torpaq vergisi ilə yanaşı, daşınmaz əmlak, qullar, mal-qara və digər obyektlər də vergiyə cəlb edildilər. Birbaşa vergilərlə yanaşı dolayı vergilər də yarandı, məsələn, dövriyyə vergisi – 1 faiz, qullarla
ticarətdən dövriyyə vergisi – 4 faiz, vərəsəlik vergisi – 5 faiz və s.
Sonrakı dövrlərdə mövcud olan vergi sistemləri özlərindən
əvvəlkiləri bəzi dəyişikliklərlə, demək olar ki, təkrar edirdilər.
O dövrdə bütün ölkələrdə ən geniş yayılmış vergi növləri torpaq vergisi, tikililərə görə vergi, can vergisi və ya adambaşına vergi, aksizlər, gömrük rüsumları, kommunal və yerli vergilər idi.
Torpaq vergisi torpaqdan əldə olunmuş gəlirdən tutulurdu.
Məsələn, İngiltərədə torpaq sahibləri özlərinin elan etdikləri gəlirlərinin
10 faizi həcmində vergi ödəyirdilər. Rusiyada isə torpaq keyfiyyətinə və
yerləşdiyi əraziyə görə dərəcələrə bölünürdü. Zadəgan torpaq sahibləri
torpaqdan əldə etdikləri xalis gəlirin 20-25 faizi, ruhanilər isə 40-45 faizi
həcmində vergi ödəyirdilər.
Ən qədim və geniş yayılmış vergilərdən biri tikililərdən tutulan
vergi idi. Tüstü vergisi adı altında bu vergi növü XX əsrə qədər mövcud
olmuşdur. Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan çıxan tüstünün
sayına görə iki şillinq vergi tutulardı.
Can vergisi və ya adambaşına düşən vergiyə torpaq və ya mülk
sahibi olmayanlar, başqa sözlə, torpaq vergisi ödəməyənlər cəlb
olunurdular. Roma istilası dövründə Avropada dullar və yetimlər bu
vergini ödəməkdən azad edilirdilər. Həddi-buluğa çatmayanlar üçün
vergini valideynləri, təhkimli kəndlilər üçün isə feodallar ödəyirdilər.