Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) göstəricisi cari ildə istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal prose-sində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd. manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı illərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-olmaması müəyyənləşdirilir.
Cari ildə XMM-in yaradılmasında iştirak edən torpaq, işçi qüvvəsi, kapital və sahibkarlıq qabiliyyəti müqabilində əldə edilən gəlirlərin formalaşması mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olunması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bilavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyələri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək üçün XMM-dən biznesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir: 1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri); 3) Faiz; 4) Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Korporasiyaların bölüşdürülməyən mənfəəti.
Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sı-ğorta haqqından, korporasiyaların mənfəətindən alınan vergilərdən və onların bölüşdürülməyən mənfəətindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev təsərrüfatlarının əlinə keçən gəlirlərin bir hissəsini isə, məsə-lən, transfert ödənişlərini əməyin nəticəsi hesab etmək ol-maz. Transfert ödənişlərinin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə görə sığorta ödənişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2) Maddi yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənclər, məsələn, təhsil almaq üçün subsidiyalar, əmək qabiliy-yətini itirdikdə verilən yardım; 4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yardımlar; 5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.
Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növ-ləri çıxılır, cari ildə əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlandırılan gəlir növləri onun üzərinə əla-və edilməklə şəxsi gəlir müəyyən olunur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan gəlirdir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik vergilərindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.
4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.
ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların fikrincə istehsalın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifahının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca vacibdir.
Dostları ilə paylaş: |