FİKRƏt cahangirov



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə5/16
tarix06.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

1) Əmr: Pencereyi aç, oda havalansin  
2) Xahiş: Kahvenizi buyurun, için  
3) Yalvarış: Tanrım, sen bizi qoru  
4) Təhrik: Hele hele, söyle bakalım  
5) Çəkindirmə: Sakın oraya gitmeyin  
6) Arzu:  Allah belasını versin (felin əmr  şəkli ilə ifadə 
olunmuşdur)  

 
67
7) Vacib və ya lazım: A kardeşim bu işi yapmalıydınız 
[64, s.15-16].  
Şərt modallığı türk dilində daha çox şərt  şəkli və  şərt 
modallığı  şəkilçiləri ilə düzəlir və real olmayan, ehtimal 
olunan hadisələri bildirir. Şərt modallığı  şərt və güzəşt 
budaq cümlələrində, bəzən isə sadə cümlə 
konstruksiyalarında müşahidə olunur.  
Təsdiq modallı sadə cümlələrdə modallıq leksik, 
qrammatik, sintaktik vasitələrlə, eləcə də intonasiya yolu ilə 
ifadə olunur. Burada reallıq danışanın subyektiv rəyi 
əsasında formalaşdırılır. Təsdiq modal cümlələr iki yerə 
ayrılır: 1) Suala təsdiq formasında cavab; 2) cavabla əlaqəsi 
olmayan təsdiq.  
Suala təsdiq formasında cavabdan ibarət təsdiq cümlələr 
təsdiq sözləri və söz birləşmələri ilə düzəlir: evet, gerçekten, 
süphesiz, hakikaten, peki, hay-hay, tabii, mutlaka, 
muhakkak, elbette, behemehal, vallahi, tamamiyla, iyi, 
tamam, baş üstüne, nə olursa olsun. Cavabın bir sözlə  və 
ya söz birləşməsi ilə ifadə olunduğu modal cümlələrdə 
cümlənin əsas hissəsi ellipsisə uğrayır.  
Təsdiq cümlələr xəbəri xəbər, vacib, arzu şəkilləri ilə 
ifadə olunan cümlələrə  -dır  şəkilçisinin  əlavə edilməsi yolu 
ilə düzəlir. -Dır şəkilçisi modal cümləyə təsdiq və baş vermiş 
hadisənin reallığına əminlik mənaları verir.  
Modallıq  -dır  şəkilçisinin köməyi ilə  aşağıdakı hallarda 
əmələ gəlir:  
1) -yor indiki zaman şəkilçisinin təsriflənən formalarına 
əlavə olunmaqla: -istiyor (dur);  
2) -ar indiki-gələcək zaman şəkilçisindən sonra: 
istiyirim(dir);  
3) -mış subyektiv keçmiş zaman şəkilçisindən sonra: -
istemiş(dir);  
4) -acak qeyri-qəti gələcək zaman şəkilçisindən sonra: -
bakacak(dır);  
5) -makta indiki davamedici zaman şəkilçisindən sonra: -
bakmakta(dır);  
6) -malı vacib formasından sonra: bakmalı(dır).  

 
68
Modallıq həmçinin  -dır  şəkilçisinin ad nitq hissələri ilə 
ifadə olunmuş  xəbərlərə  əlavə olunması yolu ilə düzəlir:  -
yeşil(dir).  
Müasir türk dilində  təsdiq modallığı sintaktik yolla da 
əmələ gəlir. Belə təsdiq modallığı bildirən cümlələr daha çox 
indiki-gələcək  (-ar)  və keçmiş  qəti zaman (-dı)  şəkilçilərinin 
sual və ya inkar-sual formalarından yaranır.  
Təsdiq cümlələr müasir türk dilində  bəzən ikiqat inkar 
yolu ilə də əldə edilir. Təsdiq modallıq inkar sözləri olan yok 
və ya hayır ifadələrinin cümlə əvvəlində işlənməsi ilə geniş 
müşahidə olunur: yok, Ali iyi adamdır.  
İnkar modal cümlələrdə danışanın fikrinə görə real 
olmayan, mövcud olmayan hadisə  və ya vəziyyətlər ifadə 
olunur.  
İnkar modal cümlələr leksik, qrammatik və sintaktik 
vasitələrlə, xüsusi inkar intonasiya ilə ifadə olunur. 
İntonasiya burada əsasən inkar olunan sözün üzərinə 
düşür.  
İnkar modallıq ifadə edən leksik vasitələri iki qrupa 
ayırmaq olar: 1) cümlədə müstəqil olaraq inkar modallıq 
yarada bilən sözlər;  2) müstəqil olaraq cümlədə modallıq 
yarada bilməyən sözlər. Belə sözlər yalnız digər qrammatik 
vasitələrin köməyi ilə modallıq yarada bilirlər. Birinci qrupa 
aşağıdakı inkar mənalı sözlər aiddir: - degil, yok, ne, ne 
(de).  İkinci qrupa inkar ədatı  hayır,  inkar zərfi  hiç, asla, 
eləcə  də inkar mənalı söz birləşmələri  hiçbir, hiç kimsə, 
hiç bir zaman daxildir. 
Müstəqil inkar modallığı yaradan degil sözü felin bütün 
zaman və növ şəkilçiləri ilə  işlənmək potensialına malikdir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində də “deyil” inkar 
sözü geniş  işlənmə dairəsinə malikdir və zaman, şəxs və 
növ şəkilçilərini sərbəst olaraq qəbul edə bilər: 
Müstəqil olaraq inkar modallıq yarada bilməyən sözlər 
xəbərin yanında inkarlıq yarada bilmir. Siz bakıyormusunuz? 
- Hayır, ben bakmıyorum. Əslində, türk dillərində iki inkarlıq 
(ikiqat inkarlıq)  təsdiq mənası doğurmalıdır.  “Hayır” sözü 
isə, ondan sonra gələn inkar mənalı  xəbərlə  təsdiq deyil, 
inkarlıq  (inkar modıllıq) yaradır. Qeyd etmək lazımdır ki, 

 
69
“hayır” sözünün köməyi ilə yaranan cümlələr ellipsisə 
uğraya bilər. 
Müasir türk dilində inkar modallıq morfoloci üsulla da 
yaradılır. İnkarlıq şəkilçisi felin zaman, şəkil, şəxs, kəmiyyət 
əmələ gətirən şəkilçilərindən, eləcə də feli sifət, feli bağlama 
və məsdər şəkilçilərindən əvvəl gəlir. İnkari modallıq tam və 
ya natamam ola bilər. Tam inkar modallığında inkar şəkilçisi 
xəbər funksiyasında çıxış edən fel əsasına birləşdirilir. 
Elbisemi giymeye bile vakit bulamadım. Natamam inkarı 
modallıqda cümlənin həmcins xəbərlərinin bir hissəsi 
təsdiqdə, bir hissəsi isə inkarda olur: 
Eşegin sözüne inanıyorsun, benim sözüme 
inanmiyorsun. Natamam inkar modallıq feli xəbərin inkar
felin  şəxssiz formalarının feli sifət, məsdər və ya feli sifətin 
təsdiqdə olduğu hallarda da müşahidə olunur. 
Türk dilində inkari modallığın morfoloci göstəricisi 
Azərbaycan dilində və əksər türk dillərində olduğu kimi - ma/ 
- me - dir. 
İnkar modallığı sintaktik vasitələrlə  də düzələ bilər. Bu 
halda inkar modallığı daha çox ritorik sualla əmələ  gəlir. 
Sual modallığında danışanın deyilən fikrə münasibətində 
inamsızlıq,  şübhə, digər  əks fikrin doğruluğuna isə inam 
motivi olur. 
Sual modallığı cümlədə sual sözləri funksiyasında çıxış 
edən leksik vahidlərlə düzəlir. Onlar sual cümləsinin 
tamhüquqlu üzvü kimi xəbərdən başqa bütün cümlə 
üzvlərini əvəz edə bilirlər. 
Sual cümləsinin mübtədası kimi kim?, nə? sual əvəzlikləri 
çıxış edirlər:  kim geldi? Göstərilən sual əvəzlikləri cəm 
şəkilçisi də qəbul edirlər: kimler geldilər? 
Sual cümləsinin mübtədası kimi kaç?  və  hangı? sual 
əvəzlikləri mənsubiyyət şəkilçiləri qəbul etməklə işlənə bilər. 
Kim?, nə? sual əvəzlikləri hal şəkilçilərini qəbul edərək 
tamamlıq funksiyasında da ola bilərlər:  kimi?, neyi?, 
kimden?, neden?, kime?, neye? Tamamlıq rolunda sual 
əvəzlikləri qoşma ilə  də  işlənə bilərlər.  Kimi (neyi) 
bekliyordunuz? 
Zərf funksiyasında çıxış edən və inkar modallığı  əmələ 
gətirən sual əvəzliklərini bir neçə qrupa bölmək olar: 

 
70
a) Ne əsasında yaranmış leksikləşmiş birləşmələr: nasıl 
(ne asıl?), niçin (ne için?) 
b)  Ne? Sual əvəzliyinin hal formaları: ne-nere? (neye?), 
neden?, nerede?, nereye?, nereden. 
c) Ne? - sual əvəzliyinin əsas nitq hissələrinə aid sözlərlə 
və qoşmalarla birləşmələri: - ne zaman?, ne vakit?, ne 
surette? 
İnkar modallığı yaradan sual əvəzlikləri təyin 
funksiyasında da çıxış edirlər: hangi?, nasıl?, ne kibi? 
Bir çox şübhə, güman, təəccüb yaradan modal sözlər 
sual modallığının yaranmasında iştirak edə bilərlər:  belki, 
ha, hani və s. [64, s.26-27]. 
Sual modallığının yaranmasında bir çox leksik-sintaktik 
vasitələr də  fəal rol oynayırlar. Məsələn, türk dilində  mi 
ədatı istənilən cümlə üzvünün yanında işlənərək sual 
modallığı yarada bilər. Göstərilən  ədat feli sifət və felin 
təsriflənən formalarından sonra işlənərək, sonradan özünə 
mürəkkəb zaman şəkilçilərini, eləcə  də  şəxs və  kəmiyyət 
şəkilçilərini birləşdirə bilər: Geliyor musunuz? 
Bəzən sual ədatı felin tam formasından sonra gəlir: 
Geliyorsunuz mu? Bu halda sual baş verən hadisəyə aid 
olmur. Belə sual formasından məqsəd baş verən hadisənin 
dəqiqləşdirilməsidir. Ona görə  də bu tipli suallar təkrar 
suallar adlanır. 
Türk dilində sual modallığının  əmələ  gəlməsində 
aşağıdakı leksik vahidlərin iştirakı da müşahidə olunur: 
aceba, sanki, yani, ya (mi), degil (mi) və s. 
Göstərilən leksik vahidlər müxtəlif leksik-sintaktik 
konstruksiyalarda inkar modallığının rəngarəng formalarını 
yaratmış olurlar. Qeyd etmək lazımdır ki, A.N.Baskakovun 
monoqrafik tədqiqatında türk dili materialında izahını tapmış 
modallıq bir çox türk dillərinə də aid edilə bilər. [64, s.12-29]. 
Türkologiyada modallıq kateqoriyasının tədqiqinə  həsr 
olunmuş  ən sanballı araşdırmalardan biri F.A.Aqaevanın 
“Modalğnostğ kak linqvistiçeskaə kateqoriə” adlı monoq-
rafiyasıdır [48]. Monoqrafiyada türkmən və ingilis dillərinin 
materialı əsasında modallıq linqvistik kateqoriya kimi tədqiq 
olunur. Qeyd etmək lazımdır ki, əsərdə müəllif modallıq 
kateqoriyasının linqvistik mahiyyətini açmış, onun məntiqlə, 

 
71
fəlsəfə ilə  kəsişən cəhətlərini təhlil etmişdir.  Əsərdə 
modallığın predikativliklə, felin şəkilləri ilə  əlaqəsi nəzərdən 
keçirilmiş, semantik diapazonu müəyyənləşdirilmişdir.  İki 
müxtəlif sistemli dilin-ingilis və türkmən dillərinin materialı 
əsasında modallığın ifadə vasitələri qarşılaşdırma yolu ilə 
şərh olunmuşdur. 
F.Aqaeva modallığı  əsasən linqvistik kateqoriya kimi 
səciyyələndirmiş, onun struktur və semantik səciyyələrini 
açıqlamağa cəhd göstərmişdir. 
Nəzəri olaraq modallığın predikativlik və fel şəkilləri ilə 
nisbəti, modallıq və cümlə problemi, real və irreal modallıq, 
onun semantik diapazonu, modallığın dildə ifadəsi və ümumi 
səciyyəsi kimi məsələlər təhlil olunmuş, bir sıra oricinal 
nəticələr 
əldə olunmışdur. Monoqrafiyanın sonrakı 
hissəsində ingilis və türkmən dillərində modallığın ifadə 
vasitələri araşdırılır.  İlk növbədə  hər iki dildə modallığın 
ifadəsinin morfoloci vasitələri öyrənilir, ingilis və türkmən 
dillərində felin şəkillərinin və  kəmiyyət kateqoriyasının 
modallıqla əlaqəsi müəyyənləşdirilir. Müəllif belə hesab edir 
ki, felin xəbər  şəklinin guya modallığa nisbətdə neytrallığı 
qeyri-elmi fikirdir. Əslində, felin xəbər şəklində də danışanın 
subyektiv münasibəti öz əksini tapır. 
F.Aqaevanın tədqiqatında felin əmr  şəkli ingilis və 
türkmən dillərində təhrikedici modallığın yaranmasının əsas 
ifadə vasitəsi hesab olunur. Müəllif statistik hesablamalar 
aparmış  və belə  nəticəyə  gəlmişdir ki, 10 min nümunədən 
ibarət seçmədə hər iki dildə təhrikedici modalıq əsasən felin 
əmr forması ilə ifadə olunmuşdur.  İngilis dilində 82%, 
türkmən dilində isə 93%-dən artıq hallarda felin əmr forması 
göstərilən funksiyada olmuşdur [48, s.73]. 
Araşdırmalar nəticəsində müəllif belə bir nəticəyə 
gəlmişdir ki, türkmən və ingilis dillərində imperativ fərqli 
cəhətlərə malikdirlər.  İngilis dilində imperativ fel əsasından 
ibarət olub II şəxsin təkinə  və  cəminə aid olur. Türkmən 
dilində imperativ bir neçə formada müşahidə olunur: 
1) II şəxsin təki - fel əsası, fel əsası + -sana/sənə 
şəkilçisi, fel əsası + -qin (-qin, -qun) -qün; fel əsası + -ı/i, 
u/ü; 

 
72
2) II şəxsin cəmi - fel əsası + şəxs şəkilçiləri (-ın, -in, -
un, -ün); 
3) III şəxsin təki - fel əsası + sın/-sin, -sun/-sün; 
4) III şəxsin cəmi - fel əsası + sınlar/sinlər, sunlar/-sünlər 
[48, s.107].  
Əsərin  ən çox diqqəti cəlb edən hissələrindən biri ingilis 
və türkmən dillərində modallığın leksik ifadə vasitələrindən 
bəhs edir. 
Modallıq hər iki dildə daha çox modal sözlərlə ifadə 
olunur. Türkmən dilçiliyində tədqiqatçıların əksəriyyəti modal 
sözləri köməkçi nitq hissələrinə aid edir və  “evnuk sözlər” 
adlandırır (hərfi tərcüməsi xırda sözlər) Bir qrup tədqiqatçılar 
isə onları müstəqil nitq hissəsi hesab edirlər. [48, s.118]. 
F.Aqaeva ingilis və türkmən dillərində modal sözləri üç 
əsas qrupa ayırır: 
1) əminlik ifadə edən modal söz və söz birləşmələri
2)  şübhə, inamsızlıq ifadə edən modal söz və söz 
birləşmələri; 
3) danışanın söylədiyi fikrin arzu olunan və olunmayan 
olmasını göstərən modal söz və söz birləşmələri [48, s.138]. 
Monoqrafiyada ingilis dilində semantik sıra təşkil edən 
təfəkkür və biliklə bağlı fellərin modal funksiyaları da hərtə-
rəfli araşdırılır. Sonrakı fəsillərdə ingilis və türkmən dillərində 
modallığın leksik-sintaktik ifadə vasitələri qarşılaşdırılır və 
nəzəri dilçilik üçün elmi əhəmiyyət kəsb edən nəticələr əldə 
edilir. Modallığın yaranmasında intonasiya və s. prosodik 
vasitələrin rolu da monoqrafiyada geniş əks olunmuşdur. 
1.4. Azərbaycan dilçiliyində modallıq kateqoriyasının 
tədqiqi. 
Türkoloci  ədəbiyyatda A.N.Kononovun müasir türk və 
özbək dillərinin qrammatikalarında ilk dəfə olaraq modallıq 
ayrıca bir kateqoriya kimi öyrənilməyə başlandı [116; 117]. 
Həmin vaxtdan etibarən Azərbaycan dilçiliyində də modallıq 
kateqoriyası, modal sözlər, modallığın müxtəlif sistemli 
dillərdə ifadə vasitələri araşdırma obyektinə çevrildi. Modal-
lığın müxtəlif aspektlərdən tədqiqinə dair bir çox məqalə, 
dissertasiya, dərslik və monoqrafiyalarda modallığın linqvis-
tik mahiyyəti açıqlanır, onun leksik, morfoloci, sintaktik-
semantik ifadə vasitələri təhlil olunurdu. Azərbaycan dilçiləri 

 
73
A.Ə.Aslanov,  Ə.M.Cavadov, F.R.Zeynalov, N.A.Ağazadə, 
S.Cəfərov, M.Hüseynzadə, Z.Əlizadə, M.Rəhimov, 
Z.İ.Budaqova və b. modallığın bir linqvistik kateqoriya kimi 
hərtərəfli tədqiqi və izahı sahəsində böyük xidmətlər 
göstərmişlər [8; 9; 18; 19; 44; 45; 46; 47; 49; 50; 20; 28; 23; 
24; 139; 16]. 
Azərbaycan dilçiliyində modallıq kateqoriyası, xüsusilə 
modal sözləri ilk dəfə araşdıran A.Ə.Aslanov olmuşdur [8; 
9]. O, modallığı  fəlsəfi-məntiqi, eyni zamanda qrammatik 
kateqoriya hesab edir. Müəlifə görə, fəlsəfi modallıq ümumi, 
məntiqi modallıq konkret və birmənalıdır. Burada hökm ya 
təsdiq, ya inkar edilir. Qrammatik modallıq isə bu mənada 
daha geniş  və çoxcəhətlidir. Məntiqi və  fəsləfi modallıqdan 
fərqli olaraq burada hökmün gercəkliyi, həqiqiliyi, doğruluğu 
danışanın həqiqətə olan münasibəti ilə ifadə olunur. Bəzən 
həyatda,  ətrafımızda baş verən hadisə barəsində  məlumat 
ya tam qəti  şəkildə  təsdiq olunur, bəzi hallarda isə ona 
şübhə ilə, fərziyyə kimi yanaşılır. Hər hansı bir məlumat ya 
obyektiv, ya da subyektiv planda öz real və ya qeyri-real 
əksini tapır. Beləliklə, Azərbaycan dilçiliyində ilk dəfə olaraq 
A.Ə.Aslanov fəlsəfi, məntiqi və linqvistik modallığı bir-
birindən ayırmağa, onları ayrı-ayrılıqda şərh etməyə çalışır, 
onun linqvistik mahiyyətini açıqlamaq üçün geniş  təhlil 
aparır [8]. 
Qeyd etmək lazımdır ki, A.Ə.Aslanovun elmi araşdırma-
larının mərkəzində modal sözlər durur. Müəllif Azərbaycan 
dilində modallığın  əsas ifadə vasitəsi kimi modal sözləri 
götürür, onların leksik, morfoloci, sintaktik funksiyalarını 
araşdırır, lüğət fondunda onların yerini və çəkisini müəyyən-
ləşdirməyə cəhd göstərir. Ədat, bağlayıcı və qoşma köməkçi 
nitq hissələrindən fərqli olaraq modal sözlər özünəməxsus 
cəhətlərə malikdirlər. Bu baxımdan onları digər nitq hissələri 
ilə qarışdırmaq olmaz. Modal sözlər deyilən fikrin yəqinliyini, 
gerçəkliyini, doğruluğunu, şübhə edilən, təxmin olunan, fərz 
edilən  şəkildə  təsdiq və ya inkarını, təsdiq və ya inkar 
edilmiş fikrin davamını, izahını, ümumi nəticəsini bildirməyə 
xidmət edir [8, s.173-175]. 
Müəllif modal sözlərə  və ifadələrə  aşağıdakıları aid edir: 
əlbəttə, zənnimizcə, həqiqətən,  şübhəsiz, yəqin, bəlkə, 

 
74
təxminən, guya, deyəsən, deməli, demək, ümumiyyətlə, 
əvvələn, birincisi, ikincisi, məncə, səncə, sizcə, bizcə, yəqin 
ki, gərək ki, ehtimal ki, əlbəttə ki, ümumiyyətlə desək, qısa 
desək, bundan əlavə və s. [8, s.172-173] 
Z.Ə.Əlizadə öz tədqiqatlarında modallığın ifadə dairəsini 
daha da genişləndirir.  Əgər A.Ə.Aslanov modallığın ifadə 
vasitəsi kimi modal sözləri göstərirdisə, Z.Ə.Əlizadə felin 
zaman şəkilçiləri, intonasiya, ədat və s. də bu siyahıya əlavə 
edir [24, s.4]. Z.Ə.Əlizadə öz tədqiqatlarında modallığın 
qrammatik səciyyələrinə daha çox yer ayırmışdır. O, belə 
hesab edir ki, istənilən cümlə konstruksiyasında modallıq 
mövcuddur. Burada modal sözlər aparıcı rol oynamır. Onlar 
cümləyə əlavə modal çaları gətirirlər.  
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində kö-
məkçi nitq hissələrinin, modal söz və ədatların tədqiqi sahə-
sində F.R.Zeynolovun xidmətləri böyükdür [44; 45; 46; 47].  
F.R.Zeynolov belə hesab edir ki, modallıq ilk növbədə 
məntiqi kateqoriyadır, dilçiliyə sonralar keçmişdir. Hər bir 
cümlədə modallıq bu və ya digər  şəkildə mövcuddur. Fərq 
orasındadır ki, modallığın ifadə vasitələri ayrı-ayrı dillərdə 
müxtəlifdir [45]. 
Müəllifin araşdırmalarına görə türk dillərində ayrı-ayrı 
sözlərin cümlədə  təkrarı ilə  də modal məna yaranır. Türk 
dillərində sintaktik təkrarların modallığın ifadə vasitələrindən 
biri hesab olunması F.R.Zeynalovun tədqiqatlarında geniş 
şərhini tapmışdır. 
Felin şəkilləri, feli sifət və məsdərin modallığı N.H.Ağaza-
dənin tədqiqatlarında alman və Azərbaycan dillərinin mate-
rialı  əsasında təhlilə  cəlb edilmişdir. Müəllif felin lazım, 
vacib, arzu, şərt  şəkilçilərinin modal çalarlarını izah edir, 
onların alman dilində uyğun variantlarını açıb göstərməyə 
cəhd edir. 
N.H.Ağazadə Azərbaycan, alman və rus dillərinin mate-
rialları 
əsasında felin xəbər formasının modal 
xüsusiyyətlərini də geniş araşdırmaya cəlb etmişdir. 
Modallığın 
əsas səciyyəvi cəhətləri, universal 
xüsusiyyətləri 
Ə.M.Cavadov və Z.İ.Budaqovanın 
tədqiqatlarında  ətraflı  şərh olunmuşdur.  Ə.M.Cavadov 
modallığı  məntiqi kateqoriya hesab edir və onun dildə 

 
75
ifadəsində fel şəkillərinin, xüsusilə  xəbər,  əmr və vacib 
şəkillərinin rolunu səciyyələndirir. Müəllif həqiqi modallıq, 
zəruriyyət modallığı və ehtimal modallığını məntiqi modallıq 
kateqoriyasının komponentləri hesab edir [19].  
Z.İ.Budaqova öz tədqiqatlarında modallığın sintaktik 
aspektdən izahını ön plana çəkmiş, onun sintaksisdə rolunu 
və funksiyasını, sintaktik mahiyyətini açıqlamağa cəhd 
göstərmişdir [16].  
İndiki keçmiş  və  gələcək zamanda icra olunan hərəkətin 
təsdiqi, inkarını bildirərək modal çalarlar ifadə edən felin 
xəbər şəkli bu baxımdan maraqlı cəhətlərinə görə seçilir.  
İstənilən nitq situasiyasında cümlənin modallığı bu və ya 
digər dərəcədə  əks etdirməsi real faktdır. Modallıq hər bir 
konkret dildə konkret təzahür və ifadə formalarına malikdir. 
Fel  şəkilləri müxtəlif sistemli dillərdə modallığın qrammatik 
ifadə vasitələrindən hesab olunur. Qeyd etmək lazımdır ki, 
fel  şəkilləri morfoloci kateqoriya hesab olunsa da sintaktik 
səviyyədə reallaşır və cümlə  səviyyəsində onun əsil 
mahiyyəti açıqlanır. Buradan belə bir nəticəyə  gəlmək olar 
ki, reallığı dilin bir səviyyəsinə aid kateqoriya hesab etmək 
düzgün olmazdı. cümlə konstruksiyasından kənarda 
modallığın linqvistik mahiyyəti açıqlanmamış qalır. Felin ən 
geniş yayılmış və çox istifadə olunan şəkillərindən biri xəbər 
şəklidir. Modallığın xəbər  şəkli ilə ifadəsi heç də bütün 
dilçilər tərəfindən eynimənalı izah olunmur. Bir çoxları felin 
xəbər  şəkli ilə modallığın müxtəlif kateqoriyalar olduğunu, 
onların heç bir kəsişmə nöqtəsinə malik olmadığını 
göstərirlər. 
M.Hüseynzadə fellərdə zaman və  şəxs  şəkilçilərinin 
iştirakı ilə  əlaqədar olaraq, onların xüsusi şəkillərini  əmələ 
gətirən  şəkilçilərin nə zaman və  nə münasibətlə  işləndiyini 
əsas götürərək şəkil, zaman və şəxs şəkilçilərinə görə felləri 
dörd qrupa ayırır: 
1. Zaman və xüsusi şəkil  əlaməti olmayan, yalnız  şəxs 
şəkilçiləri qəbul edən fellər; 
2. Zaman və  şəxs  şəkilçilərini qəbul edib, xüsusi şəkil 
əlaməti olmayan fellər; 
3. Xüsusi şəkil əlaməti olan və şəxs şəkilçisi qəbul edib, 
zaman şəkilçisi qəbul etməyən fellər

 
76
4. Zaman və  şəxs  şəkilçiləri qəbul etməyən, yalnız 
xüsusi şəkil əlaməti olan fellər. 
M.Hüseynzadə birinci qrupa felin əmr şəklini, ikinci qrupa 
felin xəbər şəklini, üçüncü qrupa felin lazım, arzu, vacib, şərt 
və davam şəkilləri, dördüncü qrupa məsdər, feli isim, feli 
sifət və feli bağlamalari aid edir [28, s.207]. Bu sadalanan fel 
şəkillərinin hamısı modallığın yaranmasında və 
formalaşmasında iştirak edirlər. 
Çox vaxt modallıq predikativlikdən daha geniş kateqoriya 
kimi araşdırılır. Yəni, predikativliyi olmayan, cümlə kimi 
formalaşmamış söz və söz birləşmələrində  də modallıq 
çalarları özünü büruzə verir. Məsələn:  “xoşagəlimli insan” 
ifadəsində predikativlik yoxdur, lakin bu söz birləşməsində 
artıq danışanın münasibəti açıq-aydın hiss olunur. 
Danışanın münasibəti bir sözlə  də verilə bilər. Məsələn, 
“gözəlçə” sözündə  “çə”  şəkilçisi  “gözəli” müəyyən baxış 
bucağı altında səciyyələndirməyə imkan verir. Yuxarıda 
deyilənlərdən belə  nəticə  çıxır ki, hətta predikativ olmayan 
sintaktik vahidlər  (leksemlər) modal münasibəti  əks edə 
bilərlər. Bu baxımdan modallığın predikativlikdən daha geniş 
anlayış olması fikrinə haqq qazandırmaq olar. Lakin, 
modallıq hər şeydən əvvəl cümlə strukturunda təzahür edən 
predikativlə  əlaqələndirilməlidir. Həmin  əlaqə subyekt-
predikat tipli əlaqə hesab oluna bilər. Burada cümlənin 
aktual üzvlənməsi də mühüm rol oynayır. Aktual 
üzvlənmədə  həm predikativlik, həm də modallıq cəhətləri 
cəmləşmiş olur. Ona görə  də, çox vaxt aktual üzvlənməni 
şərti olaraq subyektiv modallığa aid edirlər. Predikativlik 
təkcə modallıqla deyil, başqa vasitələrlə də ifadə oluna bilər 
(şəxs, kəmiyyət, zaman, felin növləri və s.). Modallığın 
intonasiya ilə ifadə olunduğu hallarda predikativlik modal 
hesab olunur. Bu adlıq cümlələrdə  və bir sözdən ibarət 
şəxssiz cümlələrdə geniş müşahidə olunur. 
Müasir ingilis dilində də gələcək zaman formasının modal 
xüsusiyyətləri mübahisə doğurur. Məlum olduğu kimi ingilis 
dilində modal fellərin qrammatik birləşmələri (shall, will+felin 
məsdər  şəkli)  gələcək zamana aid edilə biləcək forma 
əmələ gətirir. Burada gələcək zaman forması sırf subyektiv 
modal səciyyə daşıyır. Baş verəcək hadisə mümkün, arzu 

 
77
olunan, vacib hesab olunur, onun başvermə momenti isə 
gələcək zamana aid edilir. Məhz bu xüsusiyyətinə görə 
ingilis dilinin qrammatikası ilə  məşğul olan mütəxəssislər 
köməkçi  shall, will felləri ilə  əmələ  gələn gələcək zaman 
formasını  gələcək modal forması  və ya xüsusi gələcək 
zaman hesab edirlər [108, s.47-48]. Digər tədqiqatçılar 
ingilis dilində  gələcək zamanın olduğunu qəbul etsələr də, 
onun  əlavə modal mənalardan azad olmadığını göstərirlər. 
Türkologiya və Azərbaycan dilçiliyində  də bu məsələ 
mübahisəli olaraq qalır. Hələ vaxtı ilə M.Kazımbəy gələcək 
zamanın üç formasını göstərmiş və “malı”, “məli” ilə düzələn 
vacib şəklinin gələcək zaman bildirdiyini qeyd etmişdir [113, 
s.255). Lakin, diqqətlə nəzər yetirdikdə müşahidə etmək olar 
ki, təkcə  malı, məli  şəkilçisi ilə düzələn vacib şəkli deyil, 
felin digər  şəkilləri də  (arzu, lazım,  şərt)  hərəkətin gələcək 
zamana aidliyini bildirir. Bu məsələyə daha geniş 
yanaşaraq, gələcək zamanın digər formalarının da modallıq 
ifadə etməsi faktını qəbul etməli oluruq. Prof. S.Cəfərov bu 
məsələ ilə bağlı qeyd edir ki, Azərbaycan dilində başqa türk 
dillərində olduğu kimi hər bir şəkilçi və ya qrammatik 
element bir qrammatik məna ifadə edə bilər. Əgər hər hansı 
bir şəkilçi və ya qrammatik element başqa qrammatik məna 
da ifadə edirsə, qalan mənalar ikinci dərəcəli hesab olunur. 
Beləliklə, S.Cəfərov belə bir nəticəyə  gəlir ki, gələcək 
zaman mənası ifadə edən bütün fel şəkillərini xəbər şəklinin 
gələcək zaman forması sisteminə daxil etmək lazımdır. 
Onun fikrincə, gələcək zaman şəkilçiləri -acaq, -əcək və -ar, 
-ər  bir-birlərindən qətilik və qeyri-qətilik cəhətindən 
fərqləndikləri kimi, -ası/-əsi, a/ə, -malı/-məli, sa/sə şəkilçiləri 
də  gələcək zamanı bildirməklə vaciblik, arzu, lazımlıq 
çalarları ifadə edir. S.Cəfərovun gəldiyi nəticə bundan 
ibarətdir ki, gələcək zamanın iki yox, altı forması vardır. 
Həmin gələcək zaman formaları  fərqli semantik çalarlara 
malikdirlər və  acaq/əcək, ar/ər, ası/əsi, a/ə, malı/məli 
şəkilçiləri ilə  əmələ  gəlib qətilik, qeyri-qətilik, arzu, vaciblik, 
lazımlıq, şərt mənaları ifadə edirlər. Lakin bu mənalar ikinci 
dərəcəli olub gələcək zaman formasına  əlavə semantik 
çalar vermiş olurlar [20, s.28]. 

 
78
Lakin modallıq zaman kateqoriyasından daha geniş 
məfhumdur. Modallıq bütün zaman kateqoriyaları 
çərçivəsində  təzahür edə bilər.  İndiki, keçmiş  və  gələcək 
zamanlara aid edilə biləcək hadisələrə danışanın modal 
münasibəti heç bir qrammatik ziddiyyət və anlaşılmazlıq 
doğurmur. 
S.Cəfərovun qeyd etdiyi fel şəkillərinin gələcək zamana 
aidliyi onların ümumi qrammatik mənasıdır. Vaciblik, arzu, 
lazımlıq və şərt mənaları isə ümumi qrammatik məna hesab 
oluna bilməz. Bunlar semantik çalar da deyil, əsas, aparıcı 
modal mənalardır. Bu modal mənaların hər birinin xüsusi 
morfoloci  əlamətləri və bir-biri ilə qarşılaşdırıla bilən 
diferensial modal mənaları vardır: 
Gələcəyəm (mütləq, qəti olaraq gələcəyəm) 
Gələrəm (hərəkətin gələcəkdə baş verəcəyi barədə qeyri-
qəti məlumat) 
Gəlməliyəm (vacib gəlməliyəm, gəlməyim zəruridir) 
Gələsiyəm (gəlmək lazımdır) 
Gələm (gəlmək istəyirəm, gəlmək arzusundayam) 
Gəlsəm (əgər gəlsəm, müəyyən şərtlə (gəlmək) 
Misallardan göründüyü kimi, burada modallıq müəyyən 
zamana  (konkret olaraq gələcək zaman)  çərçivəsinə aid 
edilir. Qəti və qeyri-qəti gələcək zaman formalarının 
bölgüsünün özü də şərtidir. Belə ki, hələ baş verməmiş, baş 
verəcəyi gələcəkdə gözlənilən hadisə haqqında indi verilən 
məlumat danışanın subyektiv rəyindən də çox asılıdır, yəni 
hərəkətin gələcəkdə  qəti və ya qeyri-qəti baş verəcəyi fikri 
danışana məxsusdur. Bunun nə  dərəcədə obyektiv və real 
olmasına isə heç kəs qabaqcadan zəmanət verə bilməz. 
Felin gələcək zamanının qəti və qeyri-qəti formaları 
Azərbaycan dilində artıq sabitləşmiş morfoloci göstərici-
şəkilçi vasitəsi ilə verilirsə, rus və alman dillərində xüsusi 
leksik vasitə bu fuknsiyanı yerinə yetirir. Tarixən bu 
şəkilçinin feli bağlama  şəkilçisi  a/ə  və  gələcək zaman 
şəkilçisi  caq/cək-in birləşməsində yarandığı  və XVI əsrə 
qədər Azərbaycan dilində feli sifətin gələcək zamanını ifadə 
etdiyi məlumdur. 
Prof. M.Rəhimov felin şəkillərinin zamanla münsibətindən 
bəhs edərək yazır ki, onların oxşar cəhətləri odur ki, hər iki 

 
79
kateqoriya fellə əlaqəlidir. Hər ikisi prosesin baş verdiyi və 
məlumatın verildiyi zamanla bağlıdırlar. Azərbaycan  ədəbi 
dilinin hələ formalaşmadığı vaxtlarda felin şəkillərinin indiki 
diferensiasiyası yox idi. Yazılı abidələrdə arzu şəklinin (a/ə) 
indiki zaman (-ır/-ir-/ur-/ür), qeyri qəti gələcək (ar/ər) və qəti 
zaman  (acaq/əcək) formalarında işlənməsi müşahidə 
olunur. Eləcə  də  şərt  şəkli  (sa/sə)  şühudi keçmiş zamanda 
(dı/di/du/dü), qəti gələcək zamanda (acaq/əcək), felin əmr 
şəkli indiki zaman mənasında  (ır/ir/ur/ür), lazım  şəkli 
(ası/əsi), indiki (ır/ir/ur/ür)  və  gələcək zaman (acaq/əcək) 
zaman funksiyasında işlənir [139, s.11-12]. 
Qəti gələcək zamanın şühudi keçmiş zamanla birləşməsi 
baş verəcək hadisənin qətiliyini, hökmən baş tutacağı fikrini 
daha da gücləndirir: 
Gələcəkdir (mütləq, hökmən, dəqiq olaraq) 
Gələr (güman var ki, ehtimal var ki) 
Qeyd etmək lazımdır ki, qeyri-qəti gələcək zamanın 
morfoloci göstəricisi olan ar/ər  həm də hadisənin təkrar-
təkrar baş verəcəyini, sürəkliliyini bildirir. Həmin məna bütün 
türk dilləri üçün səciyyəvi olub ilkin məna daşıyır. Müasir 
türk dillərində göstərilən məna qismən arxaikləşmiş, ikinci 
plana keçmişdir. 
Deyilənləri yekunlaşdıraraq qeyd etmək olar ki, felin 
xəbər  şəkli modallığın qrammatik ifadəsinə xidmət edir. 
Azərbaycan dilində  xəbər  şəklinin forma zənginliyi 
modallığın müxtəlif çalarlarının yaranması ilə  nəticələnir. 
Burada danışanın baş vermiş, verən və verəcək hadisəyə 
münasibəti həm obyektiv reallığı gerçək  əks etdirə bilər, 
həm də bu münasibətdə modallığın subyektiv səciyyəsi əks 
oluna bilər. 
 
1.5. Nəticələr. 
1. Modallıq fəlsəfi, məntiqi və linqvistik bir kateqoriya olub 
danışanın söyləmin məzmununa və gerçəkliyə münasibətini 
əks etdirir. Bu münasibət obyektiv və subyektiv ola bilər. Bu 
iki münasibət tipindən asılı olaraq modallıq iki qrupa - 
obyektiv və subyektiv modallığa ayrılır. Bu baxımdan 
modallıq kateqoriyası obyektiv və subyektiv münasibətin 

 
80
insan təfəkküründə öz əksini tapmış dialektik vəhdətindən 
ibarətdir.  
2. Fəlsəfi modallıqda obyektiv reallıq, təfəkkür və dilin 
qarşılıqlı əlaqə və münasibətləri araşdırılır.  
3. Linqvistik modallıqda dilin bütün səviyyələrinə xas 
əlamət və xüsusiyyətlər - qrammatik, sintaktik, semantik 
əlaqələr toplusu cəmləşmişdir.  
4. Məntiqi modallıq hökmün ən mühüm əlaməti hesab 
olunur. Obyektiv əlaqələr məntiqi hökmün məzmununda 
müxtəlif forma və dərəcələrdə əks olunur. Linqvistik reallıq, 
yaxud qeyri-reallıq məntiqi həqiqilik və yalanla üst-üstə 
düşür.  
5. Deyilmiş fikrə münasibət  (onun reallığı / qeyri-reallığı, 
həqiqiliyi, yalan olması, vacibliyi, zəruriliyi, mühümlüyü, 
ehtimalı olması) danışan tərəfindən bildirilir və bu münasibət 
subyektiv və ya obyektiv səciyyə daşıya bilər.  
6. Modallıtğın iki aspekti - obyektiv və subyektiv modallıq 
- bir-birini tamamlayaraq bütövlükdə cümlənin ümumi 
modallıq məzmununu yaradırlar. Hər iki aspekt məna 
yüklərinə görə eyni qiymətlidirlər.  
7. Modallığı çox vaxt cümlə səviyyəsinə aid edirlər. Lakin, 
cümlənin özü də izahını kontekstdə tapır. Beləliklə, modallıq 
kateqoriyası getdikcə genişlənərək söz səviyyəsindən 
cümləyə, cümlədən isə kontekstə keçmişdir.  
8. Modallıq kateqoriyası real və irreal kimi iki növə ayrılır. 
Belə hesab olunur ki, reallıq həqiqətə uyğunluq, irreallıq 
qeyri müvafiqlikdir.  
9. Modallığın məntiqi-linqvistik mahiyyəti mürəkkəb 
olduğu kimi onun ifadə vasitələri də  rəngarəndir. Bəzən 
modallığın ifadə vasitələrini leksik-qrammatik sahə fonunda 
izah edirlər.  
10.  İngilis dilində modallıq felin şəkilləri, ara cümlələr, 
modal fel+infinitiv konstruksiyaları, modal sözlər və s. ilə 
ifadə olunur. Modallığın yaranmasında intonasiya, vurğu, 
müxtəlif cestlər və s. də mühüm rol oynayır.  
11. Azərbaycan dilində  də modallıq  əsasən morfoloci, 
leksik, leksik-sintaktik, leksik frazeoloci, prosodik vasitələrlə 
əmələ  gəlir. Fərq bu vasitələrin məzmununda və struktur 
tiplərinin müxtəlifliyindədir.  

 
81
12. Modallığın müxtəlifsistemli german və türk dillərində 
tədqiqi eyni sxem üzrə aparılmamışdır. Konkret dil 
materialından, modallığın ayrı-ayrı dillərdə funksiyaları  və 
ifadə vasitələrindən asılı olaraq bu araşdırmaların da 
istiqaməti müxtəlif olmuşdur.  
13. German dillərində daha çox modallığın funksional-
semantik sahə anlayışı, modal sözlərin 
mətnəmələgətirmədə rolu, modallığın ifadəsinin analitik və 
sintetik üsulları, modal ədatların semantik təbiəti, modal 
aktuallaşma məsələləri tədqiqat obyekti olmuşdur.  
14. Türkoloci ədəbiyyatda fel formalarının və şəkillərinin, 
modal sözlərin, sintaktik təkrarların və intonasiya növlərinin 
modallıq anlayışının yaranmasında və ifadəsindəki rolu 
geniş təhlil olunmuşdur.  
15. Germanşünaslıqda modallıq kateqoriyası V.Admoni, 
Ş.Balli, V.Qak, M.Qrepa, E.Qulıqa, E.Şendels, L.Yermo-
laeva, E.Zveryeva, K.Kruşelntiskaya, O.Moskolskaya, 
V.Panfilov, N.Petrov, A.Smirnitski, M.Blox, H.Zandvoorf, 
C.Kats, C.Fodor, K.Zommerfeldt, İ.Brinkmann, 
V.Bondarenko, V.Qureviç, D.Ştellinq, Y.Erben, S.Borkaçev, 
R.Qrobe, C.Lyons, L.Kanner və b. tərəfindən müxtəlif 
aspektlərdən tədqiq olunmuşdur.  
16. Türkologiyada modallıq bir məntiqi,fəlsəfi və qram-
matik kateqoriya kimi hərtərəfli  şəkildə öyrənilmiş  və bu 
sahədə A.N.Kononovun, N.A.Baskakovun, A.N.Baskako-
vun, K.V.Musayevin, F.R.Zeynalovun, Z.Əlizadənin, A.Asla-
novun, M.Rəhimovun, N.Dırenkovanın, F.A.Aqaevanın və 
başqalarının böyük xidmətləri olmuşdur.  
17. Türkologiyanın aparıcı qollarından olan Azərbaycan 
dilçiliyində modallıq XX əsrin 50-ci illərindən tədqiq olun-
mağa başlanmışdır. A.N.Kononovun türk və özbək dillərinin 
qrammatikalarına həsr olunmuş kitablarında modallıq kate-
qoriyasının tədqiqi ilə  əlaqədar Azərbaycan dilçilərinin 
əsərlərinə istinadlar edilmişdir. Azərbaycan dilçilərindən 
A.Ə.Aslanov,  Ə.M.Cavadov, F.R.Zeynalov, N.H.Ağazadə, 
S.Cəfərov, M.Hüseynzadə, Z.Əlizadə, M.Rəhimov, Z.Buda-
qova və b. öz əsərlərində modallıq kateqoriyasını  hərtərəfli 
tədqiq etmişlər. 
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə