a) Təsdiqedici modal sözlər: əlbəttə, həqiqətən,
şübhəsiz, doğrudan (da), şəksiz…
b) Yekunlaşdırıcı modal sözlər: deməli, qısası,
beləliklə, ümumiyyətlə, nəticədə…
c) Ehtimalı modal sözlər: bəlkə, yəqin, deyəsən, ehtimal
(ki), güman ki), sanki, elə bil (ki)…
Sintaktik funksiyasına görə daha çox ara söz və söz-
cümlə funksiyasında çıxış edir [7, s.164].
Modallıq dilin inkişafının sonrakı mərhələlərində ünsiyyət
prosesində yaranmış və formalaşmış ümumi və təbiətinə
görə mürəkkəb məntiqi-linqvistik kateqoriyadır. Modallığın
mürəkkəbliyi orasındadır ki, onda dilin bütün səviyyələrinə
16
xas olan əlamət və xüsusiyyətlər, qrammatik, sintaktik,
semantik əlaqələr toplusu cəmləşmişdir. İnsan təfəkkürünün
artıq inkişaf etmiş mərhələsinin məhsulu kimi modallıq həm
də milli özünəməxsusluğu əks etdirir. Bu cəhət modallıqla
frazeologiya arasında körpu yaratmış olur. Dil
səviyyələrindən, onun funksional imkan və vasitələrindən
əlavə modallığın frazeoloci birləşmələr tərkibində işlənməsi
dilçilik ədəbiyyatında az tədqiq olunmuşdur.
Məlum olduğu kimi, dil və təfəkkür problemləri
kontekstində məntiqlə qrammatika elmlərinin kəsişdiyi
nöqtələr çoxdur. Məhz bu baxımdan modallığın linqvistik
mahiyyəti ilə məntiqi modallıq qarışdırılır. Bəzən modallıq bir
linqvistik kateqoriya kimi tamamilə inkar edilir. Onun məntiqi
mahiyyəti ön plana çəkilir. Linqvistik modallığa isə məntiqi
modallığın dildə təzahür forması kimi baxılır. Qeyd etmək
lazımdır ki, modallıq kateqoriyası fəlsəfi baxımdan da təhlil
oluna bilər. Bu kateqoriya obyektiv reallıq, təfəkkür və dilin
qarşılıqlı
əlaqələri fonunda nəzərdən keçirilməlidir.
Göstərilən əlaqələr fonunda məntiqi modallıq hökmün ən
mühüm əlaməti kimi səciyyələndirilə bilər. Obyektiv əlaqələr
məntiqi hökmün məzmununda müxtəlif forma və
dərəcələrdə əks oluna bilər. Həmin forma və dərəcələrə
görə hökmləri mümkün, həqiqi və zəruri növlərinə ayırırlar.
Hökmdəki fikrin məzmunu real olaraq mövcud ola bilər və
yaxud ehtimalı olur.
Dilçilik baxımından modallığın səciyyəvi cəhətləri
yuxarıda qeyd olunmuşdur. Burada danışanın deyilmiş fikrə
münasibəti ön plana çəkilir. Bu baxımdan məntiqi və
linqvistik modallığı bir-birinə yaxınlaşdıran cəhətlər üzə çıxır.
Məlum olduğu kimi, linqvistik reallıq, yaxud qeyri-reallıq
məntiqi həqiqilik və yalanla üst-üstə düşür. Burada bir
mühüm cəhəti də nəzərdən qaçırmaq olmaz: deyilmiş fikrə
münasibət (onun reallığı, qeyri-reallığı, həqiqiliyi, yalan
olması, vacibliyi, zəruriliyi, mühümlüyü, ehtimalı olması)
danışan tərəfindən bildirilir və bu münasibət subyektiv və ya
obyektiv səciyyə daşıya bilər. Göstərilən xüsusiyyətləri əsas
götürərək bir çox tədqiqatçılar (Q.V.Kolşanski, V.V.Panfilov,
L.V.Bondarko) linqvistik modallığa məntiqi modallığın ifadə
vasitəsi kimi baxırlar [115, s.94-98; 134, s.48; 133; 135; 69].
17
Lakin, bu məsələ ilə bağlı dilçilər arasında yekdil fikir
yoxdur.
Başqa linqvistik kateqoriyalar kimi modallıq da məzmun
və ifadə planları ilə səciyyələndirilir. Lakin, modallıq daha
çox məzmun planı ilə səciyyələndirilə bilər və bu baxımdan
semantik kateqoriya hesab oluna bilər. Modallığı məzmun
və ifadə (forma) planlarının vəhdəti kimi götürsək, onda ona
həm semantik, həm də qrammatik-prosodik kateqoriya kimi
baxıla bilər [115; 136].
Tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi linqvistik
təbiətinə görə modallıq sırf sosial, yaxud sırf fərdi kateqoriya
hesab oluna bilməz [171]. Burada parodoksal bir hal
müşahidə olunur: bir tərəfdən modallıq danışanın (müəyyən
situasiyada nitq prosesində iştirak edən konkret fərdin)
deyilən fikrə münasibətini bildirir, digər tərəfdən münasibət
vasitəsi kimi dildə artıq formalaşmış, sabitləşmiş, hamının
qəbul etdiyi leksik vahidlərdən istifadə edir. Deməli, həmin
münasibəti ifadə edən vahidlər kimi, onun özü də artıq
ictimai hadisədir. Fərd isə həmin ictimai hadisədən, dil
faktından nitq prosesində istifadə edir. Əgər modallıq sırf
fərdi kateqoriya olsaydı, onda onun dil daşıyıcıları tərəfindən
mənimsənilməsi qeyri-mümkün olardı. Lakin, fərd
cəmiyyətdə formalışmış münasibətlər toplusundan
özünəməxsus şəkildə istifadə edir. Məhz bu göstərilənlərə
görə modallığın həm fərdi, həm də sosial aspektləri üzə
çıxmış olur.
Ümumiyyətlə, dilçilik ədəbiyyatında modallığın izahı
müxtəlifdir. Ən ümumi şəkildə belə bir tərifi qəbul etmək olar
ki, modallıq danışanın ifadə etdiyi nitqin (söyləmin) reallığa
münasibəti deməkdir. Lakin bu tərifin özündə də bir
ziddiyyət vardır. Reallıq dedikdə obyektiv olaraq mövcud
olan dünya, aləm başa düşülür. Təbiidir ki, reallıqla obyektiv
dünya, aləm heç vaxt üst-üstə düşmür. Başqa sözlə,
danışanın reallıq, obyektiv dünya haqqında fikirləri
subyektiv, şəxsi mülahizə ola bilər.
Linqvistik baxımdan mübahisə doğuran cəhətlərdən biri
də modallığın semantik və ya qrammatik kateqoriyaya aidliyi
məsələsidir. O.S.Axmanova “Dilçilik terminləri lüğəti”ndə
modallığı danışanın dediklərinə (söyləm) və söyləmin
18
məzmunun reallıqla münasibəti zəminində izah edir və
göstərir ki, modallıq müxtəlif vasitələrlə – qrammatik, leksik
yollarla ifadə oluna bilər. Belə qrammatik ifadə vasitələrinə
O.S.Axmanova felin şəkillərini, modal felləri intonasiya və s.
misal gətirir [57, s.286-287].
Q.V.Kolşanski isə cümlənin modallığını ümumi semantik
kateqoriya hesab edir. Modallıq söyləm vasitəsi ilə reallaşır
və bütün söyləmə aid olur. Söyləm semantik baxımdan iki
hissəyə bölünə bilməz. Məna cəhətinə görə cümlə tamdır.
Semantika modallıqdan doğur və kommunikasiya
prosesində reallaşır [115].
T.P.Lomtevin fikrinə görə modallıq semantik, daha dəqiq
desək, semantik –kommunikativ funksiya kimi daha çox
məntiqə aid edilə bilər. Modallıq bütün cümlə boyu yayılır,
lakin xüsusi ifadə vasitəsinə malik deyil [125].
Əlbəttə, bu fikirlə razılaşmaq qeyri-mümkündür.
Modallığın istər leksik-qrammatik, istərsə də prosodik və s.
ifadə vasitələri məlumdur. Bu barədə artıq məlumat
verildiyindən əlavə izahata ehtiyac yoxdur.
Semantik kateqoriya kimi modallıq ən yeni sintaksisin
obyekti kimi də tədqiq oluna bilər [82; 62; 190]. Törədici
qrammatikalarda modallıq dərin strukturun (sintaksisin)
anlayışlarından hesab olunur. Tədqiqatçıların fikrinə görə
səthi struktur modallığın mahiyyətini tam aça bilmir, çünki
modallıq dərin strukturda, semantik qatda əks olunan
semantik kateqoriyadır. Səthi strukturda modallığın ifadə
üsulları və vasitələri müxtəlif ola bilər. Modallığın hər bir milli
dildə ifadəsi də rəngarəng formalara malikdir. Rus
dilçiliyində modallıq müxtəlif baxımlardan təsnif edilir [121;
105; 101]. Göstərilən təsniflərin həm oxşar, həm də fərqli
cəhətləri vardır. Kruşelnitskaya, Zolotova və Yermolayevin
araşdırmalarında modallığın üç tipi göstərilir. Obyektiv
modallıq tipində danışanın nöqteyi-nəzərindən deyilmiş
cümlənin məzmunun həqiqətə uyğunluğu ifadə olunur.
Subyektiv modallıq tipində danışanın söyləmin məzmununa
münasibəti əks olunur. Törəmə tipli modallıq daha
mürəkkəb struktura malikdir. Burada əlamətin daşıyıcısı
subyektlə predikativlik əlaməti arasında əlaqənin həqiqiliyinə
münasibət bildirir. Birinci iki əlaqə tipi sintaksisxarici, üçüncü
19
tip isə sintaksisdaxili əlaqə tipi kimi müəyyənləşdirilir. Bəzi
tədqiqatçılar analo]i prosesi fərqli anlayışlarla ifadə edirlər.
Burada modallıq xarici və daxili modallığa ayrılır. Xarici
modallıq obyektiv və subyektiv modallığı ehtiva edir, daxili
modallıq isə subyektin icra etdiyi işə münasibəti bildirir.
Daxili modallıqda subyektin icra etdiyi hərəkətə
mümkünlük, zərurilik, arzu və vaciblik planında münasibəti
əks olunur.
Bu çərçivədə xarici modallıq altında söyləmin həqiqətə və
danışanın söyləmin məzmununa münasibəti başa düşülür.
Anlayışların müxtəlifliyinə baxmayaraq deyilənləri
yuvarlaqlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, modallıq
ən ümumi şəkildə iki hissəyə bölünür: obyektiv və subyektiv
modallıq.
Obyektiv modallıq obyektiv reallığı (həqiqəti) əks etdirir.
Subyektiv modallıqda danışanın münasibəti hiss olunur.
Subyektiv modallıqda danışanın söylədiyi fikrə inamı
/inamsızlığı, deyilən fikirlə razılaşması/ razılaşmaması öz
əksini tapır. Bu prosesdə danışan ifadə etdiyi fikri həqiqətə
uyğun gəlib-gəlməməsinə görə qiymətləndirmiş olur.
Modallığın obyektiv və ya subyektiv kateqoriyaya aid
edilməsi ətrafında mübahisələr uzun müddət davam etmiş,
indi də davam etməkdədir. Obyektiv modallıq obyektiv
reallıqda obyektiv olaraq mövcud olan əlaqələrin səciyyəsini
əks etdirir, subyektiv modallıq obyektiv reallığın konkret
fərdin təfəkküründə əksidir. Bu baxımdan obyektiv reallığın
əksi həmişə fərdi olur. Mənimsəmə konkret şəxsin bilik
səviyyəsindən, məntiqi-psixolo]i təfəkkür tərzindən,
yaddaşından və s. amillərdən asılı bir yaradıcı prosesdir.
Obyektiv reallığın əksi, onun qavranması, mənimsənilməsi
obyektiv ola bilməz, həmişə subyektivdir, çünki obyektiv
reallığa münasibət konkret fərd tərəfindən bildirilir. Məhz
bunları əsas götürən bir qrup tədqiqatçılar obyektiv
modallığın mövcudluğunu qeyri-mümkün hesab edirlər.
Modallıq heç vaxt obyektiv ola bilməz, çünki ictimai, kollektiv
münasibət olmur. Doğrudur, ayrı-ayrı fərdlərin subyektiv
münasibətlərinin toplusu son məqamda ictimai rəyi,
münasibəti formalaşdıra bilər.
20
Deyilənlər bir daha göstərir ki, obyektiv və subyektiv
modallıq anlayışları eyni prinsiplər, meyarlar əsasında izah
olunmadığı üçün mübahisəlidir. İngilis və Azərbaycan dilinin
materialları əsasında apardığımız ilkin araşdırmalar belə bir
qənaətə gəlməyə imkan verir ki, modallığı mahiyyətinə və
təbiətinə görə subyektiv hesab etmək olar. Subyektiv
modallıq isə öz növbəsində obyektiv reallığın insan
təfəkküründə əksinin nəticəsidir.
Tədqiqatçıların bir çoxu elə hesab elir ki, ümumiyyətlə,
hər bir söyləm üçün subyektiv modallıq mütləqdir. Subyektiv
modallıq olmadan söyləm mövcud ola bilməz [154, s-38].
Beləliklə, obyektiv modallıq verilən məlumatın reallığa
münasibətinin səciyyəsini ifadə edir. Bundan fərqli olaraq
subyektiv modallıq danışanın ifadə etdiyi nitq parçasına,
məlumata münasibətini bildirir.
Obyektiv-subyektiv modal mənaların nisbəti məsələsinə
ayrı-ayrı tədqiqatçıların münasibəti fərqlidir. Obyektiv-
subyektiv modal mənaları əlaqəli olub bir-birini tamamlayır.
Subyektiv modallıq obyektiv modallığa təsir edib onu
mənaca dəyişdirə bilmir, yalnız bu mənanı başqa formada
ifadə edir. Modallıq kateqoriyasına insan təfəkküründə öz
əksini tapan obyektiv və subyektivliklərin dialektik vəhdəti
kimi baxmaq olar.
Obyektiv və subyektiv modallıq – vahid tamın müxtəlif
tərəfləri kimi səciyyələndirilə bilər. Subyektivin istənilən
məlumatı təkcə məlumatdan ibarət olmur, həm də həmin
verilmiş məlumata danışanın münasibəti bu və ya digər
şəkildə öz əksini tapır.
Modallığın iki aspekti – obyektiv və subyektiv modallıq –
bir-birini tamamlayaraq bütövlükdə cümlənin ümumi
modallıq məzmununu yaradırlar. Hər iki aspekt məna
yüklərinə görə eyni- qiymətlidirlər.
Modallığı doğuran, modal mənanı təşkil edən vasitələr
müxtəlifdir. Tədqiqatçıların bir qrupu sual, nəqli mənalarını,
reallıq, qeyri-reallıq, əsaslılıq, şübhə, mübahisə doğurmayan
leksik-qrammatik söz qruplarını, ehtimallıq, mümkünlük,
zərurilik, arzu və s. məna çalarları yaradan vasiələri
modallığa aid edirlər [51, s.163].
21
Başqa qrup tədqiqatçılar reallığı, mümkünlüyü, zəruriliyi
[115, s.94-98], digərləri nəqli, sual və əmr cümlələrini
modallığa daxil edirlər [84, s.217-301].
Dilçilikdə qərarlaşmış başqa bir fikrə görə isə hiss və
həyəcan ifadə edən sözlər də modal sözlər sayılır. Ş.Balli
danışanın verilmiş məlumata istənilən münasibətini
modallığa şamil edir [60, s.43-45].
Həmin müddəanı qəbul edənlər kədər, sevinc, təəccüb,
qürur, qəzəb, qorxu və s. emosional-ekspressiv səciyyəli
ifadələri modallıq yaradan vasitə hesab edirlər.
Lakin, emosional-ekspessiv vasitələri heç də bütün dilçi
alimlər birmənalı olaraq modallıq kateqoriyasına aid etmirlər.
Bu ideyanın tərəfdarları belə hesab edirlər ki, modallıqla
emosional-ekspessiv vasitələr arasında heç bir əlaqə
yoxdur, onlar bir-birinə bəzi cəhətlərinə görə yaxın olsalar
da, müxtəlif semantik-funksional səciyyələrə malikdirlər.
Maraqlı problemlərdən biri də modallığın dilin hansı
səviyyəsinə aid olması ilə bağlıdır. Tədqiqatçıların
əksəriyyəti belə hesab edir ki, modallıq cümlə səviyyəsinə
aiddir. Lakin, cümlənin özü də kontekstdə tam izah oluna
bilir. Məhz bunu əsas götürərək modallığın çox vaxt cümlə
səviyyəsindən daha yuxarı yarusda-mətn səviyyəsində
araşdırılması məqsədəuyğun hesab olunur. Əgər indiyə
qədər modallıq cümlə səviyyəsində öyrənilirdisə, dilçiliyin
inkişafının hazırkı səviyyəsində mətn dilçiliyi sürətlə inkişaf
etməyə başlamış, bir çox yeni anlayış və kateqoriyaların
daha dərin mənimsənilməsi imkanı yaratmışdır. Modallıq da
indi mətn səviyyəsində araşdırıldıqda bir çox yeni məna
çalarlarının alınması
və izahı reallaşır. Modallıq
kateqoriyasının formalaşmasında, modal fonun
yaranmasında kommunikativ kontekst elementləri də
mühüm rol oynayır.
Məlum olduğu kimi, kommunikativ kontesktdə linqvistik
ifadə vasitələri ilə yanaşı bir çox ekstralinqvistik vasitələr də
iştirak edir ki, bu da modal mənaların reallaşması
prosesində mühüm rol oynayır.
Beləliklə, modallıq kateqoriyası getdikcə genişlənərək söz
səviyyəsindən cümləyə, cümlədən isə kontekstə keçmişdir.
22
Dilçilikdə mübahisə doğuran məsələlərdən biri də
modallıqla predikativliyin nisbəti ilə bağlıdır. Tədqiqatçıların
bir qrupu modallıqla predikativliyi eyniləşdirir, modallığı
cümlənin predikativliyinin müəyyən forması hesab edirlər.
Modallığı predikativliyin ifadə forması kimi səciyyələndirənlər
də var [140, s.191].
Başqa qrup dilçilər modallığın predikativliklə əlaqəsini
inkar etməsələr də, onu predikativliyin əsas ifadə vasitəsi
hesab etmirlər. Bu səpkidə olan araşdırmalarda modallıq
predikativlikdən daha geniş kateqoriya kimi səciyyələndirilir
[52; 161, s.23).
Fikrimizcə, modallığı predikativliklə eyniləşdirmək doğru
olmazdı. Modallıq predikativliyi əvəz edə bilməz, başqa
sözlə, predikativ funksiya daşıya bilməz. Modallıq
predikativliyə müxtəlif çalarlar verə bilər, onun məzmununda
semantik mənalar yarada bilər, fel şəkillərinə xas cəhətlər
əlavə edə bilər. Bu baxımdan modallıq fel şəkilləri ilə də
bəzən eyniləşdirilir. V.Panfilov modallığı məntiqi-qrammatik
kateqoriya hesab edir və onu sintaksisə aid edir. Bu
cəhətdən modallıq fel şəkillərindən fərqləndirilir. Modallıq
məntiqi-semantik kateqoriya kimi səciyyələndirilirsə, felin
şəkilləri qrammatik-sintaktik hadisədir. V.Panfilova görə
qrammatikada predikativliklə xəbərlik üst-üstə düşə bildiyi
kimi modallıqla felin şəkilləri uyğun gələ bilər [133, s.174].
Modallıq kateqoriyası real və irreal kimi iki növə ayrılır.
Belə heseb olunur ki, reallıq həqiqətə uyğunluq, irreallıq
qeyri-müvafiqlikdir [81; 104; 147; 100; 193].
Bu məsələ də obyektiv və subyektiv modallıq kimi
olduqca mübahisəlidir. Tədqiqatçıların bəziləri subyektiv
modal mənanı real/irreal modallığa qarşı qoyur, onu heç
birinə aid etmirlər.
Modallığın məntiqi-linqvistik mahiyyəti mürəkkəb olduğu
kimi onun ifadə vasitələri də rəngarəngdir. Bəzən modallığın
ifadə vasitələrini leksik-qrammatik sahə fonunda izah edirlər
[87, s.57-58].
İngilis dilində modallıq felin şəkilləri, ara cümlələr, modal
fel+infinitiv konstruksiyaları, modal sözlər və s. ilə ifadə
olunur.
23
Kommunikativ modallıq təkcə cümlə növləri, felin
şəkilləri, leksik vasitələr, modal sözlər vasitəsi ilə deyil, həm
də intonasiya, vurğu, müxtəlif cestlər və s. ilə əmələ gəlir.
Modallığın yaranmasında intonasiya və vurğunun rolu bir
çox tədqiqatçılar tərəfindən araşdırılmışdır [61, s.56; 76,
s.55-87].
Modallıq çərçivəsində bu və ya digər fel şəkilləri ilə ifadə
olunmuş sintaktik vahidlər olan nida, vokativ cümlələrlə də
ifadə oluna bilər. Lakin, ingilis dilində modallığın əsas ifadə
vasitəsi fel şəkilləridir.
Modallığın daha çox ifadə olunduğu vasitə leksik qatdır.
Leksik qat bütün nitq hissələri ilə təmsil olunmuşdur. Həmin
qatı təşkil edən sözləri modal sözlər adlandırırlar. Bundan
əlavə, modallıq leksik-frazeoloci vahidlərlə də ifadə olunur.
İngilis dilində modal fellər vasitəsi ilə də modallıq yaradılır.
L.D.Dolinskaya modallığın ifadə vasitələri kimi
qrammatik, leksik, leksik-sintaktik və leksik-frazeoloci
formaları göstərir [95]. Bu bölgüdə intonasiya və vurğu
göstərilməmişdir. Halbuki, modallığı doğuran bir vasitə kimi
Q.A.Zolotova və V.V.Vinoqradov intonasiya-sintaktik
vasitənin (intonasiya, vurğu və s.) əhəmiyyətini xüsusi qeyd
etmişlər.
Yuxarıda göstərilənlərin yekunu olaraq belə bir nəticəyə
gəlmək olar ki, istər Azərbaycan, istərsə də ingilis dilində
modallığın ifadə vasitələri ən ümumi şəkildə seçilmir.
Modallıq əsasən morfoloci, leksik, leksik-sintaktik, leksik-
frazeoloci, prosodik vasitələrlə əmələ gəlir. Azərbaycan dili
ilə ingilis dili arasında fərq bu vasitələrin məzmununda və
struktur tiplərinin müxtəlifliyindədir.
Funksional-semantik kateqoriya kimi modallıq danışanın
ifadə etdiyi fikrə və reallığa münasibətini ifadə edir. Bu
baxımdan modallıq obyektivliyin və subyektivliyin dialektik
vəhdətinin insan təfəkküründə əksidir. Modallıq təsdiq/inkar,
emosional-ekspressiv mənalı ifadələr, predikativlik, fel
şəkilləri və formaları ilə sıx əlaqədə və münasibətdə olan
məntiqi-linqvistik kateqoriyadır. Linqvistik modallıq real və
irreal modallıqların məcmuyundan ibarətdir.
İngilis və Azərbaycan dillərində modallıq kateqoriyasının
struktur-semantik tədqiqi bir linqvistik kateqoriya kimi onun
24
mahiyyətinin açıqlanması, müxtəlif sistemli dillərdə
modallığın universal ümumi və fərqli xüsusiyyətlərinin
müəyyənləşdirilməsi imkanı yaradacaqdır.
Məntiqi modalliq kateqoriyasi. Modallıq müəyyən
hadisənin yerinə yetirilməsi gedişinə danışanın münasibətini
əks etdirdiyi üçün onu məntiqi subyekt və predikatla əlaqədə
də təhlil etmək olar. Hər hansı mühakimənin modallığı
dedikdə mühakimədə haqqında danışılan cisim ilə onu
bildirən məfhum arasındakı uyğunluqdan danışılır.
Modallığın daha çox obyektiv və məntiqi olması fikri
əsaslandırılır. Başqa sözlə, modallığın linqvistik olmaqdan
daha çox məntiqi xüsusiyyətlərə malik olması və məntiqi
baxımdan izah oluna bilməsi fikrini müdafiə edənlər məntiqi
sillogizmlərlə bu tezisi əsaslandırmağa cəhd göstərirlər.
Məntiqdə modallığa görə mühakimələr müxtəlif cür təsnif
olunur:
Obyektiv modallıq üzrə: a) mümkünat, b) gerçəklik, v)
zərurət mühakimələri.
Məntiqi modallıq üzrə: a) problematik, b) həqiqi
mühakimələr qrupu [41, s.128].
Modal hökmlər subyekt ilə predikat arasında əlaqə və
münasibətlərin ehtimalı, gerçək və zəruri səciyyə
daşımasına görə üç növə ayrılır: 1) ehtimal (problematik)
hökmləri, 2) gerçəklik (assertorik) hökmləri, 3) zərurət
(apodikdik) hökmləri.
Hələ XIII əsrin ortalarında U.Şevrud modal məntiqin
problemləri baxımından təhlil aparmaqla modal hökmlərin
aşağıdakı növlərini göstərirdi: həqiqi, yalan, ehtimal, qeyri-
ehtimal, təsadüfi, zəruri [29, s.161].
M.İsrafilovun göstərdiyi kimi, hökmlərdə əks olunan əlaqə
və münasibətlərin xarakteri və tipi, bir hökmün digər
hökmdən asılılığı, hökmlərdə hadisələr arasındakı zaman,
məkan və ya digər asılılıqlar əlavə informasiyalarda əks
olunur. Əlavə informasiyaya daxil olan hökmlər modal
hökmlər hesab olunur.
Hökmlərin modallığı-cisimlər və onların əlamətləri,
xassələri arasındakı obyektiv münasibətləri əks etdirən
hökmlərin, yaxud subyekt predikat arasındakı asılılıq tipinin
əsaslandırılmasının xarakteri haqqında hökmdə əks olunan
25
aşkar və aşkar olmayan formada əlavə informasiya
verməkdir. Müəllif belə hesab edir ki, məntiqdə qarşılıqlı
əlaqə və qarşılıqlı təsir kimi qrup anlayışlarının köməyi ilə
hökmlərin əlavə səciyyələrinin öyrənilməsinə modal
kateqoriyalar deyilir [29, s.161].
Mümkünat mühakimələrində subyekt və predikatda əks
olunan hadisələrin bağlılığı ehtimal şəklində verilir: “S
ehtimal ki, P-dir”. Belə mühakimələrdə əks olunan hadisələr
arasındakı bağlılıq müəyyən obyektiv imkana əsaslanır.
Gerçəklik mühakimələrində cisim və hadisələr arasındakı
real həyatda olan əlaqələr, subyekt və predikatın arasındakı
mövcud olan gerçək bağlılıq kimi əks olunur. Bu
mühakimələrin ümumi düsturu belədir: “S-P”-dir. Gerçəklik
mühakimələri onlarda əks olunan cisim və hadisələrin nə
üçün bu bağlılığa malik olduqlarını deyil, gerçək olaraq
həyatda mövcud olduqları kimi əks etdirir.
Zərurət mühakimələrində hadisələrin bağlılığı ən ümumi
şəkildə əks etdirilir. Belə mühakimələrin köməyi ilə ən
ümumi qanunları, ümumi müddəaları, qaydaları və sairləri
ifadə edirik. Bu mühakimələrin ümumi düsturu belədir: “S
zəruri olaraq P-dir (deyil)”.
Problematik mühakimələrdə obyektiv gerçəklikdə mövcud
olmayan, lakin ola biləcəyi ağlabatan olan hadisələrin bu və
ya digər cəhətlərini öyrənmək məqsədi ilə istifadə olunur.
Problematik mühakimələrin düsturu belədir: “S ola bilsin ki,
P-dir (deyil)”.
Həqiqi mühakimələr həqiqəti və ya yalanı inandırcı
şəkildə iqrar və ya inkar edən mühakimələrdir. Həqiqi
mühakimələrin düsturu “S-P-dir (deyil)” şəklində olur.
Məntiqi zərurət mühakimələri gerçəkliyin qanunauyğun və
zəruri mahiyyətini açmaqla sübut edilən mühakimələrə
deyilir.
Məntiqi imkanat mühakimələrində faktlar yalnız məntiqi
yolla sübut oluna bilər. Əgər mühakimələrdə fikrimizin
obyektinə aid edilən iqrar və ya inkar hələ praktikada sübut
edilməyibsə, məntiqi yolla ehtimal olunursa, onları məntiqi
imkanat mühakimələri adlandırırlar.
Həyatda, təbiətdə elə hadisələr var ki, onların baş
verməsi, mövcudluğu qeyri-mümkündür. Məntiqi cəhətdən
26
qeyri mümkün mühakimələrin idrak prosesində böyük
əhəmiyyəti vardır. Məntiqi cəhətdən qeyri-mümkün
mühakimələrdə məntiqi yolla əldə etdiyimiz mühakimlər əks
olunur.
Məntiqi münasibətlərin tipinə görə mühakimələri
aşağıdakılara bölmək olar: a) qəti mühakimələr; b) şərti
mühakimələr; c) təqsimi mühakimələr; ç) birləşdirici
mühakimələr.
Qəti mühakimələr aşağıdakı qrupa bölünür: a) vahid
tərkibli subyektiv və predikatlı qəti mühakimələr b) mürəkkəb
tərkibli mühakimələr.
Vahid tərkibli subyekt və predikatlı mühakimələrin ümumi
formulu belədir: “S-P-dir”. Bu mühakimələrdə ya subyektdə
predikatın həcmi, ya da predikatda subyektin həcmi açılır:
“S-A, B, V, Q və s.-dir”; “A, B, V, Q və s. S-dir”.
Şərti mühakimələrin məntiqi mahiyyəti onlardakı
subyektlə predikatın əlaqəsindən asılı olaraq aşağıdakı
növlərə bölünür:
a) şərti mühakimələrdə iqrar və ya inkar şərti səciyyə
daşıyır, daha doğrusu, həmin mühakimələrin tərkibinə daxil
olan müəyyən şəraitdən asılıdır.
b) Şərti mühakimələrdə şərtilik onların subyektlərinin
ayrılmaz bir ünsürü kimi mühakiməyə daxil olur.
c) Şərti mühakimələrdə əsasla (şərtlə) nəticə arasındakı
bağlılıq haqqında bilik, qabaqcadan mühakimənin öz
daxilində verilir. Şərti mühakimələr həm də əsasla nəticə
arasındakı bağlılıq haqqında bilik verir.
Təqsimi mühakimələrdə hər hansı cismə aid ola biləcək
bir neçə xüsusiyyət ya iqrar və ya inkar edilir. Başqa sözlə,
əşya və ya hadisəyə aid ola biləcək əlamətlər toplusunda
biri ona aid edilir. Əlamətlər toplusu hamısı sadalanır ki,
haqqında söhbət gedən obyekt barədə məlumat tam olsun.
Təqsimi mühakimələrin düsturu belədir: “ya A, ya B və ya
da D P-dir”; “S ya, A, ya B, ya da V-dir”.
Birləşdirici təqsimi mühakimələrdə bir neçə yerə
bölünmüş subyekt və ya predikat bir-birini rədd etmir,
çarpazlaşırlar və mühakimənin o biri istilahına eyni
dərəcədə aid olurlar.
27
Bu mühakimələrin ümumi düsturu belədir: “S-(A, ya B,
ya V) P-dir (deyil,) “yaxud” “S-(A, ya B, ya V…) P-dir (deyil)”.
Rəddedici-təqsimi mühakimələrin düsturu belədir: “S-in,
S
1
-in yalnız bir hissəsi P-dir”, yaxud “S-P-nin, P
1
-in, P
2
-nin
yalnız bir hissəsini təşkil edir”.
Birləşdirici mühakimələrdə bir neçə sadə mühakimə
birləşir. Özü də bu birləşmə məntiqi bağlılıq nəticəsində
yaranır. Bu mühakimələrin iki növü vardır:
a) konyunktiv (çox predikatlı) mühakimələr. Belə
mühakimələrin düsturu belədir: “A həm B-dir, həm də C-dir”.
Bu mühakimələr onun üçün mürəkkəbdir ki, onun subyektini
iki bambaşqa predikat səciyyələndirir.
b) Kapulyativ (çoxsubyektli) mühakimələrin formulu “A və
B-C-dir”. Burada bir predikat iki müxtəlif subyekti
səciyyələndirir.
Konyunktiv-kapulyativ (çoxpredikatlı və çox subyektli)
mühakimlərəin düsturu belədir: “A və B həm C və həm də
D-dir” [41, s-136-139].
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, modallıq
universal bir kateqoriya kimi dilçilik, məntiq, fəlsəfi və fiziki
aspektlərdən izah oluna bilər.
Digər tərəfdən modallığın tam mahiyyətini
aydınlaşdırmaq üçün ayrı-ayrı elmlərdə onun funksiyalarının
və ifadə vasitələrinin araşdırılması vacibdir.
Dostları ilə paylaş: |