kəfkirin rəqsi hərəkətə başladığı andakı hündürlüyün dəyişdirilməsi;
kəfkirin rəqsi hərəkətə başladığı anda ona tətbiq olunan qüvvənin dəyişdirilməsi. Problemi müxtəlif üsullarla həll etmək mümkün idi. Bu məsələnin həllində yeniyetmələrin davranışında 3 xarakterik xüsusiyyət qeydə alındı. Birincisi – onlar öz tədqiqatlarının sistematik planını tərtib etdilər və kəfkirin tərpənmə sürətininin dəyişməsinə təsir edən bütün mümkün səbəbləri ardıcıl olaraq yoxlamağa başladılar: ip uzun və ya qısadır, yük ağır və ya yüngüldür, düşmə hündürlüyü kiçik və ya böyükdür və təkan gücü. İkincisi – onlar aparılan təcrübədə şərtlər dəyişdikcə alınan nəticələrin dəqiq və obyektiv qeydiyyatını aparırdılar. Üçüncüsü ‐ əldə olunanların əsasında onlar məntiqi nəticələr çıxarmağı bacarırdılar.
Məsələn, onlar görürdülər ki, düşmə hündürlüyü və təkan gücü kəfkirin tərpənmə sürətinə təsir etmir. Asqının uzunluğunun və ya çəkinin təsir edəcəyini guman edərək, xarakteristikaları (parametrləri) dəyişirdilər və müəyyən etdilər ki, tərpənmənin sürəti yükün çəkisindən asılı deyil. Lakin aydın oldu ki, tərpənmə sürəti ipin uzunluğu dəyişildikcə dəyişir. Beləliklə, yeniyetmələr bu nəticəyə gəldilər ki, tərpənmə sürəti ancaq asma ipin uzunluğu ilə müəyyən edilir. Bu birinci tədqiqatdan sonra onda tətbiq olunmuş metodlar dəfələrlə başqa alimlər tərəfindən tətbiq olunmuş və analoji nəticələr əldə olunmuşdur.
Eynilə həmin məsələnin həllində kiçik yaşlılar cəhdlər və səhvlər metodu ilə düzgün cavab ala bilərlər. Lakin onlar, sistematik elmi metodlardan istifadə etmirlər və cavablarının məntiqi izahını verə bilmirlər. Faktlar əsasında mülahizə yürütmək uşaq təfəkkürü üçün xarakterikdir. Bəzən bu fikirlər tələskən və yanlış olur, çünki uşaq bütün faktları nəzərdən keçirmir və onlar haqqında məntiqi fikir söyləyə bilmir. Hətta öz ilkin mülahizələrinin əsassız olduğunu gördükdə belə inadkarlıqla onun üzərində dayanır və şəraiti bu fikrə uygunlaşdırmaq cəhdi edir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, yeniyetməlik dövründə təfəkkürün bir‐birilə bağlı 3 xüsusiyyətləri meydana çıxır:
2 və ya daha çox dəyişənlər arasında əlaqəni üzə çıxarmaq və ya mürəkkəb münasibətlərdən baş çıxarmaq bacarığı;
bir və ya bir neçə dəyişənin digər dəyişənə mümkün təsiri ilə bağlı məntiqi fərziyyələr qurmaq bacarığı;
Daha çox ehtimal olunan halın hələ təcrübədən keçirilmədən ortaya çıxmasına xidmət edən hipotetik deduksiya (ümumi olandan konkret, xüsusi nəticənin çıxarılması) prosesində dəyişənləri birləşdirmək və ya ayıra bilmək bacarığı. Belə ki, yeniyetmələrdə təfəkkürün əsas meyarı real olanla mümkün olan arasındakı qarşılıqlı əlaqə qurmaqdır. (Gallagher və Noppe, səh 202)
Bu xüsusiyyətlər yeniyetmələrin təfəkküründə yeni bir keyfiyyəti, zirəklik və uyğunlaşma qabiliyyətini üzə çıxarır. Yeniyetmə düşünməyi, problemləri hərtərəfli həll etməyi və müşahidə etdikləri nəticələri müxtəlif şərhlərlə əsaslandırmağı bacarır. Yeniyetmələrdə hələ real hadisələr baş verməmiş, onların mümkün variantlarını öncədən görmək qabiliyyəti olduğundan, qeyri‐adi nəticələr onları təəcübləndirmir. Yeniyetməlik dövründə heç bir qız və oğlan öz ilkin konsepsiyasında kor‐koranə qərar tutmurlar. Bununla onların təfəkkürü gözlənilməz nəticələr əldə etdikdə özlərini itirən uşaqların təfəkküründən kəskin surətdə fərqlənir.
Biz qeyd etdik ki, əməliyyatdan əvvəlki dövrdə uşaq simvollardan istifadə etməyə başlayır. Ancaq formal əməliyyat təfəkkürlü yeniyetmə simvolların ikinci sistemindən istifadə edir: simvollar üçün simvol yığımı. Məsələn: metaforik nitqdə anlayışlar başqa sözlərlə verilir, amma cəbri simvolları rəqəmlərlə əvəzləyir. Simvolları simvollarla əvəz etmək bacarığı yeniyetmə təfəkkürünü uşaq təfəkküründən daha çevik edir. Sözlər indi ikimənalı və ya üçmənalı ola bilər. Yeniyetmə bütöv bir hadisəni uzunuzadı sözlərlə izah etmək imkanı olduğu halda, karikaturanın köməyi ilə də təsvir edə bilir. Təsadüfi deyil ki, ibtidai sinifdə uşaqlara cəbr dərsi keçirilmir. Onlar siyasi karikaturaları, dini simvolları yalnız yuxarı siniflərdə yaxşı anlamağa başlayırlar (Elkind, 1970).
Uşaqların konkret‐əməliyyat təfəkkürü ilə yeniyetmələrin formaləməliyyat təfəkkürü arasında olan əsas fərq ondadır ki, sonuncular birbaşa təəssüratlara deyil, abstraksiyaya istiqamətlənirlər. Onlar konkret reallıqdan imtina edib, abstrakt və mümkün olan barədə düşünürlər. Bu isə onlara özlərini gələcəyə hazırlamaq, mövcud olanı mümkün olandan ayırmaq və nə ola biləcək barədə düşünmək imkanını verir. (Bart, 1983). Yeniyetmələr olanları nəinki qəbul edir və anlayır, həmçinin də ola biləcəkləri təsəvvür edə bilərlər. Onlar ideya yarada bildikləri üçün mənimsənilənləri inkişaf etdirməyi bacarırlar. Onların təfəkkürü daha da orijinal, obrazlı, ixtiraçı qabiliyyətli olur və “mümkün olanın real olanı üstələməsi” faktı təfəkkürün yeni keyfiyyəti kimi aşkara çıxır.
“Yeniyetməlik dövrü elə bir mərhələdir ki, bu mərhələdə yeniyetmə özünü bütövlüklə imkanlara (alternativlərin axtarılmasına) həsr edir Sözün əsl mənasında “sistemlər” və “nəzəriyyələr” qurur” (Baker, 1982) Bu, özünü gələcəyə hazırlaya bilmək bacarığı yeniyetmənin həyatında mühüm nəticələrə gətirib çıxarır.
Piajenin formal təfəkkür konsepsiyasının nəticəsi olaraq onun 4 mühüm aspektini göstərək: introspektiv təfəkkür (fikirlər haqqında fikirlər); abstrakt təfəkkür (real olanlardan mümkün olana doğru sərhədləri aşmaq); məntiqi təfəkkür (bütün əhəmiyyətli faktların və fikirlərin nəzərə alınması, onlardan düzgün nəticələrin çıxarılması, məs: səbəb‐məqsəd nəticələrinin tərtib edilməsi); və qipotetik təfəkkür (müxtəlif dəyişənləri nəzərə alaraq onların sübut və fərziyyələrinin formalaşması).