Lullubi dövləti
E. ə. III minilliyin II yarısında İkicayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkicayarası Akkad dövlətinin hakimyyəti (e.ə. XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. E. ə. XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumu idi. Lullubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin ikinci yarısında Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (e. ə. 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. E. ə. II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır.
Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili özbaşınalıqdan istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. E. ə. III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında (o, cəmi 40 gün hakimiyyətdə qalmışdır.) İkiçayarasında onun hakimyyətinə qarşı e. ə. 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur. Çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal e. ə. I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.
E. ə. II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (e. ə. 1813-1781) turukkilərə qarşı hərbi yuruş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşirlər. Turukkilərin bir hissəsi Assurlarla sülh bağlayır.
E. ə.II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başcılar, yaxud xırda hökmdarlar təmsil edirdilər. Turukkilərin bir neçə, lullibilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövlətləri artıq parçalanmışdılar. Ayrı-ayrı xırda hökmdarların hakimyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turikki, lulubi, kuti və b. tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (e. ə. 1792-1750) Şimali İkiçayarası hadisələrinə müdaxilə etməsinə şərait yaratdı. O, turukki və kuti tayfalarının hücümlarını dəf etdi.
E.ə. XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. yaşayırdılar.
Dostları ilə paylaş: |