Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçirilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə vasitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miqyasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fermerlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.
Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır. Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qanunvericilik yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütəşəkkil olmadığına görə sahibkarlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çatdırırdılar. Lakin sonralar işçi-lərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd qoymağa məcbur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn, ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata endirildi. O vaxt-dan etibarən iş həftəsinin uzunluğu yenə də qismən azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödənilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asudə vaxtları artmış və deməli, cəmiy-yətin rifahı yaxşılaşmışdır.
ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaşdırılmasını əks etdirmir. Lakin aydın-dır ki, keyfiyyətin yaxşılaşması məhsulların reallaşdırıl-masını asanlaşdırır, istehsalın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yaxşılaşması ilə eyni vaxtda qiymətlər də yüksələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi reallaşdırmada müəyyən çətinliklər yarada bilər. Lakin qeyd etmək lazımdır ki, qiymət-lərin yüksəlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə qiymətlərlə məhsulların keyfiy-yəti arasındakı asılılıqda tarazlaşmaya gətirib çıxarır.
Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məhsulların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bilər ki, müqayisə üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tələbat olan məhsullar hesabına deyil, insanların tələbatlarının nisbətən yaxşı ödənildiyi məhsullar hesabına olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif arasındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifahının yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə istehsalın səmərəliliyinə əks təsir göstərə, onun artırılmasında adamların fəallığının azalmasına səbəb ola bilər. Bundan başqa, ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xarakteristika vermək üçün ÜMM həqiqi mənzərəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstəricilərindən istifadə edilir. Bu göstəricilərə hər nəfərə düşən ümummili məhsul, milli gəlir, konkret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əhalinin pul gəlirləri və banklardakı əmanətlə-rinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniy-yət günlərinin miqdarı, əhalinin məşğulluğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.