Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin)yığını kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı yaranır.
Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xasdır. Buna görə də, vektor qrafikasından çox zaman sxemlərin, planların yaradılmasında istifadə edilir. Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların içərisində Corel DRAW, Adobe Illustrator, Adobe Freehand kimi proqramlar daha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proqramlar da vardır. Belə proqramlara örnək olaraq Inkscape, OpenOffice.org Draw, Skencil kimi proqramları göstərmək olar.
Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-birinə bənzərdir. Bunların içərisində seçdirmә alәtlәri çox önəmlidir.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri paralelepiped, konus, silindr və bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq olar.
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış formatlara çevirmək olar.
Rastr və vektor görüntülərlə iş
Rastr və vektor şəkilləri müxtəlif fayl tiplərində saxlanılır və müxtəlif əməliyyatlar tələb edir.
Rastr təsviri piksellərdən ibarət təsvirdir. Piksellər vizual bütövlük yaratmaq üçün birləşir. Rastr şəkilləri adətən JPEG, PNG, GIF, BMP və TIFF kimi fayl formatlarında saxlanılır. Rastr təsvirləri ilə işləmək üçün foto redaktə proqramları, qrafik dizayn proqramları və digər şəkillərlə işləmə proqramlarından istifadə olunur. Rastr şəkillərini redaktə edərkən fərdi piksellərlə manipulyasiya edə bilərsiniz. Lakin rastr təsviri böyüdüldükdə piksellər də böyüyür, nəticədə təsvirin bulanması və keyfiyyət itkisi baş verir.
Vektor təsviri xətlərin və fiqurların riyazi olaraq təyin olunduğu bir şəkildir. Vektor şəkilləri adətən SVG, AI, EPS və PDF kimi fayl formatlarında saxlanılır. Vektor qrafik dizayn proqramı bir çox müxtəlif sənaye sahələrində, xüsusən loqolar, bannerlər, infoqrafika və digər dizayn layihələri üçün istifadə olunur. Vektor şəkillərini redaktə edərkən siz xətləri və formaları dəyişə, ölçüsünü dəyişə və yenidən təşkil edə bilərsiniz. Vektor təsviri böyüdüldükdə xətlər və formalar təhrif edilmədən aydın və kəskin qalır.
Odur ki, layihədə istifadə olunacaq şəkillərin növündən asılı olaraq rastr və ya vektor təsvirlərdən istifadə etmək daha məqsədəuyğun ola bilər. Fotoşəkillər kimi real təsvirlər adətən rastr şəkillərdir, lakin loqolar və digər qrafiklər üçün vektor şəkillərinə üstünlük verilir.