67. Diskussiyaların təşkili və əhəmiyyəti
68. Bədii üslub və əsas tələblər
69. Bədii təsvir və ifadə vasitələrinin bədii üslubda rolu
70. Terminlərin elmi üslubda rolu
71. Dialektizmlərin dildə rolu
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsasıdır,onun qida mənbəyidir, dil sistemi həlqəsindən kənarda deyildir».
«Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş oluruq».
Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, müəyyən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə etdikləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dialekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sabitləşmədiyini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə sözləri ilə ədəbi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümumxalq, canlı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hələlik müəyyənləşdirilməmişdir».
T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt sözlərinin işlənmə sərhədləri hələ kifayət qədər öyrənilməmişdir». Lakin buna baxmayaraq, milli ədəbi dilin formalaşması üçün bəzi sözlər dialektdən ədəbi dilə, bəziləri isə əksinə, ədəbi dildən dialektlərə keçir. Müşahidələr göstərir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funksiyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin daim yanaşı mövcudluğu onların lüğət tərkibinin qarşılıqlı şəkildə zənginləşməsini təmin edir». Beləliklə də, «bir tərəfdən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zənginləşdirir. Digər tərəfdən ədəbi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bunun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir».
Dialektizmlərin ədəbi dilin inkişaf edib zənginləşməsindən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi dilin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd etmək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, ondan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir». Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsərlər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə daxil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlədilmə lüzumuna malik olan dialektizmlər yazıçılar tərəfindən bədii ədəbiyyata gətirilir; bunlardan ümumxalq səciyyəsi qazananlar ədəbi dilin lüğət fonduna keçərək onu zənginləşdirir». Ədəbi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üslubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt sözlərini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi dilə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o demək deyildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədəbi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, onları konkret olaraq müəyyən bir dialekt qrupuna aid etmək, canlı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dialektizmlərin ancaq müəyyən bir qismi ədəbi dildə işlənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi neologizmlərinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt sözlərinin ümumxalq koloriti qazanmağının, gizli üslubi imkanlarının üzə çıxarılmasının qanunauyğun nəticəsi kimi meydana çıxır».
«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan tapır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin verilməsində üslubi vasitələrdən birinə çevrilir». Bədii dilin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox işlənir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tərənnüm edərkən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə danışmaqla yanaşı, eyni zamanda daha çox personajların bir-biri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman surətlərin dilində dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haqda Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları canlandırmaq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məqsədəuyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir».
Dostları ilə paylaş: |