Manna dövləti
Müasir Cənubi Azərbaycanın ərazisi e.ə. II miniliyin sonu və xususilə e.ə.I minillikdə Assuriya və Urartu carlarının yürüşlərində adı çəkilən qədim dövlətlərin ərazisini əhatə edir. Urmiya gölünün ətrafında və ondan cənub və şərqə doğru ərazidə yerləşən bu kiçik dövlətlər - Zamua, Gilzan, Allabria, Missi, Uişdiş, Qızılbunda, Andia, Zikirtu, Sanqibuti, Puluadi və b. qədim Şərq dövlətləri - Assuriya və Urartunun daimi ekspansiya obyekti olmuşdur. E.ə. IX əsrin ortalarında bu ölkələr içərisində Manna seçilməyə başlayır. E.ə. VIII əsrin əvvəllərində Manna böyük dövlət birləşməsinə çevrilir, qonşu vilayətləri zəbt edərək Assuriya çarlarına fəal müqavimət göstərir, Urartu ilə mübarizə aparır. Mannanın sərhədləri Cənubda Diyala və Kiçik Zab çaylarının yuxarılarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə isə Urmiya gölü sahilinədək uzanırdı. Təəssüf ki, Manna çarlarının özlərinin yazılı məlumatları bizə gəlib çatmamışdır. Cənubi Azərbaycan ərazisində olan müxtəlif dövlət birlikləri barədə məlumatları biz Assuriya və Urartu mənbələrindən və bu ərazidə tapılan qayaüstü yazılardan əldə edirik. Cənubi Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ərazidə yaşayan tayfaların iqtisadi və mədəni inkişafına təkan verdi. Ərazinin zənginliyi qonşu dövlətlərin daimi diqqətini cəlb edirdi. Urmiyaətrafı ərazi hələ e.ə.III miniliyin ikinçi yarısından yazılı mənbələrdə yer tutur. Bu ərazidə yaşayan ən qədim etnik qrup Kutilər hesab olunur. E.ə.III miniliyin sonunda Akkad mənbələri Urmiya gölünün cənub-şərqində yerləşən ərazidə Lullubi tayfası barədə məlumat verir. Görünür onlar çox güclü olmuş və Assurya çarları ilə daimi mübarizə aparmışlar. E.ə.I minilliyin əvvəlində lul- lubilərin yerləşdiyi ərazi Zamua adı ilə məşhurlaşmış, sonra isə bu ərazinin bir hissəsində mannalılar olmuşlar. Bu ad altında görünür bir neçə qohum tayfalar birləşir. Ancaq sonrakı dövrlərdə də, Manna dövlətinin çiçəkləndiyi dövrdə, bu ərazi “Lullume” adlanmaqda davam edirdi.
E.ə. IX əsrin ortasından burada Manna çarlığı fərqlənməyə başlayır. Urmiyaətrafı hövzədə e.ə. IX əsrin ortalarından başlayaraq Midiya dövlətinin yaranmasına kimi əsas siyasi qüvvə yerli əhalini birləşdirən Manna dövləti olmuşdur. Manna dövlətinin əhalisinin dil mənsubiyyətini hələlik müəyyən etmək mümkün olmamışdır.Bir qrup alim onu hürri dilinə aid edir. Manna dövləti meydana gələnə kimi onun yerləşdiyi ərazidə bir neçə “çarlıqlar” mövcud olmuşdur. Urmiya gölündən cənubdakı ərazidə uzun müddət Zamuanın da adı çəkilir. Urmiya gölünün qərb sahilində Gilzan vilayəti müstəqil çıxış edir. İlk dəfə Gilzan adına Assuriya çarı II Tukilti-Ninurtanın salnamələrində rast gəlinir.
E.ə. 890-884-illərdə Gilzan ölkəsi Assuriyaya tabe olsa da burada görünür çar hakimyyəti saxlanılmışdır və ölkə vergi vermişdir. Bu dövlət birlikləri Assuriya kimi qüdrətli dövlətə qarşı daimi mübarizə aparmışlar. Bu isə onların qüdrətli dövlət birləşmələri olduğunu sübut edir. Bu dövlət birləşmələrinin ərazisində nəhəng möhkəmləndirilmiş qalalar olmuşdur.
Artıq e.ə. I miniliyin əvvəlində Urmiya gölü ətrafı ərazidə şəhər-qalaların olması və ayrı-ayrı vilayətlərin birliyi üçün şərtlər Manna dövlətinin yaranması üçün şərait yaratdı. Manna adı ilk dəfə e.ə. 843-ci ildə III Salmanasar dövründə “Mannaş”, “Munna”, “Minni” formasında çəkilir. Hakimiyyətinin 16-cı ilində - e.ə. 843-ci ildə III Salmanasar öz yürüşlərini təsvir edərək məlumat verir ki, daxili Zamuada bir neçə yaşayış məskənini tutaraq o, Munna ölkəsinə çatır. Ancaq burada Mannanı tutması barədə heç bir məlumat verilmir. Təkçə 14 ildən sonra, e.ə. 829-cu ildə Mannanın adı III Salmanasarın qarət etdiyi ölkələr içərisində çəkilir. Ancaq Mannanın Assuriyaya tabe edilməsi barədə məlumat verilmir. Görünür III Salmanasar vergi almaqla kifayətlənmişdir. III Salmanasar dövründən mənbələr Manna çarları və ölkənin paytaxtı Zirta sonralar İzirtu barədə məlumat verir. Çar Udakidən sonra Manna çarı İranzunun adı e.ə. 718-ci ildə Assuriya mənbələrində xatırlanır. Bu vaxtdan başlayaraq II Sarqonun məlumatlarından görünür ki, Mannada çar hakimyyəti irsi keçmişdir. Aza və Ullusunu İranzunun oğlanları olmuşlar. Ahşeridən sonra Mannanı onun oğlu Uallı idarə etmişdir.
Mannada dövlətin başında vərəsəlik hüququna malik çar dururdu. Dövlətin ərazisi vilayətlərə bölünür, onların başında isə çarın təyin etdiyi adamlar - çanişin dururdu. Mannada çarın hakimyyəti görünür ki, ağsaqqallar şürası olmasına baxmayaraq qeyri-məhdud olmuşdur. Bu çarın tərəfdarları və əleyhidarları arasında daimi mübarizəyə səbəb olurdu. Çar hakimyyətinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı Mannaya Yaxın Şərqdə ən güclü dövlətlərdən biri olmağa imkan verir. Manna ilə qonşu olan vilayətlər ona tabe olur və ya asılı vəziyyətə düşürlər. Manna çarı Ullusunun dövründə Urmiya gölünün cənub-şərqində yerləşən Missi vilayəti Mannaya birləşdirilir və onun sərhədlərində Sirdakka, Zirdiakka qalası tikilir. Mannanın şərq sərhədlərində Qızılbunda vilayəti yerləşirdi. Bu vilayət Mannanı Midiyadan ayırırdı. İndiki Ərdəbil şəhərinin yerləşdiyi ərazi Zikirtu adlanırdı. Bu vilayət Mannadan asılı olmuşdur. Vilayətin Parda adlı çar şəhəri olmuşdur.Mannanın şərq sərhədlərində ən uçqar vilayət Andia idi. Manna dövləti özünün güclü vaxtı Andianı Assuriyalılardan almış və özünə tabe etmişdi. Mannaya tabe olan vilayətlər içərisində Uişdiş vilayətinin də adı çəkilir. Bu vilayət müasir Marağa rayonu ərazisində yerləşmişdi. Mannanın şimal sərhədlərində Subi və Sanqibutu vilayətləri yerləşirdi. Mannanın cənub-şərq torpaqları midiyalıların torpaqları ilə həmsərhəd idi. Midiya tayfa ittifaqlarının adı ilk dəfə e.ə. 834-cu ildə III Salmanasar tərəfindən çəkilir.
Çar Menuadan başlayaraq e.ə. təqribən 810-781-ci illər Urartu çarları Manna barədə danışırlar. Menuanın oğlu I Argiştinin e.ə. təqribən 786-764-ci illərdə və II Sarduri e.ə. təqribən 760-730-ci illər hakimiyyətləri zamanı Urartu çarlarının Manna vilayətlərinə qarşı yürüşləri ardıcıl xarakter daşıyırdı. Eyni zamanda Manna dövləti də Urartuya qarşı tez-tez çıxış edirdi.
Manna dövlətinin öz qonşuları ilə daimi mübarizə etməsi onu zəiflədirdi. Ancaq buna baxmayaraq, Manna güclü qonşuların bir-biri ilə vuruşmasından istifadə edərək öz ərazisini genişləndirməyə nail olurdu. Manna dövləti özünün çiçəklənmə dövrünü çar İranzunun hakimyyətinin əvvəlində və ondan əvvəlki çarlar dövründə keçirmişdir. Təqribən e.ə. 719 və ya 716-cı ildə İranzunun ölümündən sonra onların oğlanları arasında mübarizə başlayır. Onun böyük oğlu Aza taxta çıxır və atasının Assuriyapərəst siyasətini davam etdirir. Ancaq o, tezliklə öldürülür və Urartunun köməyi ilə onun qardaşı Ullusunu taxta çıxır. Assuriya isə bununla barışmayaraq Mannaya hücuma kecir və ölkəni qarət edir. Ullusunu Assuriya tərəfə keçməyə məcbur olur və Assuriyanı Urartu ilə müharibədə müdafiə edir. Mannalılar Assuriya ordusunu taxıl məhsulları, at, iri və xırda buynuzlu mal-qara ilə təmin edirdilər. Assuriyanın müharibədə Urartunu məğlub etməsi Mannaya öz sərhədlərini genişləndirməyə imkan verir. Mannanın möhkəmlənməsi ona hətta Sarqonun varisləri dövründə Assuriyanın bəzi vilayətlərini tutmağa imkan verir. Ahşerinin (e.ə.675-650) dövründə mannalılar skiflərlə birlikdə Assuriyaya qarşı çıxırlar və qələbə çalırlar. Ahşerinin adına biz Assuriya hökmdarı Asarxaddonun (Er. əv. 680-669-cu illər) məlumatlarında rast gəlirik. Assuriya ilə mübarizədə Ahşeri kimmerlər və skiflərin köməyindən istifadə etmişdir. Ahşerinin dövründə Manna Assuriya hökmdarı Aşurbanipalın (e.ə.669-627-ci illər) hücumuna məruz qalır. Daxili ziddiyyətlər nəticəsində zəifləyən (e.ə. 660-659-cu ildə) Manna məğlubiyyətə məruz qalır və assuriyalılar mannalıların tutduğu Allabria vilayətini və Assuriya ilə qonşu olan digər əraziləri geri qaytarırlar. Bu məğlubiyyətdən sonra mannalılar Ahşeriyə qarşı çıxış edirlər və onu öldürürlər. Taxta onun oğlu Ualli çıxır və o, Assuriyanın qələbəsini tanıyır və ona xərac verir. Manna dövləti Assuriyanın e.ə. 616-cı ilə kimi müttəfiqi olaraq qalır və Assuriya-Babil müharibələrində Assuriyanın tərəfində vuruşur. Assuriyanı həllediçi məğlubiyyətə uğradan Midiyalılar Yaxın Şərqdə güclü dövlət yaradırlar. Onlar təqribən e.ə. 615-610-cu illər arasında Manna dövlətini də özlərinə tabe edirlər. Manna dövlətinin son dəfə adı çəkilən yazılı mənbə Bibliyadır. Kitabda e.ə. 593-cu ildə midiyalılarla birlikdə urartulular, mannalılar və skiflər Babilistana qarşı çıxış etməyə çağrılır. Yazılı mənbələr və arxeoloji materiallar (Həsənli, Ziviya, Göytəpə və s.) Mannanın iqtisadi cəhətdən yüksək inkişafını sübut edir. Təsərrüfatın əsas növləri əkinçilik və maldarlıq olmuşdur. Mannalıların formalaşmasında qədim yerli əhali kuti və lullubi tayfaları əsas rol oynamışlar. E.ə. I miniliyin əvvəllərində Mannanın tərkibində hürri elementləri gücləndi. Sonralar bu əraziyə köçmüş irandilli tayfalar Mannaya qüvvətli təsir göstərir. Mannanılar təbiət qüvvələrinə sitayiş edir və allahlara qurban verirdilər. Mannada allahlar panteonu mövcud olmuşdur. Etiqadlarında həyat şəçərəsinə sitayiş də mühüm yer tuturdu.
Dostları ilə paylaş: |