Epiloq
Biz imperiyaların rəqabət meydanında bir-birinə qənim kəsilməsini, ambitsiyalar
hesabına digərini məhv etmək cəhdlərini müşahidə etdik. İmperiya başçıları daim qan
tökməyə susadıqları kimi, elə bu bəladan da ən azı taxt-taclarını tərk etməli olurlar.
Deyəsən, onlar axıtdıqları qanda da boğulurlar. Herodota görə Massaget qadın
hökmdarı Tomirida Böyük Kirin ölü başını qanla dolu tuluğa salmışdı ki, əgər o, qana
belə susayırsa, qoy ondan doysun. Müharibəyə can atan imperatorlar da belə
təhqiramiz cəzaya məhkum olunsaydılar, pis olmazdı.
İmperatorların bir-birinə qarşı iddialarından doğan aqressivliyi, digərini məhv
etmək istəyi və cəhdi banka içərisinə salınan hörumçəklərin vuruşması və bir-birini
öldürməsi səhnəsini xatırladır. Hörümçək öz növündən olanın bədəni ilə
qidalanmaqdan həzz alır. Erkəklə dişi hörümçək cütləşdikdən sonra bədəncə kiçik olan
bədbəxt erkək nəsli artırmaq instinkti hesabına çox vaxt öz ömür sonluğunu dişinin
mədəsində tapır. Dişi hörümçək başqa qida növləri ilə kifayətlənməyib, öz məşuqunu
diri-diri yeməyi özünün borcu hesab etdiyi kimi, imperatorlar da çox sayda xalqların
ona tabe olması ilə kifayətlənməyib, başqa imperiyaların ərazilərini qəsb etməyə,
xalqlarını yenidən əsarətə almağa göz dikir və bu, ən azı böyük, sonralar isə dünya
müharibələrinin mövcudluğunu meydana çıxarır. Müharibə nəticədə qalibsiz və
məğlubsuz ötüşmədiyindən, dünya müharibələri imperiyaların dağılması,
parçalanması ilə nəticələnir.
Hörümçəklər hətta dinc yanaşı yaşasalar da, bankaya salındıqda bir-birini məhv
etməyə çalışır, bu vaxt artıq yaşayış məkanı üstündə ölüm-dirim mübarizəsi gedir.
İmperiyalar da belədir, onlar da süni sürətdə öz ətraflarında qapalı mühit yaratmaq və
ona sahib olmaq iddiasına düşməklə, özlərini qaçılmaz məhvə aparırlar. Onlar ən
böyük cinayətlərdən belə çəkinmədikləri halda, özlərini az qala Göy sakinləri, mələklər
güman edirlər, xalqların gözündə isə onlar sönməz nifrət simvollarından başqa bir şey
deyillər.
287
Hər bir sərkərdə, hər bir hökmdar imperator öz çiyinlərində ağır günahlar
yükünü daşıyır. Ona görə də onların Yer üzərindəki şöhrəti keçib getsə də, əməllərinin
acı xatirəsi yaşamağa davam edir.
Onlar ən azı bir qitə üzərində insan hakimiyyətindən də güclü olan lənət
daşıyıcılarına çevrilirlər. Bu lənətin silinməsi, yox olması isə onların bütünlüklə məhv
olmasını, sıradan çıxmasını tələb edir. Onlar əgər xalqları yerüstü cəhənnəmin
«ləzzətini» göstərməyə nail olmuşdularsa, özləri də cəhənnəm odu ilə yaşamağın
əzablarından qaça bilmirlər.
Tarix bir daha sübut edir ki, Albert Eynşteynin kəşf etdiyi tək məkan və zaman
kimi ən qüdrətli hakimiyyət də nisbidir, heç vaxt əbədi ola bilməz. Yadelli ağalıq isə
özünün yaratdığı fəsada – xalqlara etdiyi zülmə qarşı qalxan mübarizələrdən və həm də
bir-birini məhv etmək istəyinin reallaşmasından sıradan çıxmalı olurlar. Özü barədə
düşünməyi öyrənməyə başlayan xalq, boynundakı ağır yükü atmağa qadir olduğunu
göstərir.
İmperiyalar özünü dağıtmaq təhlükəsindən də qaça bilmirlər. Titan Kronos öz
uşaqlarını yeyən kimi, imperiyalar da başqalarını yeməyə çalışır və onları da məhv
edən bir Zevs tapılır. Bunu tarixi faktlar təsdiq edir. İmperializm militarizmə meyl
etdiyindən onun da qurbanı oldu, lakin təəssüf ki, öz talelərini, fatumunu görməyi,
sezməyi bacarmır. Xalqlar uzun müddət tale qarşısında bərabər olmasalar da,
əzilənlərin də küçəsinə çoxdan arzu olunan bayram gəlib çıxır. İmperiyaların
dəvəquşuya bənzər siyasəti yalnız onların sonluğunu yaxınlaşdırır.
Elə fikir yaranmasın ki, imperiyalar bütünlüklə sıradan çıxmış, mümiyalanmışa
çevrilmiş və ya yalnız Yaponiyada olduğu kimi, Mikadonun şəxsində nominal
nişanələrini saxlamışdır. Əsla belə deyildir. Ayrı-ayrı dəhşətlərdə bu şər virusu
yaşamaqda davam edir və Kok çöpləri kimi onlar təhlükə mənbəyinə çevrilmək üçün
əlverişli şəraiti gözləyirlər. Ona görə də imperiyalara relikt kimi baxılmamalıdır,
onların diriləcəyi, yenidən baş qaldıracağı imkanı nəzərdən qaçırılmamalıdır. Axı tarix
təkrar olunduqda onun faciəyə çevrilməsi mülahizəsi daim öz düzgünlüyünü nümayiş
etdirmişdir. Şekspirin metaforasından istifadə edərək, demək lazım gəlir ki, dünyada
imperiyaların və onların apardıqları müharibələrin əhvalatları kimi dəhşətli əhvalatlar
yoxdur.
SON
Telman Orucov
Müharibə və onun nəticələrinə təsir edən amillər
288
Müharibə, bəzi dahilər tərəfindən insan təbiətinə yad olan bir xüsusiyyət kimi
qiymətləndirilsə də, bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və dəhşətlərinə görə
əsrlər boyu arası kəsilməyən tək görünməklə, çox hallarda onun mahiyyətini düzgün
dərk edənlərə utanclıq bəxş etdiyi halda, dünyanın salnaməsində bir qırmızı xətt təsiri
bağışlayır. Tarixdə müharibəni özünə həyat tərzi kimi qəbul etmiş xalqlar da olmuşdur.
Qədim spartalılar döyüşmək üçün yaşayır, həyatın mənasını öz militarist ideyalarına
haqq qazandırmaqda və alay tipli cəmiyyətlərini şərəfləndirməkdə görürdülər. Bizim
eradan əvvəl VII əsrə qədər onlar artıq militarist dövlətlərini yaratmışdılar. Spartalılar
yeddi yaşından ağrıya dözmək və döyüşdə qalib gəlmək ruhunda tərbiyə olunmaq və
hərbi məşqlər keçmək üçün baraklarda yaşayır, iyirmi yaşında isə nizami hərbi xidmət
üçün ordu sıralarına daxil olurdular. Spartalı vuruşmaqdan başqa heç nə
bilmirdi..Ərzağı spartalılar üçün əsir helot-lar istehsal edirdilər. Döyüşdə ölmək spartalı
üçün şərəf işi idi, hətta analar da öz oğullarının döyüşdə ölmələrini arzu edirdilər
Başqaları Sparta kimi militarist dövlət olmsalar da, müharibə allahına sitayişdə heç də
geridə qalmırdılar. Qədim Romanın görkəmli tədqiqatçısı Tit Livi ( b. e. ə. 59 – b.e. 17 -
ci illəri )yazırdı ki, Roma öz qonşuları ilə demək olar ki, arası kəsilməyən
müharibələrlə məşğul olurdu. Böyük Karl – Şarleman ( 742 – 814 –cü illər ) öımrü boyu
əlli dörd hərbi kampaniya aparmışdı. Bir çox hökmdarlar saysız – hesabsız müharibələr
aparmaları ilə öyünsələr də, nəticədə öz dövlətlərini iflas vəziyyətinə, əhalini isə aclıqla
üzləşməyə gətirib çıxarmışdılar.
Tarixi və təkamülü özü ilə səhvlər və fəlakətlər cədvəlinə çevirməklə müharibə,
elə bil ki, hansısa bir genetik səhvin nəticəsi kimi nəzərə çarpır. Bu səhv, genetik kodda
baş verdiyi şəkildə görünməklə, hətta belə sirrli səbəbindən asılı olmayaraq bəşəriyyətə
dəhşətli bəlalar “bəxş edir”.
Müharibə əslində bəşəriyyətin özünü intihar etmək cəhdidir Təsadüfi deyildir ki,
filosoflar müharibəni, bəşəriyyət üçün heç bir dəyəri olmayan səfeh mübahsələrdə
insan həyatının və resurslarının ağılsızcasına israf edilməsi kimi məhkum edirdilər.
Bəzi müharibələr isə “binövrədən mənasız münaqişə” adlandırılırdı, məsələn, tarixçilər
Otuz illik müharibəni ( 1618- 1648 –ci illər ) belə qiymətləndirirdilər..Qanlı savaşın
eybəcərliyini rus rəssamı Vasili Vereşşagin özünün “ Müharibənin apofeozu “
tablosunda, quru, günəşin yandırdığı çöldə insan kəllələrindən düzələn və üstündə
qarğaların yem axtarmaq üçün uçduğu iri piramida şəklində təsvir edir. Əsər obrazlı
şəkildə müharibənin dəhşətlərini, saysız - hesabsız qurbanlarını göz önünə gətirir. Axı
qızğın döyüşlərdə də məsafə çox vaxt əsl ölçü vahidi əvəzinə meyidlərin sayı ilə
ölçülür. Müharibəyə can atanlar, qan tökməyə susayanlar adətən bunu bir peşəyə,
sənətə çevirmək istəyir, özləri üçün ləyaqətli həyat tərzi kimi qəbul etməklə, döyüşü bir
həzz mənbəyi hesab edirlər. Hələ Birinci Dünya müharibəsinə yollanan almanlara bu
şərəfli bir macəra kimi gəlirdi, həmin və ondan sonrakı macəranın onlara hansı “şərəf “
gətirdiyi isə yaxşı məlumdur.
Müharibə qan axıdılmasına, böyük həcmdə insan həyatı itkilərinə, bütöv bir
nəslin gəncliyinin ot kimi biçilməsinə, şəhərlərin və kəndlərin viran qalmasına,
uşaqların xeyli hissəsinin yetimlik acıları ilə üzləşməsinə səbəb olmaqla, qəribə də
görünsə, həm də yer üzündəki həyatın təkamülündə böyük rol oynayan bir amilə
çevrilmişdir. Heç də sirr deyildir ki, bütün böyük dövlətlər bol qan hopmuş bünövrə
289
üzərində dayanmışlar. Müharibənin digər bir xüsusiyyəti də ondadır ki, hücuma,
torpaqları işğala məruz qalmış xalq daha möhkəm birləşir, həqiqi vətənpərvərlik hissini
daşıyan ayrı-ayrı fərdlər, qum sement vasitəsilə betona çevrildiyi kimi, təhlükə anında
bşqaları ilə çuğlaşıb vahid müqavimət qüvvəsini nümayiş etdirən bir sotsium kimi çıxış
edir. Bu ölkənin torpaqlarında, elə bil ki, qədim yunan mifologiysındakı olduğu kimi,
necə ki, Finikiya şahzadəsi Kadmın səpdiyi əjdaha dişlərindən torpaqdan döyüşçülər
çıxırdısa, ədalətli qisası reallaşdıra bilən, vətən yolunda hər cür fədakarlığa hazır olan
mərd oğullar ordusu meydana gəlir.
Əlbəttə, müharibə heç də hansısa bir ağıldankəm adamın icadı deyildir. İlk dəfə
müəyyən şəraitdə, özü də zərurət ucbatından meydana gəlmişdir. İbtidai insan icması
qida tapmaq sahəsində çətinlik çəkən başqa qrupun həmlələrindən qorunmaq üçün
vuruşmağa başlamış, sonralar mühafizə məqsədilə daha böyük icma kimi şəhərləri
yaratmış, əmək bölgüsünə keçmiş və silah istehsalını da öz məşğuliyyətlərindən birinə
çevirmişdir.
Tarixən toqquşmalar daha geniş miqyas alanda döyüşən qüvvələrin böyüməsinə
tələbat artmış, silah istehsalı genişlənmişdir. Sonralar işğallar mühüm vəzifəyə
çevrildiyindən nizami ordu meydana gəlmişdir Tədricən ordu öz funksiyasından əlavə
digər xüsusiyyətlərə malik oldu, siyasi gücün ondan asılı olması dövrü başlandı. B.e ə.
82-ci ildə Roma sərkərdəsi Sulla bunu hiss edib, ordusu ilə Romaya girdi, Senat qorxu
altında ona diktator səlahiyyətləri verdi və şəhərdə görünməmiş terror başladı.
Ordudan siyasi hakimiyyətə yiyələnmək sahəsindəki Sulla ənənəsini Pompey və Sezar
davam etdirdi, Sezar özünü hətta ömürlük diktator elan etdirdi.
Lakin ordunun əsas vəzifəsi ərazilər işğal etmək, yeni imperiyalar yaratmaq idi.
Buna haqq qazandırmaq üçün səbəblər, daha çox hallarda isə bəhanələr tapılırdı.
Bəziləri isə bunu dövlətin başlıca vəzifəsi kimi qələmə verirdi. Prussiya kralı Böyük
Fridrix ( 1712- 1786- cı illər ) işğal siyasətini əsaslandırmaq üçün demişdi: “
Hökumətlərin fundamental rolu öz ərazilərini genişləndirmək prinsipidir. “ İri nizami
orduların inkişafı isə ona gətirib çıxarırdı ki, zamandan zamana siyasi mübahisələr
diplomatiyadan daha çox silahlı münqişə vasitəsi ilə həll edilməli olurdu.
Lakin ordunun təlabatınıa qayğı həç də onun mövcudluğunun vacibliyi kimi
xüsui diqqətdə olmurdu. Qədim dövrlərdə silahlar çox ləng qaydada təkmilləşir,
mürəkkəbləşirdi. Tarixçilərin gümanına görə, qədim Romada yeddi əsr ərzində,
ordunun istifadə etdiyi silah növlərində, demək olar ki, elə bir dəyişiklik meydana
gəlməmişdi, yalnız qılıncın və nizələrin uzunluğu və ya qalxanın formaları dəyişirdi.
Silahlar köhnə dəbdə qalsa da, hərbi ustalıq xeyli böyümüşdü, hərb sahəsində
sərkərdəlik qabiliyyəti ilə seçilən dühalar mövcud dünyanın sifətini dəyişmək kimi
nəhəng bir işə girişmişdilər. Bunu onların apardıqları müharibələr aydın şəkildə
göstərir.
Tarixin böyük sərkərdələri
290
Troya müharibəsindən doqquz əsr sonra Makedoniyalı Aleksandr ilk dəfə
Avropadan Asiyaya keçməklə, əslində Homerin “İliada”sından pərəstiş etdiyi mifik
qəhrəmanların da iştirak etdiyi, Aqamemnonun başçılıgı altında baş verən yunanların
yürüşünü daha geniş miqyasda təkrar etmişdi. O,, artıq bir şəhər-dövləti deyil, Persiya
kimi böyük və qüdrətli imperiyanı məğlubiyyətə uğradaraq məhv etmiş, üç qitənin
ərazisində öz nəhəng imperiyasını yaratmışdı. Epir sərkərdəsi Pirr İtaliya ərazisində
Roma üzərində iki mühüm qələbə çalmışdı. Böyük Aleksandrın işğalları həm də çox
sayda yeni şəhərlərin salınması ilə də müşayiət olunmuşdur. Karfagenin məşhur hərb
xadimi Hannibal II Puniya müharibəsində İtaliya ərazisindəki Kann döyüşündə (bizim
eradan əvvəl 216-cı il) Romanın 70 minlik ordusunu özünün tərkibi sayca az qala iki
dəfə az olan və Alp dağlarını aşıb keçmiş qoşunu ilə məhv etmiş, antik dövrün dünya
dövlətinə çevriləcək bir ölkənin paytaxtının qapısında dayanaraq, onu zəbt olunmaq
təhlükəsi qarşısında qoymuşdu. Yaxud, Roma sərkərdəsi Qay Yuli Sezar Qalliya
müharibəsindəki Aleziya döyüşündə (b.e.ə. 52-ci il) qiyam qaldırmış qalların sayca
dəfələrlə böyük olan qüvvəsini darmadağın edərək, onların başçısı Vestinqetoriksi əsir
götürmüşdü. Ölkəsində vətəndaş müharibəsinin başlanmasına bais olduqdan sonra,
onun qorxusundan Yunanıstana qaçmış, triumviratdakı keçmiş müttəfiqi Qney
Pompeyi Farsala döyüşündə (b.e.ə. 48-ci il) məğlubiyyətə uğratmış, yenə qaçmağa üz
tutan rəqibini təqib etmək üçün Misirə gələrək, orada Kleopatranı taxt-taca oturtmuşdu.
Vaxtilə Böyük Aleksandr öləndə olduğu yaşda olan Sezar özünün hələ heç nəyə nail
olmadığından kədərləndiyi halda, sonralar ilk dəfə yürüşlə materikdən Britaniyaya
adlamış, Avropanın mərkəzi hissəsini işğal etməyə müvəffəq olmuşdu;
VIII əsrin axırıncı rübündə və IX əvvəllərində Böyük Karl - Şarleman Avropada
böyük əraziləri zəbt etməklə, 800-ci ildə Roma Papasının əlindən imperator tacını qəbul
etmiş, Qərbin timsalında köhnə Roma imperiyasını bərpa etmişdi. Bəziləri ən qüdrətli
xristian hökmdarı kimi Böyük Karlın yaratdığı imperiyanı “ Avropa səltənəti “
adlandırırdı. Bu imperiya şimalda Şimal dənizindən, cənubda İtaliyanın cənubuna
qədər, Avropanın qərbində Fransadan, mərkəzi Avropadakı Vyanaya qədər uzanırdı.
Ona görə də Böyük Karlın imperiyası, yalnız Aralıq dənizi dünyasının çox hissəsini
tutan Roma imperiyasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Şarlemanın taclanması
heç də Roma imperiyasının yenidən doğulması, intibahı əlaməti olmayıb, əslində yeni
Avropa sivilizasiyasının meydana gəlməsi idi. Yəqin buna görədir ki,. bəzi tarixçilər
Şarlemanın işğal siyasətini bütünlüklə nəzərə almadan onu “ Avropanın atası “
adlandırırlar.
Böyük fransız sərkərdəsi Napoleon Avropanı bütünlüklə müharibə səhnəsinə
çevirməklə, qitəni öz hökmranlığı altında birləşdirməyə cəhd etmişdi. Rusiyaya
yürüşünün dəhşətli uğursuzluğu onun taleyində bədbəxt dönüş nöqtəsinin meydana
gəlməsinə səbəb olmuş, 1815-ci ilin iyununda Vaterloodakı məğlubiyyəti isə özünün
artıq ikinci dəfə, əvvəlkindən fərqli olan ağır sürgün həyatı keçirməsinə gətirib
çıxarmış, uzaq Müqəddəs Yelena adasındakı məhrumiyyətlər və xəstəlik əzabı ilə dolu
olan altı illik ömrünün finalı elə orada da başa çatmışdı.
Bunlar məşhur sərkərdələr haqqında qısa, ötəri məlumatlar olmaqla yanaşı, onların
axıtdıqları insan qanı çayları barədə də təsəvvür yaratmağa imkan verir.
291
Silahlara gəldikdə, orta əsrlərdə odlu növlərin meydana gəlməsi ilə, onlar daha
böyük itkilərə və iri miqyaslı dağıntılara səbəb olmuş, Avropada mühafizə məqsədilə
geniş yayılan feodal qəsrlərin müdafiə qabiliyyətinə ağır zərbə vuraraq, onların
mövcudluğunu xeyli kövrək hala gətirmişdi. Top atəşləri qalın divarları da keçib onları
dağıtmaq gücündə idi. Türk sultanı II Mehmet – Mehmet Fateh 1453-cü ildə məhz
topların köməyi ilə Konstantinopolun möhkəm müdafiə divarlarını dağıdaraq, Bizans
paytaxtını zəbt etməklə, vaxtilə hərbi cəhətdən heç də zəif olmayan bir dövlətin tarixin
arxivində qərar tutmasına nail olmuşdu.
Ədalətli müharibələrin qəhrəmanları
Müharibənin, ona bəslənilən nifrətlə yanaşı başqa bir qədər fərqli görünən tərəfi
də vardır. Müharibə canlı itkilərə, dağıntılara səbəb olsa da, başa çatdıqdan sonra
inkişafa, tərəqqiyə, qurub-yaratmağa diqqətin daha da artmasına səbəb olur. Görkəmli
siyasi xadim, hərb elmi üzrə əsərlərin müəllifi olan general Şarl de Qoll müharibə
barədə öz düşüncələrini belə ifadə etmişdir: «Müharibə insanda onun ən alçaq
hisslərinin çirkini qaldırır, qəddarlığı mükafatlandırır, idarəetmə sükanını acgözlük
əlinə təslim edir. O zəifləri qırır, yaramazları yuxarı qaldırır, tiraniyaya şərait yaradır və
əgər saysız-hesabsız əsgərlər döyüş meydanlarında qan tökməsəydilər, nə Ellada, nə
Roma, nə xristianlıq, nə də insan hüquqları olardı. Müharibə ən qorxulu bədbəxtlikdir,
lakin onun hesabına indi bizə məlum olan dünya məhz belə görünür». Tanınmış
amerikan politoloqu Eduard Lyuttuak isə daha uzağa gedərək, zarafat şəklində demişdi
ki, beynəlxalq birlik Saxaradan cənubda yerləşən Afrika ölkələrindəki kimi zəif
dövlətlərin mğvcud olduğu zonalarda müharibəyə şans verməlidir.. Müasir Avropa
dövlətləri, onun rəyinə görə, əsrlər ərzində rəhmsiz hərbi münaqişələrin gedişində
formalaşmışlar, Afrikaya isə onun müstəmləkə epoxasından qalmış qeyri – rasional
dövlət sərhədləri öz problemlərini bu qaydada həll etməyə imkan verməmişdir.
Dövlətlər orada nə öz güclü institutlarını, nə də tam milli özünəməxsusluqlarını yarada
bilmişlər.
Müharibə iki üzlü Yanusa bənzəyir, Roma mifologiyasındakı ilahi qüvvənin bir
üzü keçmişə, digər üzü isə gələcəyə baxırdısa, müharibə allahının bir üzü görünməmiş
dəhşətlərə, digəri isə bəlkə də müharibəyə son qoymaq məqsədini güdən tərəqqiyə,
inkişafa baxır.
Müharibə dəhşətlər, viranəlik simvolu olduğu kimi, bəzən haqqın müdafiəsinə
də həsr olunur və bu vaxt axıdılan qan az qala müqəddəslik haləsi qazanır. Belə
müharibə azadlıq uğrunda, öz torpaqlarını işğalçılardan təmizləmək uğrunda aparılan
bir mübarizədən xəbər verir.
Haqq uğrunda aparılan ədalətli müharibədə qəhrəmanlıq rəmzləri yaranir
.Persiyalıların Avropaya keçib, Afinanı işğal etmək niyyətində olan 200 minlik
ordusunun qarşısını kəsmək üçün Leonidin başçılığı altında Fermonil keçidində
ağlasığmaz igidlik nümayiş etdirən üç yüz spartalı, yaxud da ingilis işğalçılarına qarşı
fransız xalqını geniş müqavimətə qaldıran Janna D`Ark unudulmaz qəhrəmanlıq,
sarsılmaz vətənpərvərlik simvollarına çevrildilər. Spartalıların igidliyi ilə bizi 25,
Fransanın qəhrəman qızı ilə isə 6 əsrə bərabər olan bir zaman məsafəsi ayırır. Ancaq
292
onlar bu gün də mübarizlərin, vətənin taleyini şəxsi həyatından üstün tutanların
qəlbində yaşamaqla, indiki dövrdə də əyilməyən insanların həqiqi müasirləri kimi
görünürlər.
Müharibənin əks dəyərləri
Müharibədə bir qayda olaraq düşmənə ağır itki verənlər, döyüşdə daha çox canlı
qüvvəni, sonralar isə havada daha çox təyyarəni sıradan çıxaranlar xüsusi hörmət və
şöhrət sahiblərinə çevrilirdilər. Qan tökməkdə hədd tanımayanlar ən yüksək dövlət
mükafatına layiq görülür, onların haqqında bəzən hətta yalan əfsanələr uydurulurdu.
Hələ Böyük Vətən müharibəsindən əvvəl (1934-cü ildə ) SSRİ-də hərbçilər üçün Sovet
İttifaqı Qəhrəmanı adı təsis edilmişdi, müharibə qurtardıqda bu ada artıq minlərlə
adam layiq görülmüşdü.
Yaponlar isə bu məsələdə daha uzağa getmişlər. Onlar döyüşməyi, Sinto,
Mikado və Yamato (Sinto - əsasını təbiət ilahiliyiini və əcdadların kultlarını əhatə edən
dindir, Mikado - Yapon imperatorunun adlandığı tituldur, Yamato isə - ilk yapon
dövlətinin adı olmaqla, bəzən «yapon ruhu»nu ifadə etmək üçün işlədilir) uğrunda
həlak olmağı sevirdilər. Yaponların həyat və düşüncə tərzinə yaxşı bələd olan bir rus
yazıçısının dediyi kimi, yapona çörək verməsən da olar, ancaq necə olursa-olsun, o,
gözəl qaydada ölmək istəyir. Bu fikir həmin millətə məxsus olan adamların
düşüncəsinə hakim kəsilmişdi. Təsadüfi deyildir ki, yapon samuraylarının kodeksi
sayılan “ Busido”da deyilirdi ki, “ Borc dağ kimi ağırdır, lakin samurayın ölümü quş
lələyi kimi yüngüldür.” Yaponlar digər xalqlarda olan adi təltiflərdən başqa həlak olan
hərbçilərin rütbəsini də artırırdılar, bu onun xidmətinə ölümündən sonra verilən
qiymət idi. Müharibədəki ən başlıca qəhrəmanlara isə «qundzin» titulu verilirdi, bu söz
yapon dilində «müharibə allahı» deməkdir.
Buna təəccüblənmək də lazım deyildir. Axı müharibədə dinc dövrlərdə mövcud
olan dəyərlər əsaslı dəyişikliyə məruz qalır, diametral əks olan dəyərlər sistemi
meydana çıxır. Sülh dövründə insanı qətlə yetirməyə görə qatil ən ağır cəzaya məhkum
edilirsə, bəzi ölkələrdə o, özü də həyatdan məhrum edilir, döyüş, müharibə, işğal vaxtı
çox sayda qətlləri, bəzən hətta qırğınları icra edən və ya bu iyrənc əməliyyata başçılıq
edənlər isə ən böyük hörmətə və şöhrətə yiyələnən adamlara çevrilirlər. Birinin
mülkiyyətinə və ya yaşadığı evə azacıq ziyan vuran adam müvafiq cəzaya məhkum
edildiyi halda, müharibə vaxtı bütöv şəhərləri, yaşayış məntəqələrini viranə qoyanlar,
xarabalıga çevirənlər xüsusi ad-san qazanır, məşhurluq haləsinə bürünürlər.
Çingiz xan öz ordusu ilə 1220-ci ildə Xarəzmi tutduqda, şəhəri qarət etmək və
dinc əhalini qılıncdan keçirmək əmrini verdi. Hitler hələ öz müharibələrinə
başlamamışdan əvvəl
İspaniyadakı Bətəndaş müharibəsində faşistlərinin lideri, general Frankoya kömək
etmək məqsədilə Basklar ölkəsində olan Gernika şəhərinin aviasiya bombardmanı ilə
yerlə yeksan etmişdi. İkinci Dünya müharibəsi illərində isə Hitler aviasiyası və
qoşunları bu sıraya İngiltərədəki Koventrini, Fransadakı Oraduru, Belorusiyadakı Xatın
kəndini əlavə etdi.
293
Amerikanlar həmin müharibənin son mərhələsində, 1945-ci ilin avqustunda öz
canlı qüvvəsinin böyük itkisinə yol verməmək məqsədini əsas götürərək yapon
şəhərləri Hirosimanı və Naqasakini atom bombası zərbəsi ilə təkcə nəhəng xarabalığa
çevirmədilər, həm də hər iki şəhərdə iki yüz minə yaxın dinc əhalinin məhvinə səbəb
oldular. Amerikanlar Vyetnam müharibəsində isə napalm bombardmanları ilə yaşayış
məntəqələrini yanğına məruz qoyurdular. 1968-ci ildə Sonqmi kəndində 500 nəfər
sakini güllələmiş, binaları yandırmışdılar. Bu hadisə dünya ictimaiyyətinin hiddətinə
səbəb olmuşdu. Təəssüf ki, bu cinayəti törədənlərə heç bir mühakimə qurulmadı. Hitler
natsizminin dəhşətlərindən əzab çəkənlər isə, heç olmasa, Nyurnberq tribunalı
tərəfindən yüksək rütbəli faşist hərbi cinayətkarları ölüm hökmünə və digər ağır
cəzalara məhkum edilikdə, öz intiqam hisslərini bir qədər söndürə bilmişdilər.
Dünya həmin beynəlxalq tribunalın işini razılıqla qarşılasa da, onun
ümumiyyətlə baş tutmasına və hökmlərinə zidd çıxanlar da oldu. Bunlardan biri,
keçmiş ABŞ prezidenti Uilyam Taftın oğlu, senator Robert Taft idi. O, 1946-cı ilin
payızında Senatda çıxış edərkən Nyurnberq məhkəməsinin işini və orada ABŞ
nümayəndələrinin iştirakını kəskin tənqid etdi. Taft bu mövqeyində beynəlxalq
hüququn prinsiplərinə əsaslandığını bildirərək bəyan etdi ki, tarixdə hələ heç vaxt
qaliblər məğlubları mühakimə etməmişdilər. Əlbəttə, belə mövqeyi əsassız saymaq da
çətindir, axı Taft öz mülahizələrində hüququn aliliyini əsas götürmüşdü. Müharibə
cinayətkarlarının hamısını onsuz da mühakiməyə çəkmək mümkün deyildir. Yaxşı
olardı ki, bəşəriyyət özünün anadangəlmə bu qüsuruna birdəfəlik qadağa qoyaydı və
ərazi işğalına girişənləri, günahsız insanlara divan tutanları qanundan kənar elan
etməklə, dünyanın bütün siyasi, iqtisadi və hərbi qüdrətini onları lazımınca
cəzalandırmağa yönəldəydi. Belə mövqe həmin fikrə düşənləri yəqin ki, öz
sərsəmliklərindən əl çəkməyə məcbur edərdi. Bu vaxt bütün xalqlar birdəfəlik rahat
nəfəs alardı, Bibliyada göstərildiyi kimi, şirlə qoyun bir yerdə yatardı.
Çox təəssüf ki, müharibələrin ardı-arası kəsilmir. İkinci Dünya muharibəsindən
sonra iki fövqəldünya dövləti – ABŞ və SSRİ müvafiq olaraq hərbi və iqtisadi cəhətdən
çox zəif olan Vyetnamda və Əfqanıstanda öz vassal dövlətlərini yaratmaq üçün onların
ərazilərinə
girib uzunmüddətli müharibə apardılar. Lakin ABŞ Vyetnamdan sillə zərbəsi almaqla,
1965-ci ildə başladığı iri miqyaslı müharibəni 1973-cü ildə dayandırmalı oldu. Bundan
16 il sonra, 1989-cu ildə SSRİ Əfqanıstanda apardığı on il ərzindəki vuruşların olduqca
uğursuz, əslində nəticəsiz olduğunu dərk etdikdə, onun ərazisindən qoşunlarını
çıxarmaq məcburiyyətində qalmaqla, ABŞ kimi eyni biabırçılıq zərbəsinə məruz qaldı.
Hər iki qanlı avantyura həmin
dövlətlərin nüfuzuna ciddi təsir göstərdi. SSRİ isə bir onillik keçdikdən sonra tarix
səhnəsini bütünlüklə tərk etməli oldu.
Müharibədən qalib gələn tərəf heç də həmişə onun bəhrələrindən lazımınca
qidalana bilmir. Bunu SSRİ-nin müharibədən sonrakı ömrü aydın surətdə təsdiq edir.
İkinci Dünya müharibəsində məğlub olan, əraziləri xarabalığa çevrilən Almaniya və
Yaponiya isə ağır iqtisadi itkilərinə, sənayelərinin tamamilə iflic vəziyyətə düşməsinə
baxmayaraq, bu ağır xəstəlikdən tezliklə sağalmağı bacardılar. Yaponiya
məğlubiyyətdən iki onillik sonra dünyanı özünün «Yapon möcüzəsi» ilə
294
təəccübləndirdi. Qərbi Almaniya isə amerikanların Marşall planından bəhrələnib, öz
sənayesini bərpa etdi və tezliklə Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən
birinə çevrildi. Almaniya müharibədəki məğlubiyyəti hesabına öz ərazisinin əvvəlcə
dörd zonada, sonra isə iki dövlətə bölündüyünün şahidi olduğu halda, 1989-cu ildə bu
vəziyyətə son qoyub, vahid dövlətdə birləşdi.
Bu nöqteyi- nəzərdən müharibə bir “ böyük ilyuziyadır,”, çünki nominal qalib,
güman ki, prinsipcə əldə etdiyindən daha çox itirəcəkdir.
Tarixdən dərs almaq zərurəti
Yuxarıdakı misalların əyani davamı kimi Ermənistan 1990-cı illərin əvvəllərində
apardığı müharibədə Azərbaycanın tarixi və hüquqi ərazisinin beşdə birini işğal etsə
də, iqtisadi və sosial cəhətdən getdikcə zəifləməyə başladı, ölkə əhalisi kütləvi surətdə
öz doğma evlərini tərk edib, bir qədər əlverişli yaşayış şəraiti tapmaq ümidi ilə xarici
ölkələrə üz tutdu. İrlandiya əhalisi XIX əsrin ortalarındakı dəhşətli aclıqdan vətənini
tərk edib, əsasən Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdi. Ona görə də, indi
vətəndə yaşayan irlandların sayı xarici ölkələrdə yaşayanların miqdarından xeyli azdır.
Ermənistan əhalisi birbaşa aclıqla üzləşməsə də, ağır yaşayış şəraitinə davam
gətirməyib öz ölkəsini atıb, uzaq diyarlara getməyə məcbur oldu. Ermənistanda da
yaşayan ermənilərin sayı hazırda kəskin surətdə azalmaqla, xarici ölkədə yaşayanların
sayından əhəmiyyətli dərəcədə azdır. Əslində bu, Ermənistan dövləti üçün fəlakət
təhlükəsinin zəng səsi hesab olunmalıdır.
Torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan isə böyük iqtisadi və sosial
inkişaf yoluna qədəm qoymuş, paytaxtını, şəhərlərini görünməmiş qaydada
abadlaşdırmış,
gözəlləşdirmişdir. Öz tarazlaşdırılmış xarici siyasətinə görə Azərbaycan dünya birliyi
ailəsində yaxşı nüfuz sahibinə çevrilmişdir. Azərbaycan dostluq etdiyi ölkələrə öz
yardım əlini uzatmaqla, iqtisadi imkanları barədə olan kıhnə stereotipləri də bütünlüklə
dağıtmışdır.
Ermənistanı isə yaxın və uzaq perspektivdə daha sürətli iqtisadi tənəzzül və
yoxsullaşma gözləyir. Belə olan halda onun özünü qalib kimi aparması, Azərbaycanın
tarixi
torpaqlarını işğal altında saxlamaq cəhdi əslində gülünc görünür və belə eybəcər status-
kvonu hər vəchlə qoruyub dondurmaq arzusu ancaq onu apokalipsisə aparan bir yola
daş döşəyir.
Müharibəyə başlayan və ondan nəsə qazanmaq niyyətində olan tərəf tarixdən
ibrət dərsi götürməkdən utanmamalıdır. Bunu dərk edənlər, vaxtilə müharibə
tonqalının bürüdüyü Avropanın sülhün əsl zəfərindən xəbər verən bu gününə müraciət
etsəydilər, süni düşmənçilik kösövlərinin alovlanıb müharibə yanğınına çevrilməsinə
yol verməzdilər və özlərinin mehriban qonşusuna belə qara nankorluq göstərməzdilər.
Təəssüf ki, qatı erməni millətçiləri tarixdən və coğrafiyadan dostluğu
möhkəmləndirməyin bol məxəzlərini axtarmaq əvəzinə, bu dostluğu məhv etməyə
xidmət edən kiçik, əslində sayrışan işartılari ön plana çəkdilər və belə təbliğat iki xalq
arasında müharibənin başlanması ilə nəticələndi. Ermənilər əsl işğal müharibəsi
295
aparmağa girişdilər. Müharibə bütöv bir xalqı dəli dərəcəsinə gətirir, bu fikir böyük
filosof Senekaya məxsusdur və bunun həqiqətə söykəndiyini ölkəmizə soxulan
təcavüzkarların timsalında aydın görmüşük. Doğrudan da müharibədə qüsurlar, alçaq
hisslər öz məcrasından çıxıb, qan içmək həvəsində olanların ruhuna və ağlına hakim
kəsilir.
Müharibə qızışdıranlar azərbaycanlılara qarşı hər cür böhtan, iftiralar
uydururdular, axı başqa bir əsas tapa bilmirdilər. Hipermillətçilik naminə
həyasızlıqdan ilhamlananlar üçün nəhayətsiz yalan həyat normasına çevrilir. Onlar
üçün eybəcər nümunə də mövcuddur. Natsistlərin mifinə görə öz bədbəxtlikləri üçün
yəhudilər özləri günahkardır. Söz ekvilibristikası belə böhtan təbliğatında güclü silaha,
şair demişkən, süngüyə çevrilir. Adamyeyənlərin nitqində humanizm hər şeydən çox
səslənir. Axı müharibə qızışdıranlar reallıq hissini bütünlüklə itirir, yalan
oyunbazlığından həzz alırlar. Bu vaxt səfehlik asanlıqla əclaflığa keçir.
Bu iki qonşu xalqı – azərbaycanlıları və erməniləri yalnız dil və din ayırır, bunlar
isə elə bir əhəmiyyət kəsb etmirdi. Əsrlərlə onlar dostcasına qonşuluqda və birlikdə
yaşamışdılar. Dünyada başqa irqə, dinə və dilə malik olan çox sayda xalqlar hətta bir
ailə timsalı olan dövlətlərdə mehriban şəraitdə yaşayırlar. Kiçik dağlıq ölkə olan
Albaniyada yaşayan müsəlman - bektaşi məzhəbindən olan çoxluqla katolik və
pravoslav əhali tam harmoniyada yaşamaqla, başqalarına yaxşı nümunə göstərir. ABŞ-
da isə millətlərin, dillərin və dinlərin Babil mərəkəsini andıran böyük müxtəlifliyi
mövcud olsa da, onlar tam dinc və mehriban şəraitdə yaşayırlar.
Yaxşı hal orasındadır ki, müharibə toxumunu səpənlər başqasına ziyan
vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma
xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son
qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsız siyasətlərindən əl çəkib, öz xalqı üçün daha
faydalı olan alqoritmi - Azərbaycanla düşmənçiliyə son qoyub, işğal etdiyi ərazilərdən
uzaqlaşmaqla, öz qonşusunun beynəlxalq aləm tərəfindən istisnasız qaydada etiraf
edilən ərazi bütövlüyünün bərpasına gedən yolu seçsə, bu, heç şübhəsiz, erməni
xalqına da fayda verər, həm də regionda sülhün bərqərar olmasına kömək edərdi.
Qoy ən qatı erməni millətçiləri illyuziyalarından əl çəkib, nəzərlərini tarixdən
yaxşı dərs almış və sülhü möhkəmləndirməkdə inadkarlıqla çalışan müasir almanlara
tərəf çevirsinlər. Həmin marginallar özlərinə şirin gəlsə də, əslində çox acı olan
yuxudan nə qədər tez ayılsalar, öz milləti qarşısındakı günahlarını gec də olsa bir qədər
azaltmış olardılar. Yoxsul komada və qorxu altında yaşamağı cənnət kimi qələmə verən
millətçi ünsürlər idrak gözlərini açıb, dünyaya sağlam düşüncə tərzində baxsalar, bu
vaxt öz xalqının və ölkəsinin fəlakət girdabına yuvarlanmasının qarşısını kəsmək kimi
faydalı bir işə girişərdilər. Axı hər bir ölkə təkcə yer, ərazi parçası deyildir, birinci
növbədə bəşəriyyətin işləyib hazırladığı dəyərlər sistemidir. Bu imperativ prinsipi
kənara atıb, öz hallüsinasiyalarının girovuna
çevrilmək heç də böyük ağıldan xəbər vermir. Britaniyanın baş naziri olmuş Bencamin
Dizraelinin sözləri burada yerinə düşür: «Sənin cahil olduğunu anlamağın biliyə doğru
böyük addımdır». Erməni qatı millətçiləri nə qədər gec deyil cəhalətə əlvida desələr,
ağıllanmağa doğru addım atsalar, bu xalq özünə hamıdan çox sərf edən sülhə, dinc
həyata qovuşa bilərdi.
296
Müharibəyə başlamağın bəzi xüsusiyyətləri
Müharibə elə bir hadisədir ki, heç vaxt kor-koranə baş vermir, ona ciddi hazırlıq
görülməsi tələb olunur. Bəzi məşhur dövlət xadimləri başqa alternativ olmadığından
müharibəyə əl atmaq məcburiyyətində qalırdılar.
Hərb elminin görkəmli nümayəndələrindən biri olan alman Karl fon Klauzevits
özünün məşhur «Müharibə haqqında» əsərində göstərirdi ki, «Müharibə, siyasətin
digər vasitələrlə
davam etdirilməsidir». Ona görə də Prussiyanın və Almaniyanın təcrübəli siyasi xadimi
olan Otto fon Bismark ölkəsini müharibəyə cəlb etməmişdən əvvəl vacib olan bir sıra
tədbirləri
həyata keçirirdi. Qalibiyyətli müharibə aparılmasının təşəbbüskarı və Almaniyanın
birləşdirilməsinin beşiyi başında dayanan bu adamın həmin məsələ barəsindəki fikirləri
olduqca qiymətlidir. Bismark müharibəyə, yalnız digər bütün diplomatik alternativlər
köməyə gəlməyəndə, həm də hər bir hərbi və diplomatik üstünlüklər öz tərəfində
olanda əl atırdı.
Bunu da qeyd etmək lazımdır ki, Bismark xarici siyasətdə əxlaq məsələsinə məhəl
qoymurdu və XIX əsrdə Realpolitik –i (“ reallıq siyasəti”ni və ya həyasız siyasəti )
praktiki olaraq həyata keçirməkdə tanınmış bir dövlət xadimi hesab olunurdu.
O, iqtisadi və hərbi qüdrətin vacib şərt olduğunu daim qeyd edirdi. 1862-ci ildə
demişdi ki, «Almaniya Prussiyanın liberalizminə deyil, onun gücünə baxır. Günün
böyük məsələləri nitqlərlə və çoxluğun səsi ilə deyil, bu, 1848-1849-cü illərin səhvi idi,
dəmir və qan vasitəsilə həll edilə bilər”
1864-cü ildə Danimarka ilə aparılan müharibədən əvvəl Bismark daim ona can
atırdı ki, Prussiya yalnız bir qüvvə ilə vuruşsun və digər opponentlər diplomatik yolla
kənarlaşdırılsın. 1866-cı ildəki Avstriya-Prussiya müharibəsində Prussiya daha müasir
tüfəngdən istifadə etməklə, digər amillərlə birlikdə üstünlüyə nail oldu.
Bismark Fransa imperatoru III Napoleonun rəsmi bəyanatının düzgünlüyünü
sübuta yetirdi ki, millətçilik və avtoritar idarəetmə bir-biri ilə birləşə bilər. O. bunu öz
təcrübəsində tətbiq edirdi. Fransa 15 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi.
Fransız baş naziri lovğalıqla qeyd etmişdi ki, «Biz müharibəyə yüngül ürəklə gedirik».
Fransızlar üçün «yüngül ürək», bədbəxtlikdən, heç də kifayətləndirici bir amil olmadı.
Prussiya ordusu Fransanın içərilərinə doğru irəlilədi, 2 sentyabr 1870-ci ildə Sedanda
110 min nəfərlik fransız ordusu və imperator III Napoleonun özü əsir götürüldü. Paris
isə 28 yanvar 1871-ci ildə təslim oldu, rəsmi sülh müqaviləsi isə may ayında imzalandı.
Tarixin ironiyası ona gətirib çıxardı ki, Günəş Kralın – XIV Luinin şərəf simvolu
sayılan Versalın Güzgülü salonunda 1871-cı il yanvarın 18-də ikinci Alman
İmperiyasının yaradılması elan edildi (birinci imperiya isə Orta əsrlərin Müqəddəs
Roma imperiyası idi). Beləliklə, Almaniya vahid dövlətdə birləşdi. Prussiya kralı I
Vilhelm kayzer və ya imperator
tituluna yiyələndi, Prussiyanın kansleri Otto fon Bismark imperiyanın kansleri oldu.
Almaniyanın birləşməsi, Prussiya monarxiyası və ordusu tərəfindən həyata keçirildi.
Real düşüncədə Prussiya Almaniyaya deyil, Almaniya Prussiyaya birləşdi. Bir qoca
297
liberal bu məsələ barədə demişdi: «Mən bu saatın təəssüratı ilə təsirlənə bilmərəm. Mən
Marsa sitayiş etmirəm. Mən qüdrətli müharibə allahından daha çox gözəllik ilahəsinə
və qratsiyaların anasına vurğunluq hiss edirəm, lakin müharibənin qənimətləri hətta
sülh uşağının üzərinə də
möcüzəli bir lətafət salır. Birinin baxışı, düşünülmədən hamını bir-birinə bağlayır və
birinin ruhu anın uğurunun allahını alqışlayan adamların ardı kəsilməyən cərgəsi ilə
birgə gedir».
Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, militarist
dəyərlərin liberalizm üzərindəki zəfəri idi. Böyük çətinliklə krallığa çevrilən Prussiya
inkişaf edərək qitədə ən möhkəm hərbi qüdrətə sahib olan dövlətlərdən birinə çevrildi.
Bu həm də Bismark siyasətinin zəfəri idi. Hamı gücə boyun əydiyindən, Prussiyanın
belə gücə yiyələnməsinin Fransa üzərindəki qələbə kimi nümayişi alman dövlətllərinin
Almaniya imperiyasında birləşməsinə yol açdı. Həmin qələbə Versalda Alman
imperiyasının yaradılması barədəki xəbərlə daha da məşhurlaşıb, əlavə əhəmiyyət
qazandı.
Bismark müasir alman millətini müharibənin köməyi ilə formalaşdırdı və
təcavüzkar millətçilik siyasəti yeritməyə başladı, bu qorxulu irs isə öz kulminasiysını
XX yüzillikdəki iki dünya müharibəsində tapdı.
Bismarkın bəxti həm də onda gətirmişdi ki, onunla birlikdə Prussiya Baş
Qərargahının rəisi, görkəmli hərbi xadim Helmut fon Moltke və müdafiə naziri Albrext
fon Röndən ibarət üçlük meydana gəlmiş və bu üçlük 13 il ərzində Avropanın xəritəsini
dəyişdirmək üzərində xeyli çalışmış və buna əsasən nail olmuşdu.
Lakin Bismarkın xidmətləri Almaniyaya heç də yalnız fayda gətirməkdən ibarət
olmamışdır. Bismarkın qələbələr dövrü artıq arxada qalmışdı. Yeni müharibə cəhdi
uğursuz da ola bilərdi və çox keçməmiş bu baş verdi. Almanlar hədd tanımayan
iştahalarına görə I Dünya müharibəsində Avstriyaya (Avstriya – Macarıstana)
qoşularaq Antanta ilə müharibəyə başladılar. Almaniyada adamlar var idi ki,onlar
Rusiyanın bir hissəsini, hətta Belçikanın və Fransanın müəyyən ərazilərini ələ
keçirməklə Alman imperiyasının böyüməsini istəyirdilər. Lakin onların arzuları puç
oldu, Almaniya müharibədə məğlubiyyətə düçar oldu.
Formalaşmağında və inkişafında Bismarkın da mühüm rol oynadığı alman
millətçiliyi XX əsrin 30-cu illərində Hitlerin hakimiyyətə gəlməsi ilə isə, irqçiliyin və
şovinizmin dövlət siyasətinə çevrilməsi kimi bir eybəcərliyin meydana çıxması üçün
bünövrə rolunu oynamışdır. Bəlkə də Bismark olmasaydı, onun qazandığı uğurlar
seriyası baş tutmasaydı, Hitler özünün Avropa və dünya ağalığı barədəki sərsəm
fikirlərinə düşməzdi. İrqçiliyi görünməmiş həddə çatdıran, almanları digər millətlərə
qarşı nifrət ruhunda tərbiyə etməyə çalışan Hitler müəyyən ölçülərdə Bismarkın
mənəvi törəməsi, daha doğrusu, iyrənc mənəviyyatsızlığından xəbər verən «çolaq
övladı» idi.
Müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə olduqca çətindir.
Napoleon Rusiyaya qarşı bir neçə ay qalibiyyətli kimi görünən müharibə aparıb, bu
dövlətin qədim
paytaxtı Moskvanı tutsa da, nəticədə ağır məğlubiyyətlə – Grand Army-nin – Böyük
Ordunun məhvinə səbəb olan biabırçı yekunla üzləşməli oldu. Hitler Avropada
298
apardığı qısa müddətli və böyük qələbələrə səbəb olan müharibədən ağılsızcasına
ruhlanaraq, SSRİ – də də blitskriq – ildırımsürətli müharibə aparacağına ( əslində bu,
almanların deyil, ingilislərin icadı idi ) tam əmin olmaqla, bu ölkənin ərazisinə
müdaxilə etdi. Hitler ordusu 1941-ci ilin yayından başlayaraq bir neçə cəbhədə, sonralar
həm də hətta Afrikanın şimalında da vuruşurdu. Hitlerin öz hərbi qüvvəsinə belə
paranoyya qaydasındakı inamı nəticə etibarilə onu ağır məğlubiyyətə gətirib çıxardı.
Onun min il yaşayacağını güman etdiyi III Reyx barədəki iddiası nəinki həyata
keçmədi, hətta müharibənin başlanmasından keçən altıncı ildə öz ölkəsinin Müttəfiq
orduları tərəfindən işğala məruz qalması kimi bir faciə ilə nəticələndi.
Əgər o, Bismarkın, yaxud başqa xadimlərin təcrübəsinə istinad etsəydi, yəqin ki,
belə ciddi strateji səhvlərə yol verməzdi. ABŞ-dakı Vətəndaş müharibəsi vaxtı prezident
Abraham Linkoln Şimalın vuruşduğu Cənuba – Konfederata kömək göstərməkdə
şübhələnilən Böyük Britaniyaya da müharibə elan etmək barədə səs-küy qaldıran
«quzğunların» sərsəm təkliflərinə cavab verərək deyirdi ki, eyni vaxtda iki cəbhədə, iki
qüvvə ilə vuruşmaq olmaz. Linkoln siyasəti uzaqgörənliyi ilə seçildi və 1865-ci ilin
aprelində Konfederat qüvvələri
təslim oldu. Britaniya ilə müharibəyə girişmə isə Şimalı taqətdən salıb, onu
məğlubiyyətə sürükləyərdi.
Müharibənin ilk anının uğurla müşayiət olunması onun son yekunu barədə
sevindirici ümidə gətirib çıxarmamalıdır. İlk üstünlüyün bəxş etdiyi sərxoşluq ötüb
keçir, vəziyyət taleyin üzü kimi dəyişərək, acı məğlubiyyətlər seriyasının meydana
gəlməsinə gətirib çıxarır. Torpaqları işğal edənlər sonralar hökmən peşmançılığın «qırıq
təknəsinin» yanında qaldıqlarının şahidi olmaq qismətini yaşayırlar. Yüzillik
müharibədə (1337-1453-cü illər) İngiltərə ordusu materikə keçib, Fransa ərazisinin xeyli
hissəsini işğal etmişdi. Sonralar, müharibənin axırıncı iki onilliyində fransızların
müqaviməti gücləndikcə, onlar bu ərazilərin hamısını itirdilər, sahildəki Kale şəhərini
saxlasalar da, sonralar o da Fransa ərazisinə daxil oldu.
Hitler ordusu da, 1941-ci ilin dekabrının əvvəlində Moskvanın astanasında idi,
lakin geri oturduldu və üç il yarımdan sonra Sovet qoşunları qırmızı bayrağı Berlində
III Reyxin simvolu sayılan Reyxstaqın – parlament binasının üzərinə sancdılar. 1945-ci il
mayın 8-də isə
alman hərbi komandanlığı Müttəfiq qoşunları nümayəndələrinin qarşısında
Almaniyanın qeyd-şərtsiz təslim olması barədəki aktı imzaladı.
Qoy başqa xalqların torpaqlarını işğal edənlər də tarixin həmin əyani
dərslərindən ibrət götürüb, intiqam alovunun bir gün onları da dəhşətli qaydada
qarsacağıını göz önünə gətirsinlər, dinc yolla həmin torpaqları tərk etməklə, özlərini
yaxınlaşan ağır fəlakətdən xilas etsinlər.
Axı kiçik qələbənin həm də böyük bədbəxtlik bəxş etməsi xüsusiyyəti də vardır
və birincidən eyforiya hissi keçirənlər ayılıb, XXI əsrin əvvəlində Qaranlıq dövrün (Orta
əsrlərin) qaydalarından ilhamlanmalarına son qoymaqla, ağılın və reallığın göstərdiyi
yola üstünlük versələr, öz xalqlarına, gec də olsa, səmərəli xidmət göstərmiş olarlar.
İşğalçı dövlət, xalq heç vaxt sakit liman tapa bilmir, intiqamın kükrəyəcəyi hissinin
qorxusundan azad ola
299
bilmir. Həm də işğal müasir dövrdə hər bir dövlət üçün, xüsusən iqtisadi cəhətdən zəif
olan ölkə üçün ağır yük hesab olunur, ondan üzülüşməyən, onu öz tarixi və hüquqi
sahibinə
qaytarmayan xalq öz mövcudluğunun və gələcəyinin təhlükəsizliyinə heç vaxt tam
arxayın olmayacaqdır. Belə qorxu altında yaşamaq isə Yer üzərində cəhənnəm əzabları
ilə üzləşməkdən başqa bir şey deyildir.
Müharibədə strategiya və taktika məsələləri
Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin fundamental
tədqiqat işi olan özünün «Müharibə haqqında» əsərində bu məsələlərə xeyli aydınlıq
gətirərək, «strategiya adlananın başlıca başlanğıcdan ibarət olduğunu» vurğulayır.
Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı olanda Prussiya ordusunun
sıralarına daxil olaraq, bir neçə il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz
təhsilini artırmaq üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə
daxil olub, burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı öyrənmişdi, özünün təməl
strategiya konsepsiyasına yiyələnmişdi. 1806-cı ildə Napoleon ordusuna qarşı Yena
döyüşündə vuruşmuş, fransızlar tərəfindən
əsir götürülmüşdü. Uinston Çörçil və general Şarl de Qoll da belə taleyi yaşamışlar,
Çörçil burların əsirliyindən qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində
vuruşarkən alman əsirliyinə düşdükdən sonra beş dəfə qaçmağa səy göstərsə də, buna
müvəffəq olmamış, sonra azad edilmişdi.
Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və Prussiya ordusunda aparılan
islahatın təşkilatçılarının liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci ildə
Rusiyaya yürüş edəndə, digər alman patriotları kimi o da Rusiyada hərbi xidmətə
girmişdi. 1815-ci ilin iyununda Vaterloo döyüşü vaxtı isə Prussiyaya qayıtmış və
mühüm vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində
hərbi kollecin inzibati başçısı olmuşdu. Sonrakı 12 il ərzində Klauzevits istirahət vaxtını
öz tarixi biliklərini artırmağa və strategiya barədə başlıca əsəri kimi «Müharibə
haqqında» kitabını yazmağa sərf etmişdi.
Böyük Fridrixin və Napoleonun təcrübələrini təhlil edərək o, ayrı-ayrı faktlarla
hərbi dühaların işini təsvir edir, axı onlar müharibənin uğuruna nail olurdular. O,
Blyuxerlə vuruşdan sonra fransız sərkərdəsi barədə demişdi : “ Napoleon müharibənin
allahı olaraq qaldı”.
Klauzevits əslində heç bir strateji sistem irəli sürməmişdi. Əksinə, o, təsadüfi
faktlara üstünlük verir, onlar isə dəqiq hesablamalardan və strateji problemə tənqidi
yanaşmağın vacibliyindən uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç başlıca hədəf
məqsədini güdür: düşmən qüvvələri, onun resursları və döyüşmək iradəsi. Müdafiə
müharibəsi həm də siyasi cəhətdən möhkəm mövqeyə malik olmağı tələb edir. Müdafiə
qüvvələri arasında fikir və iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin puç
olmasına səbəb olur. Franko qüvvələri İspaniyada Vətəndaş müharibəsinin ilk ilində,
1937-ci ildə bir şəhərə hücum edərkən, ona qoşulmuş general Emilio Mola
döyüşçülərinə ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci kolonnamız vardır (o,
300
şəhəri müdafiə edən respublikaçılar arasındakı satqınları nəzərdə tuturdu), ona görə də
şəhərin alınması bizə olduqca asan başa gələcəkdir.
Klauzevits «Müharibə haqqında» əsərini başa çatdırdıqdan sonra Breslauya
dəyişdirildi, bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak inqilabını müşahidə
edirdilər. Breslaudan qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və 1831-ci ildə
öldü. O, heç vaxt ordu hissələrində komandir olmamışdı, daim qərargahda xidmət
etmişdi, öz qiymətli məsləhətləri ilə seçilirdi. Əsərində igidliyi vacib sayan müəllif həm
də öz şəxsi nümunəsi ilə bu mülahizəsini təsdiq etməli idi. «Müharibə haqqında»
əsərində o, öz dövrünün müasir strategiya konsepsiyasına dərin təsir göstərdi. O,
müharibənin özlüyündə başa çatdığını inkar edərək yazırdı ki, «Müharibə müxtəlif
mənaların qarışığı ilə siyasi münasibətin davamından başqa bir şey deyildir».
Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə artan dərəcədə məhəl
qoymamaqla, siyasi niyyətdən məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun
nəzəriyyəsinə geniş maraq göstərilirdi. Marks və Engels Klauzevitsin əsərini müzakirə
edirdilər, Lenin isə İsveçrədə mühacirətdə olanda onun siyasi təlimlərini öyrənirdi və
müharibənin başqa vasitələrlə siyasətin davamı olması fikrini yüksək qiymətləndirirdi.
XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən,
Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti müstəsna olaraq quruda aparılan
müharibəyə aid olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl ideyaları
həmişəki kimi yararlı olaraq qalır.
O göstərir ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına mübarizə
olmasıdır. Klauzevits bü fikrini I Dünya müharibəsindən az qala bir əsr əvvəl ifadə etsə
də, bəzi
tarixçilərin I Dünya müharibəsi adlandırdığı Yeddiillik müharibənin (1756-1763-cü
illər) təcrübəsini nəzərə almalı idi. Axı həmin müharibədə doqquz dövlət - bir tərəfdən
Avstriya, Fransa, Rusiya, İspaniya, Saksoniya, İsveç, digər tərəfdən isə Prussiya, Böyük
Britaniya (Hannover ilə birlikdə) və Portuqaliya iştirak edirdi. Bu heç də təkbaşına
mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə çox sayda mənafelər hakim
kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə səbəb müstəmləkələr uğrunda
ingilis-fransız mübarizəsi və
Prussiyanın təcavüzkar siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə toqquşması
idi. 1761-ci ildə döyüşlərdə Prussiya fəlakət vəziyyətində idi, bu vaxt yeni rus çarı,
alman hərbi
ənənələrinin pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin əksinə Prussiya ilə sülh
bağladı və 1762-ci ildə onunla ittifaqa girdi. Bu həm də Rusiyanın öz müttəfiqlərinə
qarşı xəyanəti idi. Müharibənin hansının dünya müharibəsi adlanması isə
mahiyyətindən daha çox ona bəslənilən münasibətdən asılı olur. İngiltərədə Birinci
Dünya müharibəsi sadəcə olaraq “Böyük müharibə “ hesab olunurdu, yalnız İkinci
Dünya müharibəsindən sonra burada da hamı tərəfindən qəbul olunmuş adla
adlanmağa başladı.
Bu vaxt müstəmləkələrdə və dənizdə kəskin mübarizə gedirdi. 1763-cü ildə
Prussiya Avstriya və Saksoniya ilə bağladığı sülh müqaviləsinə görə Sileziyanı özündə
saxladı. 1763-cü il Paris sülh müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi Luiziana,
həmçinin Hindistandakı fransız müstəmləkə ərazilərinin böyük hissəsi Böyük
301
Britaniyaya keçdi. Yeddiillik müharibənin başlıca yekunu müstəmləkə uğrunda və
həmçinin ticarətdəki birincilik üstündə mübarizədə Böyük Britaniyanın Fransa
üzərində qələbəsi idi.
Doğrudan da, I Dünya müharibəsi sayılmalı olan Yeddiillik müharibə dünyanın
xəritəsində çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr əldə etdiyinə sevinc
hissi keçirdiyindən 13 il sonra Şimali Amerikadakı özünün böyük müstəmləkəsi olan
13 koloniya azadlıq mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini elan etməklə,
yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək,
materikin xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin ikinci yarısında
fövqəldövlətə çevriləcəkdi.
Müharibə zor akt olub, onun başlayanın öz iradəsini yerinə yetirməyə
əleyhdarlarını məcbur etmək məqsədini güdür. Özü də bu hərəkət müəyyən zaman
ərzində davamı olmayan təkcə bir zərbədən ibarət deyildir. Şəraitə lazımınca nüfuz
etməmək, onu öyrənməmək də ciddi çətinliklərə gətirib çıxara bilər.
Klauzevits hərbi dühalara, Böyük Aleksandra, Hannibala, Sezara, Napoleona
xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi müharibədə rast gəlinən təhlükələrə də diqqət
yetirir.
Əsərdə ordunun təchizatı məsələsi xüsusi yer tutur. Təchizat, logistika hətta
qədim dövrlərdəki dahi sərkərdələr üçün ən vacib problemlərdən biri sayılırdı. Axı
logistika müharibənin qan damarı hesab olunur. Hətta 50 minlik ya 100 minlik ordunu
ərzaqla təmin etməyin özü də olduqca mürəkkəb bir məsələdir. Makedoniyalı
Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər dənizinin cənubunu, ərzağı və
ayaqaltı otu bol olan Hirkaniya vadisini seçdi. Bu onun yürüşünün uğurlu olmasında
heç də az rol oynamadı. Napoleon və Hitler isə bu mühüm cəhəti Rusiyaya yürüş vaxtı
yaddan çıxartdıqlarına görə ağır məğlubiyyətlərlə üzləşməli oldular. Axı ac ordu
vuruşmağa qadir deyildir. Napoleon öz ölkəsindən çox uzaqlara gəlib çıxanda əslində
Hannibalın İtaliya ərazisindəki səhvini təkrar etdi. Hannibal Karfagendən əlavə canlı
qüvvə və digər maddi kömək xahiş etsə də, onları istənilən həcmdə ala bilmirdi. Roma
ordusu isə Kannda ağır məğlubiyyətə düçar olsa da, öz ərazisində olduğundan, başqa
sözlə «yeni qanla» təmin olunmaqda hansısa çətinlik çəkmirdi.
Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə təkcə şaxtadan, soyuqdan
deyil, həm də ərzaq qıtlığından əziyyət çəkirdi. Ruslar «yanmış torpaq» metodunu
həyata keçirərək, fransızların ərzaq əldə etmək cəhdlərini puça çıxarırdı. Vaxtilə, böyük
sərkərdə Səlahəddin də III Səlib yürüşünə belə «qonaqpərvərlik» göstərməklə,
səlibçiləri ağır məhrumiyyətlərə düçar etmişdi. Napoleonun əsgərləri ölən atların ətini
yeyirdilər.
Hitler isə strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək vəzifəsini irəli sürsə
də (bu, ona Volqa çayı ilə cənubdan, Bakıdan neft daşınmasının qarşısını kəsməyə,
Sovet ordusunu motorlar müharibəsində yanacaq aclığına məhkum etməyə xidmət
edəcəkdi, axı həm də bu şəhər Stalinin adını daşıyırdı), əslində öz ordusunu ərzaq
qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə uzaqlaşması hesabına
silah, sursat, hərbi texnika təchizatında da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun
hərtərəfli təminatı isə onun döyüş qabiliyyətini saxlamaq üçün ən vacib məsələlərdən
biridir. Bu əməliyyat əslində hərb tarixində tam avantyura xarakterli bir cəhd hesab
302
oluna bilərdi. Ona görə də 1942-ci ilin sonundakı qışda ordu sərt şaxta ilə yanaşı,
aclıqdan da əziyyət çəkirdi. Bu vaxt Almaniyanın hərbi aviasiyasına başçılıq edən
German Gerinq Hitlerə söz verdi ki, Stalinqrad cəbhəsindəki ordunu hava yolu ilə
ərzaqla bütünlüklə təmin edəcəkdir. Təyyarələrdən az miqdarda ərzaq atılsa da, bu
vəziyyəti dəyişə bilmədi. Aclıqdan və soyuqdan əziyyət çəkən 300 min nəfərlik alman
ordusu sovet qoşunlarının mühasirəsindən çıxa bilmədi və onların əksəriyyəti məhv
edildi. Beləliklə,. Hitler ordusu 2 fevral 1943-cü ildə Stalinqradda ağır məğlubiyyətə
uğradı, feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri və zabiti əsir
götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla yanaşı, logistikaya diqqət verilməməsi
də öz məkrli işini gördü.
Müharibədə mənəvi amil ölçüsü, düşmənçilik hissi, igidlik, təhlükənin təsir gücü
mühüm əhəmiyyətə malikdir. Böyük döyüş təkcə fiziki deyil, həm də mənəvi gərginlik
tələb edir. Ordu təkcə sayı ilə deyil, ən başlıcası mənəvi gücü, yüksək ruhu ilə, bütün
çətinliklərə, məhrumiyyətlərə rəğmən qələbəyə sarsılmaz inamı ilə seçilməlidir.
Müharibədə döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer
əvvəlcədən yaxşı öyrənilməlidir. Hər şey döyüşün baş tutduğu müharibə teatrında öz
həllini tapır. Hərbi fəaliyyətin döyüş yeri üç qaydada təsir edir: onu ələ keçirməyin
qarşısını alan maneələr şəklində, müşahidə aparmağa maneələr şəklində və atəşdən
gizlənmək şəklində. Sovet ordusu 1939-1940-cı illərin qışında Finlandiya ərazisinə
girməklə müharibə aparırdı. Vuruşmada fin
qüvvələri Qızıl ordu hissələrinə gözləmədikləri güclü müqavimət göstərirdilər. Sovet
əsgərləri meşələrdəki qalın qarda çətin hərəkət edir, ağacların budaqlarında gizlənmiş
snayperlərin atəşindən ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya Sovet
ordusu üçün olduqca ağır gedirdi. Cəbhədəki finlərin “Mannerheym xətti”ni yalnız
müharibənin son aylarında keçmək mümkün oldu və 1940-cı ilin martında bağlanan
müqaviləyə görə, Finlandiyanın cənubdakı bəzi əraziləri - Kareliya SSRİ-yə keçdi
Klauzevits havanın da döyüşə böyük təsir göstərdiyini qeyd edir. Əksər hallarda
dumanın məlum rol oynadığını vurğulayır. Yəqin ki, o, yalnız Avropada gedən
müharibələrdə iqlim dəyişikliklərinin təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli
ərazilərdə sərt şaxta və qarın, həmçinin səhranın qızmar istisinin, tropik ərazilərin
rütubətli və isti havasının ordunun fiziki və mənəvi gücünə göstərdiyi mənfi təsir ona
görə də müəllifin diqqətindən kənarda qalır.
Strategiyanın əsas vasitəsi qələbə, başqa sözlə, faktiki müvəffəqiyyət hesab
olunur. Strateji vasitələrin tətbiqinə çox sayda şəraitlər öz təsirini göstərir. Hərbi
biliklərə yiyələnmək vacibdirsə, bu biliklər hökmən bacarığa çevrilməlidir və belə bir
cəhət heç də biliklərə yiyələnməkdən az əhəmiyyət daşımır.
Strategiyanın elementlərinə mənəvi xüsusiyyətlər, silahlı qüvvələrin miqdarı,
döyüş gedən yerin şəraiti, hakim mövqe tutan məntəqələr, dağlar, çaylar, meşələr,
yollar daxildir. Bunlar həm də ordunun təchizatında mühüm əhəmiyyət kəsb edir.
Ordunun döyüş igidliyi sadə fərdi qocaqlıqdan fərqlənir. Cəsarət, möhkəmlik,
sayca üstün olma, qəflətən hücum, hiyləgərlik qələbənin çalınmasına xidmət edən
cəhətlərdir. Böyük və ya kiçik ordu hissəsinin komandiri məkanda qüvvələrin
cəmlənməsində öz ustalığını nümayiş etdirməlidir.
303
Müharibənin taleyini çox vaxt görkəmli sərkərdələr həll edirdilər. Yuxarıda
sadalananlara II Dünya müharibəsinin görkəmli sərkərdələri olan Jukovu,
Rokossovskini, Montqomerini, Aleksanderi, Makarturu, Eyzanhaueri əlavə etmək olar.
Onlar natsist Almaniyası və militarist Yaponiya üzərində qələbəyə öz dövlətlərinin
liderləri Stalin, Çörçil və Ruzvelt kimi böyük töhfə vermişlər. Hər bir döyüş onlar üçün
əslində bir yardıcılıq sınağı olmaqla yanaşı, həm də onlara layiq olduqları şöhrət
çələngi gətirirdi.
Döyüşə komandanlıq edənin hərbi istedadından, strateji düşüncəsindən və
taktiki ustalığından çox şey asılıdır. Hələ qədim yunanlar deyirdilər ki, şir sürüsünə
qoyunun başçılıq etməsindənsə, qoyun sürüsünə şirin başçılıq etməsi yaxşıdır. Pis
komandan və ya komandir təkcə məğlubiyyətə səbəb olmur, həm də çoxlu canlı qüvvə
itkisinə yol verir. Britaniya ( bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də
daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində, 1915-ci ildəki Dardanel
əməliyyatında məğlubiyyəti hər şeydən çox həmin əməliyyatın yaxşı hazırlanmaması
və daha pis şəkildə həyata keçirilməsi ilə əlaqədər idi. Bu iri miqyaslı hərbi əməliyyat
Britaniyanın dəniz naziri Uinston Çörçilin təşəbbüsü olmaqla, boğazlarla
birlikdəTürkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. Əməliyyatın uğuru
quru və dəniz qüvvələrinin birgə tətbiq edilməsi ilə mümkün ola bilərdi.
Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa
müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini
gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi.
1915-ci ilin yanvarında qərara alındı ki,donama Dardaneldə müstəqil qaydada,
ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə
tütmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda
eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə
zədələndi. Türklərin itkisi isə elə əhəmiyyətli deyildi.
Sonra Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min
adamdan, 178 topdan ibarət idi. Alman-türk (onlar da əks tərəfdə müttəfiq idilər)
komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Apreldə yarımadaya
desant salınmasına başlandı Lakin bir gün sonra türklərlə baş verən döyüşdə çoxlu itki
verildiyindən, Britaniya qoşunları geri çəkilib, gəmilərə otudular. Yarımadanın digər
sahillərində də desant vaxtı britaniyalıların itkisi böyük idi. Türk artilleriyası sahilə
əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə
birlikdə məhv etmişdi. Desant əməliyyatının buirinci günü müttəfiqlərin itkisi böyük
idi,18 min nəfərə çatırdı. Sonrakı hücumlar da uğur gətirmədi. Avqustda əlavə 10 min
nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliliyə bilmirdilər və artıq aydın
oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın
evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min
nəfər, fransızlarınkı isə 26 min həfər idi. Osmanlı imperiyasının da itkiləri heç də az
deyildi. Mqttəfiqlərin Dardanel əməliyyatı, beləliklə, ciddi uğursuzluqla nəticələndi.
Əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu.
Çörçil isə öz növbəsində Mqttəfiq qüvvələrinin baş komandanı general-mayor
Çarlz Monronu təqsirləndirirdi. O, özünün “Dünya böhranı” əsərində vaxtilə Sezarın
Pontdan göndərdiyi “veni, vidi, vici” – “gəldim, gördüm, qalib gəldim” sözlərindən
304
ibarət xəbəri bir qədər dəyişərək, Monro haqqında istehza şəklində guya onun öz
dilindən gələn sözləri belə yazır: “gəldim, gördüm, təslim oldum”.
Klauzevitsin əsəri bütövlükdə tarixə müraciət etsə də, öz dövrünün müasir döyüş
strategiyası və taktikası sahəsində daha çox Napoleon müharibələrinə əsaslanır. Həmin
müharibələrdən iki əsrə bərabər bir zaman məsafəsi keçmişdir. Bu dövrdə hərb sənəti,
hərb elmi və təcrübəsi xeyli irəliləmiş, əvvəllər heç vaxt özü barədə hansısa bir
anlayışın belə olmadığı yeni silah növləri meydana çıxmışdır. XIX əsrin ortalarında
ABŞ-da meydana çıxan, əvvəlcə xəznəli, sonra isə avtomat şəklindəki vinçester
tüfəngləri quruda aparılan əməliyyatlarda mühüm rol oynadı. Bu silahdan istifadə
hesabına XIX əsrin son rübündə
Amerika Birləşmiş Ştatların preriyalarındakı bizon sürüləri amansızcasına məhv
edilirdi. Hindular ağlarla mübarizədə bu silah hesabına ağır itkilərə məruz qalmaqla
yanaşı, özlərinin bizon əti şəklindəki əsas ərzaq ehtiyatlarından məhrum olmaqla
sürətli məğlubiyyətlərə düçar olurdular. Vinçester silahı Afrikanın müstəmləkəçilik
qitəsinə çevrilməsində mühüm rol oynadı və qitənin cənubunda müstəmləkəçilərə
müqavimət göstərən zənci əhalisi və şimalda əsl müharibəyə qalxan sudanlılar geniş
qırğına məruz qalırdılar. Yaxud, XIX əsrin 80-ci illərində icad edilən pulemyot yer,
aviasiya və tank növlərinə malik olmaqla avtomat silah kimi daha məhvedici atəş
gücünə malik idi. İmperializmin təşəkkülündə mühüm rol oynayan
bu silah elə imperializmin özünün məhvində də eyni rolu oynadı. Birinci Dünya
müharibəsində isə ilk dəfə tanklardan və hərbi aviasiyadan istifadə edildi. Almanlar
Londonu və İngiltərənin şərqini bombalamaq üçün həmçinin tseppelinlərdən istifadə
edirdilər. 1916- cı ildə isə ingilislər müharibədə ilk dəfə tırtıllı tanklardan istifadə
etməyə başladılar, lakin onun səmərəliliyi hələ az idi.
XX əsrdə isə silah istehsalının gur inkişafı onun ticarətini xeyli genişləndirməklə,
böyük dövlətlərə nəhəg qazanc gətirməyə başladı. XXI əsrin başlanğıcında isə bu
ticarətin miqyası daha da böyüməklə, silah istehsal edən dövlətlər arasında kəskin
rəqabətin meydana gəlməsinə səbəb oldu.
Əks qüvvələrin düzgün qiymətləndirilməməsi, ağılsız dəlisovluq acı məğlubiyyət
anları ilə üzləşməmiş ötüşmür. 1853-1856-cı illərin Krım müharibəsi daha çox Balaklava
döyüşündə Britaniya Yüngül Briqadasının özünü intihar şəklindəki hücumu ilə
xatırlanır, ingilislər və fransızlar bu müharibəyə 1854-cı ildə qoşulmuşdular. Bundan da
«yüngül süvari hücumu» şəklindəki ironiyalı söz birləşməsi meydana gəlmişdir.
Yaxud, 1939-cu ilin sentyabrında Hitler qoşunları Polşaya hücum edəndə, polyak
süvariləri guya igidlik nümayişi kimi alman tanklarının üzərinə qılıncla hücum edib,
məhv oldular.
Müharibədə baş döyüş çox sayda məsələlərin həllinə yol açır. Hannibal İtaliya
ərazisi ilə irəliləyəndə, Roma ordusunun komandanı Maksim Fabi (ona «ləngiyən»,
«ləng» mənasını verən «Kunktator» ləqəbi vermişdilər) hər vəchlə baş döyüşə
girməkdən qaçırdı, o, bu vaxt Kann döyüşünün ağır dərsini nəzərdə tuturdu, bunun
əvəzində Karfagen ordusuna xırda toqquşmalarda «ağcaqanad sancması» ilə cavab
verirdi. Böyük Aleksandr, Hannibal, Sezar, Napoleon isə baş döyüşlərə möhkəm aludə
idilər, onun uğurlu nəticəsinə əmin olduqlarından düşməni belə döyüşə girməyə
məcbur edirdilər.
305
Rus ordusu Napoleonla baş döyüşdən, iri miqyaslı toqquşmadan daim qaçmağa
səy göstərsə də, 1812-ci ilin 7 sentyabrında feldmarşal Mixail Kutuzov Borodinoda belə
döyüşə girməyə məcbur oldu. Ruslar Borodino döyüşündən sonra məğlub olub geri
çəkilsələr də, artıq strateji qələbə onların tərəfində idi. Kutuzov Moskvanı da tərk edib,
Napoleona təslim etsə də, ordunu məhv olmaqdan xilas etməklə, dahi fransız
sərkərdəsi çarəsizlikdən Rusiyadan qaçmağa üz tutanda, ona xırda zərbələrlə ağır itki
verməyə məcbur etməsini davam etdirdi.
Dağlarda, meşələrdə, düzənlikdə, səhralarda müdafiə öz xüsusiyyətlərinə
malikdir. Dağlarda vuruşmağı bacaran xüsusi qüvvələr yaradılmalı və onlar döyüş
şəraitinə yaxın olan mövqelərdə məşq etməklə, bu döyüş sənətinə yiyələnməlidirlər.
Dağlıq ərazilərdə döyüş və
nəqliyyat helikopterlərindən istifadə olduqca təhlükəlidir, çünki bir daşın arxasında
gizlənən düşmən əsgəri müasir silah işlətmədən belə adi atəşlə helikopteri məhv edə
bilər.
Müharibə dövründə strateji obyektlərin qorunması ən vacib şərtlərdən birinə
çevrilir, çünki həmin obyektlərə vurulan zərbə fəlakət dalğası yarada bilər. Bundan
işğalçıları qovmaq üçün istfadə edilməsi faktları da vardır. 1576-cı ildə Hollandiyanın
Leyden şəhərinin sakinləri ispan işğalçılarına qarşı mübarizədə qalib gəldilər. Onlar
qonşuluqdakı Xarlem şəhərinin taleyinə yaxşı bələd idilər, şəhər yeddi aylıq
mühasirədən sonra ispanlar tərəfindən tutulduqda sakinlər yaşından və cinsindən asılı
olmayaraq asılmış və ya suda batırılıb öldürülmüşdülər. Leydenlilər demişdilər ki,
onlar ərzaqları qurtarana qədər vuruşacaqlar, ehtiyac yarandıqda isə sol əllərini yeyib,
sağ əlləri ilə vuruşacaqlar. Həqiqətən də şəhər qəhrəmancasına müqavimət göstərdi.
Mübarizə üçün heç bir vasitə qalmayanda müdafiə qüvvələri bəndi(dambanı) dağıdıb,
ispanların düşərgəsini və özlərini suda batırıb məhv etdilər. Şəhərə çox böyük ziyan
dəydi, lakin ispanlar uzaqlaşmağa məcbur oldular. İşğalçını öz torpağında məhv etmək
üçün onun həqiqi sahibinə hər cür vasitədən istifadə məqbuldur, bunu leydenlilər öz
fədakar nümunələrində sübut etmişlər.
Vuruş prosesində belə obyektlərin kövrəkliyinə əminlik hiss edildikdə, onlarıi
hədəf seçib, əks tərəfə daha böyük zərbə vurmağa çalışılır. Ona görə də bu obyektlərin
müdafiəsi üçün əvvəlcədən bütün tədbirlər həyata keçirilməlidir. İndi sərsəm ağıllar
əks tərəfdəki belə obyektləri raket zərbəsinə məruz qoymaqla hədələyirlər, lakin onu
nəzərdən qaçırırlar ki, öz ölkələrində təkcə bir strateji obyekt hədəf kimi seçilsə, bu
daha iri miqyaslı fəlakətin baş verməsinə, böyük sayda insan təlafatına səbəb ola bilər.
Müharibədə bütün amillər nəzərə alınmalıdır
Müharibədə dəqiq hesablamaların yerini hansısa bir ümid parıltısı tutsa, bu,
gözlənilənin diametral əksi olan nəticəyə gətirib çıxarır. Sərkərdəlik dühası hesab
edilən, döyüş səhnələrində 40 qələbə çalmış, Austerlits, Yena və Vaqram
döyüşlərindəki parlaq
qələbələri ilə hərb tarixini və təcrübəsini görünməmiş qaydada zənginləşdirən
Napoleon belə, 1812-ci ildə yürüşündəki hesablamalarında ciddi səhvə yol verdi. O,
güman edirdi ki, Moskvanı işğal etdikdən sonra Rusiya imperatoru I Aleksandr sülh
306
müqaviləsini bağlamağa məcbur olacaqdır. Lakin Aleksandr onun bu təkliflərinə məhəl
qoymayıb, hansısa bir ən əlverişli müqaviləni də imzalamaqdan imtina etdi. Çünki o,
rus xalqının qətiyyətinə bələd idi və əgər belə bir sənədə imza atsaydı, xalq hökmən
onu lənətləyərdi. Moskvaya yox, Napoleon lap Sibirə qədər də getsə belə, müqavilə heç
vaxt imzalana bilməzdi. Napoleon bu oyuna böyük bir ümidlə girmişdi, ona görə də
çox uzağa getdi, apardığı kampaniya isə canlı qüvvə tələfatı nöqteyi-nəzərindən izafi
bədxərcliyə səbəb oldu və Moskvadan bir qədər gecikmiş şəkildəki qaçma isə ona
olduqca baha başa gəldi.
ABŞ hərbi dairələri Vyetnamdakı, SSRİ rəhbərliyi ilə Əfqanıstandakı
müharibələrin hansı şəraitdə gedəcəyinə o qədər də əhəmiyyət vermədiklərindən, hər
iki ölkədə ciddi, taqətdən salan müqavimətlə qarşılaşdılar. Vyetnamdakı cəngəlliklər
yerli müdafiə qüvvələrinin işini asanlaşdırdığı halda, amerikan aviasiyasının
bombardmanlarının effektini xeyli aşağı salırdı, Vyetnam döyüşçüləri və partizanları
isə daha uğurla vuruşurdular. Sovet qoşunları dağlıq ərazidə əfqan mücahidlərinin
apardığı mübarizə xüsusiyyətlərinə yaxşı bələd olmadıqlarından, nizami ordu onların
pərakəndə zərbələri şəklində olan ağlasığmaz çətinliklərlə üzləşirdi. Ən müasir
silahlara malik olan iki fövqəldövlətin qoşunları əsasən primitiv silahlardan istifadə
edən yerli qüvvələr qarşısında öz zəifliklərini hiss etməyə başladılar və həmin
müharibələri dayandırmaq məcburiyyətində qaldılar.
Hazırda ABŞ aviasiyası, Fransa və İngiltərə də ona qoşulmuşdur, “İslam
dövləti»nin” (İraq-Levant İslam dövləti və ya İraq-Şam İslam dövləti də adlanır) İraqın
şimalındakı və Suriyadakı qüvvələrinə hava hücumları edərək, onlara ağır zərbələr
vurur. Əlbəttə, Vyetnamdakı müharibədən fərqli ollaraq bu ərazilərdə hava
bombardmanları aparmaq nisbətən asandır, çünki qatı İslamçı qüvvələr ( radikal
sünnülər) əsasən düzənlik ərazidə vuruşduqlarından, bu hücumlar qarşısında
müdafiəsiz vəziyyətdə qalırlar. Əfqan mücahidlərini ABŞ «stinqer» silahı ilə təmin
etdiyi halda, «İslam dövləti» qüvvələri təyyarələri vurmaq üçün belə səmərəli silaha
malik deyillər. Burada elə böyük dağlıq ərazi, meşə, cəngəllik də yoxdur ki, həmin
terrorçuların müdafiə imkanlarına müəyyən ölçüdə köməklik göstərə bilsin.
Müasir dövrdə silahların inqilabi qaydada dəyişilməsi, kütləvi qırğın silahlarının
meydana gəlməsi, doqquz ölkənin nüvə silahına və onların hədəfə çatdırılması üçün
böyük məsafələri qət edə bilən ballistik raketlərə sahib olması, kiberməkanın yaranması
nəticəsində müharibə vasitəsi kimi kiberhücumların meydana çıxması ilə sülhü daha
kövrək etməklə, III Dünya müharibəsi baş verərsə, onun daha nəhəng miqyasda insan
tələfatına və dağıntılara səbəb olması ehtimalını xeyli böyüdür. Dünyadakı təlatümlər,
siyasi kataklizmlər belə müharibənin başlanması təhlükəsini artırır. Rusiya siyasətçisi
Vladimir Jirinovski III Dünya müharibəsinin artıq başlanması barədə qorxulu
bəyanatlar verir. Təəssüf ki, belə «peyğəmbərlikdə» o, tək deyildir. Roma Papası
Fransisk da yerli münaqişələrin və terrorçuluğun xeyli genişləndiyini nəzərə alaraq
həmçinin bu müharibənin getdiyini dilə gətirmişdir.
Kütləvi qırğın silahlarının qadağan olunması barədəki söhbətlər onlara sahib
olma dövrlərindən getsə də, elə bir ciddi nəticəyə gətirib çıxarmır. Əksinə, bu silahlara
yiyələnmək həvəsi başqa dövlətləri də özünə cəlb edir. Hətta Rusiya ilə münaqişədə
olan Ukrayna yenidən atom silahına malik olmaq barədə arzusunu bildirərək, buna
307
cəhd edəcəyini bəyan etmişdir. Dünyanın kəskin etirazlarına baxmayaraq, İranın nüvə
silahına yiyələnmək cəhdləri barədəki şübhələrə də hələ son qoyulmamışdır.
Kiberhücumlar birbaşa qırğın silahı olmasa da, ona məruz qalmış ölkənin təkcə
hərbi qüvvələrinə ziyan vurmaqla kifayətlənməyib, bu ölkənin bütün iqtisadi və sosial
həyatını iflic vəziyyətinə sala bilər. Əhalinin həyati əhəmiyyət daşıyan yaşayış şəraitini
poza, təyyarələri uçuş meydançalarında dustaq edə bilər. Kiberhücum ümumilikdə,
sabotajın və düşmən kommunikasiyalarının dağıdılmasının klassik metodlarının bir
növünün həyata keçməsidir. Kompyuterin köməyi ilə radarın neytrallaşdırılması,
əlbəttə, raketin köməyi ilə vurulan zərbədən bir qədər yaxşı olsa da, vurduğu ziyan
ondan o qədər də geri qalmır.
ABŞ hərbi komandanlığı hesab edir ki, Krımın Rusiya tərəfindən anneksiyası və
sonralar Ukraynanın şərqində münaqişənin böyüməsi ruslar tərəfindən çox diqqətlə
planlaşdırılmış və kiberhücumların uğurla aparıldığı hərbi əməliyyatın birbaşa
nəticəsidir. Sonrakı hadisələr də göstərir ki, Rusiya ilə Qərb arasındakı informasiya
sahəsindəki və hümanitar münaqişələr böyüyüb, kibermüharibəyə çevrilmək şansına
yiyələnə bilər.
Bir sözlə, müasir müharibə iri miqyasda getsə, böyük dövlətlər arasında baş versə,
artıq çox uzun məsafələr belə, nə raket zərbələrinə, nə də kiberhücumlara maneə törədə
bilməyəcəkdir. Ümumiyyətlə, kiberməkanda sərhədlər yoxdur. Raket əleyhinə
mübarizə silahları meydana gəlsə də, onların effektliliyi də hələlik aşağı olaraq qalır.
Əgər İsrailin raket əleyhinə olan müasir müdafiə qurğuları “Xamas”ın atdığı primitiv,
qısa məsafəyə uçan raketləri tam zərərləşdirə bilmirsə, onda ballistik raketlərdən
müdafiə qurğularının faydalı iş əmsalının da o qədər yüksək olmayacağı ehtimalı
yaranır. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiyanın CC-300 və “Triumf” adlanan
CC-400 zenit raket sistemləri ballistik raket əleyhinə səmərəli müdafiə silahı hesab
olunur. Amerikanlarin da raket əleyhinə yeni mqdafiə silahı olan “İcis” noyabrın 6-da
keçirilən Sakit okean təlimlərində özünü olduqca səmərəli göstərmiş,bir ballistik və iki
qanadlı raketi məhv etmişdir. “İcis” artıq ABŞ-ın hərbi gəmilərində tətbiq edilir.
Dünyada gedən proseslər heç də nikbin əhval-ruhiyyə doğurmur. Deyəsən, dahi Albert
Eynşteynin IV Dünya müharibəsinin daş alətlərlə aparılacağı barədəki ideyasının doğru
çıxması şansı böyüyür, çünki əgər III Dünya müharibəsi baş versə, o sivilizasiyaya
dəhşətli ziyan vurmaqla, insanları yenidən paleolit dövrünə qaytaracaqdır. Həm də bu
müharibə fərqli dairələrdə getdiyindən yeni tipli müharibə olacaqdır. Sürünmə
xarakteri ilə seçiləcəkdir, xaos, ümidsizlik hissi əmələ gətirəcəkdir. Bütün silahlar yoxa
çıxsa da, təbiətin bəxş etdiyi silah olan daş isə tükənməyəcəkdir, axı daş dövrünün yoxa
çıxması da, heç də daşın azalması ilə meydana gəlməmişdi.
Bütün bunlar Klauzevitsin müharibə barədəki nəzəriyyəsini bir qədər köhnəlmiş
kimi göstərsə də, bütünlüklə onun yararsıza çevrildiyindən xəbər vermir. Əlbəttə,
müasir müharibə bəlkə də klassik döyüş səhnəsini tanımayacaqdır. Müasir silahı –
raketi kompyuterlə idarə edən hərbçi operator hansısa bir yeraltı məkanda,
«mağarada»kı sığınacağında oturub, ona tapşırşlmış vəzifəni icra edəcəkdir. Lakin
quruda aparılan müharibə üçün bu nəzəriyyənin müddəaları əsasən öz qüvvəsində
qalır. Düzdür, müasir müharibədə raket silahı, aviasiya zərbələri və dəniz müharibəsi
daha böyük rol oynayacaqdır, lakin quruda gedəcək döyüşləri də bütünlüklə diqqətdən
308
yayındırmaq olmaz. Məgər hərbçinin, bilavasitə döyüşdə iştirakından, yaxud da
hansısa müasir qorxulu silahı idarə etməsindən asılı olmayaraq, mənəvi durumu,
yüksək ruhu, nəhayət, intizamı və biliyini bacarığa çevirməsi öz əhəmiyyətini
itirmişdirmi? Əksinə, bu xüsusiyyətlər, müasir müharibədə baş verən hər bir şey,
klassik cəbhədə qarşı-qarşıya və ya əlbəyaxa döyüşdən də daha artıq əhəmiyyət kəsb
etməyə başlayır. Axı müasir hücum və müdafiə silahı ona etibar edilmişdir, onunsa
qılınc və ya tüfənglə müqayisəsi kosmik raketin arbaletlə müqayisəsinə bənzəyir. Ona
görə də həmin hərbçinin məsuliyyət hissindən və bacarığından bu vəzifənin dəqiq və
səmərəli qaydada yerinə yetirilməsi çox asılı olacaqdır
Klauzevits qeyd edirdi ki, «Müharibə təhlükə meydanıdır, deməli, igidlik
müharibənin ən mühüm xüsusiyyətidir». Bu fövqəl mərdlik fərdi təhlükə vaxtı və ya
daxili tələbatdan – vicdandan doğur. Birinci növ dözümlülüklə, ikinci növ isə
qoçaqlıqla əlaqədardır. Birinci növ daha etibarlıdır, ikinci isə insanın təbiətindən irəli
gəlir. Hər iki növ igidliyin ən mükəmməl tipini meydana çıxarır. Lakin igidliyin üzə
çıxması üçün həm də müəyyən şəraitin mövcudluğu tələb olunur.
Hərbi təcrübə və onun xüsusiyyətləri
Hərbi nəzəriyyə ilə yanaşı, onu real şəraitə tətbiq edən hərbi təcrübə də böyük
əhəmiyyətə malikdir. Bunu biz ayrı-ayrı hərbi xadimlərin istedadında, döyüşü təşkil
etmək bacarığında görürük. XIX əsrin hərb praktikasının görkəmli nümayəndələrindən
biri olan Helmut fon Moltke uzun müddət Prussiya, sonra isə Almaniya Baş
Qərargahının rəisi olmaqla Danimarka (1864-cü il), Avstriya (1866-cı il) və Fransa (1870-
71-ci illər) üzərində qələbələrin hərbi arxitektoru olmuşdu. Bunlar Otto fon Bismarkı o
vaxtlar sərbəst şəkildə olan Alman dövlətləri liqasını Prussiyanın ağalıq etdiyi yeni
imperiyaya çevirməyə qadir etmişdi.
Moltke 1800-ci ildə yoxsul bir ailədə anadan olmuşdu. Atası 1805-ci ildə o vaxtlar
Danimarkanın tabeliyində olan Halmştayna köçmüşdü. Balaca Helmut Kopenhagen
Royal Kadet korpusunda təhsil almışdı və Danimarka piyada alayında xidmətə
girmişdi. 1821-ci ildə Berlinə gələndə Prussiya ordusunda xidmət etməyi qərara almış
və ikinci leytenant rütbəsinə yiyələnmişdi. İki il sonra o, Baş Hərbi Kollecdəki üç illik
kursa göndərildi. 1828-ci ildə isə Berlində Baş Qərargahın topoqrafiya bürosunda
xidmətə keçdi. Ədəbi işini davam etdirməklə bir neçə kitabını nəşr etdirdi və məşhur
ingilis tarixçisi Eduard Gibbonun «Roma imperiyasının tənəzzülü və dağılması» əsərini
alman dilinə tərcümə etdi. 1835-ci ildə o, Türkiyəyə göndərildi ki, sultan II Mahmudun
Türk ordusunu modernləşdirmək üzrə müşaviri işləsin. Üç il sonra Misirin Suriyaya
müdaxiləsinə qarşı Türkiyə qüvvələrini hazılamaqla məşğul oldu. 1839-cu ildə müdafiə
uğursuzluğa uğradı, çünki türk komandirləri Moltkenin məsləhətlərinə məhəl
qoymamışdılar. Həmin ildə yenidən Prussiya ordusunda xidmətə keçdi.
O, Almaniyanın birləşdirilməsi və təbii sərhədlərinin yoxluğu şəraitində əhatə
olunduğu potensial düşmənlərdən Prussiyanın mühafizə olunması kimi başlıca
problemlərlə məşğul olurdu. Moltke bir hərbi xadim kimi inanırdı ki, yalnız müharibə
bu problemlərin razı qalınan bir qaydada olan həllini təmin edə bilər.
309
Moltke Prussiyanın ən pis düşməni hesab etdiyi 1848-49-cu illər inqilabının
yatırılması ilə demokratiyanın da məhv edilməsinə sevinirdi. 1851-ci ildə o, gələcək
Prussiya kralı və Alman imperatoru (kayzeri) olacaq prints Vilhelmin şəxsi köməkçisi
təyin edildi. 1857-ci ildə isə Prussiya Baş Qərargahının rəisi seçildi. Bir qədər sonra
kansler Otto fon Bismark, müdafiə naziri Albrext fon Rön və onun özündən ibarət olan
üçlük Prussiyanın, həmçinin Almaniyanın mənafeyi naminə böyük işlər gördü. Moltke
öz dövrü üçün yeni texniki icad sayılan dəmir yolunu, ordunun hərəkəti və təchizatı
üçün geniş imkan yaratdığına görə
yüksək qiymətləndirirdi. O, həmçinin yeni hərbi silaha da böyük diqqət verirdi və təkid
edirdi ki, qərargah zabitləri müharibənin yeni konsepsiyasını yüksək qaydada
mənimsəməlidirlər.
O, bir qayda olaraq qısa və dəqiq əmrlər verirdi, «baş direktivlər» sistemini
yaratmışdı. Prussiya Baş Qərargahının onun tərəfindən tətbiq edilən yeni sistemi
sonralar müasir qaydada təşkil olunan bütün ordular üçün modelə çevrildi.
2 sentyabr 1870-ci ildə Prussiyanın böyük qələbəsi - bütöv fransız ordusu və
imperator III Napoleonun özü prussiyalılar tərəfindən əsir götürülmüşdü, – Fransada
İkinci İmperiyanın məhvi ilə nəticələndi. Moltkenin də xidməttləri lazımınca
qiymətləndirildi, o, feldmarşal rütbəsini aldı. 1871-ci ildən başlayaraq 17 il ərzində
Almaniya Baş Qərargahının rəisi oldu və 1888-ci ildə pensiyaya getdi. 1891-ci ildə
Berlinə səfər edərkən öldü.
Moltke yeddi dil bilirdi, Avropa dilləri ilə yanaşı, türk dilinə də yiyələnmişdi.
Hərbi kolleqaları üçün o, «qızıl adama» çevrilmişdi, onun heç bir düşməni və hansısa
bir aşağılayanı yox idi. Moltke həm də hərbi istedadı ilə yanaşı XIX əsr alman nəsrinin
ustalarından biri hesab olunur. Onun səyi nəticəsində qazanılan qələbələr Prussiyanın
xeyli möhkəmlənməsinə və Almaniyanın birləşib güclü Avropa dövlətinə çevrilməsinə
şərait yaratdı. Bismark necə böyük siyasətçi idisə, Moltke eyni dərəcədə böyük hərbiçi
idi və onların istedadı Almaniyaya böyük fayda bəxş etməklə yanaşı, alman
millətçiliyinin və militarizminin inkişafına da əsaslı təsir göstərməmiş qalmadı.
Almaniya imperiyası Birinci Dünya müharibəsində məğlub olmaqla, Afrikadakı
müstəmləkələrini, Asiyadakı təsir zonalarını itirmək məcburiyyətində qaldı. Bu
məğlubiyyət Almaniyani öz iddialarından bir qədər uzaqlaşdırsa da, təhqiramiz sülh
şərtləri onun militarizminin daha gur şəkildə inkişafına şərait yaratmış oldu. Faşistlər
hakimiyyətə
gəldikdən sonra intiqam, revanş hissi partlayış qaydasında böyüdü. Bir daha böyük
müharibələrin baş verməyəcəyi barədəki nikbin proqnozlar alt-üst oldu.
Birinci Dünya müharibəsindən sonra məşhur ABŞ sənayeçisi, iri avtomobil
zavodlarının sahibi Henri Ford (1863 – 1947-ci illər ) belə bir fikir irəli sürmüşdü ki, bir
daha heç vaxt böyük müharibələr olmayacaqdır, çünki hamı bunun necə bir cəhənnəm
olduğunu gördü. Müdrik bir insan olan Ford özünün səhv etdiyinə əmin oldu, çünki
İkinci Dünya müharibəsinin də şahidi olmaq qismətini yaşadı. Sonuncu dünya
müharibəsi isə öz nəhəng miqdardakı qurbanlarına və xüsusən Avropanı viran qoymaq
miqyasına görə əvvəlki
310
müharibələrlə heç bir müqayisəyə girə bilməzdi. Almaniya bu müharibənin
başlanmasının təşəbbüskarı olmaqla yanaşı, onu biabırçı məğlubiyyətlə bitirdi. Bu ölkə
işğala məruz qaldı, zonalara, sonra isə iki dövlətə bölündü.
Henri Forddan xeyli əvvəl, böyük dövlət xadimi, kiçik fasilə ilə iyirmi il ərzində
Böyük Britaniyanın baş naziri olmuş Kiçik Uilyam Pitt də XVIII sonunda bəyan etmişdi
ki, Avropa artıq müharibə görməyəcəkdir. Pittin baş nazir karyerasının sülh dövrü
Fransa inqilabının
başlanması ilə başa çatmışdı. 1793 –cü ilin fevralında İngiltərə Fransaya qarşı
müharibəyə cəlb edildi.
Pittin öncəgörməsi də özünü doğrultmadı. 1803- cü ildə Fransa ilə müharibə yenidən
qalxdı. Lakin Pittin ehtiyatlı siyasəti İngiltərəyə çox fayda verirdi. Napoleon
avstriyalıları və rusları əzəndə, Avstriyanı viran qoyanda, Almaniyanı parçalayanda
İngiltərə təhlükəsiz şəraitdə yaşayırdı.
Onun necə böyük bir şəxsiyyət olduğunu isə abidəsi üzərində yazılmış sözlər daha
yaxşı ifadə edir: “İyirmi ilə yaxın bir müddətdə tacın xidmətində olmaqla, o, özünü heç
də gözə soxmadan yaşadı və kaslb bir adam kimi öldü.”
Pittin sülhün bütünlüklə bərqarar olacağını güman etdiyi XIX əsr əslində Avropa
üçün daha çox müharibələr əsri adlandırıla bilərdi, onun binövrəsini isə Napoleon
qoymuşdu.
XX əsr isə iki dünya müharibəsinin zaman beşiyi oldu. XXİ əsrdə də savaş seriya
şəklində davam edir və əvvəlki yaralar hələ də qaysaq bağlaya bilmir.
Təbiətin müharibənin gedişinə təsiri
Müharibə vakuumda və ya ətraf mühitdən izolə olunmuş şəraitdə
getmədiyindən digər mühüm amillərlə yanaşı təbiətin, iqlimin də müdaxiləsi ona öz
təsirini əsaslı surətdə göstərir. Təbii sərhədləri olmayan ölkələr, məsələn Prussiya bu
çatışmazlığına görə öz potensial düşmənlərindən qorunmaq vəzifəsini ön plana çəkirdi
və preventiv (qabaqlayıcı) tədbirlər görürdü. Təbiət qüvvələrinə, stixiyaya gəldikdə,
onlar öz təsiri ilə bəzən ciddi məğlubiyyət ərəfəsində olanları da qaliblərə çevirə bilir.
Təəssüf ki, Klauzevitsin əsərində bu məsələlər lazımınca öz əksini tapmamışdır. Hətta
böyük sərkərdəlik dühaları da rəqiblərinə öz iradələrini diqtə etdikləri halda, təbiətin
verdikti, hökmü qarşısında özlərinin gücsüz olduqları qənaətinə gəlməklə, bəzən ağır
itkilərlə müşayiət olunan məğlubiyyət acısını dadmış olurdular.
Ömründə döyüşlərdə uduzmaq nə olduğunu bilməyən, tərkibi öz
qüvvələrindən dəfələrlə çox olan Persiya ordusunu Qranikdəki, İss körfəzindəki,
Qavqameladakı döyüşlərdə ağır məğlubiyyətlərə uğradan Böyük Aleksandrın əsgərləri
Hindistanda qiyam qaldıraraq, müharibəni davam etdirmək istəmədiklərini
bildirdikdə, sərkərdə vəziyyətin çıxılmaz olduğunu görüb, b.e.ə. 325-ci ildə Persiyaya
geri qayıtmağa razılıq verdi. Makedoniyalı əsgərlər isə öz vətənlərinə qayıtmağı tələb
edirdilər. Böyük Aleksandr qoşunun kiçik hissəsini su yolu ilə üzməklə göndərdi, əsas
hissəsini isə öz başçılığı altında Gedrosiya səhrasından keçməklə geri, Babilə qaytardı.
Aleksandr səhra ilə səfər etmək təcrübəsinə malik idi. B. e. ə. 332-ci ildə Misiri işğal
311
etdikdən sonra ənənəvi faraon titululunu almaq, “Amonuun oğlu” adlanmaq üçün, bu,
yunanlarda “Zevsin oğlu” adlanmağa bərabər idi, o, səhra orakulunun yanına
yollanmışdı. Həmin səfər nə qədər çətin olsa da, Gedrosiya səhrasındakı əzablarla
müqayisə oluna bilməzdi. Bu hamını taqətdən salan səfər artıq heç də əcdadlarını da
müqəddəsləşdirən hansısa bir fəxri adı qazanmaq naminə həyata keçirilən cəhd və ya
əlavə şöhrət gətirən bir hərbi yürüş olmayıb,. uzun müddət davam edən əzablar və
məhrumiyyətlər seriyası ilə müşayiət olunmağı ilə seçildi. Döyüşçülər qızmar istidən,
susuzluqdan əziyyət çəkirdilər, ərzaq qıtlığı da öz işini görürdü. Aleksandr döyüşlərdə
olduğundan da artıq itki verməyə məcbur oldu. Dahi sərkərdə təbiət qüvvələri
qarşısında özünün aciz olduğu qənaətinə gəldi. Əgər səhranın dəhşətli şəraitini nəzərə
alıb, kəşfiyyat yolu ilə əvvəlcədən daha asan marşrut seçsəydi, belə böyük itkilərlə və
məhrumiyyətlərlə üzləşməzdi. Həmişə logistikaya ciddi fikir verən, onun tələblərini
nəzərə alan Makedoniyalı Aleksandr bu dəfə öz ənənəsinə də xəyanət etdiyindən,
gözləmədiyi halda səhra şəraiti tərəfindən cəzalandırıldı.
Karfagenin istedadlı sərkərdəsi Hannibal Kanndakı böyük qələbəsindən xeyli
sonra Romanın qapısı ağzında dayandı. Kann döyüşündən bilavasitə sonra ordusu
darmadağın edilmiş Romaya o, hücum etsəydi, bəlkə də onu tutmaq barədəki çoxdankı
arzusuna nail ola bilərdi. Hələ doqquz yaşı olanda, o, atasına Romaya daim düşmən
olacağı andını içmişdi. Əlverişli fürsətdən istifadə etməməsi, anlaşılmayan tərəddüd
göstərməsi ona baha başa gəldi. Nəhayət Roma yaxınlığında düşərgəsini qurdu ki,
şəhərə hücum etsin. Lakin hücum ərəfəsində iki gün davam edən leysan yağış və tufan
Hannibalı bu fikirdən yayındırdı, onu geri çəkilməyə, düşərgəsini uzağa köçürməyə
məcbur etdi. Hannibal əzdiyi Roma ordusundan deyil, təbiətdən ağır zərbə aldı və heç
vaxt Romanı tuta bilmədi. Bir müddət sonra zaman da Hannibalın ziyanına işləməyə
başladı. Roma ordusu Karfagenin öz ərazisində ona zərbə vurmaq üçün üzüb, orada
sahilə çıxdıqdan sonra, Hannibal geri çağırıldı və b.e.ə. 202-ci ildən Şimali Afrikadakı
Zama döyüşündə məğlubiyyətə uğradı. Sonra isə vətənindən qaçıb, yad ölkədə onu
axtaran romalılara təslim olmamaq üçün özünü intihar etdi.
Roma ordusuna qan udduran, romalıları dəhşətli qorxu altında saxlayan
Hannibal stixiiyanın həmləsinə davam gətirə bilməyib, vaxtında yetişmiş meyvəni
qoparmağa cəsarət etmədiyi kimi, bu dəfə də geri çəkilməyə məcbur olmaqla, öz
şöhrətinə və taleyinə də ağır zərbə vurmuş oldu.
Çinin Monqol hökmdarı Xubilay xan 1274-cü və 1281-ci illərdə Yaponiyanı işğal
etmək üçün böyük donanma təşkil edib, sayı minə qədər olan gəmilərlə döyüşçülərini
Kyusyu adasına göndərdi. Lakin hər iki dəfə qəflətən qalxan tayfun Xubilayın
donanmasına ağır zərbə vurdu, az sayda xilas olanlar geri döndü. Yaponiya işğaldan
belə xilas oldu. Minnətdar yaponlar tayfunu «İlahi Külək» mənasını verən
«Kamikadze» adlandırdılar.
Ərazilər tutmaqda və ölkələr işğal etməkdə heç bir maneə tanımayan, Avrasiya
qitəsində özündən əvvəl və sonra ən böyük imperiya hesab olunan Çingiz xan
imperiyasını yaradan monqollar Çin və Koreya qüvvələrini də cəlb etməklə xeyli
güclənib Yaponiyaya müdaxilə etsələr də, təbiətin zərbəsinə davam gətirə bilməyib, bu
adalar ölkəsini işğal etmək niyyətindən birdəfəlik əl çəkdilər.
312
Yaponiya torpağına yalnız 1945-ci ildə amerikan ordusu daxil oldu, avqustun 15-
də imperator Hirohito xalqa müraciət edib, ölkəni qoruyub saxlamaq üçün təslim
olmağa razılıq verdiyini bildirdi və sentyabrın 2-də amerikan gəmisi «Missuri»də
Yaponiya qeyd-şərtsiz təslim olma aktını imzaladı. Bu, Yaponiyanın əcnəbi dövlət
tərəfindən ilk, ancaq olduqca böyük məğlubiyyətə uğraması idi..
1588-ci ildə 130 gəmidən ibarət olan İspan Məğlubedilməz Armadası İngiltərəni
işğal etmək barədəki möhkəm ümidlə okeanla üzüb oraya girmək istədikdə, gəmilərin
bir hissəsi La-Manş boğazında ingilislər tərəfindən məhv edildi, Şotlandiya
sahillərində qalxan qasırğa isə Armadanın məhvini bütünlüklə tamamladı. İngiltərə
kraliçası I Elizabet vətənini xilas edən bu möcüzəli təbiət qüvvəsini minnətdarlıq
şəklində «Allahın nəfəsi» adlandırdı. İşğalın baş tutacağına möhkəm əmin olan
İspaniya kralı II Filipp isə baş verənləri izah etmək üçün demişdi ki, “Mən donanmamı
təbiətlə deyil, ingilislərlə vuruşmağa göndərmişdim.” Təbiət
bu dəfə də işğalçılara deyil, ondan qorxu hissi keçirən və müdafiə olunan tərəfə öz
alicənablığını və xilaskar xüsusiyyətini göstərmişdi.
Napoleon da Britaniya ilə əlaqəsini üzməyən Rusiyanı cəzalandırmaq fikrinə
düşüb, 1812-ci ilin iyununda Neman çayını keçib 600 minlik ordu ilə Rusiya ərazisinə
girdi. Rus qoşunlarının müqaviməti zəif olduğundan Napoleon sürətlə irəliləyirdi.
Borodino döyüşündən sonra rus ordusu geri çəkildiyindən və hətta qədim paytaxt
Moskvanı tərk etdiyindən Napoleon 14 sentyabrda bu müqəddəs rus şəhərinə daxil
oldu. Ruslar şəhəri yandırmaqla fransız imperatoruna öz «qonaqpərvərliklərini»
göstərdilər
Oktyabr ayında soyuqlar başladı. Napoleon ordusu ərzaq barədə çətinlik çəkirdi.
Böyük əraziləri işğal edən Napoleonun gözlədiyinin əksinə, ruslarla sülh müqaviləsi
bağlamaq mümkün olmadı, artıq ondan qorxmurdular. Fransız sərkərdəsi dəhşətli
əzablarla və ağır itkilərlə müşayiət olunan geri çəkilməyə, Rusiyadan qaçmağa
başladı.Dünənə qədər qalibiyyətli bir ordu artıq sürüyə çevrilmişdi. Böyük fransız
ordusundan Rusiyadan yalnız 30 min nəfərə çıxmaq xoşbəxtliyi qismət oldu, qalanları
isə buradakı qarı özlərinə kəfən edərək, bu müəmmalı ölkənin torpaqlarında
uyumuşdular.
Napoleona rus ordusundan heç də zəif olmayan təbiət daha ağır zərbələr vururdu.
Ona görə də Qərbdə «General Qış», «General Şaxta» kimi terminlər dövriyyəyə
buraxıldı.
Axı Napoleon kimi hərtərəfli dahi bir şəxsiyyət Rusiya üçün adi hal olan bu
cəhəti əvvəlcədən nəzərə almalı idi. Təəssüf ki, özünün bu son oyunlarından birində
düşmənin zəifliyinə çox arxayın olduğundan, təbiətin müdafiəçilərə göstərəcəyi köməyi
qətiyyən nəzərə almadı. Orduları məğlub etməyin böyük ustası sayılan fransız
sərkərdəsi onu son məğlubiyyətlərə aparan bir yola qədəm qoymaqla, faciəli və onun
özünə də ağır başa gələn səhvə yol verdi.
Napoleonun Rusiyaya yürüşü ilə eyni vaxtda, 1812-ci ildə başlayan və iki il sonra
başa çatan ingilis-amerikan müharibəsi baş verdi. ABŞ hələ Tomas Ceffersonun
prezidentliyi dövründə kontinental blokada tətbiq etmişdi. Belə qarşıdurma vaxtı
Britaniya donanması fransız-amerikan ticarət əlaqələrini pozmaq üçün, amerikan
gəmilərini, onlarda ingilis dezertir dənizçilərinin gizlənmələri bəhanəsi ilə tuturdu.
313
«Çesapik» freqatı ilə olan insidentdən, 1807-ci ildə ABŞ-da Embarqo Aktının və 1810-cu
ildə müdaxilə etməmək barədə qanunun qəbul edilməsindən sonra ölkədə, xüsusən
Yeni İngiltərədə «müharibə partiyası» formalaşdı. Həmin dövrdə Konqressə İngiltərə
ilə müharibə tərəfdarları olan «quzğunlar» seçildilər. Onlar ABŞ ərazisinin Kanada və
Florida hesabına (o vaxtlar Kanada Böyük Britaniyanın, Florida isə İspaniyanın
tabeliyində idi) genişləndiriləcəyinə ümid bəsləyirdilər. Prezident Ceyms Medison
patsifist olsa da, İngiltərə ilə müharibəyə başlamağa məcbur oldu. 18 iyun 1812-ci ildə
Medison və Konqress İngiltərəyə müharibə elan etdi. Başlanğıcda müharibə Amerika-
Kanada sərhədində, Çesapik və Meksika korfəzlərində gedirdi.
Həm də əks tərəflər intensiv dəniz müharibəsi aparırdılar. Beş gəmidən ibarət
ingilis eskadrası Amerika sahillərini blokadaya aldı, amerikan kaperləri (hökumətin
razılığı ilə özəl şəxslərə məxsus olan gəmilər tərəfindən düşmən kommersiya gəmilərini
tutmaqla, əslində dəniz quldurluğu ilə məşğul olanlar) isə 200-dəq artıq ingilis tacir
gəmilərini tutmuşdular.
İngilislər tədricən amerikan sahillərinin blokadasını onun bütün uzunluğu
boyunda gücləndirdilər. 1814-cü il ərzində isə Avropada Napoleon üzərində qələbədən
sonra ABŞ-ı yenidən böyük məğlubiyyət təhlükəsi gözləyirdi. Prezident Medison ordu
komandanlığını səhvən inqilabın yaşlı veteranlarına etibar etmişdi. Müharibənin son
ilində isə generalların orta yaşı 60-dan 36-ya endi və bu, prezidentin populyarlığını
artırdı.
Böyük Britaniya amerikanlarla mübarizəyə böyük qüvvələr göndərirdi, ABŞ
hökuməti isə 1814-cü ilin payızında xərcləri artıq ödəmək qabiliyyətində deyildi. Yeni
İngiltərə, Nyu-Orlean və Çesapik körfəzi ilə ABŞ-ın digər hissələrinin əlaqəsini kəsmək
üçün ingilislər əsas istiqamət kimi Nyu-Yorku seçdilər.
1814-cü il kampaniyasında ən böyük hadisə Vaşinqtona hücum idi, bundan
məqsəd Kanadadakı Yorkun (indiki Toronto şəhərinin) dağıdılmasının intiqamını
almaq idi. 3600 nəfərlik desant qüvvəsindən ibarət olan eskadra Potomak çayına girdi
və Vaşinqtona doğru hərəkət etdi. 24 avqustda axşam ingilislər şəhərə girib, onu qarət
etdilər, ən yaxşı hökumət binalarını – Kapitolini, Ağ evi yandırdılar. Onlar həm də
nəhəng ölçüdə qənimət ələ
keçirdilər. Amerikan ordusunun baş komandanı, prezident Medison paytaxtdan qaçdı.
Bu vürüş vaxtı həm də 17 kaper qayığından ibarət olan amerikan donanması məhv
edildi.
Britaniyalılar Vaşinqton üzərində öz bayraqlarını qaldırdılar. Kapitoli binasında
o vaxt hələ mərkəzi rotonda tikilməmişdi, ona görə də birləşməmiş Senatın və
Nümayəndələr Palatasının, həmçinin Konqress Kitabxanasının binalarının interyerləri
yanğınla məhv edildi. Bu vaxt Vaşinqtonda tufan baş verdi, onunla birgə yağan leysan
yağış qalın divarları yanğından xilas etməklə, binanın xarici görünüşünü qoruyub
saxladı. İngilislər Prezident iqamətgahını yandırdıqda, alova yanacaq atırdılar ki,
yanğın sonrakı gün də davam etsin.
İngilislərin hücumundan sonra, bir sutkadan az olan müddətdə güclü tufan
leysan yağışla birlikdə əksər binaların yanğınlarını söndürdü. Bu vaxt həm də paytaxtın
mərkəzi ilə tornado tüğyan etdi, burağan üç ton ağırlığında olan topları göyə qaldırıb,
bir neçə yard uzağa tullayırdı. Bunun nəticəsində xeyli Britaniya əsgəri və şəhər sakini
314
öldü. Tufan britaniyalıları öz gəmilərinə qayıtmağa məcbur etdi. Vaşinqtonun işğalı
vur-tut 25 saat davam etdi. Təbiət qalib ingilisləri geri çəkilməyə məcbur etdi, digər
məşhur sələfləri kimi onlara da yaxşı dərs verdi.
Medisonun paytaxtı onun bir gecəsini keçirdiyi Montqomeri mahalındakı kiçik
Brunvill şəhəri oldu. Ölkənin birinci ledisi Dolli Medison, hökumət qaçanda
Vaşinqtonda qalmışdı ki, qiymətli şeyləri hücum edən britaniyalılardan xilas etsin. O,
prezident Vaşinqtonun divardakı portretini çıxartdırıb, özü ilə götürmüşdü.
Prezident Medison və ondan bir neçə gün sonra Konqress də paytaxta qayıtdı.
Konqressin xüsusi sessiyası Kapitoli və digər ictimai binalar dağıdıldığından, Poçt
binasında və Patent idarəsi binasında keçirildi.
Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ
təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton
dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi,
baxmayaraq ki, paytaxtın başqa şəhərə köçürülməsi barədə də təkliflər mövcud idi.
Vaşinqton tarixdə bircə dəfə, özü də bircə günlüyə işğala məruz qaldı və bir
daha heç vaxt öz ərazisində düşmən əsgərini görmədi. Yəqin ki, amerikanlar da
yaponlar kimi təbiətin əliaçıqlığına minnətdar olmalı idilər. Bütövlükdə isə müharibə
1814-cü ilin dekabrında Gent sülh müqaviləsi ilə başa çatdı.
Hitler ordusunun Rusiya qışından, qarından, sərt şaxtasından, yağışın payızda
əmələ gətirdiyi və texnikanın hərəkətini çətinləşdirən palçığından necə böyük əzab
çəkdiyi, çətinliklərlə üzləşdiyi yaxşı məlumdur. Almanların iki böyük məğlubiyyətində
- Moskva ətrafındakı və Stalinqrad döyüşlərində sovet əsgərinin fədakarlıqla vuruşması
ilə yanaşı təbiətin də alman qoşunlarına amansızlıq göstərməsi heç də sirr deyildir.
Nazik paltarda olan alman zabitləri və əsgərləri sərt şaxtaya və soyuğa dözə bilmirdilər.
Hitler Sovet ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq üçün hər şeyi Rusiyanın
sərt qışının üstünə yıxırdı. Lakin 1943-cü ilin iyununda Kursk vilayətindəki məşhur
Proxorovka tank döyüşündə Sovet ordusunun böyük qələbəsi onun bu izahlarını alt-üst
etdi. Alman ordusu SSRİ ərazisi ilə geri çəkildikcə, ilin fəsillərindən asılı olmayaraq ağır
məğlubiyyətlərdən yaxa qurtara bilmirdi.
Hitler SSRİ-yə xaincəsinə hücum edərkən Bismarkın Rusiyaya müdaxilənin
təhlükəliliyi barədəki vəsiyyətinə məhəl qoymasa da, öz qoşunlarını əlavə sınağa
çəkəcək stixiyanın yenilməz qüvvəsini nəzərə almalı idi. Britaniyanı əzmək, diz
çökdürmək üçün əlavə resurslara sahib olmaq və qələbə çalmaq ümidi ilə Rüsiyaya
yürüşə başlasa da, onun həm də ildırım sürəti ilə gedəcəyini əsas götürsə də, təbiətin də
öz ferz qambitini işə salmaqla, istənilən ən yaxşı planı da poza bildiyini o, hökmən
nəzərə almalı idi.
Təbiət avantürist xarakterli Hitlerə də başqaları kimi ağır və onu məhvə aparan
dərsin verilməsində heç də öz sehrliliyini əsirgəmədi.
İşğal müvəqqəti xarakter daşıyır
Müharibələrdə müvəqqəti ərazi işğalı sonralar ağır nəticələrə səbəb olur. Əksər
müharibələrin tarixi bu mülahizənin düzgünlüyünə şübhə yeri qoymur.Başqasının
315
qanına susamaq, ərazisini işğal etmək həvəsi uzun sürmür, bəzən həmin dövlətin, hətta
xalqın tarix səhnəsindən yoxa çıxmasına gətirb çıxarır.
Qədim dünyada Assuriya ( b. e. ə. XIV – IX əsrlər) müharibə aparmaqla
Mesopotamiyanı və qonşu ölkələri işğal etmişdi. Həmin cəmiyyətin qaydaları qəddarlıq
üzərində qurulmuşdu. Assuriya çarları qan axıtmaqdan həzz alırdılar. Bu dövlətdə qan
tökmək hərisliyi adamların şüuruna təlqin edilirdi, onların xarakterinin mühüm
cəhətinə çevrilirdi. Hətta ov səhnələrinin təsviri də bu məqsədə xidmət edirdi.
Yaxud, Hett dövləti ( b.e.ə. XVIII – XII əsrlər ) Misirlə rəqabətdə müharibələrə meyl
edirdi. Hett çarı bir şəhəri viran qoymuş, onun torpağını şumlatdırmış, orada zəhərli
bitkilər əkmişdi ki, həmin ərazidə düşmənləri bir daha şəhər sala bilməsinlər. Bu,
həmin dövr üçün ilk bioloji silah idi. Hettlər yeni silah da icad etmişdilər, döyüş
arabasının təkərlərini arxadan ortaya gətirmişdilər. Bu ona möhkəmlik, iki döyüşçünü
daşımaq imkanı vermişdi. Belə araba əslində müasir tank kimi idi, düşmən
qoşunlarının içərisinə soxula bilirdi. Ona görə də hettlər b. e. ə. XIII əsrin ortalarında
Misir faraonu II Ramzesə Kadeş döyüşündə qalib gələ bilmişdilər. II Ramzes isə
vətəninə qayıtdıqdan sonra saxtakarlıqla özünün qalib gəldiyini geniş təbliğ etməyə
başladı. Bəzi tarixçilər isə döyüşdən sonra həmin dövrün bu iki fövqəldövləti arasında
bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, heç bir tərəfin qalib gəlmədiyi
mülahizəsini irəli sürürlər.
Karfagen isə Aralıq dənizi regionunda, əslində o dövrün dünyasında ağalıq etmək
eşqınə düşdüyünə görə b. e. ə. 264 – cü ildən başlayaraq bütövlükdə yüz ildən çox bir
müddətdə üç dəfə Roma ilə ölüm-dirim savaşı aparmış və hər dəfə də məğlub
olmuşdu. Axırıncı müharibə özünü intihar xarakteri daşımış, Karfagen məhv olmaqla,
tarix səhnəsini tərk etmişdi. Xalq da Karfagen hakimiyyətinin böyük iddiasının
qurbanına çevrildi. B. e. ə. 146-cı ildəki III Puniya müharibəsində qalib gələn romalılar
Karfagenin yarım milyon əhalisinin əksəriyyətini məhv edib, əlli min nəfərini əsir
götürüb, bu gözəl şəhəri yandırdıqdan sonra , hettləri təqlid edərək, şəhərin ərazisini
şumlayıb, duz səpmişdilər ki, orada heç nə bitməsin.
Tarixin dəhşətli ironiyası ondadır ki, nəinki bu dövlətlərdən, heç onların
xalqlarından, assuryalıların kiçik, həm də dağınıq qalıqları nəzərə alınmasa, qədim
keçmişin dumanlı xatirələrindən başqa heç nə qalmadı. Bu siyahıya b. e. ə. VI əsrin
sonlarında Roma üçün böyük təhlükəyə çevrilən etruskları da əlavə etmək olar.
İmperiyalar bir qayda olaraq müharibələr, qan tökülməsi hesabına yaranırdı.
Qədim Roma çox əraziləri işğal etsə də,.həm də qurbanlar verməyə məcbur olurdu. Kişi
cinsindən olan qədim romalılar müharibədə həlak olur, qadınlar isə uşaq doğanda
ölürdülər. Müasir dövrdə isə təcavüzkar ordunun əsgərləri döyüşdə həlak olur, onların
arvadları və uşaqları isə yoxsulluqdan, ölkənin müflisləşməlsindən ölürlər.
İnsan qırğını hesabına başa gələn imperiyaların taleyi də öz faciələri ilə maraqlıdır.
Nə Assuriyadan, nə Hett imperiyasından, nə Qədim Roma imperiyasından bir əsər-
əlamət qalmadı. Böyük Karlın yaratdığı Qərb imperiyası da, Napoleonun Avropa
imperiyası da eyni sonluqla üzləşdi. Çox təəssüf ki, tarixin dərsləri ağılsız adamlar
üçün heç vaxt ibrət nümunəsi ola bilmir.
316
Hitler ən azı Avropa ağalığı iddiasında idi, yapon militaristləri isə Yaponiyanın
Asiyaya hökmran olacağına ümid bəsləyirdilər, əvəzində isə öz ölkələrinin işğal
edilməsi
kimi bir layiqli «mükafata» layiq görüldülər. Bu həqiqəti bütün imperiyaların taleyi bir
daha təsdiq edir. Müharibələr, qəddarlıqlar hesabına yaranan imperiyalar bəzən başqa
bir müharibənin nəticəsində dağılır, yoxa çıxırdı. Təkcə I Dünya Müharibəsindən sonra
dörd imperiya – Avstriya- Macarıstan, Osmanlı, Almaniya və Rusiya imperiyaları
tarixdən silindi. Müstəmləkə ölkələri xalqlarının milli-azadlıq hərəkatı Britaniya
imperiyasının da dağılmasına səbəb oldu, 1960-70-ci illərdə Afrika qitəsi
müstəmləkəçilik boyunduruğundan birdəfəlik xilas oldu. Ümumiyyətlə, imperiyalar
tarixi qanunlar əsasında dağılır.
Yalançı imperiyaların ömrü isə daha qısa olur. Mərkəzi Afrika Respublikası 1960-cı
ildə müstəmləkəçilikdən azad olduğu halda, daha çox kannibalizmə meyli ilə
«məşhurluq» qazanan prezident Jan Bedel Bokassa hakimiyyətdə olanda ölkənin adını
dəyişdi. Özünün
imperator adlanması üçün vur-tut 8 milyon əhalisi olan kiçik bir dövləti 1976-cı ildə
uydurma qaydasında imperiyaya çevirdi. Üç il sonra Bokassa vəzifəsi ilə vidalaşdıqdan
sonra bu adlar bütünlüklə ləğv edildi. Neoimperializm eşqinə düşənlər qoy bu biabırçı
faktı nəzərdən qaçırmasınlar.
Müasir dövrdə başqa xalqın torpağını zəbt etmək anomaliya hesab olunur. Təəssüf
ki, düşmənçilik toxumu səpən bəzi qatı millətçilər bu iyrənc məqsədi də məqbul hesab
edir, qonşuların torpaqlarına sahib olmağa can atırlar. Bu yolla əslində onlar öz xalqını
da fəlakətə sürükləmiş olurlar.
Təcavüzə meyl edən xalqın dostu və qonşusu olmaq çətindir. Belələri fürsət düşən
kimi xəyanətə əl atmaqdan çəkinmir, dostluğa qara nankorluqla cavab verməyə adi hal
kimi baxır.
Qatı erməni millətçiləri tarixin təkərini daim geri döndərməyə can atırlar. Onların öz
ideyalarını həyata keçirmək cəhdi, sönmüş vulkan üzərində çiçək ləki salmağa
bənzəyir. Görən vulkan oyananda bu ləkin taleyi necə olacaqdır ?
Qatı millətçilik daim münaqişə toxumu səpir, müharibə tonqalını alovlandımağa
cəhd edir. Mazoxist təbiətli bu şəxslər insanları sürüyə döndərmək istəyirlər ki,
onlardan öz alçaq niyyətləri üçün istfadə edə bilsinlər. Təəssüf ki, bəzi xalqlar
aldadılmaya məruz qalır, yalan dumanına gömülürlər. Buna nail olanlar təkcə
qonşusuna qarşı deyil, öz xalqına da xəyanət etmiş olurlar. Bu o vaxt daha iri miqyas
alır ki, həmin iyrənc prosesə dövlət özü istiqamət verir.
Riyakarlıqdan uzaq olan xalqı isə əsasən tarixdə öz sağlam mənəvi izini qoymuş
ayrı- ayrı şəxslərlə müqayisə etmək olar. Axı həmişə vicdanlı adamlar olmuşdur,
əvvəlki dövrlərdə belə şəxslər ya müqəddəslər siyahısına daxil edilirdi, yaxud da
tonqalda yandırılırdılar. Məgər
vicdanlı xalq ona qarşı törədilən xəyanətin əzablarını anlaşılmayan laqeydlik hesabına
uzun illər boyu çəkməlidirmi? Axı vicdanlı, sülhsevər xalqın layiq olduğu münasibəti
ummağa tam haqqı vardır.
Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmaqla, uzun illərin mirası
olan Dağlıq Qarabağa və işğal edilmiş digər ərazilərinə dair problemlə üzləşmişdir.
317
Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün Ermənistan müharibə ilə
yanaşı hər cür vasitələrə də əl atılır. Ancaq unudur ki, heç bir dövlət öz ərazisinin
parçalanmasına nəyin bahasına olursa-olsun yol vermək istəmir. Bunu XIX əsrdə real
separatizmlə üzləşmiş Amerika Birləşmiş Ştatlarının tarixi təcrübəsi də sübut edir. 1861-
1865-ci illərin Vətədaş müharibəsində yeddi ştatın Birlikdən ayrılması ilə, ayrıca dövlət
- Konfederatı yaratmış Cənub separatçıları məğlub oldular və ABŞ-ın ərazi bütövlüyü
və birliyi qorunub saxlandı. Həmin dövrdə ABŞ prezidenti olmuş Abraham Linkoln
ümumiyyətlə separatizm barədə fikir yürüdərək demişdi ki, əgər azad və demokratik
ölkələr parçalanmaqda davam etsə, yalnız elə ölkələr qalacaq ki, oonlar separatistlərə
səs hüququ verməyəcəklər, başqa sözlə o ölkələr ki, oranı “möhkəm əl” idarə edir.
Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməklə yanaşı, onun əhalisinin
hüquqlarına tam təminat vəd edir. Ona görə də tarixi və hüquqi ərazisinin
parçalanması ilə heç cür razılaşıla bilinməz. İndiki mərhələdə müharibə qızğın şəkildə
getməsə də, hələ başa çatmamışdır. Nə qədər ki, işğal edilmiş torpaqlar azad
olunmamışdır, bu müharibənin sona çatdığını güman etmək olmaz.
Vaxtilə öz xalqını qanlı müharibəyə cəlb edən erməni millətçi ziyalıları artıq
hörmətdən düşmüş, nüfuzlarını xeyli itirmişlər. Onlar milləti mənəvi qanqrenaya
məruz qoymuşdular. Ermənistandakı “ müharibə partiyası “ da hakimiyyətdə özünü
artıq rahat hiss etmir. İndi onların yerini öz xalqının gələcəyi yaxından düşündürən
həqiqi ziyalılar tutmalıdır və bu sülhsevər qüvvə işğal müharibəsi siyasətinə qəti yox
deməlidir. Axı ədalətsiz işğal müharibələrində müxtəlif ingilis ziyalıları da Britaniyaya
məğlubiyyət arzu edirdilər, hətta faşist Almaniyasında da bəzi vətənpərvərlər Üçüncü
Reyxə məğlubiyyət diləyirdilər, çünki onlar uzaqgörənliklə Almaniya ərazisində 1945-
ci ilin yazının dəhşətlərinin baş verməsini istəmirdilər. Məgər erməni ziyalıları arasında
ciyərləri qatı millətçilik havası ilə zəhərlənməmiş adamlar yoxdurmu? Onlar öz
səslərini qaldırsalar, erməni xalqı da, müharibə törədənlərin onu hansı uçuruma
üuvarladığını aydın dərk edəcəkdir.
Azərbaycanlılar düşmənçiliyin davam etməsinin, vendettaya çevrilməsinin
tərəfdarları deyillər, bu şərtlə ki, ermənilər də eyni mövqedən çıxış etmək təşəbbüsü
göstərsin. Belə vəziyyət o vaxt mümkün ola bilər ki, Ermənistanda düşmənçiliyə rəvac
verənlər siyasətdən uzaqlaşdırılıb, idarəetmə xalqın öz torpağında, həm də öz qonşusu
ilə dinc şəraitdə yaşamağı hər şeydən üstün tutan siyasi qüvvələrə etibar edilsin.
Azərbaycan əraziləri hökmən işğaldan azad olunmalıdır. Bu sülh yolu ilə baş
verməsə, alternativin necə olacağı heç kəs üçün sirr olmamalıdır. Bu heç də fantom
hədəsi deyildir, əlavə qan axıdılmaması üçün işğalçılılara edilən, həm də azərbaycan
xalqının iradəsini ifadə edən rəsmi xəbərdarlığın əks-sədasıdır, idrak qulağı ağır
eşidənlər üçün həmin bəyanatın sadəcə olaraq yenidən səslənməsidir.
Ədalətin zəfəri naminə Allah da öz qüdrətini nümayiş etdirə bilər. Bibliyada
göstərildiyi kimi, Misirdəki qul həyatından xilas olmağa çalışan yəhudilərə mane olan
faraonun ölkəsinə Allah çox sayda bəlalar göndərmişdi, indi də O, özgə torpağını
əsarətdə
saxlayanlara bəlalar bəxş edə bilər. Öz çirkin niyyətlərinə görə Allahını da dananlar bu
ehtimala rişxəndlə baxa bilərlər. Təbiətin işğalçıları məruz qoyduğu ağır cəzalar isə
yuxarıda sadalanan misallardan aydın görünür. Təcavüzkarlar həm də torpaq
318
sahiblərinin başqa vasitələrə əl atacağı imkanını nəzərdən qaçırmamalıdırlar. Bu
bəlanın onları haqlayacağına, təəssüf ki, hələ də ciddi yanaşılmır, axı troyalılar da heç
öz çarlarının qızı Kassandranın xəbərdarlığına qulaq asmayıb, fəlakət qapısını
döymüşdülər. Troyanın faciəli aqibəti isə Homerin dühası hesabına hamıya yaxşı
bəllidir. Siqnalları aydın şəkildə gələn sabahın bədbəxtliyinə bu gün göz yummaq
böyük qəbahətdir və qədim romalılar demişkən: “ignoratia non est argumentum” –
“cahillik heç də səbəb deyildir”.
Son
noyabr, 2014-cü il
Dostları ilə paylaş: |