120
1923-cü ildə Azərbaycan zəhmətkeşləri milli hərbi hava donanması cəmiyyəti yaratmaq
təşəbbüsünü irəli sürdülər. Bir çox şəhər və qəza mərkəzlərində bu cəmiyyətə yardım fondu
təşkil olundu. Respublikanın müxtəlif idarə və müəssisələri təyyarə düzəltmək üçün könüllü
olaraq bu cəmiyyətə pul keçirdilər. Hətta məşhur yazıçı-dramaturq Cəlil Məmmədquluzadə
yazıçı və şairlərdən pul toplayaraq həmin pulla “Molla Nəsrəddin” adlı təyyarə düzəldilməsini
təklif edirdi.
1923-cü il avqustun iyirmi səkkizində “Kommunist” qəzetində (№193)
Ruhulla Axundov
“Molla Nəsrəddin aeroplanı” adlı məqaləsində yazırdı:
“...Mən var qüvvəmlə butün qələm arkadaşlarımı, firqə məsləkdaşlarımı və ümumi əmələ
və kəndli yoldaşları dəvət edirəm ki, Azərbaycan zəhmətkeşlərinin mədəniyyəti uğrunda can
çəkişmiş mübarizlərin adını əbədi surətdə qeyd etmək üçün “Molla Nəsrəddin aeroplanı”na ianə
toplamağa başlasınlar”. Qəzetin çağırışı ilə C.Məmmədquluzadə məvacibinin onda bir hissəsini
(o vaxtkı pulla iki milyardını) “Molla Nəsrəddin aeroplanı nəfinə verib, Ağamalıoğlunu,
Mirbəşir Qasımovu, Salman Mümtazı, Əli Səbrini ianə verməyə dəvət edir. Bu təşəbbüsə
Abdulla Şaiq, Əbdürrəhimbəy Haqverdiyev, Süleyman bəy Axundov kimi məşhur Azərbaycan
ədibləri də qoşulmuşlar.
Ziyalıların topladığı ianəyə bir təyyarə də alınır. Amma adını “Molla Nəsrəddin”
qoymurlar.
1924 - 1926-cı illərdə ilk dəfə olaraq Bakı - Tiflis, Bakı - Pyatiqorsk, Bakı-Yevlax hava
marşrutları açılır. Belə bir vaxtda “M-52” və “M-92” təyyarələri respublika səmasında cövlan
edirdi.
Bu hava gəmisini idarə edənlərdən biri də ikinci Azərbaycan
təyyarəçisi Teymur
Mustafayev olmuşdur.
Teymur 1896-cı ildə Bakıda dülgər ailəsində anadan olub. On dörd yaşlı Teymur peşə
məktəbini bitirdikdən sonra 1920-ci il mayın 24-də açılan Bakı hərbi dəniz təyyarəçilik
məktəbinə daxil olur. 1922-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirən T.Mustafayev hərbi-
dəniz təyyarəçisi rütbəsi alır. O, birinci Azərbaycan diviziyasının aviodivizionunda Xəzər
dənizində neft yataqlarının kəşfi sahəsində təyyarəçi-instruktor kimi xidmət edir. Əlaçı pilot
Teymur 1922-ci il noyabrın on dördündə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin yüz
səksən nömrəli əmri ilə respublikanın Qırmızı Bayraq ordeni ilə təltif olunur.
Həmin il aprelin iyirmisində Respublika Hərbi-Dəniz Komissarlığının yüz otuz iki
nömrəli əmrilə Teymur uçuşda qazandığı müvəffəqiyyətlərə görə üstü yazılı qızıl saatla
mükafatlandırılır.
Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə Xəzərin üstü ilə beş yüz-altı yüz metr
məsafədən uçarkən dəniz səthinin bir sahəsində yağlı neft ləkələri müşahidə edir. O, bu barədə
neft təsərrüfatı nazirliyinə məlumat verir. Həmin illərdə respublikamızda
hərbi xidmətdə olan,
sonralar Sovet İttifaqı marşalı, Sovet İttifaqı Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki,
Xəzərdə ilk dəfə neftin olmasını azərbacanlı təyyarəçi Teymur Mustafayev kəşf etmişdir desək,
yanılmarıq.
“Hünər” verilişində ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun hərbi fəaliyyətindən
və 1916-cı ildə Qərb cəbhəsində dörd alman təyyarəsinə qarşı vuruşaraq qeyri-adi bir
qəhrəmanlıqla həlak olmasından söhbət açmışdıq. Verilişdən bir neçə gün sonra redaksiyamıza
bir ağsaqqal gəldi. İsrafil Mustafayev dedi ki, mənim qardaşım Teymur Mustafayev də təyyarəçi
olub. Lakin 1926-cı ildən adı heç yerdə çəkilmir, onun haqqında heç bir azərbaycanlı gəncin
məlumatı yoxdur.
İsrafil müəllim qardaşı Teymura məxsus müxtəlif sənəd və şəkillər də gətirmişdi. Onların
arasında bir şəkil diqqətimizi xüsusilə cəlb etdi. Biz bu şəkli Əliheydər
Qarayevdən və komissar
Heydər Vəzirovdan danışanda dönə-dönə verilişlərimizdə göstərmişdik. Bu on dörd nəfərin
təsvir olunduğu şəkildən indiyədək üç şəxsi tanıyırdıq. Məlum oldu ki, arxa cərgədə soldan
üçüncü-təyyarəçi Teymur Rəsul oğlu Mustafayevdir. Şəkil 1922- ci ildə çəkilib.
İyirminci illərin sonunda ölkəmizdə ilk siyasi proseslərdən birinə başlandı, Gizli antisovet
təşkilat olan “prom-partiya” (sənaye partiya) ittiham edilirdi. Guya bu təşkilat burjua-texniki
121
ziyalılardan ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir və sərhədin o tayının köməyinə,
digər
əksinqilabi qüvvələrin yardımına arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozucu
fəaliyyət göstərirmiş. Həmin iş üzrə bir çox məşhur aviasiya konstruktorları, təyyarəçi və
mühəndislər həbs edildilər.
İkinci azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhədin o tayının köməyinə”
gələnlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-cı ildə həbs edilib,
Qazaxıstanın Qaraqanda şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrunün ilk qurbanlarından
olan həmyerlimiz burda da fəaliyyətini dayandırmır. O, Qaraqandada yenicə açılan daş kömür
mədənlərinin inkişafında yaxından iştirak edir. “Qaraqandakömür” mədənlərində müxtəlif məsul
vəzifələrdə çalışan T.Mustafayev qaz generatorları qurğusunun hazırlanmasında və Böyük Vətən
müharibəsi illərində cəbhə üçün avtomobillərin əsaslı təmirində böyük əmək sərf etmişdir.
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini nəzərə alaraq
“Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə fərqlənməyə görə” və “Xam
torpaqların istifadəyə verilməsinə görə” medalları ilə təltif etmişdir.
Həmyerlimiz həm də üçüncü
dərəcəli dağ mühəndisi fəxri adına layiq görülmüşdür.
Ömrünün axırına kimi vətəndən uzaqlarda yaşayıb işləyən Teymur Mustafayevin 1976-cı
ildə Qaraqanda ictimaiyyəti səksən illik yubileyini keçirmişdir. V.Jilkin familiyalı müəllif
“İndustrialnaya Qaraqanda” qəzetinin 27 oktyabr 1976-cı il tarixli nömrəsində “Yaxşı insan”
haqqında” məqaləsində yazır:
“Ucaboy, çevik və həmişə gülümsər sifətli T.Mustafayevi mədənçilər şəhərində hamı
qayğıkeş bir adam kimi tanıyır. O, kiməsə xeyirxah məsləhəti ilə, kiməsə də mənzil və məişət
məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir ki, Teymur şəhər sovetinin xalq nəzarəti
şöbəsində ictimai müfəttişdir. O, həm də rayon icraiyyə komitəsində mənzil-məişət
komissiyasının üzvudür. Bizim şəhərdə o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir.
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu.
Bu sahədəki ilk və fəal
çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi illərində o, yük
avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun təşəbbüsü ilə yük
avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə uyğunlaşdırılmışdır. Bu təşəbbüs
cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla benzin yanacağına qənaət etməyə imkan
vermişdir.
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski, Prişaxtinski
avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik etmişdir”.
Heç bir günahı olmadan sevimli təyyarəçilik sənətindən ayrılıb,
doğma Azərbaycandan
uzaqda yaşayan xalqımızın ikinci təyyarəçisi Teymur Mustafayev yetmişinci illərdə bir neçə dəfə
öz vətəninə qonaq kimi gəlib qayıtmışdır.
1981-ci ildə vəfat edən Teymur Mustafayevin hazırda Qaraqanda şəhərində iki oğlu
yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, kiçiyi İsgəndər isə atanın ilk gəncliyində yarımçıq
qalmış arzusunu davam etdirir. O, təyyarəçidir.
Dostları ilə paylaş: