2. Qədim dövrlərdə (X əsrə qədər) Azərbaycanda vergilər
Müasir
Azərbaycan
Respublikasının ərazisində insanların
məskunlaşmasının izləri paleolit dövrünün (daş dövrünün) ilkin
mərhələlərinə qədər gedib çıxır. Eramızdan əvvəl IV minilliyin sonu III
minilliyin əvvəllərindən başlayaraq ibtidai icma qurluşunun dağılması
və sinifli cəmiyyətə keçid prosesi başlayır. Bu dövrdən başlayaraq
həmin ərazilərdə Aratta, Kutium kimi qədim dövlətlər mövcud
olmuşdur. Eramızdan əvvəl I minilliyin əvvəlində Cənubi Azərbaycan
ərazisində Urmiya gölü hövzəsində Manna dövləti yaranır.
Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqlarından isə
Albaniya dövləti mövcud idi. Eramızdan əvvəl VI əsrin əvvəllərində
qədim Azərbaycanın Manna dövləti süquta uğradı və onun əraziləri
İranda yaranmış qüdrətli Midiya dövləti tərəfindən işğal edildi.
Azərbaycan ərazisində antik dövrlərdə mövcud olmuş bu
dövlətlərdə əhali əsasən köçəri maldarlıq və əkinçiliklə məşğul olmuş,
vergilər isə bir qayda olaraq natural formada toplanmışdır.
Midiya dövləti süquta uğrayandan sonra İranda Əhəməni
sülaləsinin hakimiyyəti (e.ə.550-330-cu illər) bərqərar oldu, Azərbaycan
torpaqları isə bütövlükdə Əhəməni Satraplığına daxil edildi. Bu
ərazilərdə təmsil olunmuş ayrı-ayrı tayfalar əhəmənilərə vergi verir və
əhəməni ordusunun silahlı qüvvələrini təchiz edirdi.