10. İstehsalat zədələnmələri və peşə xəstəlikləri haqqında məlumat
İstehsalat prosesi ilə əlaqədar olaraq insan orqanizmində qəflətən gedən dəyişikliklər istehsalat zədələnmələri yaxud bədbəxt hadisə adlanır.
Məsələn, sınıq, çıxıq, yanma, əzilmə, kimyəvi və istilik yanıqları, elektrik zədəsi, donma və s.
Orqanizmə təsir dərəcəsinə görə zədələnmələr aşağıdakı qruplara bölünür:
- mikrozədələnmə – zədə almış şəxs əmək qabiliyyətini itirmir;
- müvəqqəti əmək qabiliyyətinin itirilməsilə nəticələnən zədələnmə – zədə almış şəxs müvəqqəti olaraq müəyyən müddətə işdən müalicə məqsədi ilə azad edilir;
- ağır zədələnmə, müvəqqəti, yaxud daimi iş qabiliyyətinin itirilməsi ilə nəticələnən zədə – tam yaxud müəyyən bədən nahiyyəsinin əlilliyi ilə nəticələnir;
- ölümlə nəticələnən zədələnmələr – zədə almış şəxs dünyasını dəyişir.
Əgər eyni zamanda bir neçə şəxs zədə almışsa – qrup halında zədə adlanır.
Bədbəxt hadisələr iki halda yarana bilər:
1. İstehsalat prosesi zamanı istehsal vasitələrinin normal işləməməsi nəticəsində, buna istehsalatlarla əlaqəli bədbəxt hadisələr deyilir.
2. İstehsalatla əlaqəsiz bədbəxt hadisələrdir ki, bu da işçinin səhlənkarlığı, səriştəsizliyi, diqqətsizliyi, bacarıqsızlığı nəticəsində baş verir, həmçinin işçinin fizioloji durumu (sərxoş) da bura daxildir. Bəzi hallarda bədbəxt hadisələr qeyri-qanuni hərəkətlər, yəni oğurluq, icazəsiz şəxsi işlərin icrası zamanı və s. səbəblərdən baş verir.
Qeyd etmək lazımdır ki, istehsalat prosesi zamanı, müəssisə daxilində və ya müəssisə xaricində iş saatlarında işəgötürənin tapşırığı ilə işlərin icrası vaxtı baş verən bədbəxt hadisələrə müdiriyyət cavabdehlik daşıyır və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak edir. Lakin istehsalatla əlaqəsiz bədbəxt hadisələrdə müdriyyət cavabdehlik daşımır, eyni zamanda nizam-intizamı pozan işçi əmək qanunvericiliyi çərçivəsində cəzalandırılır.
İstehsalat şəraiti ilə əlaqədar olaraq insan orqanizmində baş verən tədrici dəyişikliklər peşə xəstəliyi adlanır.
Məsələn, uzun müddətli zərərli və zəhərli toz-buxar və qaz ayrılmalarının təsirindən dəridə dermativ, gözlərdə konyuktivit, ciyərlərdə pnevmoteqenoz xəstəliklərin yaranması;
- səs, küy və titrəyişlərin təsirindən ətraflarda əsmə, eşitmə orqanlarında xroniki xəstəliklər, daxili orqanların ürək-damar sisteminin fəaliyyətinin pozulması və s. göstərmək olar.
Bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə aşağıda sadalanan sahələrə və tədbirlərə maliyyə vəsaiti qoymaq lazımdır.
1. Texniki təhlükəsizlik qaydalarına uyğun yeni (modern) texnikanın və texnologiyanın tətbiqinə.
2. İstehsalat avadanlıqlarına əlavə qoruyucuların quraşdırılmasına.
3. Avtomatik söndürmə sisteminin və elektrik təhlükəsizliyinin təkmilləşdirilməsi, yeni qurğu və cihazların tətbiqinə.
4. Mühərriklərin saxlanması zamanı təhlükəsizliyin təmin edilməsi üçün avtomatik avadanlıqlar qurulmasına.
5. Əmək təhlükəsizliyini artırmaq üçün avadanlığın yerinin və ya vəziyyətinin dəyişdirilməsinə.
6. Yanğın və partlayış təhlükəli sahələrdə mühafizə avadanlıqlarının qurulması.
7. Təhlükəli halların səs-işıq işarələri ilə avtomatlaşdırılmasına.
8. Texnoloji sahəni televiziya, radio ilə idarə edilməsinə.
9. İş yerlərində hava ötürücülərinin quraşdırılmasına.
10. Buxar, su, qaz, turşu və s. qovşaqlarının istismarı zamanı təlimat tələbinin aparılmasına.
11. Zəhərləyici və asan dağılan qaynar mayenin və s. mexaniki tökülməməsinə və təhlükəsiz daşınmasına və s.
Peşə xəstəliklərinin qarşısının alınması məqsədi ilə aşağıda sadalanan tədbirlərə maliyyə vəsaiti qoyulmalıdır:
1. şüalanmadan, elektromaqnit təsirindən və s. qorunmaq üçün avadanlıqların quraşdırılmasına;
2. yüksək gərginliyin azaldılması üçün xətlərə ekranlaşdırıcı cihazların qurulmasına;
3. toz və qaz ilə zəhərlənmələrdən mühafizə üçün avadanlıqların hermetikləşdirilməsinə;
4. havatəmizləmə və havadəyişdirmə yollarının tikilməsinə və yenidən qurulmasına;
5. xəstəlik törədən toz, qaz və şüaları göstərən nəzarət sisteminin quraşdırılmasına;
6. titrəyiş, səs-küy azaldan avadanlıqların quraşdırılmasına və s.
Dostları ilə paylaş: |