Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
17
MÖVZU 10.
Süni dişlər haqqında məlumat, onların növləri.
Yaş və cinsdən asılı olaraq süni diş formaları, seçilməsi.
Bütün çıxan protezlərin konstruksiyasına süni dişlər daxildir. Süni dişlər müəyyən funksional və
estetik tələblərə cavab verməlidir. Çıxan protezlərin konstruksiyasında süni dişlərin hansı materialdan
hazırlanması böyük rol oynayır. Dişlər ağız boşluğu toxumalarına və protez sahəsinə mənfi təsir
göstərməyən materialdan hazırlanmalı, müəyyən anatomik formalı olmalı, təbii dişlərə oxşamalıdır,
davamlı olub, az sürtülməlidir. Süni dişlər çinidən, plastik kütlədən, paslanmayan poladdan, qiymətli
metaldan hazırlanır. Bazisə bərkidilməsinə görə kramponlu, diaterik, dəlikli, birləşdirici vasitəsi
olmayan (plastmas) dişlərə bölünür. Bazisdə yerləşməsinə görə ön dişlərə, yan və ya çeynəmə dişlərinə
bölünür. Bazisi qızdırdıqda çini dişləri protezdən ayırmaq olur. Plastmas dişlər isə protezdən ayrılmır.
Protezi rekonstruksiya etdikdə çini dişlərdən yenidən istifadə etmək mümkündür.
Çini dişlər möhkəm, lakin kövrəkdir, çətin yonulur, plastmas süni dişlər isə istənilən qədər
yonula bilir.
Material fərqindən əlavə dişlərin seçilməsinin estetik görüşləri də var. İri sifətli adamlarda
protezə xırda süni dişlər düzmək olmaz. Kişilərin dişləri qadınların dişlərindən iri olub, rəngləri də
seçilir. Qadınlar üçün protezin estetik cəhətinin daha çox əhəmiyyəti var.
Yaşlı və cavan xəstələrdə də süni dişlərin düzülməsində estetik xüsusiyyət və davamlılığa diqqət
yetirmək lazımdır. Belə ki, yaşlı xəstələrdə 2-3 il ərzində süni dişlərin sürtülməsi nəticəsində
okklüzion səth sürtülür, hamarlaşır. Belə xəstələrdə yenidən protez hazırlanması zamanı diş cərgəsi
qövsünün ölçü və formasında dəyişikliklər aparmaq lazım gəlir.
Süni dişlərin düzgün seçilməsinin gələcək protezin davamlılığında böyük rolu var. Həkim süni
dişlərin rəngini, formasını, ölçüsünü təyin edir. Bu zaman xəstənin yaşı, cinsi, ixtisası, göz, saç, dərinin
rəngi, yuxarı dodağın ölçüsünə diqqət verilir. Yaşlı tünd çay içən, siqaret çəkən xəstələrdə dişlər bir
qədər sarımtıl, sarışın, cavan insanlarda və qadınlarda isə daha ağımtıl dişlər seçilir.
Süni dişin eninə və uzununa ölçüləri, forması üzün öndən və yandan görünüşünə, diş cərgəsi
qüsurunun ölçüsünə görə seçilir. Alveol çıxıntı az atrofiyalaşıbsa dişlər yastı boyunlu və əksinə seçilir.
Süni dişin hündürlüyünün təyini ön şöbədə alveol çıxıntının atrofiyalaşmasından asılı olub,
estetik məqsəd daşıyır. Hamar, alçaq, alveol çıxıntısı olduqda ön dişlər boyunətrafı nahiyədə bir qədər
genişlənmiş olmalıdır, əksinə olduqda boyunətrafı nahiyəsi ensiz və daxili səthi çox maili olan dişlər
götürülür.
Ön tərəfdə çini dişlər düzülürsə, dişlərin bir-birin örtməsinə fikir verilməlidir. Dərin örtülmədə
eninə kramponlu dişlər seçilir. Örtülmə çox dərin olarsa, ya metal örtüklü dişlər, ya da plastmas dişlər
götürülməlidir. Yan dişlər qüsurun ölçüsündən asılı olaraq seçilir. Krampon süni dişlər düyməvari və
ya silindrik oxu olan çini dişlərdir. (ön şöbə)
Diatorik çini dişlərin dişəti səthində vertikal dairəvi kolbavari çıxıntı və horizontal ensiz kanalı
var. Bunlar dişlərin protez bazisinə möhkəm oturdulması üçündür. (yan şöbədə)
Plastmas süni diş lüminofor tərkibli sopolimerdən hazırlanır. Dəlikli çini dişlər oral tərəfdə
silindrik dişüstü lövhəli çıxıntı olan dişlərdir.
Üzün forması mərkəzi kəsicilərə bənzəyir. Bu dişlərin seçilməsində əsas götürülür. Ulyams 3 tip
üzə - kvadrat, üçbucaq və oval dişləri seçməyi təklif etmişdir. Nelson belə hesab edir ki, nəinki
dişlərin, hətta diş cərgələrinin forması da üzə uyğundur. Bu Nelson triadası adlanır.
Dostları ilə paylaş: