d) Mimansa. Mimansa təlimi (mimansa – dərin düşüncə, tədqiqat) m.ö. V-IV əsrlərdə yaranıb. Lakin o vahid fəlsəfi təlim olaraq m.s. II-III əsrlərdə Caymini tərəfindən sistemləşdirilib. Bu təlimin ilk məqsədi veda ayinçiliyinin müdafiəsi və ona haqq qazandırılması olmuşdur. Təbii ki, bu cəhdlər son nəticədə veda ayinçiliyini əsaslandıran dünyagörüşünün axtarışlarına gətirmişdir.
Ayinçilik vedaların nüfuzuna əsaslanır. Ona görə də mimansa təlimi belə bir nəzəriyyə irəli sürür ki, vedalar hansısa bir şəxsin əsəri deyil və bu səbəbdən insanlara xas olan hər səhvdən azaddır. Mimansa təliminə görə vedalar əbədidir və müstəqil mövcuddur: yazılı və yaxud şifahi yazılan vedalar xüsusi şəxslər tərəfindən müvəqqəti olaraq aşkarlanmışdır.
Vedaların əsaslandırılmış olduğunu sübut etmək üçün mimansa təlimi mükəmməl işlənmiş idrak nəzəriyyəsini təklif edir. Bu nəzəriyyə ilk növbədə göstərməlidir ki, hər bir idrakın səhihliyi özlüyündə aşkardır. Kafi şərtlər ödəndikdə bilik yaranır. Hisslər sağlam olarsa, obyektlər məlumdursa və bütün köməkçi şərtlər ödəndikdə qavrayış baş verir. Kafi məlumatlar olduqda nəticə çıxarılır. Hər bir halda əldə edilmiş bilik həqiqidir və biz onları etirazsız qəbul edirik. Şübhə üçün hər hansı bir səbəb olarsa bilik yaranmır, çünki inam yoxdur. Buna bənzər olaraq, bu vedaları oxuyanda bilik, həm də ona inam əldə edirik. Veda dərkinin səhihliyi digər dərklərdə olduğu qədər aşkardır. Hansısa şübhə meydana çıxarsa o, mimansa arqumentləri ilə aradan qaldırılır. Maneə aradan qaldırıldıqdan sonra vedalar öz məzmununu oxucuya aşkarlayırlar. Beləliklə vedaların nüfuzu heç bir şübhə doğurmur.
Vedaların buyurduğunu icra etmək düzgün, qadağan etdikləri isə düzgün deyil. Hər bir kəsin borcu düzgünü icra etmək, düzgün olmayandan isə imtina etməkdir. Vedaların buyurduğu ayinlərin icrası nəyinsə, hansısa mükafatın əvəzində yox, məhz vedaların buyurduğu üçün vacibdir. Bilik və özünənəzarətin sayəsində ayinlərin təmənnasız icrası ölümdən sonra azadolmaya gətirir.
Mimansa təliminə görə can ölümsüzdür. Əks halda ölümdən sonra azadolmanı nəzərdə tutan veda ayinlərinin icrasına ehtiyac olmazdı. Lakin bu təlim tərəfdarları şüurun cana immanent xas olması ideyasını qəbul etmirlər. Onlar hesab edirlər ki, can yalnız bədənlə qovuşanda şüur yaranır. Bədəndə yerləşən can müxtəlif bilik növlərinə malik olur. Bəzi mimansa məktəbləri idrakın beş mənbəyini göstərirlər: qavrayış, nəticə, müqayisə, şəhadət və postulatlaşdırma.
e) Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta – yəni vedaların yekunu adlandırılır. Vedanta upanişadlardaəksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanın müəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.
Riqveda himnlərindən birində vahid ali puruşa şəxsiyyətinin mövcudluğu ideyasına rast gəlinir. O bütün kainata nüfuz etsə də ondan kənardadır. Kainatın bütün canlı və cansız obyektləri, sadə insanlar və müqəddəslər burada poetik formada ali şəxsiyyətin hissələri kimi təsvir edilir. Upanişadlarda bütün mövcudiyyətin bu vəhdəti vahid şəxssiz gerçəklik konsepsiyasında, və yaxud vahid can, vahid Brahman konsepsiyasında əksini tapır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda).
Vedanta təlimi sonrakı dövrlərdə də inkişaf etdirilmişdir. Bu təlimin görkəmli ardıcıllarından olan Şankara (788-720) advayta-vedanta monist təlimini, Ramanuca (XII əsr) isə vişişta-advayta təlimini yaratmışlar.
Dostları ilə paylaş: |