Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
19
MÖVZU 11.
Çənələrin mərkəzi münasibətin təyini. Nisbi sakitlik vəziyyəti anlayışı.
Okklüdatora gipsləmə.
Mərkəzi okklüziyanın təyini üçün çənələrin gips modellərində mum okklüzion yastıqlı bazis
hazırlanır. Diş texniki mumunun lövhəciyi bir tərəfindən qızdırılır. Yumşaq mum lövhəcik
qızdırılmamış tərəfi ilə gips model üzərinə qoyulur və baş barmaqla damaq səthinə və alveol çıxıntının
dişsiz sahələrinə sıxılır. Bu zaman onu naziltmək olmaz. Mum bazisin formaşdırılmasına sərt damağın
dərinliklərindən başlanır, alveol çıxıntıya keçirilir və mum keçid büküşünə kip sıxılaraq vestibulyar
tərəfdə bitir. Aşağı çənədə isə mum bazis əvvəlcə dil səthinə qoyulur və sonda vestibulyar səth
formalaşdırılır. Qızdırılmış şpatellə gələcək protezin sərhəddi boyunca mum kəsilir. Mum bazısin ağız
boşluğunda deformasiya uğramaması üçün ona məftil bərkidilir. Məftil damaq səthinin ön və yan
sahələri boyu əyilir, qızdırılıb mum bazısə oturdulur. Sonra okklüzion yastıq formalaşdırılır. Mum hər
iki tərəfindən qızdırılıb çubuq şəklinə salınır, yastıq hazırlanır. Eni 1 sm, hündürlüyü 1-1,5 sm olan
yastıqlar alveol çıxıntıda olmayan dişlər nahiyyəsinə qoyulur və bazisə qızdırılmış mumla yapışdırılır.
Yastığın qalan dişlərdən enli, amma onlar hündürlükdə olmalıdır. Qızdırılmış şpatellə yastıq
hamarlanır.
Mərkəzi okklüziyanın təyini üçün həkim yastığa qızdırılmış mum lövhəciyi yapışdırır, mum
bazisi gips modeldən çıxarır və xəstənin ağız boşluğuna daxil edir. Çənələrin qapanması zamanı
yumşaldılmış mum yastıqda antoqonist dişlərin izi qalır. Ön dişlər olduqda həkim orta xətti (kosmetik
mərkəz), gülüş xəttini və ön dişlərin seçilib düzülməsi üçün köpək xəttini qeyd edir. Mərkəzi
okklüziyanın təyinindən və həkim tərəfindən oriyentir xətlərin çəkilməsindən sonra mum bazis ağız
boşluğundan çıxarılır, gips model üzərinə qoyulur və antoqonist dişlərə uyğun olaraq modellər mərkəzi
okklüziya vəziyyətində qurulur. Laboratoriyada texnik modelləri mərkəzi okklüziya vəziyyətində
saxlamaq üçün taxta çubuqlardan istifadə edə bilər.
Mərkəzi okklüziyanın təyinindən sonra modellər okklüdatorda gipslənir. Bunun üçün modellər
okklüdatora qoyulur. Gips qarışdırılır, bir hissəsi stol üzərinə qoyulur və üzərinə okklüdatorun aşağı
çərçivəsi gipsə yerləşdirilir, yenidən bir hissə gips qoyulub, üzərinə modellər yerləşdirilir. Şpatellə
modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra gips qatı yuxarı çənə modelinə qoyulur,
okklüdatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Elə etmək lazımdır ki, hündürlük ştifti daim
meydançaya toxunsun və modellər yerini dəyişməsin. Gips quruduqdan sonra taxta çubuqlar çıxarılır.
Ehtiyatla okklüdator açılıb modellər aralanır.
|