Niderland Krallığı. Əhalisinin yüksək sıxlığı ilə seçilə bu ölkənin ərazisinin 1/3-i dəniz səviyyəsindən aşağıda yerləşir. Bu da ölkəni iqlim dəyişmələri riskin həssas bölgə hesab etməyə imkan verir. Bu riskdən mühafizə olunmaq üçün ölkə ərazində geniş kanal, bənd və nasos şəbəkəsi fəaliyyət göstərir. Salınmış bəzi su bəndlərin əsas rolu hər 10 min illikdə bir dəfə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınmasıdır. Lakin təhlükə yalnız dəniz səviyyəsinin qalxmasından deyil həm də gur sulu çayların gətirəcəyi daşqınlardan da gözlənilir. Bütün bu amillər şiddətli qasırğa və ölkə ərazisinə düşən yağıntının miqdarının 25% artım ehtimalı Niderlandda iqlim dəyişmələrinə uyğunlaşmanı planlaşdırılmasını milli təhlükəsizlik məsələsinə çevirmişdir.
Şəkil 6. Reyn çayında suyun səviyyəsinin qalxması, Niderland Krallığı
Hökumət qurumları mövcud infrastrukturun çaylarda və dənizdə suyun səviyyəsinin qalxmasının qarşısının alınmasına kifayət etməyəcəyini düşünərək, 2000-ci ildə yeni adaptasiya strategiyası tərtib etmişlər. Strategiyada əsas diqqət yaşayış məntəqələrinin salınmasının planlaşdırılması və su hövzələrinin idarə olunmasının təkmilləşdirilməsinə yönəlmişdir. Strategiyada daşqınlardan müdafiə təbirlərinə 3 milyard ABŞ dolları miqdarında vəsait nəzərdə tutulur.
Yaponiya. İqlim dəyişmələrinin fəsadlarına ən çox məruz qalan inkişaf etmiş ölkə dedikdə dərhal Yaponiya yada düşür. İqlim dəyişmələrinə uyğunlaşmanın vacibliyi məsələsi Yaponiyada 2004-cü ildən etibarən ictimaiyyətin diqqət mərkəzinə gəlmişdir. Çünki həmin il ölkəni 10 tropik qasırğa vurmuşdu və büdcəyə dəyən ziyan təxminən 14 milyard ABŞ dolları həcmində qiymətləndirilirdi. Dəniz səviyyəsinin qalxması və artan hərarət göstəriciləri iqlim dəyişmələrinin fəsadlarını daha da şiddətləndirir. Yüksək texnologiyalardan istifadə olunaraq hazırlanmış seldən mühafizə infrastrukturu olmasına baxmayaraq, bu ölkənin sahilboyu əraziləri daim subasma risklərinə həssas ərazilərdir. Yaponiya iqtisadçılarının hesablamalarına əsasən dəniz səviyyəsinin hər 1 metr qalxması mühafizə tədbirləri üçün büdcədən 93 milyard dollar həcmində vəsaitin ayrılmasını tələb edir.
Misallardan göründüyü kimi inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma sektoruna kifayət qədər böyük investisiyalar qoyulur. İndi çəkilən xərclərin məqsədi gələcəkdə bu ölkələrdə yarana biləcək təbii fəlakətlərin zərərində sığortalanmaqdır. Məsələn, Böyük Britaniyada aparılan tədqiqatlara əsasən daşqında mühafizəyə xərclənmiş hər 1 ABŞ dollarına daşqın zamanı dəymiş zərəri 5 ABŞ dolları azaltmaq olar. İqtisadi faktorlar və ictimai rəy inkişaf etmiş ölkələrin hökumətlərini uyğunlaşma (adaptasiya) planlarına kifayət qədər ciddi yanaşmağa vadar edir. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət bir qədər fərqlidir.