Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   43   44   45   46   47   48   49   50   51
YANLIŞ DA BİR NAXIŞDIR
     
  
Füsunkar  Krıma səfərimin son günü idi.   Sağollaşmaq üçün jurnalist dostum Valeri 
Kotinevə zəng vurdum. 
-  İnanmıram bu gün yola düşə biləsən, - deyə  həyəcanla bildirdi, - çünki qəhrəman 
həmyerlinlə çiyin-çiyinə vuruşan veteranlardan biri xahiş edib ki, onu səninlə tanış edim. Vaxtı 
itirmədən veteranlar komitəsinə gəl, mən də oraya gedirəm. 
...Axtardığımız adamı veteranlar komitəsində tapmadıq. Bir-başa onun evinə yollandıq. 
Mərkəzi meydandan keçib Leonov küçəsindəki otuz üç nömrəli evin darvazasını döydük. 
Həyətdə ucaboylu bir kişi göründü. Bizi görən kimi qapını açdı. Valerini qabağa buraxıb diqqətlə 
məni süzdü: 
- Salam, oğul, - deyib məni qucaqladı. On günlük səfərim zamanı ilk dəfə qocanın 
dilindən doğma sözləri eşidərkən özümü saxlaya bilmədim, mən də onu qucaqladım. O, ana 
dilimizdə bu iki kəlməni çox şirin və aydın dedi. Elə güman   etdim ki, bu adam həmyerlimizdir, 
müharibədən sonra burada məskən salıb. Qoca bir daha  diqqətlə mənə baxıb: 
- Cavan oğlan, - dedi. - Müseyib Allahverdiyevi tanıyırdınızmı? 
- Şəxsən tanımırdım, - dedim, - amma bir qəhrəman kimi haqqında çox eşitmişəm. 
- Bax, belə bir qəhrəmanı  nəinki  şəxsən tanımaq, hətta onunla çiyin-çiyinə vuruşmaq 
mənə qismət olub, - deyə veteran fəxrlə bildirdi. 
Bizi evə dəvət elədi. Pəncərəsi günçıxana baxan otaq geniş və işıqlı idi. 
Ötən illərin xatirələri yavaş-yavaş vərəqləndi. 
İstefada olan polkovnik Orlov Yakob Matveyeviç Sovet İttifaqı  Qəhrəmanı, qvardiya mayoru, 
həmyerlimiz Müseyib Allahverdiyevlə Volqa sahillərindən Berlinə  qədər dördüncü qvardiya 
ordusunun yüz on doqquzuncu qvardiya atıcı polkunda şərəfli döyüş yolu keçib. 
         -  Müseyib  mənim polkumda ikinci batalyonun komandiri idi, - deyə Yakob Matveyeviç 
igid həmyerlimizlə döyüş dostluğundan söhbət açdı, - onunla hələ Moskva yaxınlığında gedən 
ölüm-dirim vuruşmalarında dostlaşmışdıq. Polkumuzda yeganə komandir idi ki, milli papaqda 
gəzərdi. O, muharibədən əvvəl süvari dəstəsində xidmət etmişdi. Ən qızğın döyüşlərdə belə onun 
səsini eşidərdim. Nə döyüşdən qabaq, nə də döyüş ərəfəsində onu qanıqara görməzdik. Bu nikbin 


 
127
komandirdən döyüş zamanı öz dilində alovlu sözlər eşidərdim. Bir dəfə istirahət zamanı 
soruşdum: 
- Allahverdiyev, döyüş vaxtı sənin dilindən başa düşmədiyim sözlər eşidirəm. Onları bizə 
də başa sal, görək nə deyirsən? 
Onun qarabuğdayı sifətinə xoş bir təbəssüm qondu, gülümsündü: 
- Hə, - dedi, - mən bəzən qızışanda ana dilində “haydı əsgərlərim, yeriyin düşmən üstünə” 
- deməkdən özümü saxlaya bilmirəm. Bu sözlər mənim deyil, vaxtilə Azərbaycanı istilaçılardan 
qorumuş milli qəhrəmanımız Koroğlunundur. 
O gün Müseyib mənə Azərbaycan dilində iki söz öyrətdi: “Salam” və “oğul” sözlərini. O 
gündən sonra komandir dostumu “oğul” deyə çağırmağa başladım. Görüşümüz zamanı bu sözləri 
eşidəndə  təəccübləndiyinizi hiss etdim. Amma üstünü vurmadım. Bax, o vaxtdan, o tufanlı 
illərdən bu iki kəlməni hafizəmdə xatirə kimi saxlayıram, oğul, - deyib müsahibim gülümsünür. 
Sonra ayağa durub kitab rəfindən sarı cildli “Volqa çöllərindən Avstriya dağlarına qədər” adlı 
kitabı  gətirdi. Vərəqləyib yüz iyirmi altıncı  səhifəni tapdı. Orada yüz on doqquzuncu polkun 
döyüş yolundan bəhs olunurdu. 
... Dunayın ucsuz-bucaqsız sahillərinə qardan ağ yorğan sərilmişdi. Dan yeri ağardıqca, 
səmadakı qatı duman qərbə doğru çəkilir, çöllər yavaş-yavaş  işıqlanırdı. Batalyonun əsgərləri 
döyüşə hazır dayanmışdılar. Kapitan Allahverdiyev balaca bir dikdirdə uzanıb qarla örtülü 
çöllərə baxır, doğma Qarayazını, Kür qırağını xatırlayırdı. Ceyrançöl düzünu də qar beləcə 
örtəndə yataqlara gediş-gəliş azalır, yollar, cığırlar itirdi. Yalnız xırda təpələrdə ac canavarlar və 
azğın küləklər ulaşırdı.  İndi Dunayın o tayında soyuqdan ulaşan frislər kimi... Onun qəlbi 
müqəddəs Vətənimizə soxulmaq istəyən düşmənə qarşı acı bir kinlə dolmuşdu... 
Dağlar qartalı üç ay sonra Budapeşt yaxınlığında daha cəsarətlə vuruşaraq düşmənin 
yeddi yüz əsgər və zabitini əsir aldı. - Yakov Orlov həyəcanla və  fəxrlə  ağır gün dostunun 
qəhrəmanlığından danışır - Budapeştdə bizim üçün, şəxsən mənim üçün böyük bayram idi. 
Burada qollarımı geniş açıb “oğlumu” doğma balam kimi sinəmə  sıxdım. Müseyib 
Allahverdiyev SSRİ Ali Soveti Rəyasət heyətinin min doqquz yüz qırx beşinci il iyirmi dörd 
mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdü. 
- Bu yaxınlarda məni Xmelnitsk şəhərinə  əsgərlərlə görüşə  dəvət etmişdilər. Vaxtilə 
Müseyiblə bu şəhər uğrunda   çiyin-çiyinə vuruşmuşuq. Şəhərin   “Döyüş    şöhrəti” muzeyində 
“oğlum” haqqında ayrıca guşə var. Xmelnitskidəki on beş nömrəli orta məktəbin   pioner 
dəstələrindən biri   Müseyib Allahverdiyevin adını daşıyır. 
  
Krım veteranı “M.Allahverdiyev” adına dəstənin pionerlərilə birgə  çəkdirdiyi  şəkilləri 
bir-bir mənə göstərir. 
- Yakob Matveyeviç, “oğlunuzun” ailəsilə   necə, görüşürsünüzmü? 
- Biz Müseyiblə çox gec əlaqə saxlaya bildik. Min doqquz yüz altmış yeddinci ildə 
qəfildən ondan bir məktub aldım. O neçə illərdi ki, məni axtardığını yazırdı. Bir xeyli 
məktublaşdıq. Həmişə də bu yaxınlarda görüşmək üçün   vədələşirdik,   amma imkan olmurdu. 
Düzü qəhrəman dostumun ölümünü eşidəndə böyük Marksın müdrik kəlamlarını xatırladım: 
“Qəhrəmanların ölümü günəşin batmasına bənzəyir”. Bir müddət mənə elə gəldi ki, doğrudan da 
bu füsunkar Krımda günəş doğmur. Sonralar   oğlu Abdulla ilə görüşüm mənə ən yaxşı təsəlli   
oldu. Ata oğula necə  də oxşarmış. Qəribə  də olsa mən indi Abdullanı      da    “oğlum” deyə 
çağırıram. Sağ olsun, o hər il mənim görüşümə gəlir. Havalar xoş olan kimi Abdullanın dəvətilə 
Qazağa gedib, “böyük oğlumun” məzarını ziyarət edəcəyəm. 
Qəhrəmanın oğlu polkovnik Abdulla Allahverdiyev: 
- Atam Dağkəsəməndə yoxsul kəndli ailəsində anadan olub. Otuz birinci ildə könüllülər 
sırasında ordu sıralarına gedib. Bir müddət Bakıdakı milli Azərbaycan diviziyasında xidmət edir. 
Özü danışırdı ki, o vaxt general Əliağa  Şıxlinski tez-tez bizim diviziyaya gəlib 
artilleriyadan, süvari qoşun növündən, hərbi döyüş taktikasından mühazirələr oxuyar və  təlim 
məşqlərə  nəzarət edərdi. Bir dəfə dörd nəfər  əsgəri müşahidə  məntəqəsinə çağırdılar. Onların 
arasında mən də vardım. General bizim hər birimizlə ayrılıqda söhbət elədi, sonra isə bizə: 
“balalarım, - dedi, - sizi Tbilisidəki üçillik Zaqafqaziya Hərbi-Siyasi məktəbinə oxumağa 


 
128
göndərməyi qərara almışıq. Bacarıqlı və cəsur olun, bizə, xalqımıza milli hərbi mütəxəssislər çox 
lazımdır. Unutmayın, bir millətin ki, silah tutan oğlu, milli ordusu yoxdur, onun torpağına da 
təcavüz edərlər, ana və bacısının namusuna da toxunarlar. 
Atam general Əliağa Şıxlinskinin xeyir-duası ilə min doqquz yüz otuz altıncı ildə hərbi 
məktəbi baş leytenant rütbəsində bitirir. Bundan sonra bütün şüurlu həyatını hərbi işə həsr edir. 
Qazax şəhərinin mərkəzində bir küçə var. - General Əliağa Şıxlinski küçəsi... Bu küçənin 
lap başlanğıcında isə Sovet İttifaqı Qəhrəmanı, qvardiya mayoru Müseyib Allahverdiyevin tunc 
büstü qoyulub. Bilmək olmur,  bu kimin səhvidir. Bəlkədə küçəyə ad verənin, ya da büstü məhz 
burda qoyanın vaxtilə  Şıxlinskinin iyirmi bir yaşlı Müseyib Allahverdiyevə verdiyi xeyir-
duadan, ata qayğısından xəbəri varmış. Ata Şıxlinski oğul Müseyibə qonaq gəlib. Hər halda 
yanlış da bir naxışdır. 
Üzü Göyəzənə, Avey dağlarına baxan tunc heykəlin gözlərində döyüşdən qalib qayıtmış 
əsgər məğrurluğu var... 
  
 
 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin