19. Ədəbi dil və onun iki forması
Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı
Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.
Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.
Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.
Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.
Dostları ilə paylaş: |