Meritokratiya və həqiqi demokratiya qüsurlara müəyyən sədd çəkə bilər
Eybəcərliklərin, qüsurların çoxu həm də dövlət quruluşunun tipindən irəli
gəlirdi. Onlara şərait yaradan cəmiyyət bu qüsurlardan bumeranq zərbəsi alır, zəifləyir,
dövlətin əvvəlki forması öz yerini daha mükəmməl olanlara verir. Belə dövlətlər xeyli
dərəcədə stabil ola bilərlər, çünki yüksək zümrələr bir-birlərinə güzəştə getməklə,
möhkəm dairə yaradırlar. Adamlar fərdi fayda axtarışında ümumi qaydanı, sabitliyi
pozmamaq yolunu tuturlar. Bütün bunlar rituallarla, dinin təsiri və ideyalarla
möhkəmlənir, onlar elitanın idarə etməsinin konkret formasına legitimlilik verir. Belə
elit qruplar cəmiyyətdəki digər qruplardan daha yaxşı təşkil olunmuşdur. Xüsusən də
qədim ölkələrin əsas əhali kütləsini təşkil edən aqrar cəmiyyətlərdəki dağınıq və kasıb
kəndlilər etiraz etmək gücünə malik olmurdular. Yeni tarix dövründə də kəndli
qiyamları məğlubiyyətlə nəticələnirdi. Rusiya tarixindən göründüyü kimi Stepan
Razinin 1670-1671-ci illərdəki və ya Yemelyan Puqaçovun 1773-1775-ci illərdəki Kəndli
müharibələri adlanan üsyanları çar hökuməti tərəfindən asanlıqla yatırdılmış, onların
rəhbərləri edam edilmişdilər. Axı onların silah əldə etmək üçün böyük imkanları yox
idi, həm də zorakılığı tətbiq etmək sferasında yaxşı hazırlığa malik deyildilər.
Müasir dövlətlərdən əvvəlki və elit qrupların başçılıq etdiyi bu quruluşların
oxşar tipləri əsrlər boyu yaşamaqda davam etmişdi. Onlar zamanın nəbzini tutmağı da
bacarırdılar. Ona görə də ordunun yaradılmasında öz ümumi prinsiplərindən vaz
keçib, bu işdə meritokratik (layiq olanların idarəçiliyi qaydasında) seçmək üsulundan
istifadəyə meyl etdilər. Məhz çinlilər hələ bizim eradan əvvəl III əsrdə meritokratiyanı
icad etmiş və vəzifələri tutmaq üçün dövlət imtahanları qaydasını tətbiq etməyə
başlamışdılar.
Səmərəli idarəetmə prinsipi meritokratiya olan kimi, demokratiyanın prinsipi isə
idarəetmədə xalqın iştirakıdır. Elə etmək olar ki, bu iki prinsip bir yerdə işləsin, lakin
onların arasındakı gizli gərginlik qalacaqdır. Ancaq bu prinsiplərin arasında
antaqonizm yoxdur və onlardan ağıllı qaydada vəhdət şəklində istifadə edilsə, onlar
319
yaxşı şəkildə uzlaşa, çuğlaşa, bir-birinə nüfuz edə bilərlər. Ona görə də dövlət
idarəçiliyində meritokratiya elementlərinin tədricən ayaq açmasına yalnız müsbət
yanaşmaq lazımdır.
Əgər dövlətə loyallıq ailəyə, dinə, tayfaya loyallıqdan üstün tutulursa, bu,
etimadın sosial kapitalının daha geniş radiusunu tələb edir.
Dövlət institutları çox vaxt tarixi irslərlə müəyyən olunur və ya xarici qüvvələr
tərəfindən formalaşır. Ona görə də müasir dövlətlərdə keçmiş quruluşların relikt
qalıqlarını, atavizm elementlərini tapmaq çətin deyildir, özü də bunlar həm müsbət,
həm də mənfi xarakter daşıya bilər. Axı keçmişin bütünlüklə rədd etmək mümkün
deyildir, onun kabusu addımbaşı özünü xatırlatmamış qalmır. Əgər keçmiş böyük
mədəniyyət, ədəbiyyat və incəsənət yaratmışdırsa, ona necə qapıları bağlamaq, belə
nəhəng irsə göz yummaq olar?!
Dostları ilə paylaş: |