1) Əmr: Pencereyi aç, oda havalansin
2) Xahiş: Kahvenizi buyurun, için
3) Yalvarış: Tanrım, sen bizi qoru
4) Təhrik: Hele hele, söyle bakalım
5) Çəkindirmə: Sakın oraya gitmeyin
6) Arzu: Allah belasını versin (felin əmr şəkli ilə ifadə
olunmuşdur)
67
7) Vacib və ya lazım: A kardeşim bu işi yapmalıydınız
[64, s.15-16].
Şərt modallığı türk dilində daha çox şərt şəkli və şərt
modallığı şəkilçiləri ilə düzəlir və real olmayan, ehtimal
olunan hadisələri bildirir. Şərt modallığı şərt və güzəşt
budaq cümlələrində, bəzən isə sadə cümlə
konstruksiyalarında müşahidə olunur.
Təsdiq modallı sadə cümlələrdə modallıq leksik,
qrammatik, sintaktik vasitələrlə, eləcə də intonasiya yolu ilə
ifadə olunur. Burada reallıq danışanın subyektiv rəyi
əsasında formalaşdırılır. Təsdiq modal cümlələr iki yerə
ayrılır: 1) Suala təsdiq formasında cavab; 2) cavabla əlaqəsi
olmayan təsdiq.
Suala təsdiq formasında cavabdan ibarət təsdiq cümlələr
təsdiq sözləri və söz birləşmələri ilə düzəlir: evet, gerçekten,
süphesiz, hakikaten, peki, hay-hay, tabii, mutlaka,
muhakkak, elbette, behemehal, vallahi, tamamiyla, iyi,
tamam, baş üstüne, nə olursa olsun. Cavabın bir sözlə və
ya söz birləşməsi ilə ifadə olunduğu modal cümlələrdə
cümlənin əsas hissəsi ellipsisə uğrayır.
Təsdiq cümlələr xəbəri xəbər, vacib, arzu şəkilləri ilə
ifadə olunan cümlələrə -dır şəkilçisinin əlavə edilməsi yolu
ilə düzəlir. -Dır şəkilçisi modal cümləyə təsdiq və baş vermiş
hadisənin reallığına əminlik mənaları verir.
Modallıq -dır şəkilçisinin köməyi ilə aşağıdakı hallarda
əmələ gəlir:
1) -yor indiki zaman şəkilçisinin təsriflənən formalarına
əlavə olunmaqla: -istiyor (dur);
2) -ar indiki-gələcək zaman şəkilçisindən sonra:
istiyirim(dir);
3) -mış subyektiv keçmiş zaman şəkilçisindən sonra: -
istemiş(dir);
4) -acak qeyri-qəti gələcək zaman şəkilçisindən sonra: -
bakacak(dır);
5) -makta indiki davamedici zaman şəkilçisindən sonra: -
bakmakta(dır);
6) -malı vacib formasından sonra: bakmalı(dır).
68
Modallıq həmçinin -dır şəkilçisinin ad nitq hissələri ilə
ifadə olunmuş xəbərlərə əlavə olunması yolu ilə düzəlir: -
yeşil(dir).
Müasir türk dilində təsdiq modallığı sintaktik yolla da
əmələ gəlir. Belə təsdiq modallığı bildirən cümlələr daha çox
indiki-gələcək (-ar) və keçmiş qəti zaman (-dı) şəkilçilərinin
sual və ya inkar-sual formalarından yaranır.
Təsdiq cümlələr müasir türk dilində bəzən ikiqat inkar
yolu ilə də əldə edilir. Təsdiq modallıq inkar sözləri olan yok
və ya hayır ifadələrinin cümlə əvvəlində işlənməsi ilə geniş
müşahidə olunur: yok, Ali iyi adamdır.
İnkar modal cümlələrdə danışanın fikrinə görə real
olmayan, mövcud olmayan hadisə və ya vəziyyətlər ifadə
olunur.
İnkar modal cümlələr leksik, qrammatik və sintaktik
vasitələrlə, xüsusi inkar intonasiya ilə ifadə olunur.
İntonasiya burada əsasən inkar olunan sözün üzərinə
düşür.
İnkar modallıq ifadə edən leksik vasitələri iki qrupa
ayırmaq olar: 1) cümlədə müstəqil olaraq inkar modallıq
yarada bilən sözlər; 2) müstəqil olaraq cümlədə modallıq
yarada bilməyən sözlər. Belə sözlər yalnız digər qrammatik
vasitələrin köməyi ilə modallıq yarada bilirlər. Birinci qrupa
aşağıdakı inkar mənalı sözlər aiddir: - degil, yok, ne, ne
(de). İkinci qrupa inkar ədatı hayır, inkar zərfi hiç, asla,
eləcə də inkar mənalı söz birləşmələri hiçbir, hiç kimsə,
hiç bir zaman daxildir.
Müstəqil inkar modallığı yaradan degil sözü felin bütün
zaman və növ şəkilçiləri ilə işlənmək potensialına malikdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində də “deyil” inkar
sözü geniş işlənmə dairəsinə malikdir və zaman, şəxs və
növ şəkilçilərini sərbəst olaraq qəbul edə bilər:
Müstəqil olaraq inkar modallıq yarada bilməyən sözlər
xəbərin yanında inkarlıq yarada bilmir. Siz bakıyormusunuz?
- Hayır, ben bakmıyorum. Əslində, türk dillərində iki inkarlıq
(ikiqat inkarlıq) təsdiq mənası doğurmalıdır. “Hayır” sözü
isə, ondan sonra gələn inkar mənalı xəbərlə təsdiq deyil,
inkarlıq (inkar modıllıq) yaradır. Qeyd etmək lazımdır ki,
69
“hayır” sözünün köməyi ilə yaranan cümlələr ellipsisə
uğraya bilər.
Müasir türk dilində inkar modallıq morfoloci üsulla da
yaradılır. İnkarlıq şəkilçisi felin zaman, şəkil, şəxs, kəmiyyət
əmələ gətirən şəkilçilərindən, eləcə də feli sifət, feli bağlama
və məsdər şəkilçilərindən əvvəl gəlir. İnkari modallıq tam və
ya natamam ola bilər. Tam inkar modallığında inkar şəkilçisi
xəbər funksiyasında çıxış edən fel əsasına birləşdirilir.
Elbisemi giymeye bile vakit bulamadım. Natamam inkarı
modallıqda cümlənin həmcins xəbərlərinin bir hissəsi
təsdiqdə, bir hissəsi isə inkarda olur:
Eşegin sözüne inanıyorsun, benim sözüme
inanmiyorsun. Natamam inkar modallıq feli xəbərin inkar,
felin şəxssiz formalarının feli sifət, məsdər və ya feli sifətin
təsdiqdə olduğu hallarda da müşahidə olunur.
Türk dilində inkari modallığın morfoloci göstəricisi
Azərbaycan dilində və əksər türk dillərində olduğu kimi - ma/
- me - dir.
İnkar modallığı sintaktik vasitələrlə də düzələ bilər. Bu
halda inkar modallığı daha çox ritorik sualla əmələ gəlir.
Sual modallığında danışanın deyilən fikrə münasibətində
inamsızlıq, şübhə, digər əks fikrin doğruluğuna isə inam
motivi olur.
Sual modallığı cümlədə sual sözləri funksiyasında çıxış
edən leksik vahidlərlə düzəlir. Onlar sual cümləsinin
tamhüquqlu üzvü kimi xəbərdən başqa bütün cümlə
üzvlərini əvəz edə bilirlər.
Sual cümləsinin mübtədası kimi kim?, nə? sual əvəzlikləri
çıxış edirlər: kim geldi? Göstərilən sual əvəzlikləri cəm
şəkilçisi də qəbul edirlər: kimler geldilər?
Sual cümləsinin mübtədası kimi kaç? və hangı? sual
əvəzlikləri mənsubiyyət şəkilçiləri qəbul etməklə işlənə bilər.
Kim?, nə? sual əvəzlikləri hal şəkilçilərini qəbul edərək
tamamlıq funksiyasında da ola bilərlər: kimi?, neyi?,
kimden?, neden?, kime?, neye? Tamamlıq rolunda sual
əvəzlikləri qoşma ilə də işlənə bilərlər. Kimi (neyi)
bekliyordunuz?
Zərf funksiyasında çıxış edən və inkar modallığı əmələ
gətirən sual əvəzliklərini bir neçə qrupa bölmək olar:
70
a) Ne əsasında yaranmış leksikləşmiş birləşmələr: nasıl
(ne asıl?), niçin (ne için?)
b) Ne? Sual əvəzliyinin hal formaları: ne-nere? (neye?),
neden?, nerede?, nereye?, nereden.
c) Ne? - sual əvəzliyinin əsas nitq hissələrinə aid sözlərlə
və qoşmalarla birləşmələri: - ne zaman?, ne vakit?, ne
surette?
İnkar modallığı yaradan sual əvəzlikləri təyin
funksiyasında da çıxış edirlər: hangi?, nasıl?, ne kibi?
Bir çox şübhə, güman, təəccüb yaradan modal sözlər
sual modallığının yaranmasında iştirak edə bilərlər: belki,
ha, hani və s. [64, s.26-27].
Sual modallığının yaranmasında bir çox leksik-sintaktik
vasitələr də fəal rol oynayırlar. Məsələn, türk dilində mi
ədatı istənilən cümlə üzvünün yanında işlənərək sual
modallığı yarada bilər. Göstərilən ədat feli sifət və felin
təsriflənən formalarından sonra işlənərək, sonradan özünə
mürəkkəb zaman şəkilçilərini, eləcə də şəxs və kəmiyyət
şəkilçilərini birləşdirə bilər: Geliyor musunuz?
Bəzən sual ədatı felin tam formasından sonra gəlir:
Geliyorsunuz mu? Bu halda sual baş verən hadisəyə aid
olmur. Belə sual formasından məqsəd baş verən hadisənin
dəqiqləşdirilməsidir. Ona görə də bu tipli suallar təkrar
suallar adlanır.
Türk dilində sual modallığının əmələ gəlməsində
aşağıdakı leksik vahidlərin iştirakı da müşahidə olunur: -
aceba, sanki, yani, ya (mi), degil (mi) və s.
Göstərilən leksik vahidlər müxtəlif leksik-sintaktik
konstruksiyalarda inkar modallığının rəngarəng formalarını
yaratmış olurlar. Qeyd etmək lazımdır ki, A.N.Baskakovun
monoqrafik tədqiqatında türk dili materialında izahını tapmış
modallıq bir çox türk dillərinə də aid edilə bilər. [64, s.12-29].
Türkologiyada modallıq kateqoriyasının tədqiqinə həsr
olunmuş ən sanballı araşdırmalardan biri F.A.Aqaevanın
“Modalğnostğ kak linqvistiçeskaə kateqoriə” adlı monoq-
rafiyasıdır [48]. Monoqrafiyada türkmən və ingilis dillərinin
materialı əsasında modallıq linqvistik kateqoriya kimi tədqiq
olunur. Qeyd etmək lazımdır ki, əsərdə müəllif modallıq
kateqoriyasının linqvistik mahiyyətini açmış, onun məntiqlə,
71
fəlsəfə ilə kəsişən cəhətlərini təhlil etmişdir. Əsərdə
modallığın predikativliklə, felin şəkilləri ilə əlaqəsi nəzərdən
keçirilmiş, semantik diapazonu müəyyənləşdirilmişdir. İki
müxtəlif sistemli dilin-ingilis və türkmən dillərinin materialı
əsasında modallığın ifadə vasitələri qarşılaşdırma yolu ilə
şərh olunmuşdur.
F.Aqaeva modallığı əsasən linqvistik kateqoriya kimi
səciyyələndirmiş, onun struktur və semantik səciyyələrini
açıqlamağa cəhd göstərmişdir.
Nəzəri olaraq modallığın predikativlik və fel şəkilləri ilə
nisbəti, modallıq və cümlə problemi, real və irreal modallıq,
onun semantik diapazonu, modallığın dildə ifadəsi və ümumi
səciyyəsi kimi məsələlər təhlil olunmuş, bir sıra oricinal
nəticələr
əldə olunmışdur. Monoqrafiyanın sonrakı
hissəsində ingilis və türkmən dillərində modallığın ifadə
vasitələri araşdırılır. İlk növbədə hər iki dildə modallığın
ifadəsinin morfoloci vasitələri öyrənilir, ingilis və türkmən
dillərində felin şəkillərinin və kəmiyyət kateqoriyasının
modallıqla əlaqəsi müəyyənləşdirilir. Müəllif belə hesab edir
ki, felin xəbər şəklinin guya modallığa nisbətdə neytrallığı
qeyri-elmi fikirdir. Əslində, felin xəbər şəklində də danışanın
subyektiv münasibəti öz əksini tapır.
F.Aqaevanın tədqiqatında felin əmr şəkli ingilis və
türkmən dillərində təhrikedici modallığın yaranmasının əsas
ifadə vasitəsi hesab olunur. Müəllif statistik hesablamalar
aparmış və belə nəticəyə gəlmişdir ki, 10 min nümunədən
ibarət seçmədə hər iki dildə təhrikedici modalıq əsasən felin
əmr forması ilə ifadə olunmuşdur. İngilis dilində 82%,
türkmən dilində isə 93%-dən artıq hallarda felin əmr forması
göstərilən funksiyada olmuşdur [48, s.73].
Araşdırmalar nəticəsində müəllif belə bir nəticəyə
gəlmişdir ki, türkmən və ingilis dillərində imperativ fərqli
cəhətlərə malikdirlər. İngilis dilində imperativ fel əsasından
ibarət olub II şəxsin təkinə və cəminə aid olur. Türkmən
dilində imperativ bir neçə formada müşahidə olunur:
1) II şəxsin təki - fel əsası, fel əsası + -sana/sənə
şəkilçisi, fel əsası + -qin (-qin, -qun) -qün; fel əsası + -ı/i,
u/ü;
72
2) II şəxsin cəmi - fel əsası + şəxs şəkilçiləri (-ın, -in, -
un, -ün);
3) III şəxsin təki - fel əsası + sın/-sin, -sun/-sün;
4) III şəxsin cəmi - fel əsası + sınlar/sinlər, sunlar/-sünlər
[48, s.107].
Əsərin ən çox diqqəti cəlb edən hissələrindən biri ingilis
və türkmən dillərində modallığın leksik ifadə vasitələrindən
bəhs edir.
Modallıq hər iki dildə daha çox modal sözlərlə ifadə
olunur. Türkmən dilçiliyində tədqiqatçıların əksəriyyəti modal
sözləri köməkçi nitq hissələrinə aid edir və “evnuk sözlər”
adlandırır (hərfi tərcüməsi xırda sözlər) Bir qrup tədqiqatçılar
isə onları müstəqil nitq hissəsi hesab edirlər. [48, s.118].
F.Aqaeva ingilis və türkmən dillərində modal sözləri üç
əsas qrupa ayırır:
1) əminlik ifadə edən modal söz və söz birləşmələri;
2) şübhə, inamsızlıq ifadə edən modal söz və söz
birləşmələri;
3) danışanın söylədiyi fikrin arzu olunan və olunmayan
olmasını göstərən modal söz və söz birləşmələri [48, s.138].
Monoqrafiyada ingilis dilində semantik sıra təşkil edən
təfəkkür və biliklə bağlı fellərin modal funksiyaları da hərtə-
rəfli araşdırılır. Sonrakı fəsillərdə ingilis və türkmən dillərində
modallığın leksik-sintaktik ifadə vasitələri qarşılaşdırılır və
nəzəri dilçilik üçün elmi əhəmiyyət kəsb edən nəticələr əldə
edilir. Modallığın yaranmasında intonasiya və s. prosodik
vasitələrin rolu da monoqrafiyada geniş əks olunmuşdur.
1.4. Azərbaycan dilçiliyində modallıq kateqoriyasının
tədqiqi.
Türkoloci ədəbiyyatda A.N.Kononovun müasir türk və
özbək dillərinin qrammatikalarında ilk dəfə olaraq modallıq
ayrıca bir kateqoriya kimi öyrənilməyə başlandı [116; 117].
Həmin vaxtdan etibarən Azərbaycan dilçiliyində də modallıq
kateqoriyası, modal sözlər, modallığın müxtəlif sistemli
dillərdə ifadə vasitələri araşdırma obyektinə çevrildi. Modal-
lığın müxtəlif aspektlərdən tədqiqinə dair bir çox məqalə,
dissertasiya, dərslik və monoqrafiyalarda modallığın linqvis-
tik mahiyyəti açıqlanır, onun leksik, morfoloci, sintaktik-
semantik ifadə vasitələri təhlil olunurdu. Azərbaycan dilçiləri
73
A.Ə.Aslanov, Ə.M.Cavadov, F.R.Zeynalov, N.A.Ağazadə,
S.Cəfərov, M.Hüseynzadə, Z.Əlizadə, M.Rəhimov,
Z.İ.Budaqova və b. modallığın bir linqvistik kateqoriya kimi
hərtərəfli tədqiqi və izahı sahəsində böyük xidmətlər
göstərmişlər [8; 9; 18; 19; 44; 45; 46; 47; 49; 50; 20; 28; 23;
24; 139; 16].
Azərbaycan dilçiliyində modallıq kateqoriyası, xüsusilə
modal sözləri ilk dəfə araşdıran A.Ə.Aslanov olmuşdur [8;
9]. O, modallığı fəlsəfi-məntiqi, eyni zamanda qrammatik
kateqoriya hesab edir. Müəlifə görə, fəlsəfi modallıq ümumi,
məntiqi modallıq konkret və birmənalıdır. Burada hökm ya
təsdiq, ya inkar edilir. Qrammatik modallıq isə bu mənada
daha geniş və çoxcəhətlidir. Məntiqi və fəsləfi modallıqdan
fərqli olaraq burada hökmün gercəkliyi, həqiqiliyi, doğruluğu
danışanın həqiqətə olan münasibəti ilə ifadə olunur. Bəzən
həyatda, ətrafımızda baş verən hadisə barəsində məlumat
ya tam qəti şəkildə təsdiq olunur, bəzi hallarda isə ona
şübhə ilə, fərziyyə kimi yanaşılır. Hər hansı bir məlumat ya
obyektiv, ya da subyektiv planda öz real və ya qeyri-real
əksini tapır. Beləliklə, Azərbaycan dilçiliyində ilk dəfə olaraq
A.Ə.Aslanov fəlsəfi, məntiqi və linqvistik modallığı bir-
birindən ayırmağa, onları ayrı-ayrılıqda şərh etməyə çalışır,
onun linqvistik mahiyyətini açıqlamaq üçün geniş təhlil
aparır [8].
Qeyd etmək lazımdır ki, A.Ə.Aslanovun elmi araşdırma-
larının mərkəzində modal sözlər durur. Müəllif Azərbaycan
dilində modallığın əsas ifadə vasitəsi kimi modal sözləri
götürür, onların leksik, morfoloci, sintaktik funksiyalarını
araşdırır, lüğət fondunda onların yerini və çəkisini müəyyən-
ləşdirməyə cəhd göstərir. Ədat, bağlayıcı və qoşma köməkçi
nitq hissələrindən fərqli olaraq modal sözlər özünəməxsus
cəhətlərə malikdirlər. Bu baxımdan onları digər nitq hissələri
ilə qarışdırmaq olmaz. Modal sözlər deyilən fikrin yəqinliyini,
gerçəkliyini, doğruluğunu, şübhə edilən, təxmin olunan, fərz
edilən şəkildə təsdiq və ya inkarını, təsdiq və ya inkar
edilmiş fikrin davamını, izahını, ümumi nəticəsini bildirməyə
xidmət edir [8, s.173-175].
Müəllif modal sözlərə və ifadələrə aşağıdakıları aid edir:
əlbəttə, zənnimizcə, həqiqətən, şübhəsiz, yəqin, bəlkə,
74
təxminən, guya, deyəsən, deməli, demək, ümumiyyətlə,
əvvələn, birincisi, ikincisi, məncə, səncə, sizcə, bizcə, yəqin
ki, gərək ki, ehtimal ki, əlbəttə ki, ümumiyyətlə desək, qısa
desək, bundan əlavə və s. [8, s.172-173]
Z.Ə.Əlizadə öz tədqiqatlarında modallığın ifadə dairəsini
daha da genişləndirir. Əgər A.Ə.Aslanov modallığın ifadə
vasitəsi kimi modal sözləri göstərirdisə, Z.Ə.Əlizadə felin
zaman şəkilçiləri, intonasiya, ədat və s. də bu siyahıya əlavə
edir [24, s.4]. Z.Ə.Əlizadə öz tədqiqatlarında modallığın
qrammatik səciyyələrinə daha çox yer ayırmışdır. O, belə
hesab edir ki, istənilən cümlə konstruksiyasında modallıq
mövcuddur. Burada modal sözlər aparıcı rol oynamır. Onlar
cümləyə əlavə modal çaları gətirirlər.
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində kö-
məkçi nitq hissələrinin, modal söz və ədatların tədqiqi sahə-
sində F.R.Zeynolovun xidmətləri böyükdür [44; 45; 46; 47].
F.R.Zeynolov belə hesab edir ki, modallıq ilk növbədə
məntiqi kateqoriyadır, dilçiliyə sonralar keçmişdir. Hər bir
cümlədə modallıq bu və ya digər şəkildə mövcuddur. Fərq
orasındadır ki, modallığın ifadə vasitələri ayrı-ayrı dillərdə
müxtəlifdir [45].
Müəllifin araşdırmalarına görə türk dillərində ayrı-ayrı
sözlərin cümlədə təkrarı ilə də modal məna yaranır. Türk
dillərində sintaktik təkrarların modallığın ifadə vasitələrindən
biri hesab olunması F.R.Zeynalovun tədqiqatlarında geniş
şərhini tapmışdır.
Felin şəkilləri, feli sifət və məsdərin modallığı N.H.Ağaza-
dənin tədqiqatlarında alman və Azərbaycan dillərinin mate-
rialı əsasında təhlilə cəlb edilmişdir. Müəllif felin lazım,
vacib, arzu, şərt şəkilçilərinin modal çalarlarını izah edir,
onların alman dilində uyğun variantlarını açıb göstərməyə
cəhd edir.
N.H.Ağazadə Azərbaycan, alman və rus dillərinin mate-
rialları
əsasında felin xəbər formasının modal
xüsusiyyətlərini də geniş araşdırmaya cəlb etmişdir.
Modallığın
əsas səciyyəvi cəhətləri, universal
xüsusiyyətləri
Ə.M.Cavadov və Z.İ.Budaqovanın
tədqiqatlarında ətraflı şərh olunmuşdur. Ə.M.Cavadov
modallığı məntiqi kateqoriya hesab edir və onun dildə
75
ifadəsində fel şəkillərinin, xüsusilə xəbər, əmr və vacib
şəkillərinin rolunu səciyyələndirir. Müəllif həqiqi modallıq,
zəruriyyət modallığı və ehtimal modallığını məntiqi modallıq
kateqoriyasının komponentləri hesab edir [19].
Z.İ.Budaqova öz tədqiqatlarında modallığın sintaktik
aspektdən izahını ön plana çəkmiş, onun sintaksisdə rolunu
və funksiyasını, sintaktik mahiyyətini açıqlamağa cəhd
göstərmişdir [16].
İndiki keçmiş və gələcək zamanda icra olunan hərəkətin
təsdiqi, inkarını bildirərək modal çalarlar ifadə edən felin
xəbər şəkli bu baxımdan maraqlı cəhətlərinə görə seçilir.
İstənilən nitq situasiyasında cümlənin modallığı bu və ya
digər dərəcədə əks etdirməsi real faktdır. Modallıq hər bir
konkret dildə konkret təzahür və ifadə formalarına malikdir.
Fel şəkilləri müxtəlif sistemli dillərdə modallığın qrammatik
ifadə vasitələrindən hesab olunur. Qeyd etmək lazımdır ki,
fel şəkilləri morfoloci kateqoriya hesab olunsa da sintaktik
səviyyədə reallaşır və cümlə səviyyəsində onun əsil
mahiyyəti açıqlanır. Buradan belə bir nəticəyə gəlmək olar
ki, reallığı dilin bir səviyyəsinə aid kateqoriya hesab etmək
düzgün olmazdı. cümlə konstruksiyasından kənarda
modallığın linqvistik mahiyyəti açıqlanmamış qalır. Felin ən
geniş yayılmış və çox istifadə olunan şəkillərindən biri xəbər
şəklidir. Modallığın xəbər şəkli ilə ifadəsi heç də bütün
dilçilər tərəfindən eynimənalı izah olunmur. Bir çoxları felin
xəbər şəkli ilə modallığın müxtəlif kateqoriyalar olduğunu,
onların heç bir kəsişmə nöqtəsinə malik olmadığını
göstərirlər.
M.Hüseynzadə fellərdə zaman və şəxs şəkilçilərinin
iştirakı ilə əlaqədar olaraq, onların xüsusi şəkillərini əmələ
gətirən şəkilçilərin nə zaman və nə münasibətlə işləndiyini
əsas götürərək şəkil, zaman və şəxs şəkilçilərinə görə felləri
dörd qrupa ayırır:
1. Zaman və xüsusi şəkil əlaməti olmayan, yalnız şəxs
şəkilçiləri qəbul edən fellər;
2. Zaman və şəxs şəkilçilərini qəbul edib, xüsusi şəkil
əlaməti olmayan fellər;
3. Xüsusi şəkil əlaməti olan və şəxs şəkilçisi qəbul edib,
zaman şəkilçisi qəbul etməyən fellər;
76
4. Zaman və şəxs şəkilçiləri qəbul etməyən, yalnız
xüsusi şəkil əlaməti olan fellər.
M.Hüseynzadə birinci qrupa felin əmr şəklini, ikinci qrupa
felin xəbər şəklini, üçüncü qrupa felin lazım, arzu, vacib, şərt
və davam şəkilləri, dördüncü qrupa məsdər, feli isim, feli
sifət və feli bağlamalari aid edir [28, s.207]. Bu sadalanan fel
şəkillərinin hamısı modallığın yaranmasında və
formalaşmasında iştirak edirlər.
Çox vaxt modallıq predikativlikdən daha geniş kateqoriya
kimi araşdırılır. Yəni, predikativliyi olmayan, cümlə kimi
formalaşmamış söz və söz birləşmələrində də modallıq
çalarları özünü büruzə verir. Məsələn: “xoşagəlimli insan”
ifadəsində predikativlik yoxdur, lakin bu söz birləşməsində
artıq danışanın münasibəti açıq-aydın hiss olunur.
Danışanın münasibəti bir sözlə də verilə bilər. Məsələn,
“gözəlçə” sözündə “çə” şəkilçisi “gözəli” müəyyən baxış
bucağı altında səciyyələndirməyə imkan verir. Yuxarıda
deyilənlərdən belə nəticə çıxır ki, hətta predikativ olmayan
sintaktik vahidlər (leksemlər) modal münasibəti əks edə
bilərlər. Bu baxımdan modallığın predikativlikdən daha geniş
anlayış olması fikrinə haqq qazandırmaq olar. Lakin,
modallıq hər şeydən əvvəl cümlə strukturunda təzahür edən
predikativlə əlaqələndirilməlidir. Həmin əlaqə subyekt-
predikat tipli əlaqə hesab oluna bilər. Burada cümlənin
aktual üzvlənməsi də mühüm rol oynayır. Aktual
üzvlənmədə həm predikativlik, həm də modallıq cəhətləri
cəmləşmiş olur. Ona görə də, çox vaxt aktual üzvlənməni
şərti olaraq subyektiv modallığa aid edirlər. Predikativlik
təkcə modallıqla deyil, başqa vasitələrlə də ifadə oluna bilər
(şəxs, kəmiyyət, zaman, felin növləri və s.). Modallığın
intonasiya ilə ifadə olunduğu hallarda predikativlik modal
hesab olunur. Bu adlıq cümlələrdə və bir sözdən ibarət
şəxssiz cümlələrdə geniş müşahidə olunur.
Müasir ingilis dilində də gələcək zaman formasının modal
xüsusiyyətləri mübahisə doğurur. Məlum olduğu kimi ingilis
dilində modal fellərin qrammatik birləşmələri (shall, will+felin
məsdər şəkli) gələcək zamana aid edilə biləcək forma
əmələ gətirir. Burada gələcək zaman forması sırf subyektiv
modal səciyyə daşıyır. Baş verəcək hadisə mümkün, arzu
77
olunan, vacib hesab olunur, onun başvermə momenti isə
gələcək zamana aid edilir. Məhz bu xüsusiyyətinə görə
ingilis dilinin qrammatikası ilə məşğul olan mütəxəssislər
köməkçi shall, will felləri ilə əmələ gələn gələcək zaman
formasını gələcək modal forması və ya xüsusi gələcək
zaman hesab edirlər [108, s.47-48]. Digər tədqiqatçılar
ingilis dilində gələcək zamanın olduğunu qəbul etsələr də,
onun əlavə modal mənalardan azad olmadığını göstərirlər.
Türkologiya və Azərbaycan dilçiliyində də bu məsələ
mübahisəli olaraq qalır. Hələ vaxtı ilə M.Kazımbəy gələcək
zamanın üç formasını göstərmiş və “malı”, “məli” ilə düzələn
vacib şəklinin gələcək zaman bildirdiyini qeyd etmişdir [113,
s.255). Lakin, diqqətlə nəzər yetirdikdə müşahidə etmək olar
ki, təkcə malı, məli şəkilçisi ilə düzələn vacib şəkli deyil,
felin digər şəkilləri də (arzu, lazım, şərt) hərəkətin gələcək
zamana aidliyini bildirir. Bu məsələyə daha geniş
yanaşaraq, gələcək zamanın digər formalarının da modallıq
ifadə etməsi faktını qəbul etməli oluruq. Prof. S.Cəfərov bu
məsələ ilə bağlı qeyd edir ki, Azərbaycan dilində başqa türk
dillərində olduğu kimi hər bir şəkilçi və ya qrammatik
element bir qrammatik məna ifadə edə bilər. Əgər hər hansı
bir şəkilçi və ya qrammatik element başqa qrammatik məna
da ifadə edirsə, qalan mənalar ikinci dərəcəli hesab olunur.
Beləliklə, S.Cəfərov belə bir nəticəyə gəlir ki, gələcək
zaman mənası ifadə edən bütün fel şəkillərini xəbər şəklinin
gələcək zaman forması sisteminə daxil etmək lazımdır.
Onun fikrincə, gələcək zaman şəkilçiləri -acaq, -əcək və -ar,
-ər bir-birlərindən qətilik və qeyri-qətilik cəhətindən
fərqləndikləri kimi, -ası/-əsi, a/ə, -malı/-məli, sa/sə şəkilçiləri
də gələcək zamanı bildirməklə vaciblik, arzu, lazımlıq
çalarları ifadə edir. S.Cəfərovun gəldiyi nəticə bundan
ibarətdir ki, gələcək zamanın iki yox, altı forması vardır.
Həmin gələcək zaman formaları fərqli semantik çalarlara
malikdirlər və acaq/əcək, ar/ər, ası/əsi, a/ə, malı/məli
şəkilçiləri ilə əmələ gəlib qətilik, qeyri-qətilik, arzu, vaciblik,
lazımlıq, şərt mənaları ifadə edirlər. Lakin bu mənalar ikinci
dərəcəli olub gələcək zaman formasına əlavə semantik
çalar vermiş olurlar [20, s.28].
78
Lakin modallıq zaman kateqoriyasından daha geniş
məfhumdur. Modallıq bütün zaman kateqoriyaları
çərçivəsində təzahür edə bilər. İndiki, keçmiş və gələcək
zamanlara aid edilə biləcək hadisələrə danışanın modal
münasibəti heç bir qrammatik ziddiyyət və anlaşılmazlıq
doğurmur.
S.Cəfərovun qeyd etdiyi fel şəkillərinin gələcək zamana
aidliyi onların ümumi qrammatik mənasıdır. Vaciblik, arzu,
lazımlıq və şərt mənaları isə ümumi qrammatik məna hesab
oluna bilməz. Bunlar semantik çalar da deyil, əsas, aparıcı
modal mənalardır. Bu modal mənaların hər birinin xüsusi
morfoloci əlamətləri və bir-biri ilə qarşılaşdırıla bilən
diferensial modal mənaları vardır:
Gələcəyəm (mütləq, qəti olaraq gələcəyəm)
Gələrəm (hərəkətin gələcəkdə baş verəcəyi barədə qeyri-
qəti məlumat)
Gəlməliyəm (vacib gəlməliyəm, gəlməyim zəruridir)
Gələsiyəm (gəlmək lazımdır)
Gələm (gəlmək istəyirəm, gəlmək arzusundayam)
Gəlsəm (əgər gəlsəm, müəyyən şərtlə (gəlmək)
Misallardan göründüyü kimi, burada modallıq müəyyən
zamana (konkret olaraq gələcək zaman) çərçivəsinə aid
edilir. Qəti və qeyri-qəti gələcək zaman formalarının
bölgüsünün özü də şərtidir. Belə ki, hələ baş verməmiş, baş
verəcəyi gələcəkdə gözlənilən hadisə haqqında indi verilən
məlumat danışanın subyektiv rəyindən də çox asılıdır, yəni
hərəkətin gələcəkdə qəti və ya qeyri-qəti baş verəcəyi fikri
danışana məxsusdur. Bunun nə dərəcədə obyektiv və real
olmasına isə heç kəs qabaqcadan zəmanət verə bilməz.
Felin gələcək zamanının qəti və qeyri-qəti formaları
Azərbaycan dilində artıq sabitləşmiş morfoloci göstərici-
şəkilçi vasitəsi ilə verilirsə, rus və alman dillərində xüsusi
leksik vasitə bu fuknsiyanı yerinə yetirir. Tarixən bu
şəkilçinin feli bağlama şəkilçisi a/ə və gələcək zaman
şəkilçisi caq/cək-in birləşməsində yarandığı və XVI əsrə
qədər Azərbaycan dilində feli sifətin gələcək zamanını ifadə
etdiyi məlumdur.
Prof. M.Rəhimov felin şəkillərinin zamanla münsibətindən
bəhs edərək yazır ki, onların oxşar cəhətləri odur ki, hər iki
79
kateqoriya fellə əlaqəlidir. Hər ikisi prosesin baş verdiyi və
məlumatın verildiyi zamanla bağlıdırlar. Azərbaycan ədəbi
dilinin hələ formalaşmadığı vaxtlarda felin şəkillərinin indiki
diferensiasiyası yox idi. Yazılı abidələrdə arzu şəklinin (a/ə)
indiki zaman (-ır/-ir-/ur-/ür), qeyri qəti gələcək (ar/ər) və qəti
zaman (acaq/əcək) formalarında işlənməsi müşahidə
olunur. Eləcə də şərt şəkli (sa/sə) şühudi keçmiş zamanda
(dı/di/du/dü), qəti gələcək zamanda (acaq/əcək), felin əmr
şəkli indiki zaman mənasında (ır/ir/ur/ür), lazım şəkli
(ası/əsi), indiki (ır/ir/ur/ür) və gələcək zaman (acaq/əcək)
zaman funksiyasında işlənir [139, s.11-12].
Qəti gələcək zamanın şühudi keçmiş zamanla birləşməsi
baş verəcək hadisənin qətiliyini, hökmən baş tutacağı fikrini
daha da gücləndirir:
Gələcəkdir (mütləq, hökmən, dəqiq olaraq)
Gələr (güman var ki, ehtimal var ki)
Qeyd etmək lazımdır ki, qeyri-qəti gələcək zamanın
morfoloci göstəricisi olan ar/ər həm də hadisənin təkrar-
təkrar baş verəcəyini, sürəkliliyini bildirir. Həmin məna bütün
türk dilləri üçün səciyyəvi olub ilkin məna daşıyır. Müasir
türk dillərində göstərilən məna qismən arxaikləşmiş, ikinci
plana keçmişdir.
Deyilənləri yekunlaşdıraraq qeyd etmək olar ki, felin
xəbər şəkli modallığın qrammatik ifadəsinə xidmət edir.
Azərbaycan dilində xəbər şəklinin forma zənginliyi
modallığın müxtəlif çalarlarının yaranması ilə nəticələnir.
Burada danışanın baş vermiş, verən və verəcək hadisəyə
münasibəti həm obyektiv reallığı gerçək əks etdirə bilər,
həm də bu münasibətdə modallığın subyektiv səciyyəsi əks
oluna bilər.
1.5. Nəticələr.
1. Modallıq fəlsəfi, məntiqi və linqvistik bir kateqoriya olub
danışanın söyləmin məzmununa və gerçəkliyə münasibətini
əks etdirir. Bu münasibət obyektiv və subyektiv ola bilər. Bu
iki münasibət tipindən asılı olaraq modallıq iki qrupa -
obyektiv və subyektiv modallığa ayrılır. Bu baxımdan
modallıq kateqoriyası obyektiv və subyektiv münasibətin
80
insan təfəkküründə öz əksini tapmış dialektik vəhdətindən
ibarətdir.
2. Fəlsəfi modallıqda obyektiv reallıq, təfəkkür və dilin
qarşılıqlı əlaqə və münasibətləri araşdırılır.
3. Linqvistik modallıqda dilin bütün səviyyələrinə xas
əlamət və xüsusiyyətlər - qrammatik, sintaktik, semantik
əlaqələr toplusu cəmləşmişdir.
4. Məntiqi modallıq hökmün ən mühüm əlaməti hesab
olunur. Obyektiv əlaqələr məntiqi hökmün məzmununda
müxtəlif forma və dərəcələrdə əks olunur. Linqvistik reallıq,
yaxud qeyri-reallıq məntiqi həqiqilik və yalanla üst-üstə
düşür.
5. Deyilmiş fikrə münasibət (onun reallığı / qeyri-reallığı,
həqiqiliyi, yalan olması, vacibliyi, zəruriliyi, mühümlüyü,
ehtimalı olması) danışan tərəfindən bildirilir və bu münasibət
subyektiv və ya obyektiv səciyyə daşıya bilər.
6. Modallıtğın iki aspekti - obyektiv və subyektiv modallıq
- bir-birini tamamlayaraq bütövlükdə cümlənin ümumi
modallıq məzmununu yaradırlar. Hər iki aspekt məna
yüklərinə görə eyni qiymətlidirlər.
7. Modallığı çox vaxt cümlə səviyyəsinə aid edirlər. Lakin,
cümlənin özü də izahını kontekstdə tapır. Beləliklə, modallıq
kateqoriyası getdikcə genişlənərək söz səviyyəsindən
cümləyə, cümlədən isə kontekstə keçmişdir.
8. Modallıq kateqoriyası real və irreal kimi iki növə ayrılır.
Belə hesab olunur ki, reallıq həqiqətə uyğunluq, irreallıq
qeyri müvafiqlikdir.
9. Modallığın məntiqi-linqvistik mahiyyəti mürəkkəb
olduğu kimi onun ifadə vasitələri də rəngarəndir. Bəzən
modallığın ifadə vasitələrini leksik-qrammatik sahə fonunda
izah edirlər.
10. İngilis dilində modallıq felin şəkilləri, ara cümlələr,
modal fel+infinitiv konstruksiyaları, modal sözlər və s. ilə
ifadə olunur. Modallığın yaranmasında intonasiya, vurğu,
müxtəlif cestlər və s. də mühüm rol oynayır.
11. Azərbaycan dilində də modallıq əsasən morfoloci,
leksik, leksik-sintaktik, leksik frazeoloci, prosodik vasitələrlə
əmələ gəlir. Fərq bu vasitələrin məzmununda və struktur
tiplərinin müxtəlifliyindədir.
81
12. Modallığın müxtəlifsistemli german və türk dillərində
tədqiqi eyni sxem üzrə aparılmamışdır. Konkret dil
materialından, modallığın ayrı-ayrı dillərdə funksiyaları və
ifadə vasitələrindən asılı olaraq bu araşdırmaların da
istiqaməti müxtəlif olmuşdur.
13. German dillərində daha çox modallığın funksional-
semantik sahə anlayışı, modal sözlərin
mətnəmələgətirmədə rolu, modallığın ifadəsinin analitik və
sintetik üsulları, modal ədatların semantik təbiəti, modal
aktuallaşma məsələləri tədqiqat obyekti olmuşdur.
14. Türkoloci ədəbiyyatda fel formalarının və şəkillərinin,
modal sözlərin, sintaktik təkrarların və intonasiya növlərinin
modallıq anlayışının yaranmasında və ifadəsindəki rolu
geniş təhlil olunmuşdur.
15. Germanşünaslıqda modallıq kateqoriyası V.Admoni,
Ş.Balli, V.Qak, M.Qrepa, E.Qulıqa, E.Şendels, L.Yermo-
laeva, E.Zveryeva, K.Kruşelntiskaya, O.Moskolskaya,
V.Panfilov, N.Petrov, A.Smirnitski, M.Blox, H.Zandvoorf,
C.Kats, C.Fodor, K.Zommerfeldt, İ.Brinkmann,
V.Bondarenko, V.Qureviç, D.Ştellinq, Y.Erben, S.Borkaçev,
R.Qrobe, C.Lyons, L.Kanner və b. tərəfindən müxtəlif
aspektlərdən tədqiq olunmuşdur.
16. Türkologiyada modallıq bir məntiqi,fəlsəfi və qram-
matik kateqoriya kimi hərtərəfli şəkildə öyrənilmiş və bu
sahədə A.N.Kononovun, N.A.Baskakovun, A.N.Baskako-
vun, K.V.Musayevin, F.R.Zeynalovun, Z.Əlizadənin, A.Asla-
novun, M.Rəhimovun, N.Dırenkovanın, F.A.Aqaevanın və
başqalarının böyük xidmətləri olmuşdur.
17. Türkologiyanın aparıcı qollarından olan Azərbaycan
dilçiliyində modallıq XX əsrin 50-ci illərindən tədqiq olun-
mağa başlanmışdır. A.N.Kononovun türk və özbək dillərinin
qrammatikalarına həsr olunmuş kitablarında modallıq kate-
qoriyasının tədqiqi ilə əlaqədar Azərbaycan dilçilərinin
əsərlərinə istinadlar edilmişdir. Azərbaycan dilçilərindən
A.Ə.Aslanov, Ə.M.Cavadov, F.R.Zeynalov, N.H.Ağazadə,
S.Cəfərov, M.Hüseynzadə, Z.Əlizadə, M.Rəhimov, Z.Buda-
qova və b. öz əsərlərində modallıq kateqoriyasını hərtərəfli
tədqiq etmişlər.
Dostları ilə paylaş: |