Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlarla bağlı hansı tələblər mövcuddur?
Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilir.Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.
Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri hansılardır?
Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır. Bu zaman layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.
Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.
Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri hansılardır?
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər:
“Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunu”nun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;
Təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;
Təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;
Binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də Təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;
Təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir;
texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır;
Təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır;
Partlayıcı və radioaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;
Müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.