Spekfrofotometrik
Fermentativ fəallığın təyini məqsədilə geniş istifadə olunan üsulların növbəti qrupu spekfrofotometrik üsullardır. Fermentativ reaksiyaların substratları və ya məhsulları adətən spektrin gözə görünən və ya ultrabənövşəyi sahələrində işığı udma qabiliyyətinə malikdirlər. Molekulda ikiqat rabitənin və ya həlqəşəkilli quruluşun olması onun udma spektrinə təsir edir. Adətən reaksiyanın substratlarının və məhsullarının udma spektrləri fərqlənir və bunun da sayəsində müəyyən fermentativ reaksiyanın miqdarca səciyyələndirilməsi mümkün olur. Spektrofotometrik üsulun tətbiqi spektrofotometrin yaradılması ilə əlaqədardır. Spektrofotometr - müxtəlif dalğa uzunluğunda müəyyən maddə məhlulu ilə işığın udmasını tədqiq etmək imkanını verən cihazdır. Bu cihaz oksidləşdirici-reduksiyaedici fermentlərin öyrənilməsi məqsədilə daha geniş istifadə olunur.
Məsələn, bir sıra dehidrogenazaların tərkibinə NAD+ və ya NADP+ daxildir. Varburq müəyyən etmişdir ki, bu kofermentlərin oksidləşmiş (NAD+ və NADP+) və reduksiya olunmuş (NADH və NADPH) formaları öz spektrlərinə, xüsusilə də 340 nm dalğa uzunluğunda udma qabiliyyətlərinə görə bir-birindən kəskin dərəcədə fərqlənirlər. Belə ki, 340 nm dalğa uzunluğunda NAD+ işığı udmur, onun reduksiya olunmuş forması NADH isə, yüksək udma qabiliyyəti ilə xarakterizə olunur. Bu dalğa uzunluğunda udmanın dəyişməsi əsasında biz bu və ya digər dehidrogenazanın nə dərəcədə intensiv işləməsi haqda məlumat əldə edə bilərik və, deməli, reaksiyanın sürətini ölçə bilərik. Dəqiqliyi və az vaxt tələb etdiyi sayəsində spektrofotometrik üsullar enzimologiyada geniş tətbiq olunurlar.
Dostları ilə paylaş: |