16. Siyasi natiqlik
İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.
Siyasi natiqlikdə özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə nitqlərin təsiri nəticəsiz qalmır. İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən sonra qarşıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur. İctimai-siyasi natiqlik əsasən mövcud iqtidarı müdafiə edir. Onun siyasi fikirlərini, məqsəd və vəzifələrini təbliğ edir. Müxalifət qüvvələrinin belə fikirlərlə razılaşmaması ziddiyyətli fikirlərin meydana gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişafına təkan verir. Yeni natiqlərin, liderlərin yaranmasına gətirib çıxarır. Siyasi natiqlik kütləvi xarakter daşıyır, xalqa xidmət edir.
İctimai-siyasi natiqliyin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, xalqa xidmət edir. Onun mənafeyini hər şeydən üstün tutur. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu xüsusiyyətlər onu digər növlərdən fərqləndirir.
Dostları ilə paylaş: |