Valideynlərə tövsiyə Yaşlılar, hər şeydən əvvəl dərk etməlidirlər ki, yeniyetmə ilə özləri arasındakı mövcud münasibət qaydaları pozulmuşdursa, deməli, yeni tipli münasibət qaydalarına keçmək lazımdır. Əgər yaşlılar bunu başa düşmürsə, onda işin təşəbbüskarı rolunda yeniyetmə özü çıxış edir. Təbiidir ki, belə münasibətlərin həyata keçirilməsinə tədricən başlamaq lazım gəlir.87 Yeni tipli qarşılıqlı münasibətlərlə əlaqədar qeyd etməliyik ki, bu cür davranış formasının ilk təşəbbüskarı yaşlılar olmalıdır. Belə olduqda valideyn və müəllimlər həm uşaqlarla yeni münasibətlərə, həm də onlarda, yaşlılığın inkişafına rəhbərlik və nəzarət etmək imkanına yiyələnirlər. Əgər yaşlılar uşaqla köhnə münasibəti dəyişdirmirsə, hadisələrin sonrakı gedişində bilavasitə yeniyetmənin özü münasibətlərin yeni tipdə olmasına cəhd göstərir.
Burada müxtəlif hallar özünü biruzə verir. Əvvəla, yeniyetmə ilə yaşlılar arasındakı çətinlikər artır, ziddiyyətlər durmadan kəskinləşir. Yaşlı inadla öz əvvəlki münasibət tərzindən çəkinmir. Bu isə, yeniyetmənin ciddi etirazlarına, sözə qulaq asmamasına gətirib çıxarır. Yaşlıların uşağa bu cür münasibəti uzun müddət davam edərsə, onda bu ziddiyyətlər yeniyetmə şəxsiyyətinin təşəkkülündə mənfi rol oynayır.88
8.8. MƏnƏvi münasibƏtlƏrin yaxşılaşdırılması
Burada yeniyetmənin müstəqillik və məsuliyyət hissini artırmaq da böyük rol oynayır. Bəs bunu necə həyata keçirmək lazımdır?
Əvvəla, çalışmaq lazımdır ki, yeniyetmə evdə müxtəlif işlərin icrasında yaşlıların ən yaxın köməkçisi olsun. Belə olduğu təqdirdə, yeniyetmə oğlan ananın yaxın köməkçisi və məsləhətçisinə çevrilir, onun qayğısına qalır. Yeniyetmə qız isə özünü evin “balaca sahibəsi” hesab edir. Yaşlılarla bu cür ünsiyyət şəraitində yeniyetmə yaşlılıq hissinə daha tez yiyələnir, gücü çatan hər bir işdə yaşlıların köməkçisinə çevrilir. Nəticədə, bu cür qarşılıqlı etimad şəraitində yeniyetmə ilə yaşlılar arasında heç bir ziddiyyətə yer qalmır.
İkincisi, qarşılıqlı münasibətlər o vaxt səmərəli inkişaf edir ki, yaşlı yeniyetməni özünün ən yaxın dostu hesab edib onun bütün işlərinin bilavasitə iştirakçısı və məsləhətçisi olur. Eyni zamanda, yaşlı yeniyetmənin məsləhət və təkliflərini məmnuniyyətlə qəbul edir.
Üçüncüsü, yaşlı müəyyən “həddi” gözləməklə, özünün rəftar və davranışında uşaq üçün şəxsi nümunəyə çevrilməklə, onu öz məşğuliyyət və maraq sahəsinə təhrik edir, faydalı bacarıq və vərdişlərə yiyələndirir, müxtəlif çətinlikləri aradan qaldırmağa alışdırırsa, qarşılıqlı ünsiyyət lazımi səviyyədə inkişaf edir.89