, qan itirməkdən ölə bilərdi. Elbəyiyə vəhşi bir güc gəldi, bayaqkından ikiqat sürətlə onu Böyük bağın içərilərinə sarı çəkməyə başladı. Bağa girdikdən sonra qarşıdakı zoğallığın arxasına keçdi. Yaralını yerə uzadıb toxtaqlıq verdi.
– Qorxma, oğlum. Bu saat yaranı sarıyaram. Özünü necə hiss edirsən?
Bənizi qaçmış gənc gözlərini açdı:
– Qorxmuram, amma gücüm getdikcə tükənir.
Elbəyi onun yaralarını müəyyən etdi. Bir güllə sağ ayağının baldırına, o birisi sol çiyninin sümüyünə dəymişdi.
– Yaraların ölümcül deyil. Qanaxmanı kəsməliyik.
Onun bu sözləri gənci toxtatdı, gözlərində ümid işığı yandı.
– Sol əlimlə sağ ayağımı tərpədə bilmirəm. Amma sağ əlimlə sol ayağım normaldır. Avtomat olsa birəlli də ata bilərəm.
Gəncin döyüş əzmini itirməməsi Elbəyinin gözlərini yaşartdı:
– Kimin oğlusan?
– Məni tanımadınız, Elbəyi müəllim? Xalanız qızı Yasəmənin nəvəsiyəm, adım Buluddur.
– Maşallah, nə yaman böyüyübsən... İndi bu saat hər şeyi yoluna qoyarıq. Ən əsası budur ki, özümüzü itirməyək, – deyə Elbəyi həmişə özü ilə gəzdirdiyi kiçik cib bıçağı ilə Buludun yaralanmış qılçasında şalvarın ayağını uzunlamasına kəsdi, qısaqol köynəyini soyundurdu. Sonra özünün alt köynəyini çıxarıb iki yerə böldü, şok vəziyyətindən çıxıb azacıq özünə gəlmiş Buluda arxasını ağaca söykəyib oturmağa kömək etdi.
– Oğul, indi yaranı bişirib sarımaq lazımdır. Bizim nə spirtimiz, nə də yodumuz var. Durna nənə uşaq barmağını kəsəndə neylərdi? İşədərdi üstünə. İndi bunları sidiyinlə islat, yaralarını sarıyım, – deyə Elbəyi ikiyə böldüyü alt köynəyin bir parçasını cırıb Buluda verdi, üzünü yana çevirib dedi:
– Utanmaqdan keçib, bala, tez elə.
Bir neçə dəqiqədən sonra Elbəyi Buludun yaralarını sidikli əsgi ilə silib təmizlədi. Daha sonra qanaxmanı kəsmək üçün yan-yörələrindəki gicitkanların başındakı körpə yarpaqlardan, qantəpər otundan bir ovuc dərdi, onları suyu çıxana qədər yaxşıca ovub yumşaltdı, yaraların üstünə basıb ikisini də sarıdı. Qanaxması getdikcə azalan Bulud zəif səslə dedi:
– Məni ölümdən qurtardınız, Elbəyi müəllim. Allah əvəzini versin.
– Oğul, bu bizim borcumuzdur. Siz hamınız bizim balalarımızsınız, vuran əllərimizsiniz.
– Biz çalışdıq ki, gəlini başının qızları ilə xilas eliyək. Nə fayda, düşmən güc gəldi. Mənim deyiklim də gəlin otağında qaldı... – deyərkən Buludun gözlərində sanki ildırım çaxdı. Çox keçməmiş onun naməlum nöqtəyə zillənmiş qəzəb və nifrət dolu baxışlarını acizlik və gücsüzlük ifadəsi əvəz elədi... Bir cüt göz yaşı yanaqları aşağı yuvarlandı. Onun dərdi yurd-yuvasını dağıdıb sevgilisini aparan düşmənə qarşı heç nə edə bilməyən gənc bir aşiqin bu dünyada çəkdiyi ən ağır işgəncə idi...
Elbəyi hirsini boğmaq üçün dodaqlarını gəmirən Buluda pıçıltı ilə toxtaqlıq verdi:
– Özünü ələ al, oğul. Həyat davam eləyir. Yurdunu, sevgilini qaytarmaq üçün, intiqam almaq üçün sən yaşamalısan...
Elbəyinin dili bu sözləri desə də ürəyi yarpaqtəki əsirdi. Düşmən əlində qalmış qızını, qardaşı oğlunu, gəlini xatırladıqda dizləri titrədi, qolları boşalıb yanına düşdü. Onu qəhər boğduğu üçün sözünün gerisini gətirmədi. Əgər dillənsəydi Buluda qoşulub hönkür-hönkür ağlayacaqdı. Amma indi nəsə etmək lazım idi. Neyləsin? Yaralını burada qoyub geriyəmi, ciyərparasına köməyəmi qayıtsın? Geriyə qayıtsa o, əliyalın neyləyə biləcək? Yoxsa yaralı Buludu irəliyə aparıb camaata təhvil versin, orada girovları xilas eləmək üçün birgə tədbir töksünlər? Ətrafda insanı vahimələndirən bir uğultu vardı. Bağ çox qalın olduğundan yuxarıda mağar tərəfdəki səs-küy çox zəif, boğultulu şəkildə eşidilirdi, heç nə ayırd etmək olmurdu.
Amma deyəsən atışma kəsmişdi. Tərəddüdlər içində üzülən Elbəyi ağlın hökmünə qulaq asıb, son qərarını verdi və onu həyata keçirmək üçün zoğallıqdan çıxıb ehtiyatla ətrafdakı ağaclara göz gəzdirdi. Bağın içi təhlükəsiz idi. Ermənilər risk edib indi bura girməzdilər. O, yaxınlıqdakı cavan qızılağacın şaxəli budaqlarından birini dartıb gövdədən ayırdı, sürüyüb zoğallığa qayıtdı. Onun nə etmək istədiyini anlamayan Buluda dedi:
– Oğul, sənin yaraların ölümcül olmasa da ağırdır, təcili müalicə gərəkdir. Biz özümüzü camaata çatdırmalıyıq, hərbçilərlə əlaqə saxlamalıyıq. Sən yeriyə bilməzsən. Mən səni bu qızılağac şaxının üstünə uzadıb sürümək istəyirəm.
Sonra yan-yörəsindəki ətirli otları qoparıb şaxın üzərinə düzdü, Buludun etirazına baxmayaraq onu şaxın üstünə uzandırdı. Hər ehtimala qarşı əvvəlcə başını zoğallıqdan çıxarıb ətrafa baxdı. Kimsə yox idi... Allahı çağırıb ustufca şaxı sürüyüb zoğallıqdan çıxardı, yıxılmamaq üçün Buluda pıçıltı ilə salamat əli ilə şaxın gövdəsindən yapışmağı tapşırdı. Üzüaşağı olduğu üçün yük çox ağırlıq eləmirdi. Hər əlli-altmış metrdən bir o dayanır, çöməltmə oturub nəfəsini dərir, ətrafa qulaq verirdi. Təxminən üç yüz metrdən sonra o, sağ tərəfdə bir şaqqıltı eşitdi. Başını ehtiyatla qaldırıb ətrafa göz gəzdirdikdə arxadan onu səslədilər:

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin