4)Rastr qrafikası Ekranda görüntünün eyni ölçülü çox kiçik nöqtələrdən – piksellәrdәn formalaşdığını bilirsiniz. Ekranda görüntünü əmələ gətirən nöqtələrin düzbucaqlı şəbəkəsi rastr adlanır. (“Rastr” termini latın dilindəki “rastrum” sözündəndir və “dırmıq” deməkdir.) Hesablama texnikası vasitəsilə yaradılan və kompüterin yaddaşında ekranın piksellərinə uyğun olan bitlər yığını şəklində saxlanılan görüntüyə isə rastr qrafikası deyilir.
Ekranda nöqtələr birləşərək bütöv bir şəkil əmələ gətirsə də, rastr görüntünü çox böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur: ekrandakı mövqeyi ilə və əgər monitor rənglidirsə rəngi ilə, ağ-qaradırsa, parlaqlıq dərəcəsi ilə.
Rastr görüntülər yaratmaq və onlar üzərində əməliyyatlar aparmaq üçün çoxlu sayda proqramlar mövcuddur. Windows əməliyyat sisteminin tərkibinə daxil olanMicrosoft Paint proqramı ilə aşağı siniflərdən tanışsınız. İkiölçülü rəsmlər yaratmaq üçün daha geniş imkanları olan PaintNET, Corel Painter, Adobe PhotoShop, yaxud Corel PHOTO-PAINT kimi proqramlardan da istifadə etmək olar. Rastr görüntülərlə işləmək üçün geniş imkanlara malik sərbəst (ödənişsiz) yayılan proqramlar da mövcuddur. Belə proqramlara PaintNET, GIMP, TuxPaint, StarOffice Image rastr qrafik redaktorlarını aid etmək olar.
Rastr görüntülər piksellər yığınından ibarət olsa da, onlarla iş zamanı, adətən, ayrı-ayrı piksellərlə deyil, bütöv fraqmentlərlə işlənilir. Bunun üçün qrafik redaktorlarda müxtəlif alətlər nəzərdə tutulub: düz xətt, əyri, düzbucaqlı, oval (ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı, fırça, pozan, rənglə doldurma və s. Ancaq bəzən görüntünün ayrıca pikselləri ilə işləmək zərurəti yaranır. Məsələn, tutaq ki, yaratdığınız rəsmin hansısa hissəsində cəmi bir neçə nöqtədən ibarət olan bir simvol () yerləşdirmək lazımdır. Bu işi Paint redaktorunda indiyədək istifadə etdiyiniz alətlərin köməyilə etməyə çalışsanız, bunun o qədər də asan olmadığını görəcəksiniz. İndi öyrənəcəyiniz üsulla isə bunu çox rahatca yerinə yetirmək mümkündür.Görüntünün ayrı-ayrı piksellərini redaktə etmək (rəngini dəyişdirmək) üçün “Karandaş” (Pencil) alətindən istifadə olunur. Bu zaman “tor” rejimindən istifadə edilməsi çox əlverişli olur. Bu rejimə Paint proqramında menyunun View⇨Gridlines (PaintNET proqramında View⇨Pixel Grid) komandasından keçilir. Windows əməliyyat sistemində rastr görüntüləri saxlamaq üçün əsas format Windows Bitmap formatıdır. Bu formatlı faylların uzantısı BMP olur. Uzantısı GIF və ya JPEG olan rastr görüntülərdən də geniş istifadə edilir (başlıca olaraq İnternetdə). Son zamanlar PNG formatı da geniş yayılmışdır. Bu formatlarda faylın ölçüsü hiss ediləcək dərəcədə azalır, ancaq görüntünün keyfiyyəti azalmır, yaxud əhəmiyyətsiz dərəcədə azalır. Rastr görüntüləri yüksək keyfiyyətdə saxlamaq üçün TIFF formatından istifadə olunur. Rastr qrafikası, demək olar ki, kifayət qədər mürəkkəbliyə və dəqiqliyə malik rəsmlər yaratmağa imkan verir. Bu, rastr görüntülərin başlıca üstünlüyüdür. Bununla belə, rastr qrafikasının bəzi çatışmazlıqları da vardır. Bu nöqsanlar rəsmdə daha yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda meydana çıxır. Birincisi, yüksək çözümlülüyə malik rastr görüntülərin həcmi çox böyük olur. İkincisi, rastr görüntüləri böyüdüb-kiçildən zaman çətinliklər yaranır. Belə ki, miqyası böyüdəndə rastr elementləri görünür və nəticədə görüntü təhrif olunur.