FƏSİL 2.
82
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
MODALLIĞIN STRUKTUR TƏHLİLİ
2.1. İngilis və Azərbaycan dillərində modallığın
fonetik (prosodik) ifadə vasitələri.
2.1.1. Ümumi qeydlər.
Dilçilik ədəbiyyatında prosodiya termini çox vaxt
intonasiyanın tərkib hissələrindən biri kimi izah olunur.
Ağamusa Axundov “Azərbaycan dilinin fonetikası” kitabında
intonasiyanın tərkib hissələrini aövqəlxətti fonetik vahidlərin,
başqa sözlə, prosodik ünsürlərin (melodika, ritm, intensivlik,
vurğu, temp, tembr, fasilə və s.) kompleksindən ibarət olub,
müxtəlif sintaktik məna və kateqoriyalar, ekspressiv və
emosional münasibətlər ifadə etməyə xidmət göstərən fono-
qrammatik vasitə kimi səciyyələndirir [5, s.292].
“İzahlı dilçilik terminləri” sorğu lüğətində prosodiyanın iki
mənası göstərilir: 1. Nitqin seqmentüstü (superseqment)
xüsusiyyətlərinin - tonun ucalığı, uzunluq, yüksəklik və vurğu
kimi xüsusiyyətlərinin ümumi adı. 2. Nitqin üzvlənməsi
(üzvlərə bölünməsi) və üzvlənmiş hissələrin birləşməsinin
üsul və vasitələri. Bura a) ahəng-əsas tonun yüksəlməsi və
alçalması; b) dinamika - az, ya çox güclü vurğunun düzümü,
sıralanması; c) temp - nitqin nisbətən sürətli və ya yavaş
tələffüzü; ç) fasilə - tələffüzün arada kəsilməsi kimi fonetik
vahidlər daxil edildir. Prosodik ifadə vasitələri dedikdə isə,
vurğu, ton, uzunluq və s. hadisələrlə əlaqədar olan, onlara
aid olan ifadə vasitələri başa düşülür [7, s.221].
İndiyə qədər dilçilik ədəbiyyatında modallıq leksik-
qrammatik kateqoriya kimi şərh olunmuş, onun intonasiya
cəhətinə, prosodik ifadə vasitələrinə diqqət yetirilməmişdir.
1980-cı ildə çap olunmuş “Müasir Azərbaycan dili”
kitabında modallıq kateqoriyası dar çərçivədə götürülür və
yalnız felin şəkilləri ilə əlaqələndirilir. Modallığı sırf morfoloci
kateqoriya hesab edən müəllif (həmin kitabda “Modal
sözlər” bəhsinin müəllifi Ə.M.Cavadov olmuşdur) yazır: “Hər
bir morfoloci kateqoriyanın dildə müəyyən vəzifəsi vardır.
Felin zaman formaları geniş mənada zaman kateqoriyasının
ifadə vasitəsidir. Növ subyekt və obyekt münasibətini, hal
83
kateqoriyası əşya və məkan münasibətlərini, felin şəkilləri
isə modallıq kateqoriyasını ifadə edir” [38, s.461]. Daha
sonra Ə.M.Cavadov Avropa dillərində (yəqin ki, german və
roman dilləri nəzərdə tutulur - F.C.) mövcud olan modal
fellərin Azərbaycan dilində olmadığını göstərərək belə bir
nəticəyə gəlir ki, Azərbaycan dilində, o cümlədən türk
dillərində felin şəkilləri feli xəbərli cümlələrdə modallıq
kateqoriyasını ifadə etmək üçün tamamilə kifayətdir və
beləliklə, Avropa dillərində olan modal fellərə dilimizdə
ehtiyac yoxdur [38, s.462]. Doğrudur, müəllif özü də etiraf
edir ki, modal sözlərin tam öyrənildiyini söyləmək olmaz,
modal sözlərin əhatə dairəsi haqqında hələ də fikir birliyi
yoxdur və s. Sonra Ə.M.Cavadov həmin deyilənlərin davamı
olaraq yazır: “ Demək, deməli, demək ki, ümumiyyətlə, bir
sözlə, açıq sözlə desək, qısa desək, ümumiyyətlə desək,
müxtəsər, beləliklə, nəhayət, deməli ki, açıq deyilsə, qərəz,
xülasə, əlqıssa, ümumən, demə, sən demə, məsələn,
məncə, səncə, bizcə, deyilənə görə, onun fikrincə, rəyincə,
sizin rəyinizə görə, bəli, yox, xeyr kimi sözlərin və
birləşmələrin modal söz olub-olmaması mübahisəlidir” [38,
s.463].
Elə bu sitatın özü belə müəllifin Azərbaycan dilində modal
fellərin olmaması fikrini təkzib edir və burada mübahisəli
olan məqamlar çoxdur. Ən çox etiraz doğuran isə modallığın
sırf morfoloci kateqoriya kimi səciyyələndirilməsi fikri hesab
oluna bilər.
2.1.2. Modallıq linqvistik kateqoriya kimi.
Əvvəlcə qrammatik kateqoriya anlayışının izahı ilə
əlaqədar mövcud fikirlərə münasibətimizi bildirək. “Müasir
Azərbaycan dili” kitabında qrammatik kateqoriya dedikdə
müəyyən qrammatik mənanın paradiqmatik planda xüsusi
sözdəyişdirici şəkilçilərlə sistem şəklində ifadəsi başa
düşülür. Qrammatik kateqoriyanın əsasında qrammatik
formanın durduğu göstərilir və elə hesab edilir ki, qrammatik
formasız qrammatik kateqoriya yoxdur. Həmin prinsip
əsasında Azərbaycan dilində qrammatik kateqoriyalar iki
yerə bölünür: 1) xüsusi qrammatik kateqoriyalar; 2) ümumi
qrammatik kateqoriyalar. Bu anlayışları müəyyənləşdirərkən
84
ad və fel qütblərinə əsaslanırlar. Hər iki söz qrupunu, yəni
həm adları, həm də felləri əhatə edən qrammatik
kateqoriyalar ümumi, bunlardan yalnız birinə aid olanlar isə
xüsusi adlanır. Beləliklə, Azərbaycan dilində inkarlıq, sual,
intonasiya ümumi kateqoriyalar, zaman, şəkil, təsirlilik, şəxs
kateqoriyaları fellərə, hal, mənsubiyyət, xəbərlik adlara aid
olmaqla xüsusi hesab olunur [38, s.9-10].
Yuxarıdakı izahdan göründüyü kimi, modallıq
ümumiyyətlə kateqoriya hesab olunmur. Fikrimizcə,
modallıq nəinki ümumi qrammatik, hətta daha geniş
mənada linqvistik kateqoriya hesab oluna bilər (fəlsəfi,
məntiqi kateqoriyalar anlamında). Çünki, modallığı təkcə
qrammatika ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu
mənada “İzahlı dilçilik terminləri” lüğətində qrammatik
kateqoriya termininin ikinci mənası daha məqbul hesab
oluna bilər: “Ümumi semantik və morfoloci-sintaktik
əlamətlər əsasında birləşən ən böyük leksik-qrammatik söz
qrupları. Fel kateqoriyası. İsim kateqoriyası” [7, s.57]. Bu
baxımdan modallığı da “semantik və morfoloci-sintaktik
əlamətlər əsasında” formalaşan leksik-qrammatik söz
qrupunu birləşdirən ümumi linqvistik kateqoriya hesab
etmək olar.
Fikrimizi əsaslandırmaq üçün Ferdinand de Sössürün dilə
verdiyi tərifi bir daha nəzərdən keçirək: “Bizim fikrimizcə, dil
anlayışı nitq fəaliyyəti anlayışı ilə ümumiyyətlə uyğun gəlmir;
dil nitq fəaliyyətinin yalnız müəyyən hissəsi, lakin doğrudur
ki, ən əsas hissəsidir. Kollektiv tərəfindən qəbul edilmiş
zəruri şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur
ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, nitq
fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini
təmin edir. Bütövlükdə, nitq fəaliyyəti müxtəlif tərəfli və
rəngarəngdir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda
fiziki, fizioloci və psixoloci olmaqla, həm fərdi, həm də sosial
sferaya aiddir” [157, s.65-66). Sössürə görə dil hər bir kəsin
beynindəki izlər məcmusu olaraq bütövlükdə kollektivdə
mövcuddur; lüğət kimi: tamamilə eyni olan nüsxələri müxtəlif
şəxslərin istifadəsində ola bilər. Dil, hamının malik olduğu,
eyni zamanda hamı üçün ümumi olan, kimlərə
mənsubdursa onların iradəsindən kənar bir şeydir. Nitqdə
85
kollektiv olan heç nə yoxdur: onun təzahürü fərdi və anidir
[157, s.80]. Bütün bu istinadlardan məqsəd ümumi və
kollektiv olan dilin təzahür forması nitqin aparıcı rolunu bir
daha nəzərə çarpdırmaq və onun fonunda modallığı
səciyyələndirməkdir.
Nitq şifahi danışıq əsasında formalaşır. Şifahi danışıq isə
intonasiya, digər prosodik vasitələr olmadan mövcud ola
bilməz. Bu baxımdan modallıq kateqoriyasının
formalaşmasında mühüm rol oynayan prosodik vasitələrin
geniş tədqiqata cəlb edilməsi və hərtərəfli təhlili olduqca
vacibdir. Həmin vasitələrin funksiya və rolunun
müəyyənləşdirilməsi modallığı bir linqvistik kateqoriya kimi
səciyyələndirməyə imkan verir.
2.1.3. Modallığın formalaşmasında intonasiya və digər
prosodik vasitələrin rolu.
Nitqin anlaşıqlı olması və mənanın qavranılmasında
intonasiyanın rolu olduqca böyükdür. Təəssüf ki,
intonasiyanın sintaktik xüsusiyyətlərinə lazımi dərəcədə
əhəmiyyət verilməmtş, onun linqvistik mahiyyəti
açıqlanmamışdır. Müasir sintaktik nəzəriyyənin və mətn
sintaksisinin ən mühüm vəzifələrindən biri dil sistemində və
nitqin formalaşmasında prosodik vasitələrin rolunun
hərtərəfli araşdırılması hesab olunmalıdır. Modallığın
formalaşmasında intonasiya və digər prosodik vasitələrin
rolunu aydınlaşdırmazdan əvvəl bəzi terminlərin izahını
vermək məqsədəuyğun olardı. Məsələ orasındadır ki, bir
çox ədəbiyyatlarda eyni terminin müxtəlif izahlarına rast
gəlmək mümkündür. Şərti işarələr də bir-birindən fərqlidir.
Göstərilənləri nəzərə alaraq dissertasiya işində terminlər
birmənalı izah olunur və vahid şərti işarələr istifadə edilir.
Dissertasiyada müxtəlif mənbələrdə verilmiş termin və şərti
işarələrin aşağıdakı variantları əsas götürülmüşdür:
Ton – səs tellərinin gərilməsi nəticəsində səsin ahənginin
yüksəlməsi və alçalması. Yüksələn tonun qeyri-müəyyənlik,
natamamlıq, enən tonun isə qətilik və müəyyənlik bildirdiyi
göstərilir. Yüksələn tonu (<), enən tonu (>), neytral tonu isə
(–) kimi işarə etmək olar.
86
Ritm – mühüm prosodik vasitə olub sürətlənmə,
yavaşıma, gərginlik və zəiflik, uzunluq və qısalıq və s. nitq
prosesində bir-birini müntəzəm olaraq izləməsi;
İntensivlik – səslərin güclü və zəif tələffüzü, səsin gücü;
Vurğu – nitq prosesində sözdəki hecaların və
cümlələrdəki sözlərdən birinin daha güclü və ucadan
tələffüzü. Bizim tədqiqatda müəyyən fikrin daha qabarıq
ifadəsi üçün modal söz və ifadələrin fərqli tələffüzü kimi
başa düşülür;
Temp – nitqin sürətli və ya ləng ifadəsi. Bu prosodik
vasitə modal ifadələrə müəyyən məna çalarlığı əlavə edə
bilər;
Tembr – bu terminin müxtəlif izahlarından biri əsas tona
digər tonların (harmonik oberton və rezonator ton) əlavə
olunması ilə ekspressiv-emosionallıq çaların
əldə
olunmasıdır. Kədər, sevinc, qəzəb, nifrət və s. hisslər nitq
prosesində tembrlə ifadə olunur [57; 5; 7; 6]. Tədqiqatda
göstərilən terminlər izahı verilmiş mənalarda işlənəcəkdir.
Məlum olduğu kimi, modallıq danışanın ifadə olunan fikrə,
ifadə olunan fikrin obyektiv varlığa münasibətlərini əks
etdirən qrammatik-semantik kateqoriya kimi səciyyələndirilir.
Danışanın deyilən fikrə münasibəti müxtəlifmənalı ola bilər.
Bu müxtəliflik reallıq, qeyri-reallıq, mümkünlük, qeyri-
mümkünlük, zərurilik, ehtimallıq və s. məna çalarları ilə ifadə
oluna bilər. Bu göstərilən mənaların əmələ gəlməsində
prosodik vasitələr də aparıcı funksiya daşıyırlar. Təsadüfi
deyil ki, istər obyektiv, istərsə də subyektiv modallığın ifadə
vasitələrindən ən mühümü kimi intonasiyanın müxtəlif
növləri (məlumatverici intonasiya, sual intonasiyası, nida
intonasiyası, şadlıq, təəssüf, şübhə, təəccüb, qətiyyət,
inamsızlıq, tərəddüd, kinayə və s. bildirən intonasiya) geniş
müşahidə olunur. Qeyd etmək lazımdır ki, intonasiya təkcə
bu göstərilən məna çalarlarını yaratmağa xidmət etmir.
Prosodik vasitələrin ümumiləşdiricisi kimi intonasiya bəzən
bu və ya digər modal mənanın daha da qüvvətli və ya
əksinə zəif ifadəsini də doğura bilər. Bütün bunlar səsin
tonu, ritmi, temp və tembrinin tənzimlənməsi yolu ilə
reallaşdırılır. Bir çox tədqiqatçıların qeyd etdiyi kimi,
intonasiya ayrılıqda deyil, aid olduğu söz, ifadə, cümlə ilə
87
birlikdə mövcud olur. Söz materialı olmadan, ayrılıqda,
ideal intonasiyadan danışmaq əsassızdır. F.Veysəlovun
“Alman dilinin fonetikası” kitabında yazdığı kimi
“İntonasiyasız cümlə olmadığı kimi, cümləsiz də intonasiya
mövcud deyildir” [42, s.162]. Əslində, ayrılıqda götürülmüş
söz və ya modal ifadə intonasiyasız olur. Ayrılıqda
götürülmüş modal söz o vaxt intonasiya ilə deyilir ki, cümlə
funksiyası yerinə yetirmiş olsun. Məsələn,
-Sabah bizə gələcəksənmi?
-Hök(<)mən.
Burada yüksələn tonla deyilən “hök(<)mən” modal sözü
əslində cümləni əvəz edir. Əslində, həmin modal söz
aşağıdakı cümlə şəklində təsəvvür olunur. Məsələn,
-Mən sabah (hökmən, mütləq, şübhəsiz) gələcəyəm.
“Hök(<)mən” sözünün yüksələn tonla deyilişi işin zəruri
olaraq yerinə yetiriləcəyinə inamı, qətiyyəti bir qədər də
artırır. Həmin cümləyə cavabı digər modal sözlə əvəz edək.
Məsələn,
-Sabah bizə gələcəksənmi?
-Ola bil(>)sin / bəl(>)kə.
Burada hər iki modal sözün alçalan tonla deyilişi ehtimalı
bir qədər də azaldır. Beləliklə, yüksələn və alçalan
intonasiya tonu baş verəcək hadisənin zəruriliyini,
mütləqliyini və ya əksinə başvermə ehtimalının azlığını
gücləndirir. Belə situasiyalarda modal ifadənin təsir gücü
daha çox olur və effekt daha böyük olur. Eyni qayda ilə hər
iki dilin - ingilis və Azərbaycan dilinin materialları əsasında
nitq situasiyasından asılı olaraq cümlə funksiyasında çıxış
edən modal söz və ifadələrin intonasiya xüsusiyyətlərini
təhlil etməklə ümumiləşdirici nəticələr əldə etmək
mümkündür.
2.1.4. İngilis və Azərbaycan dillərində modallığın
prosodik ifadə vasitələrinin tipoloci səciyyəsi.
Qeyd olunduğu kimi, modal söz və ifadələrin prosodik sə-
ciyyəsi cümlə və mətn səviyyəsində özünü qabarıq əks
etdirir. Başqa sözlə desək, müəyyən bir sözün yüksək və
alçalan tonla deyilişini müəyyənləşdirmək üçün onun ətra-
fında neytral tonda deyilən sözlər olmalıdır. Yalnız netyral
88
tonlu sözlər olan cümlədə fərqli (yüksələn və alçalan) ton
seçilə bilər.
Modallığın prosodik ifadə vasitələrinin hər iki dildə
tipoloci-müqayisəli təhlili ayrıca tədqiqat mövzusu ola bilər.
Bizim dissertasiya işimizdə bu problemlə bağlı bəzi mühüm
məqamlara toxunulacaq və gələcəkdə bu məsələnin geniş
tədqiqinin ümumi konturları müəyyənləşdiriləcəkdir.
Araşdırmalar göstərir ki, modallığın leksik, qrammatik,
semantik ifadə vasitələrinin geniş araşdırılmasına
baxmayaraq, indiyə qədər ingilis və Azərbaycan dillərində
prosodiya aspekti öyrənilməmişdir. Müxtəlifsistemli dillərdə
müxtəlif modal mənalar ifadə edən söz və söz
birləşmələrinin prosodik strukturlarının oxşar və fərqli
cəhətlərinin aşkar edilməsi böyük elmi-nəzəri əhəmiyyətə
malikdir.
Modal mənaların ifadəsində prosodik vasitələr digər dil
səviyyəsinə məxsus vahidlərlə qarşılıqlı əlaqəyə girir və
onlarla həm eyni, həm də müxtəlif məna əlaqələri yarada
bilirlər. Burada onların funksiyası müxtəlif çeşidli olur. Onlar
digər dil səviyyələrinə aid olan vahidlərin ifadə etdikləri
mənanı dəqiqləşdirməyə, gücləndirməyə, zəiflətməyə,
müxtəlif “düzəlişlər” aparmağa xidmət göstərməklə fikri
tamamlamış olurlar. Belə “xidmət növünü” yardımçı,
dəqiqləşdirici, tamamlayıcı hesab etmək olar. Bəzən isə
prosodik vasitələr fikrin modal mənasının formalaşmasında
aparıcı rol oynayırlar.
İngilis və Azərbaycan dillərində modallığın implisit ifadə
olunması zamanı prosodik əlamətlər fonoloci funksiyanı
tamamlayaraq modal mənaların yeganə fərqləndirmə
vasitəsi ola bilərlər.
Leksik vahidlərin bu və ya digər modal mənasının reallaş-
dırılması kontekstdən, daha dəqiq desək, oxuyanın mətni
anlama dərəcəsindən asılı olur (söhbət bədii söz yaradıcılığı
mətnindən, yazılı mətndən gedir). Mətnin başa düşülməsi
isə prosodiyada əks olunur, yəni prosodiya oxuyanın qəbul
etdiyi məzmunu müşaiyət edir. Əksinə, oxunan mətnin başa
düşülməməsi, qavranmaması, onun prosodik baxımdan
düzgün tərtib olunmasından çox asılıdır. Nitq prosesində
əsərin forma və məzmununun dialektik vəhdəti özünü açıq-
89
aydın büruzə verir. Məhz buna görə də bədii mətnin
adekvat qavranılması üçün modallıq kateqoriyasının
vacibliyinin təhlili prosesində prosodiyanın aparıcı rolu
nəzərə alınmalıdır. Elmi mətnlərdə prosodiya, səslənmə
prosesində intonasiya olmadan da keçinmək olar. Belə
mətnlərin başa düşülməsi üçün minimal prosodiya sabit
sintaktik quruluş və minimal işarələrin köməyi ilə adekvat
verilə bilər. Bədii ifadə üslubu isə elmi üslubdan bu cəhətə
görə kəskin surətdə fərqlənir. Bədii yazılı mətn səslənən
nitqə istiqamətlənir. Burada prosodik vasitələr, intonasiyanın
müxtəlif məna variantları olmadan keçinmək qeyri-
mümkündür.
Qeyd etmək lazımdır ki, çox vaxt prosodiya və tələffüz
(intonasiya) terminləri sinonim kimi işlədilir. Termin
dolaşıqlığına yol verməmək üçün tədqiqat işində “prosodiya”
termini həm sintaktik təzahürlərin, həm də modal məna
çalarlarının ifadə olunmasına xidmət edən bütün prosodik
vasitələr kompleksinin - melodika, dinamika, temp, pauza,
ritm, səsin gücü, tembrin ifadəsi üçün istifadə olunur.
İntonasiya isə yalnız sitatlarda, başqa müəlliflərin fikirlərinin
izahında verilir.
Hər iki dildə subyektiv modallığın ifadə edilməsində
prosodik vasitələr daha fəal iştirak edir. Aparılmış fonetik
eksperimentlər göstərir ki, cümlədə modallıq mənalarının
digər ifadə vasitələri olmadıqda prosodiyanın rolu xüsusilə
qabarıq nəzərə çarpır.
Tədqiqatlar göstərir ki, prosodik vasitələrin köməyi ilə
eyni bir modal ifadədə müxtəlif mənalar ifadə etmək olar.
Danışanın fikrin məzmununa münasibətini bildirən vasitə
olmaqla prosodiya struktur-sintaktik və leksik əlamətlər
olmadıqda, yəni modal mənanın implisit ifadəsi zamanı
əvəzedici vasitə kimi çıxış edir. Bu zaman prosodiya eyni
vaxtda struktur və ya leksik əlamətləri tamamlayır və
bununla modal mənanın eksplisit ifadəsində müşaiyətedici
vasitə funksiyasını yerinə yetirir. Artıq qeyd olunduğu kimi
prosodiya istənilən cümləni emosional rəyə çevirə və ya
ifadənin eksplisit xarakterini əks istiqamətdə dəyişə bilər.
Yazılı mətndə prosodiyanın verdiyi mənanın müəyyən
olunmasında kontekstin rolu artır. Prosodiya kontekstdə
90
möhkəmlənir və onun köməyi ilə cümlənin obyektiv
struktur elementi kimi çıxış edir.
Prosodiyanı araşdırmış bütün tədqiqatçılar dil kollektivi
təfəkküründə müəyyən semantika ilə müntəzəm uyğunluğu
olan intonasiya vahidlərini fərqləndirirlər. Bu vahidlər hər bir
dil üçün spesifikdir və ünsiyyət prosesində hər dəfə yenidən
kəşf olunmur, dil öyrənilməsi prosesində mənimsənilir.
Danışanın fikrin məzmununa münasibətini bildirən
mühüm vasitə olmaqla prosodiya ən xırda modal çalarlar və
insani hissləri ifadə etməyə qadirdir. Ünsiyyət prosesində
prosodik vasitələr leksik və qrammatik vasitələrlə müxtəlif
üsullarla qarşılıqlı əlaqədə olur və bununla da istənilən fikir
modal çalarla əhəmiyyətli dərəcədə zənginləşir. Bu zaman
modallığın leksik-qrammatik ifadə vasitələri - bir tərəfdən
prosodik vasitələr, digər tərəfdən öz aralarında tərs
mütənasib asılılıqda olurlar, yəni biri çox olduqda, digəri az
olur və əksinə. Araşdırmalar göstərir ki, leksik-qrammatik
cəhətdən ikimənalı olmayan mənaların xüsusi prosodik
vasitələr kompleksi ilə tərtib olunmağa ehtiyacı yoxdur, lakin
fikirdə müəyyən modal münasibət olduqda və o, leksik-
qrammatik vasitələrlə ifadə olunmadıqda prosodik vasitələr
zəruri olur.
Frazaların prosodik quruluşu üzrə hər bir eksperimental-
fonetik tədqiqatın son məqsədi bu və ya digər mənanın
ifadə olunmasına şərait yaradan relevant əlamətlərin
müəyyən edilməsi olmalıdır. Bir sıra hallarda frazaların
leksik-qrammatik tərkibinin və prosodik quruluşunun
uyğunsuzluğu müşahidə olunur, yəni frazanın prosodik
quruluşu fikrin leksik-qrammatik məzmunu ilə ziddiyyət təşkil
edir.
Modal mənaların ifadə olunması fikrin mənaca hissələrə
bölünməsi vasitəsi ilə verilə bilər: gizli məna yarandığı
hallarda bunu daha aydın görmək olar. Bölünmənin əsası
kimi məna vacibliyinə fikrin “verilmişdən” “yeniyə” doğru
hərəkəti daxildir. Məlumatda “yeni” həmişə ən vacib olmur.
Frazanın yeni heç nə bildirməyən hissəsi daha vacib ola
bilər. Fikirdə vaciblik dərəcəsinin ifadə olunması zamanı
yalnız prosodik göstəricilər deyil, modal mənalar ifadə
olunmasında geniş tətbiq olunan leksik-əlamətlər də
91
əhəmiyyət kəsb edir. Məna bölünməsi prosodik
göstəricilərin digər dil səviyyələri göstəriciləri ilə necə
əlaqədə olduğunu göstərə bilər. Rəvan və ritmik baxımdan
kamil nitq üçün onun təbii olaraq parçalandığı sintaqmların
xarakteri (sintaqmda vurğulu və vurğusuz hecaların
növbələnməsi) böyük əhəmiyyət daşıyır. Bədii mətn üçün
müxtəlif uzunluqlu sintaqmların heç bir ardıcıllıq
gözlənilmədən növbələnməsi çox səciyyəvidir.
Modal mənaların ifadəsində pauzalar (fasilə) də fəal
iştirak edir. Bədii üslubda bu prosodik vasitədən çox geniş
istifadə olunur. İngilis və Azərbaycan dillərində əvəzlik və
önlüklər pauza ilə ayrılır.
Azərbaycan dilində sual cümlələrinin intonasiya
xüsusiyyətlərinin eksperimental-fonetik üsulla tədqiqi
sahəsində müəyyən işlər görülmüş və bir sıra mühüm elmi
nəticələr əldə edilmişdir. S.Babayevin “Müasir Azərbaycan
dilində feli bağlama tərkibli sadə nəqli cümlələrin intonasiya
xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası və
A.Axundovun “Azərbaycan dilinin fonemlər sistemi” adlı
monoqrafiyasında əldə olunmuş nəticələrə əsaslanmaqla
C.Axundov M.Torez adına Moskva Pedaqoci Xarici Dillər
İnstitutunun Eksperimental Fonetika və Nitqin Psixologiyası
laboratoriyasında geniş təcrübələr aparmış, sual cümlə-
lərinin eksperimental-fonetik səciyyəsini verməyə müvəffəq
olmuşdur [4; 15; 6].
Osilloqraf yazılarının təhlili zamanı C.Axundov aşağıda-
kıları müəyyənləşdirmişdir: kompleks səs yazısı əsasında
periodlar şəklində bir-birindən fərqlənən ayrı-ayrı səslər və
onların sərhədləri; xüsusi vaxt göstəricisinin köməyi ilə hər
bir səsin millisaniyələrlə tələffüz müddəti; rəqs tezliyinin
herslərlə hesablanması, bununla bir saitin səs tonunun
səviyyəsi; rəqs amplitudalarının həcmi əsasında hecaların
şərti intensivliyi; əsas tonun istiqaməti; sintaqmlararası
fasilələr.
Beləliklə, ilk dəfə olaraq sual cümləsinin bir kommunikativ
tipinin başqa bir kommunikativ tipindən nə ilə fərqləndiyini,
nəqli və əmr cümlələrindən hansı intonasiya xüsusiyyəti ilə
xarakterizə edildiyini müəyyənləşdirmək mümkün olmuşdur
[6, s.169].
92
Göstərilən araşdırmanın modallığın intonasiya
xüsusiyyətlərinin eksperimental-fonetik aspektdən
öyrənilməsi üçün də böyük faydası ola bilər.
Müşahidələr göstərir ki, nitq prosesində pauza frazalara
modal çalarlıq verir, danışanın tərəddüdünü, şübhəsini
göstərir.
İngilis dilində frazada səsin gücü aşağı, tələffüz tempi zəif
olur. Azərbaycan dilində isə frazada orta səs gücü və aşağı
tələffüz tempi müşahidə olunur. Hər iki dildə qeyri-əminlik,
şübhə çalarının azalması bütün frazanın tezlik
diapozonunun artmasına və tamamlanmasına aparır.
Azərbaycan və ingilis dillərində əsas funksional
cümlələrdə intonasiya növləri, demək olar ki, eyni olsa da,
səs səviyyəsi və diapozonu, intonasiya gücü, nitq tempi və
səslənmə davamlılığına görə fərqlər vardır.
İngilis dilində cümlənin sonunda azalan tonla yanaşı, yük-
sələn və azalan-yüksələn tonlardan geniş istifadə olunur,
Azərbaycan dilində isə əksər hallarda azalan tondan istifadə
olunur.
İngilis dilində emfatik nitqdə əsasən yüksələn, qeyri-
emfatik nitqdə isə azalan şkaladan istifadə edilir.
Azərbaycan dilində nəqli cümlələrdə yüksələn-azalan ton
özünü göstərir, sintaqm və ya cümlənin kommunikativ
mərkəzinədək ton yüksəlir, növbəti hecalar isə əsasən
azalan tonla tələffüz edilir. Xüsusi sual cümlələrində hər iki
dildə azalan ton müşahidə olunur [15].
Azərbaycan dilində sual cümləsi kimi çıxış edən nəqli
cümlələrdə yüksələn xətlə, adlarla düzələn cümlələrdə isə
düz xətlə (hər bir növbəti heca əvvəlkindən yüksək olur)
artım hiss olunur.
İngilis və Azərbaycan dillərində söz və söz birləşmələrinin
melodik tərtibində də fərq özünü büruzə verir. Azərbaycan
dilində sintaqm və cümlələrdə yüksələn tondan az, ingilis
dilində isə daha çox istifadə olunma halları müşahidə olunur.
Azərbaycan dilində yüksələn tondan istifadə kommunikativ
mərkəzdən asılı olur. Ümumi sual cümləsində -mı (-mi, -mu,
-mü) şəkilçisi ilə işlənən söz kommunikativ mərkəz rolunda
çıxış edirsə yüksələn tonla, əks halda azalan tonla tələffüz
olunur. C.Axundov “Bu sözü deyirmi?”, “Maşını silirmi?”,
93
“Qutunu düzəldirmi?” cümlələrinin elektro-akustik təhlilini
apararaq aşağıdakı nəticəyə gəlir: “-mı (-mi, -mu, -mü)”
ədatları ilə işlənən sual cümlələrində sualın intonasiya ilə
yanaşı morfoloci yol ilə ifadə vasitəsi olduğu üçün cümlədə
sual intonasiyasının rolunun zəiflədiyi müşahidə edilir.
Eksperiment aydın sübut edir ki, belə sual cümlələrində
onların özlərinə məxsus sual intonasiyası vardır.
Haqqında danışdığımız cümlələrin “mı” ədatına qədər
olan hissəsində əsas ton yüksəlmək mövqeyindədir. Lakin
burada həmin heca son nöqtəsinə qədər yüksələ bilmir.
Çünki belə cümlələrdə sual məzmunu yalnız intonasiya ilə
deyil, eyni zamanda -mı (-mi, -mu, -mü) ədatlarından biri ilə
verilir” [6, s.187].
Müəllif son olaraq belə nəticəyə gəlir ki, -mı (-mi, -mu, -
mü) ədatlarından biri ilə işlədilən suallarda xüsusi sual
intonasiyası olur, lakin bu intonasiya öz səciyyəvi
xüsusiyyətinə görə müəyyən qədər zəif təsir bağışlayır. Belə
cümlələrdə sual intonasiyasının mövcud olduğu birinci
növbədə sual ədatına qədər son hecada əsas tonun
yüksəlmək mövqeyində olması və cümlənin son hecasının
uzadılaraq tələffüz edilməsi ilə izah olunur.
Modallığın prosodik vasitələrinin eksperimental parametr-
lərini əks etdirən cədvəllərdə sual intonasiyası özünün əyani
təzahürünü tapmışdır [6, s.171-182).
2.1.5. İngilis və Azərbaycan dillərində tərkibində modal
sözlər və birləşmələr olan frazaların prosodik səciyyəsi.
İngilis və Azərbaycan dillərində tərkibində modal sözlər
və birləşmələr olan frazaları üç qrupda təhlil etmək olar.
Danışanın deyilən fikrə əminliyini ifadə edən, tərkibində
modal sözlər və söz birləşmələri olan frazaların prosodik
quruluşu ingilis dilində azalan, yüksələn, azalan-yüksələn
tonla, Azərbaycan dilində azalan tonla səciyyələnir. Ön
mövqedə modal sözlər azalan tonla tələffüz edilirsə,
frazanın növbəti hissəsində prosodik əlamətlərin zəifləməsi
hiss olunur. Modal sözlərin ön mövqedə yüksələn və ya
azalan-yüksələn tonla tələffüz edilməsi zamanı frazanın
növbəti hissələrində prosodik əlamətlərin güclənməsi
müşahidə olunur.
94
Fikrin qətiliyinə daha yüksək ton səviyyəsi, geniş ton
diapozonu, güclü səs uyğun gəlir. Eləcə də, əminlik ifadə
edən fikirlərdə olduğundan azdır.
Birinci qrup modal sözlər və birləşmələr üçün ingilis
dilində aşağıdakılar səciyyəvidir: ilk vurğusuz hecalar -
rəvan ton, ilk vurğulu heca - yüksək səviyyə və tonun azalan
hərəkəti, terminalqabağı hissənin növbəti hecaları - əsas
tonun azalan hərəkəti.
Azərbaycan dilində bu qrup modal sözlər və birləşmələr
üçün sintaqm və ya cümlənin kommunikativ mərkəzinədək
yüksələn ton və sonrakı hecalarda azalan ton, özü də bir
qədər sürətli temp səciyyəvidir.
Əminlik - modal mənası bildirən sözlərdə tonun hərəkəti
ingilis dilində azalan və ya yüksələn-azalan, Azərbaycan
dilində azalandır.
Really, it isn’t much pay for all that protection, is it?
(Arthur Hailey, “Airport”, 240)
Şübhəsiz mən də gələcəyəm.
Şübhəsiz baş əyər hər əmrimizə (A.Şaiq). [11, s.538]
Hər iki dildə danışanın fikrin məzmununa əmin olmadığını
göstərən, tərkibində modal sözlər və söz birləşmələri olan
frazaların quruluşu üçün ilk vurğusuz hecalarda orta tonal
səviyyələrdə rəvan və ya yüksələn ton hərəkəti səciyyəvidir.
İlk vurğulu heca, bir qayda olaraq, modal sözlərə düşür və
ən yüksək tonal səviyyədə tələffüz olunur. Terminalqabağı
hissənin qalan hecalarında - əsas tonun rəvan və ya azalan
hərəkəti səciyyəvidir. Sonda ingilis dilində azalan, eləcə də
yüksələn ton, Azərbaycan dilində yalnız azalan ton
müşahidə olunur. Bu qəbildən olan frazalar üçün orta
tələffüz ton səviyyəsi, orta səs gücü xarakterikdir. Temp
ingilis dilində orta və zəif, Azərbaycan dilində tez və bir
qədər sürətli ola bilər:
Perhaps you’d better tell me exactly what you mean
(Arthur Hailey, “Airport”, 71)
Bəlkə, bu gün axşam yağış ara verdi.
Bəlkə mən tez qayıtdım (M.S.Ordubadi).
Cuma düşündü ki, bəlkə… Marala onun haqqında bəzi
şübhəli şeylər demişlər (Əbülhəsən). [11, s.245]
95
Danışanın ifadə etdiyi fikrin arzu olunan və ya
olunmayan olduğunu göstərən, tərkibində modal sözlər və
birləşmələr olan frazaların prosodik quruluşu əminlik,
qətiyyət bildirən modal sözlərdə olduğu kimidir:
Fortunately, the ground being obscured by cloud meant
that no one could see and identify cities (Arthur Hailey,
“Airport”, 346)
Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət
desin (B.Bayramov)
Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm). [13, s.158]
Dostları ilə paylaş: |