İşçilərin səthlərinin temperaturu yüksək olan boru kəmərləri ilə təmasda olmaması üçün hansı tədbirlər görülməlidir?
İstismar zamanı səthlərinin temperaturu 450 c-dən yüksək olan boru kəmərləri və avadanlıqların işçi heyətin onlarla təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır.
İşçi zonanın hava mühitinə nəzarət necə təşkil olunmalıdır?
Partlayış təhlükəli buxar və qazların yığılması ehtimal olan istehsalat otaqlarında partlayışın qarşısının almaq üçün hava mühitinə daimi nəzarət olmalıdır. İşçi zonaların hava mühitinə nəzarət neft sənayesi müəssisələrində hava mühitinə nəzarətin aparılmasına dair sahə təlimatlarına əsasən təşkil olunmalıdır.
İstehsalat otaqlarında hava mühitinə nəzarət edən avtomatik siqnalizasiya sistemləri qəza ventilyasiya sistemi ilə bloklanmalıdır. Siqnalizasiya sistemləri işıq və səs xəbərvericiləri ilə təchiz olunmalıdır. İşçi zonanın hava mühitinə vaxtaşarı nəzarət sənaye-sanitariya, və ya kimya laboratoriyası, qazdan xilasetmə xidməti və ya xüsusi yaradılmış xidmətlər tərəfindən həyata keçirilir.
Müəssisənin kanalizasiya şəbəkəsinə olan yanğın təhlükəsizliyi tələbləri hansılardır?
Müəssisənin istehsalat kanalizasiya şəbəkəsi qapalı formada quraşdırılmalıdır. Kanalizasiya şəbəkəsi yanmayan materiallardan hazırlanmalı, boru və qurğuların kimyəvi–aqressiv çirkab suların təsiri nəticəsində korroziyadan mühafizəsi nəzərdə tutulmalıdır. Kanalizasiya baxış quyuları daim qapaqla bağlı vəziyyətdə saxlanılmalı və 10sm qalınlığı olan qum təbəqəsi ilə örtülməlidir.
İstehsalat obyektlərinin ərazisində kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi hansı müddətdə və nə ilə yoxlanılmalıdır?
İstehsalat obyektlərinin ərazisində qaz kəmərlərindən 15 m-ə qədər məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi ildə 3 dəfədən az olmayaraq, qaz kəmərinin istismara verildiyi birinci il isə ayda bir dəfədən az olmayaraq, lakin hər dəfə quyuda və yeraltı tikililərdə istehsalat işləri görülməzdən əvvəl yoxlanılmalıdır. Qazlılıq səviyyəsi qazanalizatorla yoxlanılmalıdır