11.7 Azərbaycan: İqlim Dəyişmələri üzrə Ssenarilər, Həssaslıqlar və Uyğunlaşma
11.7.1 Azərbaycanda iqlim dəyişmələrinin temperatur artımına təsiri
Hər bir dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişmələrinin təsirində sığortalanmamışdır. Ölkədə iqlim dəyişmələri və qlobal istiləşmənin təsirlərini adi insanlar da hiss edirlər. Çoxumuz son illərdə yayın həddən artıq isti və ya qışın çox soyuq keçdiyində gileylənirik. Bəzilərimiz isə fəsillərdə ayların yer dəyişməyini iddia edirik. Bir çox iqlimşünas alimin fikrincə bütün bunlar qlobal səviyyədə iqlim dəyişmələrinin lokal təsirlərinin nəticəsidir.
Yuxarıda qeyd olunduğu kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya üzv dövlət kimi Azərbaycan da ölkədə bu fenomenlə əlaqədar prosesləri müşahidə edərək baş vermiş dəyişikliklərlə bağlı hesabatlar hazırlayır. Ekolo giya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bir sıra stansiyalarının məlumatlarından istifadə olunaraq 1991-2000-ci illər ərzində illik temperatur və yağıntı anomaliyaları təhlil edilmişdir. Təhlil edilmiş temperatur məlumatlarından məlum olmuşdur ki, ölkədə göstərilən 10 il ərzində orta temperatur 0,41°C artmışdır. Bu artım 1961-1990-cı illərdəki artımdan (30 il ərzində artım 0,34°C olmuşdur) çoxdur, yəni 1991-2000-ci illər ərzində artım 3 dəfə sürətlənmişdir.
Yerli iqlimşünaslar tərəfindən müxtəlif proqramlar vasitəsilə tərtib olunmuş proqnozlara əsasən 2021-2050-ci illərdə ölkəmizdə orta illik temperatur artımı 1,5°C-1,6°C təşkil edəcəkdir. Nəticəyə görə temperatur artımı bu əsrin birinci yarısında hər on ildə təqribən 0,3°C ola bilər. Hesablamalar rütubətin artması nəticəsində yağıntıların 1961-1990-cı illərə nisbətən 2050-ci ilədək 10-20% artması proqnozunu da verir.
11.7.2 Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və mümkün uyğunlaşma tədbirləri
Azərbaycanda iqlim dəyişmələrin həssas sahələr su təminatı, kənd təsərrüfatı və insan sağlamlığı hesab edilir. Göründüyü kimi bu sahələr yuxarıda qeyd olunmuş iqlim dəyişmələrinin insan inkişafını ləngidən sahələri ilə üst-üstə düşür.
Su ehtiyatları. Gözlənilən iqlim dəyişmələri nəticəsində 2021-2050-ci illərdə səth su ehtiyatları 23% azalaraq 22.5km3 təşkil edəcək. Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarına görə ən kasıb ölkə hesab olunur. Nəzərə alsaq ki, ölkənin su ehtiyatlarının 70%-i digər qonşu ölkələrin ərazisində formalaşır bu vəziyyəti daha da gərginləşdirəcəkdir. Çünki iqlim dəyişmələrinin qonşu ölkələrdə də su qıtlığına səbəb olması və mövcud ehtiyatlar üzərində tələbat və təzyiqi artırması labüddür. İndi olduğu kimi, gələcəkdə də ən həssas sahələr kənd təsərrüfatı, hidroenergetika və əhalinin su təchizatı olacaq. Bütün bu amillər ölkədə insan inkişafı prosesinə mənfi istiqamətdə təsir göstərəcək. Azərbaycan əhalisinin 40%-dən çoxunun məşğulluğunun kənd təsərrüfatında olması su təminatında problemlərin yaranmasını arzuolunmaz edir. Bundan əlavə iqlim dəyişmələrinin təsiri nəticəsində xüsusilə iri şəhərlərdə su təchizatı ilə əlaqədar problemlərin yaranması və ölkənin indiki şəraitdə belə məhdud hidroenerji potensialının azalması ölkədə insan inkişafını ləngidə bilər.
Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirlərini yumşaltmaq məqsədilə aşağıdakı uyğunlaşma tədbirləri həyata keçirilə bilər:
su ehtiyatlarını idarə etmə sistemlərinin təkmilləşdirilməsi;
əlavə su mənbələrinin cəlb edilməsi;
daşqın və sellərə qarşı mübarizənin gücləndirilməsi;
su kəmərləri sistemində su itkilərinin azaldılması və keyfiyyətinin yaxşı
laşdırılması;
dağ çayları və irriqasiya kanalları üzərində kiçik HES-in tikilməsi və s.