Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
13
MÖVZU 9.
Protezin klammer fiksasiyası. Klammer xətti. Klammerlərin növləri.
Klammerlər protezin ağız boşluğunda fiksasiya və stabilizasiyası üçün ən geniş yayılmış
elementdir. Fiksasiya dedikdə protezin nisbi sakitlik vəziyyətində, danışıqda ağız boşluğunda
dayanması, stabilizasiya dedikdə isə çeynəmə zamanı protezin ağız boşluğunda dayanması nəzərdə
tutulur.
“Klammer” alman sözü olub, qarmaq deməkdir. Klammerlər bir neçə qrupa bölünür:
1. Materialına görə: metal, plastmas və qarışıq
2. Söykəndiyi yerə görə: diş, dişəti (pelot) və diş-dişəti
3. Formasına görə: dairəvi, yarımdairəvi, lentşəkilli
4. Hazırlanma üsuluna görə: ştamplanmış, əyilmiş və tökmə
5. Funksiyasına görə: tutucu, dayaq və dayaq-tutucu
6. Dişi əhatə etməsinə görə: birçiyinli, ikiçiyinli, ikiqat, üzükvari, ardıkəsilməz və s.
7. Bazisə birləşmə üsuluna görə: sərt və ya stabil, yaylı və ya yarımlabil (hərəkəti dayandıran) və
oynaqlı və ya labil birləşmə
Klammerlər xrom-nikel, xrom-kobalt və qızıl-platin ərintilərindən tökmə və ya əymə üsulu ilə
hazırlanır.
Dayaq diş zəif ekvator olduqda, düzgün yerləşmədikdə və ya dişdə karioz və travmatik qüsurlar
olduqda qapaqla örtülür. Qalan hallarda dairəvi və yarımdairəvi klammerlər dayaq dişinə qapaqsız,
lentşəkillilər isə minanı zədələdiyi və altında qida qalıqları qaldığı üçün yalnız metal qapaq üzərindən
qoyulur.
Hissəvi çıxan protezin fiksasiya və stabilizasiyası dayaq dişlərin sayından, klammerlərin
protezdə yerləşməsindən və diş cərgəsi qüsurunun topoqrafiyasından asılıdır.
Klammerlərin sayından asılı olaraq nöqtəvi, xətti və müstəvi klammer fiksasiyası ayırd olunur.
1. Nöqtəvi fiksasiya: protezdə dayaq nöqtə rolu oynayan bir dişdə yerləşən bir klammer olur.
Belə fiksasiya az effektivdir, çünki fiksasiya zamanı protezin davamlılığı pozulur.
2. Xətti fiksasiya: protezdə bir-birilə xətti olaraq birləşən iki klammer var. Diaqonal, transversal
və sagital klammer xətləri olur. Diaqonal klammer xətti protez bazisini diaqonal üzrə 2 bərabər hissəyə
bölür. Məsələn, bir klammer sağ I premolyarda, ikinci isə sol II molyarda yerləşir. Bu klammer xətti
aşağı çənə protezinə daha əlverişlidir. Məsələn, hər iki premolyar üzərində klammer qoyulur. Bu xətt
çənənin linqvari hərəkətləri zamanı dişləri laxlamadan qoruyur. Sagital klammer xətti yalnız çənənin
bir tərəfində iki dayaq dişi olduqda tətbiq olunur, az effektivdir.
3. Müstəvi fiksasiya: 3 və daha çox klammerlər qoyulur. Üçbucaq, trapesiya və düzgün olmayan
dördbucaq şəklində müstəvi fiksasiya ayırd edilir. Müstəvi fiksasiya ən çox bügel protezlərinə tətbiq
olunur.
Klammerlərin protezdə yerləşdirilməsi həkim tərəfindən dayaq dişinə əsasən təyin edilir. Bu
zaman ilk növbədə dişin davamlılığı, klinik vəziyyəti nəzərə alınır. Dayaq diş dəqiq anatomik formaya
və hündür taca malik olmalıdır. Ekvator zəifdirsə, diş konus şəkillidirsə metal qapaq hazırlanmalıdır.
Dayaq diş seçilməsi zamanı onun digər dişlərlə paralelliyi və antoqanistlərlə münasibəti mühüm
əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |