Yeniyetmələr özlərinin bu cür hərəkətlərini belə etiraf edirlər: “Yaşlılar mənimlə balaca uşaqla olduğu kimi rəftar edirlər. Mən onlarla razılaşa bilmirəm. Məni hər dəqiqə izləyir, addımbaşı irad tuturlar: “bunu eləmə” “ona dəymə”, “ora getmə”, “kiminlə gedirsən?”, “nə zaman gedirsən?”, “niyə gec gəldin?” və s.
Yeniyetmə nəinki bu və ya digər məhdudiyyətə öz etirazını bildirir, eyni zamanda, müxtəlif məsələlərin həllində öz müstəqilliyini bərqərar etməyə çalışır; Nə vaxt, harada, nə qədər və kiminlə gəzmək, dərsləri nə vaxt hazırlamaq, nə vaxt oxumaq, saçını necə daramaq, nə geyinmək, necə hərəkət etmək və s.
Yaş artdıqca bu xüsusiyyət daha qabarıq şəkildə nəzərə çarpır. Elə bil ki, yeniyetmə özünü qəsdən sözə baxmama obyektinə çevirir. Eyni zamanda, başqa adamların yanında ona irad tutulanda, yeniyetmə hər şeydən imtina etməyə başlayır. Yadda saxlamaq lazımdır ki, belə bir xüsusiyyət çox həssaslıqla dərk olunan şəxsi ləyaqət hissindən, yeniyetmənin, bir növ, öz şəxsiyyətinin alçaldılmasına, təhqir olunmağa, müstəqilliyinin əlindən alınmasına heç bir vəchlə razılaşmadığından irəli gəlir.85
8.7.2. YeniyetmƏ vƏ valideyn münasibƏtlƏrindƏki hallar
Birinci halda, öz hüquq və vəzifələrinin daim sıxışdırıldığını hiss edən yeniyetmə yaşlıların qadağa, göstəriş və tələblərini yerinə yetirməmək üçün müxtəlif yollar axtarır, hiyləgərlik edir və yalan danışır, bir sözlə, öz hərəkətlərinə haqq qazandırmağa çalışır. Əvvəllər yaşlıların təzyiqinə verilən cavab kimi qiymətləndirilən bu cür xoşagəlməz davranış xüsusiyyətləri get‐gedə möhkəmlənir və uşağın xarakter əlamətinə çevrilir. Uşaq yaşlının ədalətsizliyinə dözə bilmir, öz daxili aləminə qapanır, özünü tənha hiss edir. Yeniyetmənin fikrincə, valideynlər başqasını başa düşmək iqtidarına malik deyillər. Məhz buna görə də yeniyetmə onların hər cür rəy, tələb və sözlərini mahiyyətinə varmadan dərhal rədd edir. Əlbəttə, valideynlər üçün bundan dəhşətli heç nə yoxdur. Onlar yeniyetmənin rəftar və davranışlarını idarə etməkdə tamamilə aciz qalırlar.
İkinci halda, yaşlı yeniyetmənin təzyiqi altında öz şəxsi görüşlərinə zidd gedərək əvvəl icazə vermədiklərinə indi icazə verir. Lakin yaşlı bu cür hərəkətində heç də ardıcıllıq göstərmir. Doğrudur, bu vaxt yaşlı ilə yeniyetmə arasındakı ziddiyyətlərin sayı bir qədər azalır, ancaq onlar baş verdikdə valideynlər çıxılmaz vəziyyətdə qalır, yeniyetmə hər dəfə onu getdiyi güzəştə görə təqsirləndirib növbəti güzəştə nail olur. Qeyd etməliyik ki, hadisələrin bu cür gedişi heç də xoşagələn deyildir. Burada bəlalı cəhət orasındadır ki, nə yaşlı, nə də yeniyetmə – “nəyi etmək olar”, “nəyi etmək olmaz” məsələsini dəqiq düşünmək istəmir.
Üçüncü halda, yaşlılar zaman keçdikcə yeniyetməni daha uşaq hesab etmir, bir növ onunla hesablaşır və davranış tərzlərini müvafiq surətdə dəyişirlər. Belə olduqda çətinliklər azalır və demək olar ki, müəyyən müddətdən sonra tamamilə aradan qalxır. Yaşlılarla yeniyetmə arasında ziddiyyətin baş verməməsi və uşağın müstəqillik meylinin düzgün istiqamətə yönəldilməsi üçün valideyn və müəllimlər yeniyetmənin şəxsiyyətinə, onun statusuna, mənliyinə, şəxsi ləyaqətinə hörmət hissi ilə yanaşmağı bacarmalıdırlar. Yeniyetməlik dövründə mühüm əxlaqi‐etik görüş və təsəvvürlərin, habelə şəxsiyyətin sosial‐əxlaqi quruluşunun əsası qoyulduğundan çalışmaq lazımdır ki, yeniyetmə ilə yaşlı arasındakı bütün ziddiyyət və münaqişələr qarşılıqlı razılaşma, qarşılıqlı etimad əsasında aradan qaldırılsın.86