Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə105/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   101   102   103   104   105   106   107   108   ...   187
fəlsəfə mühazirələr.doc 2

3.Pozitivizm. Pozitivizm XIX əsrin ikinci yarısından (təq. 1840-cı ildən) Birinci dünya müharibəsinə qədər Avropa mədəniyyətində –fəlsəfə, siyasət, pedaqogika, tarixşünaslıq və ədəbiyyatda hökmran mövqedə olmuş mürəkkəb intellektual hərəkatdır. Pozitivizm dövrünü həm də Avropada dinclik, Afrika və Asiyada isə müstəmləkə ekspansiyası dövrü hesab etmək olar. Bu ərəfədə Avropa industrial transformasiya yoluna qədəm qoyur və bu inqilabi keçidin sosial səmərəsi insanı heyrətə gətirir. Elmi kəşflərin tətbiqi bütün istehsal dünyasını dəyişir: şəhərlər və nəqliyyat şəbəkələri genişlənir, kapital yığımı artır, tibb infeksion xəstəliklərə qalib gəlir, şəhər və kənd arasında fərq maksimum azalır. Həyat tərzi tanınmaz dərəcədə dəyişir. İlk baxışda belə görsənir ki, artıq tətbiqi elmlərdə, azad mübadilədə və hətta tərbiyə sahəsində bütün problemlərin həlli üsulları tapılıb və sosial tərəqqi aşkar və qarşısıalınmazdır.

Bu ərəfədə, xüsusilə 1830-1890-cı illər arasında elmin inkişafına diqqət yetirək. Koşi, Veyerştrass, Dedekind və Kantor kimi alimlər riyaziyyatın inkişafına böyük töhfə verir. Riman, Bolyayi, Lobaçevski və Kleyn həndəsəni faktiki olaraq yeniləyirlər. Faradey, Maksvell, Herts, Mayer, Helmholts, Coul, Klazius və Tomsonun kəşfləri fizikanı zənginləşdirir. Kimya elmi Bertselius, Mendeleyev, fon Libixin sayəsində kifayət qədər inkişaf edir. Kox və Paster mikrobiologiyanı yaradır. Eksperimental tibb və fiziologiya Bernarın, təkamül nəzəriyyəsi isə Darvinin səyi nəticəsində həyata vəsiqə qazanır. Eyfel qülləsinin və Süveyş kanalının tikilişi texnoloji layihələrin miqyasından xəbər verir.

Lakin sənayeləşməni müşayiət edən bəlalar özünü çox gözlətmir: sosial bərabərliyin itməsi, nüfuz sferası və istehlak bazarı uğrunda mübarizə, əməkçilərin yoxsullaşması, azyaşlıların istismarı və s. Təbii ki, pozitivistlər bunları görməyə bilməzdilər. Amma onlar biliyin sürətlə artması, xalq təhsili və ümumi rifahın perspektivdə yüksəlişinə istinad edərək neqativ halların keçici olması və yaxın gələcəkdə aradan qalxacağını bəyan edirdilər.

Artıq qeyd etdiyimiz kimi pozitivizm Avropa hadisəsidir və əsasən üç ölkədə geniş inkişaf edir. Fransada pozitivizmin ən görkəmli nümayəndəsi və faktiki olaraq bu cərəyanın banisi Ö.Kontdur (1798-1857). İngiltərədə C.S.Mill (1806-1873) və H.Spenser (1820-1903), Almaniyada isə Y.Moleşot (1822-1893) və E.Hekkel (1834-1919) pozitivizmin inkişaf edib yayılmasında önəmli rol oynamışlar. Hər bir ölkədə özünəməxsus inkişaf yolu keçən pozitivizm üçün ümumi olan prinsipləri aşağıdakı kimi göstərmək olar.

1.İdealizmin əksinə olarq pozitivizm elmin üstünlüyünü təsdiqləyir: elmin bizə verdiyi məlumat əsasdır və idrakın yeganə metodu –təbii-elmi metoddur.

2.Təbiyyət elmlərinin metodları (faktlar üzərində hökmranlıq edən kauzal qanunlar) təkcə təbiətin yox, həm də cəmiyyətin öyrənilməsi üçün də yararlıdır.

3.Ona görə “təbii faktlar” (insan münasibətləri) haqqında elm kimi başa düşülən sosiologiya pozitivizmin fəlsəfi proqramının əsas məhsuludur.

4.Pozitivizm təkcə elmi metodun yeganəliyi və idrak aləti kimi üstünlüyünü bəyanlamır, həm də elmi göylərə qaldıraraq onu bəşəriyyətə əsrlər boyu əzab verən bütün problemlərin həllinin yeganə vasitəsi hesab edir.

5.Pozitivizmə tərəqqinin dəyişməzliyinə, gələcək rifaha və insanların həmrəyliyinə sarsılmaz inama görə ən ümumi optimizm xasdır.

6.Pozitivizm üçün elmin daimi maneəsiz artımına qeyri-tənqidi, bəzi hallarda tələsik və səthi inam xarakterikdir.



Ö.Kont. Pozitivizm fəlsəfəsinin banisi fransız filosofu Ögüst Kontdur. O fəlsəfi təliminin əsas ideyalarını “Pozitiv fəlsəfə kursu”, daha genişləndirilmiş formada isə “Pozitiv siyasət sistemi” adlı əsərində şərh etmişdir.

Ö.Kontun əsas ideyası odur ki, fəlsəfə məxsusi predmetə malik təlim ola bilməz. Həqiqətin fəlsəfi axtarışı yanlış yoldur. Həqiqət fəlsəfi yolla yox, elmi yolla axtarılmalıdır. Elm həqiqət axtarışına inhisarçı hüququnu çoxdan sübuta yetirib. Fəlsəfə isə nəinki bunu bacarıb, heç indiyə qədər yeganə həqiqi fəlsəfi sistem belə qurulmayıb. Fəlsəfənin bəşəriyyətə verə biləcəyi yeganə fayda onun elmi tədqiq etməsi, daha doğrusu elm haqqında elm olmasıdır. Fəlsəfənin öz problemləri, xüsusilə metafizik problemlər psevdo-problemlərdir.

“Müsbət” və ya “pozitiv” fəlsəfə terminini işlədən Kont bununla yalnız fakta, pozitiv məlumata istinad edən, özündən heç nə uydurmayan təfəkkür üsulunu nəzərdə tutur. Buna uyğun olaraq Kont pozitivizmin üç qanununu formulə etmişdir.

Birinci, əsas qanun –bütün bəşər mədəniyyətinin inkişaf qanunudur. O üç mərhələ qanunu adını almışdır. Üç mərhələ qanununa görə bəşəriyyət öz inkişafında üç zəruri mərhələdən: teoloji, metafizikpozitiv mərhələlərdən keçmişdir.

Hər üç mərhələdə insan təbiət hadisələrini şərh etməyə çalışır. Teoloji mərhələdə insan hadisələrin gerçək mahiyyətini bilmir. Onu bilməyə cəhd edir və mahiyyəti fövqəltəbii qüvvələrdə, Tanrılarda görür.

Lakin sonra insan Tanrıları özünəbənzər yaratdığını anlayır və bu təsəvvürlərdən imtina edir. Bu zaman insan təbiəti fövqəltəbii qüvvələrin köməyi ilə yox, bəzi mahiyyətlər vasitəsilə öyrənməyə çalışır. Yəni o, metafiziki mərhələyə keçir. Bu mahiyyətlər müxtəlif ola bilər. Məsələn, Platonda bu ideya, Aristoteldə forma, Spinozada substansiya, Kantda özündə-şey, Hegeldə isə obyektiv ruhdur.

Üçüncü, pozitiv mərhələdə insan etiraf edir ki, həqiqət yalnız elmin köməyi ilə dərk olunur. Elm isə hansısa mücərrəd həqiqəti, hansısa mahiyyəti yox, qanunları dərk edir. Qanunlar isə başqa bir şey olmayıb hadisələr arasında təkrarlanan əlaqələrdir. İnsan anlayır ki, bütün biliklər təcrübədən əldə edilir, yalnız hadisələr dərk olunur. Müxtəlif növ mücərrəd mahiyyətlər isə uydurma və problemin yanlış qoyuluşunun nəticəsidir.

Kont üç mərhələ qanununu sadəcə aksiom kimi vermir. O hesab edir ki, bu qanun sübut edilə bilər. Sübut üçün analogiya metodunu seçən Kont hər bir insanın həyatında üç mərhələdən keçdiyini vurğulayır. Hər bir insan uşaqlıqda teoloq, gəncliyində metafizik, kamillik çağında isə pozitivist olur. Kamillik çağında insan başa düşür ki, onun qüvvəsi məhduddur və o dərki mümkünsüz olanı dərk edə bilməz. O nəhayət dərketməni birbaşa təcrübədə verilənlərlə məhdudlaşdırır. Bu isə pozitivizmin ikinci qanunudur: təxəyyülün müşahidəyə tabe etdirilmə qanunu. Müşahidə və faktların toplanması bilik əldə etməyin yeganə üsuludur. Mahiyyətlər, özündə-şeylər haqqında heç bir bilik ola bilməz, yalnız hadisə və fenomenləri bilmək mümkündür. Filosofun və ümumiyyətlə alimin vəzifəsi hadisələrin nə üçün baş verməsi sualına yox, necə baş verməsi sualına cavab verməkdir.

Təbiətşünaslığın vəzifəsi dünyanın təbii qanunlarının kəşfi və bu qanunların sayının minimuma endirilməsidir. Lakin elm öz idrak metodlarını tədqiq etmir. Onların bəlası da budur. Kimya, riyaziyyat, fizika, biologiya kimi elmlər yalnız öz qanunları ilə məşğul olurlar, və onlar bir-biri ilə qovuşmurlar. Alimlər başa düşmürlər ki, onlar bütün elmlərdə eyni bir metodla işləyir və eyni qanunu da kəşf edirlər. Bu elmi metodun vahidliyini ilk növbədə filosof dərk etməlidir. Məhz filosof bu elmi metodun yeganəliyinin dərkinə kömək etməlidir. Bu da öz növbəsində digər qanunların kəşfinə və ola bilsin ki, yeni elmin yaranmasına gətirə bilər. Kont özü buna əməl etmiş və sosiologiya kimi yeni elm yaratmışdır. Kont belə bir nəticəyə gəlir ki, cəmiyyətdə də təbiətdəki qanunlar fəaliyyət göstərir. Deməli, təbiətin öyrənilməsində istifadə edilən metodlardan cəmiyyətin də öyrənilməsində istifadə etmək olar. Məhz buradan çıxış edən Kont sosial fizika və ya sosiologiya elmini yaratmışdır.

Elmlərin vəhdətini görən Kont qarşısına elmlərin yeni təsnifatını vermək məqsədini qoyur. Bu onun üçüncü qanununu –ensiklopedik qanununu təşkil edir. O nə Aristotelin, nə də F.Bekonun təklif etdiyi elmlərin təsnifatını qəbul etmir. O xronoloji prinsipə əsaslanan təsnifatı təklif edir. Birinci yerə ən qədim elm –riyaziyyatı qoyur. Ondan sonra astronomiya, fizika, kimya, fiziologiya və sosiologiya gəlir. Sonra bu təsnifata əxlaqı əlavə etmişdir.

Göründüyü kimi bu təsnifatda fəlsəfəyə yer yoxdur. Çünki, fəlsəfə digər elmlərin məşğul olduğu problemlərlə məşğul olur. Onun özünün məxsusi predmeti, materialı yoxdur: ona bu materialı digər elmlər verir. Fəlsəfə bu elmlərin metodlarını və onların anlayışlar sistemini öyrənir. Ona görə də fəlsəfə elm haqqında elm, yəni meta-elmdir.

Fəlsəfə belə münasibətdə tanış motivləri görmək çətin deyil. İnsanın bilikləri sistemində fəlsəfənin yeri iki polyar nöqtə arasında yerdəyişmə etmişdir: filosoflar həqiqət fəlsəfənin inhisarındadır və digər dərketmə üsulları elmi bilik fəlsəfəyə əsaslanmalıdır; və əksinə, fəlsəfə hansısa bilik sahəsinin xidmətçisi olmalıdır. “Fəlsəfə teologiyanın xidmətçisidir” –bu tezislə biz İsgəndəriyyəli Kliment, Pyotr Damiani və Foma Akvinalının təlimlərində rast gəlirik. Faktiki Kont da bu tezisi bölüşür: lakin onda fəlsəfə teologiyanın deyil, elmin xidmətində qoyulur.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin