6.Hərəkət və onun formaları
Materiyanın mövcudluq forması olan hərəkət, onun mənbəyi, səbəbləri, materiya ilə münasibəti məsələsi, filosof və təbiətşünasların diqqətini lap qədimdən cəlb etmiş, ayri-ayri tarixi dövrlərdə elm və fəlsəfənin, insanların əməli təcrübəsinin verdikləri faktlar əsasinda müxtəlif şəkildə həll edilmişdir. Məsələn, qədim dövrün kortəbii dialektik olan filosoflari bütün varlığa qarşılıqlı təsirdə, hərəkət, dəyişilmə və inkişafda baxmaqla, hərəkəti materiyanin mühüm, atributiv xassəsi saymışlar.
Dünya daim hərəkətdədir. Hərəkət –varlığın mövcudluq forması, materiyanın atributudur. Materiya yalnız hərəkətdə mövcuddur və onun vasitəsilə öznü aşkarlayır. Maddi cisimlər hərəkət vasitəsilə hiss üzvlərimizə təsir edirlər.
Ümumiyyətlə, fəlsəfədə dəyişiklik hərəkət anlayışı ilə işarələnir. Hərəkət dedikdə təkcə cisimlərin məkanda mexaniki yerdəyişməsi yox, hər bir qarşılıqlı təsir, o cümlədən bu qarşılıqlı təsir nəticəsində maddi cisimlərin vəziyyətinin dəyişməsi başa düşülür. Hərəkət həm mikrohissəciklərin qaşılıqlı çevrilməsi, həm Metaqalaktikanın genişlənməsi, həm orqanizm hüceyrələrində maddələr mübadiləsi, həm də insanların sosial həyat prosesində mübadilə fəaliyyətidir.
Hərəkətin iki əsas tipi mövcuddur. Birinci tipi predmetin dayanıqlığı, onun keyfiyyətinin saxlanması ilə əlaqədardır. Bu zaman hərəkət nəticəsində materiya kəmiyyətcə dəyişə bilər (orqanizmlərin inkişafı), lakin öz-özünə eyni qalır. İkinci hərəkət tipi nəticəsində materiya keyfiyyətcə dəyişir, materiyanın bir səviyyədən digərinə keçidi baş verir.
Materiyanın iyerarxik strukturuna uyğun olaraq onun hərəkətinin keyfiyyətcə müxtəlif formalarını fərqləndirirlər. Materiyanın əsasən beş hərəkət forması var: mexaniki, fiziki, kimyəvi, bioloji, sosial. Bu formaları hərəkətin gerçəkləşdiyi səviyyələrə uyğun olaraq üç bloka bölmək olar: 1) cansız təbiətdə baş verən hərəkət; 2) canlı təbiətdə baş verən hərəkət; 3) cəmiyyətdə olan hərəkət.
7.Məkan və zaman. Materiyanın digər mövcudluq formaları məkan və zamandır. Məkan və zaman müxtəlif elmlərin tədqiqat predmetidir. Bu kateqoriyaların ən ümumi təbiətə malik olması fəlsəfənin də diqqətini özünə cəlb etmişdir.
Məkan –bütün maddi obyektlərin yertutumu və strukturluğunu işarələmək üçün istifadə edilən kateqoriyadır.
Zaman –bütün maddi obyektlərin mövcudluq müddətini və vəziyyətinin dəyişmə ardıcıllıqlarını işarələmək üçün istifadə edilən kateqoriyadır.
Fəlsəfədə məkan və zaman kateqoriyalarına iki yanaşma mövcuddur:
substansional;
relyasion.
Substansional yanaşma tərəfdarları (Demokrit, Epikür) –məkan və zamanı materiya ilə yanaşı müstəqil reallıq hesab edirlər.
Relyasion yanaşma tərəfdarları (Aristotel, Leybnis, Hegel) –məkan və zamanı maddi obyektlərin qarşılıqlı təsirindən törənən münasibət kimi qəbul edirlər.
Əgər hər nə isə mövcuddursa, deməli o həm də müəyyən xassələrə malikdir. Bəzi hallarda nəyinsə tam anlaşılması onun xassələrinin öyrənilməsini zəruri edir. Məkan və zaman da bir sıra xassələrə malikdir. Bu ümumi kateqoriyaların fəlsəfi tədqiqi onun xassələrinin öyrənilməsini də ehtiva edir. Məkan və xassələrin əsas xassələrini aşağıdakı kimi sadalamaq olar:
a)obyektivlik –yəni məkan və zaman maddi dünyaya aid olub bizim şüurumuzdan asılı deyil;
b)məkan üçölçülü, zaman birölçülüdür;
c) məkan izotropluğa, zaman isə anizotropluğa malikdir (məkanın izotropluğu onun istiqamətə malik olmamasını, zamanın anizotropluğu isə istiqamətə malik olmasını bildirir: zaman keçmişdən gələcəyə doğru “axır”);
d)məkan və zaman bircinsdir (məkan ona görə bircinsdir ki, o özünün hər bir nöqtəsində izotropdur; zaman isə ona görə bircinsdir ki, heç bir zaman anı digər zaman anından üstünlüyə malik deyil, zaman anları mütləq bərabərhüquqludur);
e)makrosəviyyədə məkan və zaman kəsilməzdir;
f)məkan və zaman bir-biri ilə, eyni zamanda materiyanın hərəkəti ilə kəsilməz əlaqədədir;
g)məkan və zaman sonsuzdur.
Dostları ilə paylaş: |