Arqument və əks-arqumentlərini qurun Akademik yazının ürəyi, mən deyərdim ki, əks-arqumentlərdir. Bir mövzuda araşdırma edərkən, öncədən formalaşmış bir mövqeyiniz varsa, əks mövqelərə göz yummayın. Ümumiyyətlə, həyatınızda da hər zaman əks fikirlərə, tənqidlərə açıq olmağınızı tövsiyə edərdim. Bu sizi məsələlərə çoxtərəfli yanaşmağa və sahələrarası düşünmə bacarıqlarınızı formalaşdırmağa kömək edəcək. Qərəzli yanaşma hər zaman əskik yanaşmadır. Dəstəklədiyiniz mövqeyi yazınızda bildirib əsaslandırdıqdan sonra, əks mövqedə olan fikirləri yeni abzasda qeyd etməyiniz və mübahisələndirməyiniz sizin mövqeyi daha da möhkəmləndirəcək. Akademik yazını güclü edən də elə budur. Uyuşmayan fikirlər toplamaq, toqquşan məqamları araşdırmaq və əks-arqumentlər formalaşdıraraq, mövqeyinizi isbat etməyə çalışmaq.
Soruşmaqdan çəkinməyin Təəssüf ki, akademik yazıya başlayarkən, bu sahədə təcrübəli şəxslərdən, professorlardan məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan çoxumuz utanırıq. Ancaq buna heç gərək yoxdur. Unutmayın ki, həmin professorlar da bir vaxtlar sizin keçdiyiniz bu yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz elmdir. Elmə verəcəyiniz hər bir töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur ki, icazə verilən hər bir vasitə və imkanlardan maksimum istifadə edin.
Vaxtınızı düzgün bölüşdürün Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın düzgün bölüşdürülməsi akademik yazı üçün də hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim yazınızın bölmələri üçün plan qurmağınız və təqvim üzrə son tarixlər (deadline) formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o qədər əhəmiyyətlidir.
Yenilikçi və yaradıcı olun Hər bir şeyin özəyində məqsəd dayanır. Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa, yazı stilinizdən başlayaraq hər bir cümləniz buna xidmət etməlidir. Yazdığınız akademik yazı elmə yeni bir fikir qatmırsa, töhfə vermirsə, o, yazı stili olaraq akademik olsa belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq. Ən müxtəlif elmi fikirləri bir yerə toplamaq elmə yenilikçi yanaşma sayıla bilməz. Yazınız, yanaşmalarınız özünəməxsus olduğu kimi, yazınızın nəticə hissəsində mütləq və mütləq akademik işinizdən çıxardığınız nəticələri və əgər varsa, təklif və tövsiyələrinizi qeyd edin.
Nəticə Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən və ya işləyərkən hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmamışıq? Və ya özümüz də daxil olmaqla, hansımız elmi iş yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının keçirdiyi təşviş və narahatlıq hisslərinə şahid olmamışıq? Elmi iş yazmaq gənc insanda bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur. Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onun yazılma qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur. Lakin bu tənqid və danlaq “notları” məsələnin həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən vəziyyətin dəyişməz olaraq qaldığını görürük. Bu isə belə bir fikrə gətirir - bəlkə biz diqqətimizi səbəbə deyil, daha çox nəticəyə yönəldirik.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
M.İsmayılova Azərbaycan dili və nitq mədəniyyəti. Dərslik. Bakı, ADPU, 2016.
N.Məmmədli Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, Elm və təhsil, 2020.
N.Məmmədli Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Dərslik. Bakı
Allahverdiyeva A. İşgüzar yazışmalar. Bakı, 2016, 281s.
Əbdülhəsənli, T., Hüseynova А. İşgüzar Azərbaycan dili. Bakı, 2006.