– Necə bəyəm?
– Yəni dünyanın balansı pozulacaq. Qabaqlar yer üzərində iki super dövlət vardı: ABŞ və SSRİ. Biri dünyanın bu üzündə idi, digəri o üzündə. Dünyanın tərəzisinin iki gözü də bərabər idi. Sovet dövləti dağılandan sonra dünyada tək bir super dövlət qalıbdır. İndi əgər Rusiya qonşulara qonşutək baxsa, onları yan-yörəsinə təzədən yığa bilsə, dünyanın balansı pozulmaz. Amma çətin...
Onlar gün əyilənə kimi söhbət etdilər, siyasətdən yorulub, ötən günləri yada saldılar. Sonra saata baxan Oruc üzrxahlıq elədi:
-Dəlini qonaq aparırlar, geri qayıtmaq istəmir, deyir ki, bura evimizdən yaxşıdır. Vallah, iş-güc olmaya, oturub sənə qulaq asasan. Yoxsa bu qəzetlərin hərəsi bir şey yazır, cərəyan eləyən hadisələrdən baş açmaq olmur. Amma neyniyim ki, ev-eşikdə işim başımdan aşır. On qoyunum, bir inəyim var. Dərsdən sonra ancaq vaxtım onlara baxmağa çatır. Məni saxlayan o heyvanlardır, bir də qapıdakı meyvə ağacları, bostan. Yoxsa maaşla külfəti dolandıra bilmərəm. Dörd qızın üstə bir oğul tapmışam, o da ən kiçiyidir, mənə əl yetirə bilmir.
“Eh, ehtiyac, ehtiyac!.. Bir vaxtlar elmi axtarışlardan, gələcək uğurlardan danışan Oruc indi ancaq ailəsini dolandırmaq üçün bir parça çörək haqqında düşünür...” Elbəyi təəssüflə fikirləşdi, amma özünə heç nə demədi. O, dostunu kəndin kənarınadək ötürdü. Buradan o yana Oruc qoymadı, “yanına gəlib-eliyən olar”, dedi.
İki dost, iki təmiz insan qucaqlaşıb ayrıldılar... Hər ikisi doluxsunmuşdu, bir-birini buraxmaq istəmirdilər. Özləri-özlərini başa düşə bilmirdilər. Bərk kövrəlmişdilər... Elə bil dünyanın sonu idi...
Ey gidi dünya!.. Onların ağlına belə gəlmirdi ki, hər şey arxada qaldı... Bu gün onların dostluq tarixinin son səhifəsi yazılıb elə buradaca nöqtə qoyuldu... Bu, onların son görüşü idi...
* * *
Elbəyi yoldan aralanıb dikdirə çıxdı, uzaqlaşan Orucu baxışları ilə ötürməyə başladı. İstərdi ki, onunla Xırxaya qədər getsin, bu qəribə yeri bir də ziyarət etsin. Xırxa Qozludərə kəndləri ilə Balyat, Qaracallı kəndlərini ayıran dağ silsiləsinin ortasında sağ-solu sıldırım qaya olan dar bir keçid idi. Bilmək olmurdu, bu qayaları insan əli yarmışdı, yoxsa ulu təbiət özü yol açmışdı... Dağın zirvəsində, su-zad çıxmayan bu keçiddə yaşı bilinməyən bir neçə iri dağdağan ağacı bitmişdi. Bu dağdağanlar Balyat dağlarının o üzündən də, bu üzündən də çox uzaqlardan görünürdü və gündüzlər yolçulara bir nişangah, bəlgə idi. Bu kəndlərdə odun qıt idi. Xəlvətə düşəndə yanacaq naminə ağac nədir, kol-kosa da dəhrə çalan camaat o dağdağanlara toxunmurdu. Xırxanı pir sanırdılar, oradan ötüb keçənlər dua edir, əhdi olanlar yolun kənarında qalaqlanmış daşların üstünə nəzir-niyaz da qoyurdular. Dağdağan da çinar kimi müqəddəs ağac hesab edilirdi. Bu bölgədə çinarlar öz əcəli ilə ölərdi. Onların qurumuş dümağ iri budaqları, sonra nəhəng gövdələri güclü küləkdən sınıb yerə düşər, çürüyüb torpağa qarışardı. Çinarı yandırmaq günah sayılırdı. Dağdağan ağacından isə bədnəzərdən qorunmaq üçün müxtəlif fiqurlar, amuletlər düzəldərdilər...
Xırxa yolu kəsə idi, çox dik olduğundan onunla nəqliyyat vasitələrindən ancaq at-eşşəklə getmək olardı. Əslində 50-ci illərdən sonra avtomobil yolları şəbəkəsi genişləndikcə, Xırxanın “yol statusu”nu alıb cığıra çevirmişdilər. Dağın o üzündəki güney camaatı Füzuliyə, Ağdama, Şuşaya, Yevlağa gedib-gəlmək üçün daha Xırxadan aşmırdı, bu kəndlərin aşağısından keçən avtomobil yoluna çıxırdı. Bu yol get-gedə əriyib kiçilən dağ silsiləsinin başına dolanıb yenidən Xırxanın tuşuna gəlir, sonra şimala sarı qıvrılırdı...
Dolanbac yollara baxan Elbəyinin gözləri yol çəkirdi. Onun gözlədiyi xəbəri bu yollar gətirəcəkdi... Hadrat və Qozluçay tərəfdən, Xırxadan, Xudafərin, Cəbrayıl tərəfdən gələn irili-xırdalı yollar “Dörd yol” deyilən yerdə yenidən ayrılmaq üçün birləşirdi... 35 il qabaq on yeddi yaşlı Elbəyi əynində ağ parusin şalvar-pencək, əlində taxta çamadan “Dörd yola” çıxmış, Bakı tikintilərində fəhlə işləyən həmkəndlisi ilə bir neçə saat gözlədikdən sonra yük maşınının kuzovunda Horadiz stansiyasına getmişdi. Sonra isə birinci vaqonda paravozun buraxdığı daşkömür tüstüsünü uda-uda Bakıya gəlmişdi. Buradan yollar onu şərqdə Tyan-Şan dağlarının ətəklərinə qədər, qərbdə Şimali Afrika səhralarınadək aparmışdı...
Çox diyarları gəzmiş, görmüşdü, çox mənzərələrə valeh olmuşdu. Amma onun üçün dünyanın ən gözəl guşəsi Qozludərə idi. Onun ağlı kəsəndə, ətrafındakıları duyub qavramağa başlayanda yaddaş deyilən anlam burada yaranıb formalaşmışdı. Ən ətirli çiçəkləri burada qoxulamışdı ilk dəfə... Bənövşəni, qızılgülü... Ən gözəl meyvələri burada dadmışdı ilk dəfə... Ağ tutu, qozu ... Ən saf, təmiz suyu burada içmişdi ilk dəfə və ona qismət olmayan ən gözəl qızı da burada görmüşdü... O, Günəşi, Ayı burada görmüşdü ilk dəfə... Gecələr göyün ənginliklərindəki saysız-hesabsız ulduzlara buradan baxıb heyrətlənmişdi... Bütün bu duyumlar, görüntülər, səslər onun ruhuna, hüceyrələrinə, qan yaddaşına hopmuşdu və sonralar bütün həyatı boyunca duyduqlarının məhək daşına çevrilmişdi, duyum etalonu, duyum ölçüsü olmuşdu... Onun duyğu üzvləri sonradan görəcəyi, eşidəcəyi, dadacağı, iyləyəcəyi bütün qoxuları, dadları, səsləri, boyaları, gözəllikləri Qozludərədə yaddaşına hopmuş duyğular süzgəcindən keçirib qiymət verirdi... Bəlkə Vətən sevgisinin əsası elə budur?.. İnsanın doğulduğu torpağa bağlılığı bəlkə elə buna görədir?
Oruc Xırxanı aşmamışdan yaxşı görə bilsin deyə yolun qırağındakı qayanın üstünə çıxıb dostuna əl elədi, bu torpaqda, Bu Dünyada son kərə Elbəyi ilə xudafizləşdi...
...Elbəyi dayandığı dikdirdən yola enməyib yuxarı çıxmağa başladı. O, kəndin kənarı ilə otların, çöl çiçəklərinin ətrini uda-uda səhər dayandığı yerə gəldi. Orucla söhbət onu tələbəlik illərinə aparmışdısa, çiçəklərin ətri uşaqlıq illərini xatırlatmışdı. Səhərkinə nisbətən özünü yaxşı hiss edirdi. Ürəyinin sıxıntısı bir az səngimişdi. “Sabah gərək sakitləşdirici dərmanlar tapdıram. Yoxsa...” – deyə pıçıldadı, amma “yoxsa”nın dalını gətirməkdən qorxdu. Ona xəstələnmək olmazdı. Hər halda Aysunu xilas edənədək ayaq üstə olmalıydı...
“Sənə gələn dərd-bəla mənə gəlsin, qızım”, deyə Hadrut tərəfə baxan Elbəyi, Allah bilir, neçənci dəfə idi pıçıldadı, yavaş-yavaş aşağı enməyə başladı.
Axşam yeməyindən imtina eləyən Elbəyi bir kasa qatıqla kifayətləndi. Onun üçün ayrılmış otağa keçib buradakı kiçik stolun arxasında əyləşdi. Qalın bloknotunu açdı. Bir müddət baxışları naməlum bir nöqtəyə dikilmiş halda xəyala daldı. Sonra qələmi götürüb, dolmuş ürəyini kağıza boşaltdı...
* * *
Həmin gecə Elbəyi pis yatmadı, səhər tezdən durdu. Hər halda yuxudan oyananda başı ağrımırdı, fikir – düşüncəsi qarışıq deyildi. Bu gün ağır və həlledici gün idi. Meyitləri dəyişəcəkdilər, Aysu üçün nə qədər pul istəmələrini xəbər verməli idilər. Elbəyi evdə qərar tuta bilmədi. Bağçada gəzişdi, bir az ağ tut yedi.
– Müəllim, çay-çörək hazırdır. Gəlin, bir loxma kəsək, – deyə ev sahibi Tərxan kişi onu səslədi.
Elbəyi üzüyola uşaq kimi fövrən yuxarı, aynabəndə qalxdı:
– Mən qəlyanaltımı səhər-səhər ağ tutla elədim.
– Əşi, tutun öz yeri, isti çörəklə pendirin, yağ-balın öz yeri.
Elbəyi gülümsəməyə çalışdı:
– Neyniyə bilərəm, qonaq ev yiyəsinin dəvəsidir, harada istəsə, orada xıxırdar.
– Elə demə, müəllim, bura sənin öz evindir.
Onlar süfrə arxasına keçdilər, “Bismillah” deyib əllərini nemətlərə uzatdılar. Tərxan kişi düz deyirmiş, doyunca tut yeməsinə baxmayaraq isti təndir çörəyi ilə pendirdən bircə tikə ağzına qoymaqla Elbəyinin iştahı açıldı.
Çaylar təzələndi, söhbət başladı. Dünən onlar görüşməmişdilər. Tərxan kişi obaşdan duraraq iş dalınca Horadizə getmişdi, gecədən çox keçmiş qayıtmışdı.
– Müəllim, bu işlərin axırı noolajaq?
– Hansı işlərin?
– Bu Gəncədə olanları deyirəm.
Elbəyi qəddini dikəldib soruşdu:
– Gəncədə nə olub ki?
– Bə bilmirsən, Gəncədə hökumətə qarşı çıxıblar. Dünən buntçularla hökumət qoşunu arasında atışma olubdu. Xeyli adam qırılıbdı. Bakıdan gedən hökumət adamlarını həbs eliyiblər. Horadizdə danışırdılar ki, onlar bununla dayanmıyajaq, düz Bakıya qədər gedəjəklər.
Elbəyi gözləmədiyi sualdan diksindi, cavab verməkdə aciz qaldı, sustalmış halda divana söykənib gözünü yumdu.
Tərxangilin balaca televizoru işləmirdi. Dünən başı Orucla söhbətə qarışdığından aynabəndin yuxarı başında qoyulmuş köhnə dəbli radionu da açmamışdı, ölkədə baş verənlərdən xəbərsiz qalmışdı. O, özünü ələ aldı, gözünü açaraq şaşırmış Tərxanın sualını cavablandırdı:
– Çox böyük fəlakət ola bilər. Qazandığımızı itirmək qorxusu var. 20-ci il təkrarlana bilər...
Sonra cəld gedib radionu açdı...Tərxanın dedikləri düz idi. Təzə bunu eşitdi ki, Gəncəətrafı rayonlar Surətə təslim olmuşdur.
Elbəyi paltarını dəyişdi, Qaratikanlıya gedəcəyini deyib üzrxahlıq elədi.
– Müəllim, bu günü bütün Qozludərə camaatı gözləyir. Mən də gedəjəm, intəhası su nobatım çatıbdı. Gözlüyə bilsən, yarımca saata ağacları sulayardım...
Elbəyi onu gözləyə bilərdi, doğrudan da hələ tez idi. Amma bir yandan evdə gözləməyə qərarı çatmırdı, digər yandan öz düşüncələri ilə yol yoldaşı olmaq istəyirdi. Eşitdiyi son xəbərlər onu sarsıtmışdı.
– Tərxan, hələ tezdir, sən tələsmə, işini gör, sonra gələrsən.
Həyətə girən UAZ maşınının siqnalı onun sözünü ağzında qoydu. Başını kabinədən çıxaran sürücü aynabənddən boylanan Tərxana salam verib, Elbəyi müəllimi xəbər aldı.
– Burdadır, buyurun evə, – deyən Tərxan ona yaxınlaşan Elbəyiyə sarı çönüb soruşdu: – Xeyir ola, bu ki bizim rayonun KQB-sinin maşınıdır?!
Maşından enən Toğrulu görcək Elbəyinin ürəyi dağa dönsə də kövrəldi, güclə Tərxana “Bizim kürəkəndir” deyib aşağı endi. Toğrul onu qucaqlayanda özünü saxlaya bilməyib hönkürdü. Professorun qısa vaxtda belə üzülməsi Toğrulu sarsıtdı, ona təskinlik verməyə söz tapmadı...
Elbəyi özünü ələ alıb toxtadı. Ev yiyəsi qonaqlara çay-çörək təklif elədi. Toğrul xaki rəngli mülki paltarda olsa da belinə tapança bağlamışdı. Onun etirazına baxmayaraq Elbəyi uzun yoldan sonra bir stəkan çay içməyi, yüngül qəlyanaltı eləməyi məsləhət bildi, bu gün qarşıda onları çox iş gözlədiyini vurğuladı. Toğrul qayınatasının sözünü yerə salmadı, bir stəkan çayı güclə içdi. Ağzına qoyduğu bir tikə yemək boğazından keçmədi. Birinci dəfə idi bu hal onda olurdu. Əfqanıstanda ölüm-dirim döyüşlərində belə o, yeməyindən qalmamışdı.
Elbəyi Toğrulu danışdırmaq üçün sözə başladı:
– Deməli, hərbi çevriliş haqqında gəzən söz-söhbət düz çıxdı. Bunun ardınca xalqı qırğına vermək üçün vətəndaş müharibəsi salacaqlar. Ermənilər də fürsəti fövtə verməyib, yeni torpaqlar işğal eləyəcəklər. Dəyirmanlıya hücum elə bu çevrilişlə bağlıdır. Erməni komandanlığı bunu bildiyi üçün qarışıqlıqdan istifadə etdi. Görəsən, bu olay Aysunu qurtarmağa əngəl törətməyəcək ki?
– Məncə yox. İndi baxaq görək bu vasitəçilər bir şey eliyə biləcəklərmi? Bunu Qönçə xala verdi, – deyə Toğrul əlindəki çantadan çıxardığı kağıza bükülü pulu və qızıl əşyaları ona uzatdı.
– Saymayıbsan ki?
– Yox. Miqdarı üstündə yazılıb.
– Yaxşı, bunu mənə niyə verirsən? Sən daha yaxşı saxlayarsan. İndi gedək Qaratikanlıya. Vasitəçilər ora gələcəklər.
Bir azdan onların oturduğu maşın dağ yamacı ilə üzüaşağı qıvrılan yolla çökəkdəki Qaratikanlı kəndinə üz tutdu. Yol boyu heç nə danışmadılar. Hərəsi öz daxili aləminə qapılmışdı... Hər ikisi Aysu haqqında fikirləşirdi.
Qardaşıgilin düşərgahına yaxınlaşan Elbəyini ağlaşma səsi diksindirdi.
Əzizim, laçın ağlar,
Göydə göyərçin ağlar.
Balası ölən ana,
Çəngələr, saçın ağlar.
Eləmi yasəmənsiz,
Gül bitməz yasəmənsiz.
Oğlu ölmüş analar,
Getməyin yasa mənsiz.
“Görəsən yenə nə bədbəxtlik baş verib, kimi öldürüblər?”
O, bu düşüncələr içində içəri keçdi. Aynabənddə xalçanın üstündə oturmuş qadınlar, ortada qardaşı arvadı, ağı deyib ağlayırdılar. Qardaşı Tapdıq, birisi hərbi geyimli olan iki nəfərlə pəncərənin yanında qoyulmuş divanda oturmuşdu. Tapdıq cib dəsmalını gözünə sıxıb sakitcə ağlayırdı. Qardaşını belə görən Elbəyinin ürəyi elə çırpındı ki, sanki indicə köksünü yarıb çölə çıxacaqdı.
– Noolub, qardaş? – deyə soruşan Elbəyi heysiz halda Tapdığın yanındakı yumşaq kürsüyə çökdü. Onun sinəsindən qopan bu adi iki kəlmə sualdan çox iniltiyə bənzəyirdi. Tapdıq cavab əvəzinə hönkürdü. Hərbi geyimli, rütbəsi bilinməyən 30-35 yaşlı oğlan üzünü Elbəyiyə tutub qırıq-qırıq sözə başladı:
– Professor, işlər yaxşı deyil... Ermənilər Ərturla Narçiçəyin meyidlərini vermədilər, kiminsə cəsədləri aradan çıxardığını dedilər. Amma başqa kanalla öyrəndik ki, onların komandanı bəylə gəlinin bu şəkildə dəyişdirilməsinə icazə verməyib. Səbəb də bunu gətirib ki, guya biz qanlarına qəltan edilmiş bəylə gəlinin şəklini çəkib qəzetlərə verəjəyik, xaricə yayajayıq, erməniləri ifşa eliyəjiyik.
– Bəs Aysu? Mənim qızım?!.
Oğlan baxışlarını yerə dikdi, sanki qızı qaytara bilməməyin günahı ondaymış kimi köksünü ötürdü, məyus halda dedi:
– Çox israr elədik, ayağımızı çox dirədik, nə istəyirlərsə verməyə hazır olduğumuzu bildirdik. And-aman elədilər ki, onlardan asılı deyil.
Mülki geyimli kişi də söhbətə qoşuldu:
– Elbəyi müəllim, mən də çox çalışdım, köhnə tanışlarım olan yerli ermənilərlə əlaqəyə girdim. Buncığazı öyrənə bildim ki, qız sağ-salamatdır, lakin komandirlərin əlindədir. Nə vaxt onu dəyişməyi, yaniki pul alıb qaytarmağı özləri müəyyən eliyəjəklər. Allah kərimdir, deyib dözməkdən başqa çarə yoxdur...
– Yox, bu məsələni taleyin hökmünə buraxmayacağıq... Allah kərimdir, kərimin də quyusu dərindir, deyiblər. Biz çalışmalıyıq. Bu məsələ ilə bağlı məni ən xırda, əhəmiyyətsiz görünən şeylər də maraqlandırır. Xahiş edirəm, mənim suallarıma cavab verəsiniz. Gəlin, əvvəlcə tanış olaq. Təhlükəsizlik nazirliyinin əməkdaşı kapitan Toğrul Ocaqlı.
Toğrul ilk əvvəl vasitəçilərin ad-familiyasını, iş yerlərini, vəzifələrini öyrəndi, sonra onlarla əlaqədə olan ermənilər haqda bütün məlumatları qeyd elədi. “Təhlükəsizlik nazirliyi” sözlərini eşidən vasitəçilər bir az özlərini itirdilər. Hərbi paltarlı oğlan hərbçi deyildi, hansısa yerli müdafiə təşkilatının üzvü idi. Toğrul girovların və ölənlərin dəyişdirilməsi ilə məşğul olan bu iki nəfərin vətəndaşlıq borcu və xeyirxahlıqla yanaşı özlərinin də şəxsi maraqları olmasını istisna etmədi, hər ehtimala qarşı onları hürkütməmək üçün dedi:
– Qız mənim nişanlımdır. Bilirəm ki, belə işlər pulsuz baş tutmur. Ona görə çəkinmək-zad lazım deyil. Gəlin, bu işə əncam çəkmək üçün birlikdə yollar axtaraq. Belə başa düşdüm ki, ermənilərlə əlaqələr iki ayrı-ayrı kanalla aparılır. Birisi açıq surətdə hərbçilərlə, ikincisi, gizli olaraq köhnə kirvələrlə. İndi mənə lazımdır, birincisi, qızın dəqiq yerini öyrənmək. İkincisi, “Komandirlər” deyəndə kimlər nəzərdə tutulur? Mənə konkret ad lazımdır. Bu xəbərləri verənlərə mükafat təyin eləyirik. Çox yaxşı olardı ki, qızın yaxını kimi məni onlardan ən etibarlısı ilə tanış eləyəsiniz. Bu mümkündürmü? – deyə Toğrul mülki geyimli kişidən soruşdu.
– Məncə mümkündür...
Qayınatasının bu sual-cavaba fikir verməməsi Toğrulu narahat etməyə başladı. Əslində Elbəyi heç Toğrulu eşitmirdi. “Allah kərimdir, dözməkdən başqa çarə yoxdur” sözləri sanki neştər olub onun ürəyinə sancılmışdı və kəskin ağrılar yandıra-yandıra bədəninin sol yanına yayılmağa başlamışdı. Sağ əli ilə ürəyini tutaraq, qızının düşdüyü ağır vəziyyəti xəyalına gətirən Elbəyi heysizləşdi, başı oturduğu kreslonun söykənəcəyindən köksünə düşdü, bircə kərə “Evim yıxıldı, balam əldən getdi!..” deyə bildi. Kişinin gözlərinin axıb başının yavaş-yavaş yan tərəfə sürüşməsini görən Toğrul əl atıb onu yıxılmağa qoymadı.
Sıçrayıb qalxan Tapdıq qışqırdı:
– Qardaş, bizə rəhmin gəlsin!..
Onun qışqırığı arvadların səsini kəsdi. Elbəyinin sağ əlinin ürəyinin üstə olmasını görən mülki geyimli qonaq üzünü Tapdığa tutub çımxırdı:
– Ə, özünü ələ al! Ürəyidi, xəstəxanaya bir adam qaçırt. Balyatdı Yusif həkim bura köməyə gəlib. Ancaq onu gətirin. Bilikli həkimdi.
Sonra onlar köməkləşib bənizi qaçmış, xırıltısı getdikcə artan Elbəyini divana uzatdılar, yaxasını açdılar...
Səbirdən başqa özgə çarə yoxdur
Gəncədəki qiyam hadisəsi yavaş-yavaş özünə gələn Aysunun halını təzədən pisləşdirdi. Onun üçün ayrılmış otağa çəkilən qız gün əyilənədək üzüquylu düşdü. Qızı gözdən qoymayıb tez-tez ona baş çəkən Aksana bütün həyatın mübarizədən ibarət olması, insanın hansı yolla olur-olsun yaşamaq, sağ qalmaq üçün çarpışması, Allahın bir yolu bağlayanda digərini açması kimi ümumi sözlərlə toxtaqlıq verir, çalışırdı onu yedirtsin. Səhər yediyi bir-iki tikənin üstündə olan Aysunun boğazından heç nə keçmirdi. Aksana bilmirdi, bu biçarənin halına bir insan kimi acıyır, yoxsa onda rəfiqəsi sayağı bir istək yaranır... Hər halda o, ürəyinin hökmü ilə hərəkət edirdi. “Yox, belə getsə, yazıq qız məhv olacaq. İvanla danışmalıyam. Qoy kömək eləsin, qızın valideynləri ilə əlaqəyə girsinlər, pul alıb buraxsınlar. Pulun yarısını İvan, yarısını ermənilər götürər, bir az da mənə verərlər, burdan çıxıb gedəndə əlimdə bir şey olar”, deyə öz aləmində plan cızan Aksana yumruğunu stola vurdu, ayağa qalxıb qəti addımlarla Aysunun otağına girdi. Yarıyumulu gözləri tavana dikilmiş Aysunun çiyinlərindən tutub oturtdu, amiranə tərzdə dedi:
– Bu mənim heç xoşuma gəlmir. Belə hərəkətlə kimə nə edəcəksən? Unutma ki, insan yaxşı, pis, nə eləsə, birinci özünə eləyir. İndi cavan canını çürütməkmi istəyirsən? Elə bilirsən ölmək asandır? Özünü ələ al. İnsan formada olanda başı da yaxşı işləyir, ətrafdakılar da onunla hesablaşırlar, – sonra qızın əlindən tutub qaldırmağa çalışdı: – Dur ayağa, həyətə düşüb bir az gəziş, tutdan, gilasdan ye, təbiətə bax. İvan gəlsin, onunla danışacağam ki, sənin adamlarınla əlaqəyə girsinlər, səni burdan buraxmağın qiymətini desinlər.
Gerçəkdən, Aksananın sözləri Aysunun ümid çırağının zəif şöləsini bir az gücləndirdi. Durub geyindi, Aksana ilə həyətə endi. Saşa həyətin ortasındakı bedanaya çıxıb tut yeyirdi. Aksanayla Aysu çadırı bedananın altına tutdular. Aksana əlçatmayan ucunda qızarıb kişmişə dönmüş tutlar olan iki budağı Saşaya göstərib, onları çırpmağı xahiş elədi. Saşa hər budağı ayağıyla iki dəfə silkələdi. Tutlar dolu kimi çadıra töküldü.
– Bəsimizdir, – deyə Aksana çadırı yerə sərməyi təklif etdi. Sonra kiçik səbəti hoppanıb yerə düşən Saşaya verdi, qapının ağzında keşik çəkən erməni əsgəri Setraka işarə ilə, “Tapşır, bizə gilas yığsın”, dedi. Saşa, “O postdadır, özüm yığaram”, deyib həyətin o başına get-di.
Aksana yerli kənd adamları kimi dizini yerə qoyub çadırın böyrünə çökdü:
– Tutu belə yeyərlər. Onu qaba yığanda dadı qaçır. Tut mədənin, qaraciyərin, öd kisəsinin dərmanıdır.
Onun bu hərəkətindən dodağı qaçan Aysu zarafatla soruşdu:
– Siz bunları ermənilərdən öyrənmisiniz, yoxsa azərbaycanlılardan?
Aysunun kefinin durulmasından məmnun olan Aksana şaqqanaq çəkərək dedi:
– Tutla bağlı məsələlərdə azəri, erməni ayrı-seçkiliyi yoxdur. Qabaqlar olub. Azərbaycanlılar tutdan yalnız doşab bişirirdilər, ermənlər isə araq da çəkirdilər. İndi, sizin yaşlılar demişkən, ara qarışıb, məzhəb itib.
Onlar evə qalxanda Saşa da gilas dolu səbəti gətirdi, qapıdan verib getdi. Tutdan məst olmuş Aksana divana yayxandı. Aysu ala gilasdan bir boşqab götürüb yudu, Aksananın qarşısındakı jurnal stolunun üstünə qoyub dedi:
– Buyurun, Aksana xanım. Gerçəkdən, bu dərənin ala gilasının, ağ tutunun, qış armudunun əvəzi yoxdur. Bakı bazarlarında bunlar kimi dadlı meyvə görməmişəm.
Aksana onun sözünü təsdiqlədi:
– Düz deyirsən, bu dərənin meyvələrinin öz ətri, öz dadı var.
Aysu xeyli yüngülləşmişdi. O, Aksanaya minnətdarlığını bildirdi. Aksana xoşallandı. Ümumiyyətlə, kiməsə bir yaxşılıq eləyəndə bundan məmnunluq duyurdu. Görünür, naturası, mayası belə yoğrulmuşdu. Aksana ondan uman kişiləri də başından xoşluqla rədd eləyirdi.
Aysu yaxşı bir çay dəmlədi. Tutdan sonra çayın ləzzət elədiyini bildirdi. Onun çay dəmləməsi Aksananın xoşuna gəldi. Axşam saat səkkizdə Aysu televizoru açdı, “Günün xəbərlərini” eşitmək üçün Az.TV kanalını tutdu. Diktor Surətin dəstəsinin Bakıya doğru irəliləməsindən, Bakıdan Gəncəyə getmiş dövlət və hökumət adamlarının orada hələ də girov saxlanılmasından xəbər verdi. Sonra bir qrup ziyalının Naxçıvan Muxtar Respublikası Milli Məclisinin sədri Heydər Əliyevin belə çətin bir vaxtda – müstəqilliyin təhlükəyə məruz qaldığı bir məqamda Bakıya dəvət olunması haqda müraciətini oxudu. Diktor Əbülfəz Elçibəy hakimiyyətinin Heydər Əliyevin Bakıya gəlməsini dəstəkləməsini, artıq Naxçıvana təyyarə göndərilməsini xəbər verdikdə Aysunun ürəyi yerinə gəldi. “Deməli, xalqın oğulları kimliyindən, siyasi baxışından, harda olmasından asılı olmayaraq təhlükəni sovuşdurmaq üçün köməyə gəlir, birləşirlər”, deyə o düşündü, bu xəbər əhvalını bir az da düzəltdi. Saat on bir radələrində yatmağa getdi.
İvan gecədən xeyli keçmiş gəlib çıxdı. Onun maşını darvazadan girəndə divanda mürgü vuran Aksana sıçrayıb qalxdı, mətbəxə keçib sobaya bir neçə odun atıb alışdırdı, qazanı və çayniki onun üstünə qoydu. Şorabaları, göy-göyərtini, boşqablardakı gilas və tutu stolun üstünə düzdü.
Əl-üzünü yuyub yuxarı qalxan İvan stolun arxasına keçdi, süfrəyə göz gəzdirib həyəcanla Aksananı çağırdı. Gətirdiyi isti qazanı stolun üstünə qoyan Aksana ərklə dedi:
– Hövsələn olsun, yeməyi qızdırırdım.
– Aksana, bir stola bax. Görürsən, araqsız necə yaraşıqsız, miskin görünür. Onu ən gözəl nemətlərlə doldursan da, bəzəsən də araqsız heç nədir.
İçkilər saxlanan dolaba yönələn Aksana bir şüşə araq və bir şüşə çaxırla qayıtdı, gözlərini süzüb dedi:
– Düz sözə nə deyəsən. Mən bilmirəm, içkisiz həyatda necə yaşamaq olar!?
İvan əlüstü yüz qram vurub göy lobya şorabasını təpişdirdi.
– Hə, indi yaxşı oldu, yolların toz-torpağını boğazımdan yuyub apardı. Danış görək, təzə nə var, bu gün neylədiniz. Qız özünü necə aparır?
– Sakit aparır. Amma stresdən çıxmağı müşkül məsələdir. Belə getsə o ya dəli olacaq, ya da özünə əl qaldıracaq.
– Sən onu bir dəqiqə də gözdən qoyma, tək buraxma.
– İvan, çestno de görüm, onu saxlamaqda məqsədin nədir? Neynəyəcəksən?
– Neynəyəcəm? – İvan ağzına apardığı toyuğun döş ətini yarı yolda saxladı, qəribə baxışla Aksananı süzdü. İstədi desin: “Qlupaya baba, elə bilir ki, mən elədiyim və eləyəcəyim bütün işləri ona deyirəm. Mən istəsəm belə, buna ixtiyarım yoxdur”. Sonra tikəsini dişinə çəkib ona tamam başqa şey dedi: – Bax beləcə yeyəcəyəm.
Sonra özünə ikinci yüz qramı, Aksanaya çaxır süzdü, stəkanı onunku ilə toqquşdurmadan başına çəkib sözünə davam etdi:
– Neynəyəcəm? Gözəl qızı neylərlər? O mənim üçün canlı bir kukladır.Oynadacağam. Bu dağların arasında elə kuklanı hardan tapmaq olar? Onu mənə Allah yetirib, mənə yazığı gəlibdir... Fikir veribsənmi, necə gözəldir... Hə, dillən, yoxsa qısqanırsan?
– Allah eləməsin, qızım yerindədir. Özü də gözəldir, xasiyyəti də.
– Yox, o elə-belə gözəl deyil, nadir gözəldir. Onun paltarlarının altında bir xəzinə yatır, bir sənət əsəri uyuyur. Mən inanıram ki, hələ heç kəs belə canlı sənət əsərinin tamaşaçısı olmamışdır. Rafaelin “Madonnası”na, Rembrantın “Danaya”sına, Rubensin “Virsoviya”sına, Praksitin “Afrodita”sına... bənzər bir gözəldir o. Mən istəyirəm ki, onların heç birinin görmədiyi o gözəlliyin, çəkmədiyi o sənət əsərinin tamaşaçısı olum. Bilmirəm, Allahınmı, Boqunmu, təbiətinmi müəllifi olduğu o sirli sənət əsərini qarşıma qoyub baxmaq, zövq almaq istəyirəm, necə ki, Qərbdə milyonçular ətək-ətək pul töküb, nadir gözəllik əsərlərini alır, yataq otağından asır, onlara baxa-baxa xumarlanırlar... İndi bildinmi neynəyəcəyəm bu qızı?
İvan bu sözləri təkcə əsas məqsədini gizlətmək üçün demədi. Həqiqətən o, Aysuya vurulmuşdu.
– O sənət əsəri gündən-günə solub rəngini itirsə, quru müqəvvaya dönsə necə?
– Gərək qoymayaq sola.
– Bunu sən bacarmayacaqsan, Vanya. O sənət əsərinin saralıb solmasını, məhv olmasını istəmirsənsə, qaytar onu valideynlərinə. Bundan sənin də xeyrin olar.
– Necə, necə? – deyə üçüncü yüz qramı atmış İvan dikəldi.
Onu maraqlandırdığını görən Aksana ruhlandı:
– Valideynlərindən yaxşıca pul alıb buraxarsan.
İvan acı-acı gülüb dedi:
– Nahaqdan deməyiblər ki, arvadın ağlı quş ağlıdır, gündə bir səmtə uçur. Bəyəm, ağlın kəsmir ki, mənə azərbaycanlılarla təmasa girmək olmaz? Bu birincisi. İkincisi, buna cəhd eləsəm, ermənilər məni yaxına buraxmazlar. Bu alverdir, burda yaxşı pul var. Erməni də pula... satar.
Dostları ilə paylaş: |