Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə40/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   36   37   38   39   40   41   42   43   ...   105
 

V. I Dünya müharibəsi 

 

I Dünya müharibəsinə gedən yol 

 

28 iyun 1914-cü ildə Avstriya taxt-tacının varisi, ershersoq Frants-Ferdinand 



Bosniya şəhəri Sarayevoda qətlə yetirildi. Bu hadisə Avstriya ilə Serbiya arasındakı 

əksdurmanın nəticəsi olmasına baxmayaraq, I Dünya müharibəsinə aparırdı. Müharibə 

isə heç də labüd deyildi, çünki əvvəllər Avropa liderlərinin qətlə yetirilməsi 

müharibəyə səbəb olmamışdı və Avropa dövlət xadimləri belə münaqişələri 

lokallaşdırılmış və yatırmışdılar.  

Lakin bu vaxt Avropada militarizm güclənmişdi. İri kütləyə malik olan orduların 

böyüməsi Avropada mövcud olan münaqişələri kəskinləşdirmişdi. Ordular böyüdükcə 

hərbi liderlərin də təsiri artırdı. 1914-cü ilin yayı ərzindəki böhranda generallarda 

Avropa siyasi liderlərinə xas olan çeviklik yox idi, ona görə də siyasi vasitələr əvəzinə 

hərbi qərarlara üstünlük verildi.  

Bu dövrdə müharibəyə cəlb olunacaq beş imperiyadan üçünün imperatorları bir-

birlərinə yaxın qohum idilər. Onlar Almaniyanın, Böyük Britaniyanın və Rusiyanın 

imperatorları olmaqla, titulları əsasən kayzer, kral və çar kimi işlənirdi. Almaniyanın 

kayzeri II Vilhelm Böyük Britaniya kralı V Corcun bibisi oğlu idi, onların hər ikisi 

Britaniya kraliçası, 1901-ci ildə vəfat edən Viktoriyanın nəvələri olmaqla, qızının və 

oğlunun övladları idi. Rusiya çarı II Nikolay isə Britaniya kralı V Corcla xalaoğlu idi, 

onların anaları Danimarka kralının qızları olmaqla, printsessalar idi. II Nikolayın arvadı 

da kraliça Viktoriyanın nəvəsi idi.  

Görən taxt-taca yiyələnmiş bu adamlar niyə tabeliklərində olan xalqları, ölkələri 

ilə yanaşı, özlərini də bu ölümcül təhlükənin ağuşuna atırdılar? Axı qətlə yetirilən 

Avstriya ershersoqu və ya onu qətlə yetirən Qavrilo Printsip ilə onların bilavasitə heç 

bir əlaqələri yox idi. Əgər Avstriya-Macarıstan bir serb cavan oğlan olan qatilə görə 

bütöv Serbiyadan qisas almaq istəyirdisə, nəyə görə Almaniya öz müttəfiqini müharibə 

başlamağa təhrik edir və əks tərəfdəki böyük dövlətlərə hədə gəlirdi. II Vilhelm öz 

doğma anasının və məşhur kraliça nənəsinin vətəninə qarşı müharibəyə başlamaqla 

hansı bir məqsədi güdürdü? Bu vaxt Böyük Britaniya dünyanın ən böyük dövləti idi. 

İmperiyada 0,5 milyard nəfər və ya planetin ərazisindəki bütün əhalinin dörddə biri 

yaşayırdı, Hindistana,  Afrikanın yarısına malik idi. Axı Napoleon kimi istedadlı 

sərkərdə və dövlət xadimi ada dövləti olan Böyük Britaniyanı diz çökdürə bilməmişdi 

və axırda ingilis generalının başçılıq etdiyi birləşmiş Britaniya və Prussiya orduları 

tərəfindən qəti və axırıncı məğlubiyyətə uğradılmışdı. Digər tərəfdən, Britaniya 

imperiyası iqtisadi inkişafda yüksək zirvələri fəth edəndə, yenicə birləşmiş Almaniya 

Avropanın böyük dövlətləri ailəsinə daxil olmuşdu. Bu süfrəyə gec gəlsə də, böyük 



249 

 

iştah nümayiş etdirən Almaniya qısa müddətdə yüksək sənaye inkişafına malik 



olmuşdu. Lakin hərbi cəhətdən digər böyük dövlətləri məğlub etmək barədə elə də 

böyük şansa malik deyildi. İllüziya isə müharibə kimi olduqca ciddi bir işdə arqument 

rolunu oynaya bilməzdi.  

II Vilhelm militarizmə ümdə fikir verirdi, güclü hərbi-dəniz donanmasına sahib 

olmağa can atırdı. Axı XX əsrin başlanğıcının İngiltərəsi nə b.e.ə. III əsrin ortalarının 

Karfageni deyildi, nə də Almaniya həmin dövrün Romasına çevrilib, dəniz 

müharibəsində ən yeni silah olan sualtı qayıqlara bel bağlasa da, İngiltərəni 

məğlubiyyət acısını dadmağa məcbur edə bilməzdi. İspanların məğlubedilməz 

Armadası da Çarlz Hovarddan və Frensis Dreykdən, XIX əsrin başlanğıclarında isə 

fransız və ispan birgə donanmaları da Trafalqar döyüşündə isə admiral Nelsondan 

yaxşı dərs almışdılar. Tarixin belə ibrət dərsləri olan yerdə görən Almaniya kayzeri 

özünü hansı xəyallarla qidalandırırdı.  

II Vilhelm taxt-taca çıxdıqdan iki il sonra Almaniyanın birləşməsinin, yeni iri 

Avropa dövlətinin beşiyi başında dayanmış, iki onillik əvvəl Fransanı ağır 

məğlubiyyətə uğradan, bu qələbənin «qılıncını döyən» Bismarkı imperiyanın 

reyxskanslerliyindən uzaqlaşdırmışdı. Bismark militarist siyasət aparsa da, öz 

dövlətinin və onun rəqibinin imkanlarına yaxşı bələd olduğundan ağır səhvlərdən 

qaçmağı bacarırdı.  

II Vilhelm isə hərbi təlim keçsə də, hərb və ən başlıcası siyasət aləmində 

Bismarkla heç cur müqayisə oluna bilməzdi, diplomatiyada isə ona bütünlüklə 

uduzurdu. Lakin bədbəxtlikdən Bismarkdan yaxasını qurtarıb, sərbəstliyə malik olsa 

da, bu mövqeyindən ustalıqla deyil, xəyallara qapılmaq yolu ilə istifadə etməyə 

çalışırdı. Alman hərbi maşınının hər şeyə qadir olması barədəki dayaz düşüncə onu 

müharibə cığırlarına düşməyə sövq etmişdi. II Vilhelm əgər Yeddiillik müharibədə 

böyük Fridrixin Rusiya tərəfindən ağır vəziyyətə salındığını, rus qoşunlarının Berlin də 

daxil olmaqla, Prussiyanın xeyli hissəsini tutmasını, yalnız taleyin çar III Pyotr 

şəklindəki mükafatı ilə bu bəladan xilas olduğunu nəzərə alsaydı, yəqin ki, Avropanın 

hərbi cəhətdən heç də zəif olmayan üç böyük dövlətinin yaratdığı ittifaqa – Antantaya 

qarşı müharibəyə girişməzdi. Axı onların potensial müttəfiqi olan ABŞ da nəzərə 

alınmalı idi.  

II Vilhelmdən 25 il sonra Hitler də sərsəm ideya-fiksə tabe olaraq, bütün Avropa 

ilə müharibəyə girmək kimi ağılsız bir riskə özünü atmışdı. Onların hər ikisinin 

tarixdən dərs almaq imkanı olsa da, onlar buna məhəl qoymamışdılar.  

Hər iki dünya müharibəsi olmasaydı, Almaniya, heç şübhəsiz, dünyanın iqtisadi 

cəhətdən fövqəl dövlətinə çevrilə bilərdi. Almaniya birləşdikdən sonra iqtisadi 

cəhətdən çox güclənmişdi. Çünki hələ 1913-cü ildə Almaniya sənaye istehsalına görə 

Böyük Britaniyanı ötüb keçmişdi. Həm də güclü orduya malik idi.  Lakin həm II 

Vilhelm, həm də Hitler bu imkanı məhv etdi. Çox işgüzar bir xalqı müharibədəki 

məğlubiyyətlə və səfalətlə üzləşməyə gətirib çıxardı. Əlavə «yaşayış məkanı» 

qazanmaq arzusu isə öz ölkələrinin ərazisinin kiçildilməsi ilə nəticələndi.  

İmperiyalar onsuz da öz sonluğuna çatacaqdı. Lakin I Dünya müharibəsi 

tonqalını yandırmağa görə onun başlamasına günahkar olanlar məsuliyyət daşımalı 

idilər. Lakin bu baş vermədi, II Vilhelm cəzadan yaxasını ölkəsindən qaçmaqla 



250 

 

qurtardı, I Frants-İosifi isə təbiətin qanunu sıradan çıxarmışdı. Böyük İtalyan filosofu 



Çezare Bekkariyanın cəzanın cinayətə müvafiq olması barədəki təlimi də öz vacib tətbiq 

imkanını tapmadı.  

1914-cü ildə I Dünya müharibəsinin başlanmasına bəhanə kimi istifadə edilən 

hadisə – Avstriya ershersoqu Frants-Ferdinandan Sarayevoda gənc fanatik tərəfindən 

öldürülməsi idi. Bu qətldə panserb millətçiliyinin təbliğatı müəyyən rol oynamışdı. 

Çünki çox sayda adamlar buna can atırdı. Səbəb isə daha dərin idi. Bundan əvvəlki 

onilliklərdə Avropa işlərinə nəzarət edən böyük dövlətlər – Almaniya, Avstriya-

Macarıstan, İtaliya, Rusiya, Fransa və Böyük Britaniya arasındakı rəqabət və 

düşmənçilik münasibətləri I Dünya müharibəsi kimi bir hadisənin qısa müddətdə 

meydana gəlməsi üçün əslində olduqca zəruri olan bir rol oynadı. 

Bir qədər əvvəlki onilliklərə qayıtsaq, bu düşmənçiliyin təzahürlərinin daha 

aydın nəzərə çarpdığını müşahidə edə bilərik. Bismarkın başçılıq etdiyi Prussiya 

hökuməti 1870-1871-ci illərdə Fransaya qarşı müharibənin qalibiyyət mühitində 

Versalda birləşmiş Almaniyanın yaranması barədə saziş imzalandı. Almaniya sərhəd 

ərazisi olan Elzas və Lotarilgiyanı Fransadan kəsib, özünə birləşdirdi. Fransızların qisas 

alacağının və yeni müharibənin qorxusu altında Bismark təhlükəsizliyi təmin etmək 

naminə 1873-cü ildə Avstriya-Macarıstana və Rusiyaya yaxınlaşaraq, Üç İmperator 

Liqası və ya Drein Kaiservona yaratdı. 1878-ci ildə Berlin Konqressi Rusiyanın 

maraqlarını Türkiyə naminə qurban verdikdə, bu ittifaq iflasa uğradı. Bismark sonra, 

1879-cu ildə Avstriya-Almaniya müqaviləsi bağlandı. 1882-ci ildə bu ittifaqa İtaliya da 

qoşuldu.  

Bismarkın ittifaqlar sistemi özünün paradoksal cəhətlərinə baxmayaraq, 

Almaniya üçün olduqca vacib idi. Çünki Fransa barədəki başlıca qayğı öz 

mövcudluğunu davam etdirirdi. Lakin Avstriya-Macarıstan isə nəyə görəsə Fransadan 

qorxmurdu və əsasən yalnız Balkanlarda maraqlı idi. Osmanlı imperiyasının tənəzzülü 

Balkanlarda yeni dövlətlərin yaranmasına səbəb olmuşdu, onların da hamısı millətçilik 

prinsiplərinə əsaslanırdı. 1867-ci ildə Avstriya-Macarıstan Dual (ikisi birgə) 

monarxiyası yaradıldı, burada yaşayan almanlar (avstriyalılar) və macarlar ümumi 

əhalinin 41 faizini təşkil edirdi, digər irqi azlıqlar üzərində onlar ağalıqlarını 

bölüşürdülər. Bunlara çexlər, slovaklar, polyaklar, ukraynalılar, rumınlar, italyanlar, 

slovaklar, xorvatlar və serblər daxil idi. Balkanlarda yeni dövlətlərin yaranması isə  

Avstriya-Macarıstanı bu prosesi yaxından izləməyə məcbur etmişdi ki, onların 

nümunəsi əsasında ölkəsindəki azlıqlar azadlığa can atmasınlar. Balkanlarda status-

kvonu saxlamaq Avstriya-Macarıstan üçün həm də kifayət qədər çətin bir iş idi. 

Digər tərəfdən, Rusiya Balkan yarımadasının işlərinə fəal müdaxilə etmək 

istəyirdi, Balkan slavyanlarının xeyrinə panslavyan təbliğatı aparırdı, özünü onların 

hamisi hesab edirdi. Türkiyə boğazları – Dardanel və Bosfordan Aralıq dənizinə 

özünün keçidi bağlandıqda, Rusiya «Avropadakı Türkiyənin» ləğv edilməsini qeyd 

etməyə hazırlaşırdı. Çünki bu vaxt boğazlar Rusiyanın hərbi gəmiləri üçün açılacaqdı. 

Rusiyanın Balkanlara münasibəti yalnız Avstriya-Macarıstanla yenidən barışdığına 

görə çətinləşmişdi. İtaliya da artıq öz ənənəvi düşməni olan, onun torpaqlarının 

müəyyən hissəsini bir müddət öz ağalığı altında saxlamış Avstriya ilə barışmışdı, həm 

də Avstriya artıq Fransadan da öz təhlükəsizliyi məsələsində xeyli ümidə malik idi.  



251 

 

1878-ci il Berlin Konqressi Rusiyanın Türkiyə ilə müharibədə qazandıqlarının 



üstündən qalın xətt çəkdi, yalnız Cənubi Bessarabiyanı Rusiyaya verdi. Həmin 

Konqressdə də mühüm  rol oynayan Böyük Britaniya Rusiyanı Aralıq dənizindən aralı 

saxlamaq istəyirdi. Onun bu mövqeyindən Osmanlı imperiyası da faydalanırdı. 

Avstriya-Macarıstan isə bəzi Türkiyə ərazilərini, o cümlədən Bosniya-Herseqovinanı 

«işğal etmək» hüququnu əldə etmişdi, burada isə əsasən serblər yaşayırdı və onun 

ərazisi Serbiya knyazlığı ilə digər cənubi slavyan dövləti olan Çernoqoriyanın arasında 

idi. Bu “işğal” imperiyada serb azlığının çoxalmasına səbəb oldu.  

Böyük Britaniyanın Rusiyaya qarşı Türkiyəni dəstəkləməsi isə uzun müddət 

ərzində davam edən ingilis-rus antaqonizminin cəhətlərindən biri idi. Britaniya 

Rusiyanı Aralıq dənizindən və Yaxın Şərqdən uzaqlaşdırmaq qayğısını çəkirdi, çünki 

ruslar Orta Asiyadan Hindistana və ya Sibir vasitəsilə Çinə doğru irəliləyə bilərdilər. 

Həmin ölkələrlə ticarət isə Britaniya kommersiyası üçün böyük əhəmiyyət daşıyırdı. 

Həm də Böyük Britaniya Afrikanın bölünməsi üstündə Fransa ilə kəskin rəqabət 

aparırdı. Böyük Britaniya artıq 1882-1883-cü illərdə Misir üzərində də nəzarəti əldə 

etmişdi.  

Fransanın Böyük Dövlətlər arasında izolyasiyası tamamlanmışdı. Bismark Fransa 

ilə Böyük Britaniya arasında müstəmləkə cəbhəsində gedən ciddi münaqişəni görürdü. 

Bu isə Böyük Britaniyanı Almaniya ilə alyansa çəkirdi.  

Almaniya dənizlərdən o tərəfdəki müstəmləkələr əldə etmək məsələsi ilə yalnız 

1880-ci illərdə maraqlanmağa başlamışdı. Yeni alman imperatoru II Vilhelm 1888-ci ildə 

taxt-taca çıxdı. O, Bismarkın siyasətdə aparıcı rolunu qəbul etmirdi və 1890-cı ilin 

martında Bismarkı kansler vəzifəsindən azad etdi, Almaniyanın xarici siyasətini «yeni 

kursu» həyata keçirilməyə başlandı, Avropa işlərində Avstriya-Macarıstana yaxın 

ittifaq münasibətləri gücləndi və Almaniya «Dünya dövləti» statusunu qazanmaqda 

irəliyə doğru addım atdı. Rusiyaya qarşı münasibət isə sərtləşdi. Rusiya isə qəflətən 

izolyasiyaya məruz qaldığından Fransa ilə danışıqlara girdi. 

Alman-ingilis müqavilələri özünün bəhrəsiz olduğunu göstərdi. Bu «yeni kurs» 

britaniyalıları artıq dərəcədə narazı salırdı. II Vilhelm həm də Türkiyə sultanı ilə 

dostluq etməyə başladı, «300 milyon müsəlmanın bu xəlifəsinə» (türk sultanları bir neçə 

əsr əvvəldən həm də islam xəlifəsi hesab olunurdular) Almaniyanın himayəsini təklif 

etdi.  

Rusiyanın dünya siyasətində mövqeyi zəifləməkdə davam edirdi. 1904-1905-ci 

illərdə Yaponiyanın Rusiyaya qarşı qalibiyyətli müharibəsi bunu daha da 

intensivləşdirdi. 

Almaniya imperatoru Fransaya qarşı hərəkət etmək üçün gəmi ilə Tanjerə gəlib, 

1905-ci ildəki buradakı çıxışında Mərakeşin müstəqillik əldə etməsinə Almaniyanın razı 

olduğunu bildirdi. Bu vaxt fransızlar hələ də Mərakeş sultanı ilə danışıqlar aparırdı, 

bundan yeddi il sonra isə Mərakeş Fransanın protektoratına çevrildi. Əsas ölkələr də 

Mərakeş məsələsində Fransanı müdafiə edirdi, təkcə Avstriya-Macarıstan Almaniyanı 

dəstəkləyirdi.  

Osmanlı imperiyasında da siyasi təlatümlər davam edirdi. 1908-ci ilin iyulunda 

Gənc Türklər demokratik inqilab həyata keçirdilər, onlar Böyük Dövlətlərin Osmanlı 




252 

 

imperiyasının işinə müdaxilə etmələri üçün onları bütün bəhanələrdən məhrum etmək 



istəyirdilər. Gənc Türklər əsasən Türk millətçilərini təmsil edirdilər.  

1913-1914-cü illərdə Rusiya isə Almaniyanın mübahisəsi hələ də davam edirdi. 

Bu vaxt Balkanlarda baş verən hadisə onları münaqişəyə daha çox yaxınlaşdırdı. Bu, 

yerli serb Qavrilo Prints tərəfindən Avstriya-Macarıstan taxt-tacının varisinin qətlə 

yetirilməsi idi. Bu qətl hadisəsinə görə Avstriya-Macarıstan preventiv müharibəyə 

başlayacağı təqdirdə, Almaniya imperatoru II Vilhelm ona dəstək verəcəyini vəd 

etmişdi.  

Bu, həm də Rusiya ilə müharibə olacaqdı. Bismark isə xəbərdar etmişdi ki

«Ruslarla düzgün oynamaq və ya heç oynamamaq lazımdır».  

Avstriya Serbiyaya qəbulu mümkün olmayan ultimatum verdi ki, sonra ona 

müharibə elan etsin. Bu vaxt Rusiya öz növbəsində elan etdi ki, Avstriya-Macarıstanın 

Serbiyanı məhv etməsinə heç də yol verilməyəcəkdir. Almanlar imperator Frants-İosifi 

Serbiyaya qarşı müharibə aparmaq səlahiyyətinə malik olduğuna inandırdılar. Bunu 

Rusiya cavabsız qoymadı və səfərbərlik elan etdi. Bununla əlaqədar olaraq Almaniya da 

Rusiya və Fransanın tələblərinə məhəl qoymadı. 1 avqustda Almaniya səfərbərlik, 

həmçinin Rusiyaya, iki gün sonra isə Fransaya müharibə elan etdi. Avstriya-Macarıstan 

isə 5 avqustda Rusiyaya müharibə elan etdi. Fransa və Böyük Britaniya isə öz 

növbəsində Avstriya-Macarıstana qarşı müharibə elan etdi.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin